Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-91/2021 11.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1987-ci il tarixdə Balakən rayonunun Poştbinə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər xx.xx.2012-ci il tarixli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının 04 ay 07 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Gərəkli kəndində pasport qeydiyyatında olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayonunun Gərəkli kəndi ərazisindən axan “Humbul” çayın kənarında aşkar etdiyi yabanı halda bitmiş, istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığıb həmin ərazidə qurudaraq qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni 6 kiloqram 162,85 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edərək həmin marixuananın 6 kiloqram 150 qramını daşıyaraq 1 ədəd sintetik kisədə həmin çayın kənarında gizlədərək saxlamış, 12,85 qramını isə sellofan torbada əynindəki şalvarının sol arxa cibində daşıyaraq saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərindəki şalvarının sol arxa cibində sellofan torbada daşıyaraq saxladığı 12,85 qram çəkidə və Balakən rayonunun Gərəkli kəndi ərazisindən axan “Humbul” çayının kənarında 01 ədəd sintetik kisədə daşıyaraq saxladığı 6 kiloqram 150 qram çəkidə, ümumi təmiz çəkisi 6 kiloqram 162,85 qram, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana onun üzərindən və saxladığı çay kənarından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də, ifadə verməkdən imtina etdiyinə görə, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2020-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayonunun Gərəkli kəndi ərazisindən axan “Humbul” çayının kənarına getmişdir ki, sərinləsin. Həmin çayın kənarlarında ona tanış olan çoxsayda yabanı halda bitmiş çətənə bitkilərini görmüşdür. Həmin bitkilərin əsas başlıq və yararlı hissələrini toplayıb çay kənarına sərmişdir ki, qurusun və gələcəkdə özü üçün istifadə etsin. Bir gün sonra həmin yerə gedib qurumaq üçün sərdiyi çətənə bitkilərini 01 ədəd ağ rəngli sintetik kisəyə doldurmuşdur. Ancaq həmin içərisinə narkotik yığdığı kisəni evə aparmağa qorxmuşdur. Həmin səbəbdən kisəyə yığdığı narkotikdən bir qədər götürüb sellofan torbaya qoyub özü üçün istifadə etmək məqsədilə üzərində saxlamış, dolu kisəni isə çay kənarında alaq otları olan sahədə üstünü digər bir köhnə sellofanla örtmüşdür ki, yağış suları batırmasın. Həmin kisəyə dolduraraq gizlədib saxladığı marixuananı fikirləşmişdir ki, lazım olduqca hissəhissə götürüb istifadə edər. xx xxxx 2020-ci il tarixdə yaşadığı Balakən rayonunun Gərəkli kəndi ərazisində ona yaxınlaşan Balakən rayon polis şöbəsinin işçiləri bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəlidir və həmin səbəbdən polis şöbəsinə getməyi ondan xahiş olunmuşdur. Polis işçilərinin dəvəti ilə onlarla birlikdə Balakən rayon polis şöbəsinə gəlmişdir. Həmin tarixdə saat təxminən 17 radələrində polis şöbəsində ona təqdim olunmuş vəkili Məlahət Emçiyevanın iştirakıyla şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Ona ilkin olaraq polis işçiləri üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə və ya başqa bir əşya varsa, təqdim etməyini təklif etmişlər. Əynində olan şalvarının arxa sol cibində sellofan torbada saxladığı narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitə ondan götürüldükdən sonra tərəzidə çəkilmişdir və kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Ekspert rəyi ilə tanış olarkən bilmişdir ki, üzərində saxladığı narkotik vasitənin təmiz çəkisi 12.85 qramdır. Üzərindən əlavə heçnə aşkar edilməmişdir. Həmçinin sorğu zamanı bildirmişdir ki, üzərində saxladığı narkotik vasitəni 2020-ci ilin may ayının sonlarında çay kənarında yabanı halda bitmiş çətənə bitkilərinin üzərindən yığıb özü üçün istifadə etmək məqsədilə saxlamışdır. Ondan əlavə olaraq narkotik vasitə saxlayıbsaxlamamağı haqda soruşulduqda etiraf edərək bildirmişdir ki, həmin üzərindən aşkar edilmiş narkotik vasitədən bir ədəd kisədə yığdığı ərazidə gizlədib saxlayıb ki, ürəyi istədikdə oradan götürüb qəbul etsin. Çünki bilmişdir ki, artıq əməli ifşa olunub və həmin səbəbdən yığdığı ərazidə kisəyə doldurub narkotik saxladığını polis işçilərinə bildirib. Həmin tarixdə Gərəkli kəndi ərazisində “Humbul” çayının yaxınlığından yığaraq qurudub 1 ədəd kisənin içərisinə doldurub saxladığı narkotik vasitənin yerini polis işçilərinə göstərmişdir. Həmin kisədə saxladığı narkotik vasitəni gizlətdiyi yerə vəkili Məlahət xanımın iştirakıyla videoçəkiliş aparılmaqla baxış keçirilmişdir və polis işçiləri tərəfindən göstərərək təqdim etdiyi içərisinə narkotik vasitə doldurub saxladığı kisə polis işçiləri tərəfindən götürülüb çəkisi müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Ekspert rəyiylə tanış olarkən ona aydın olmuşdur ki, 1 ədəd kisədə saxladığı narkotik vasitənin çəkisi 6 kq 150 qramdır. Bu barədə polis işçisi tərəfindən protokol tərtib edilib ucadan oxunmuş və doğru olması hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra həmin tarixdə onun razılığıyla vəkilinin iştirakıyla videoçəliliş aparılmaqla yaşadığı evə baxış keçirilmişdir. Lakin evdən hər hansı bir kütlə və ya əşya tapılıb götürülməmişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunu ilə razı olduğunu, çayın kənarında olan narkotik tərkibli bitkilərin yerini heç kimin bilmədiyini, lakin sorğu-sual zamanı polis əməkdaşlarını təklifi ilə özünün həmin narkotik vasitənin yerini polis əməkdaşlarına bildirdiyini və həmin narkotik vasitənin qeyd edilən yerdən aşkar olunduğunu, avtomobil qəzasına düşdüyü üçün ağrılarının olduğunu və buna görə də, narkotik vasitədən istifadə etdiyini, heç kimdən narkotik vasitə almadığını və heç kimə narkotik vasitə satmadığını, yalnız şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş və məlumatın yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs həmin tarixdə Balakən Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra seçdiyi vəkilin iştirakıyla videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində hər-hansı bir kütlə və ya qanunsuz olaraq saxladığı əşya varsa, təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarının sol arxa cibindəki sellofanda olan yaşıl kütləni çıxarıb təqdim edərək özünə məxsus şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən təxmini çəkisi sellofan torbayla birlikdə 18.58 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən əhəmiyyət kəsb edə biləcək əlavə hər-hansı bir kütlə və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı o bildirmişdir ki, üzərindən aşkar edilmiş kütləni 2020-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayonunun Gərəkli kəndinin meşə ərazisində çay kənarında yabanı halda bitmiş çətənə bitkilərinin hissələrindən toplayıb qurudaraq özü üçün istifadə etmək məqsədilə əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qeyd edərək bildirmişdir ki, həmin meşədən yığaraq əldə etdiyi kütlədən yığaraq topladığı meşə ərazisində də saxlayıb və həmin kütləni təqdim edə bilər. Bundan sonra həmin tarixdə polis işçiləri və Təqsirləndirilən şəxs müdafiəçisi Məlahət Emçiyeva ilə birlikdə Təqsirləndirilən şəxs qeyd etdiyi Balakən rayonunun Gərəkli kəndinin meşə ərazisinə gedilərək videoçəkiliş aparılmaqla baxış keçirilən zaman sonuncu orada alaq otlarının içərisində bir ədəd sintetik kisədə saxladığı yaşıl kütləni göstərərək təqdim etmişdir. Həmin kisənin içərisindəki yaşıl kütlə kisəylə birlikdə çəkilərkən təxmini çəkisi 6 kiloqram 280 qram olmuşdur. Həmin kütlə digər bir sintetik kisənin içərisinə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edərək bildirmişdir ki, həmin yaşıl kütləni 2020-ci ilin may ayında Balakən rayonunun Gərəkli kəndinin meşə ərazisindən axan “Humbul” çayının kənarında yabanı halda bitmiş çətənə bitkilərinin üzərindən hissələrini toplayıb qurudaraq əldə etmişdir və həmin kütlənin bir qismini üzərində özü üçün qəbul etmək məqsədilə saxlamış, qalan hissəsini isə gələcəkdə özü istifadə etmək üçün kisəyə yığıb, həmin kütləni yığaraq əldə etdiyi meşə ərazisində gizlədib saxlamışdır. Eləcə də, eyni tarixdə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonunun Gərəkli kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla müdafiəçi Məlahət Emçiyevanın iştirakıyla baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs evindən və evinin həyətyanı sahəsindən hər-hansı bitki kütləsi və ya digər əhəmiyyətli əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlara daxil olan məlumat yalnız Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə olmuş, dövriyyəsi ilə məşğul olması barədə olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra sorğu-sual edilərkən səmimi şəkildə “Humbul” çayının kənarında meşə dolayında otların arasında narkotik vasitə saxladığını etiraf etmiş və polis əməkdaşları tərəfindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə xx.xx.2020-ci il tarixdə Balakən rayonunun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarının sol arxa cibindən bir ədəd sellofan torbada saxladığı narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan marixuananı özü üçün istifadə etmək məqsədi ilə 20 gün əvvəl Gərəkli kəndindən keçən çayın kənarında yabanı halda bitən çətənə bitkilərinin hissələrini yığaraq qurudub saxladığını bildirmişdir. Aşkar edilmiş bitki kütləsi sellofanla birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 18,58 qram olmuşdur. Həmin kütlə 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Onun üzərindən başqa vasitə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq Balakən rayonunun Gərəkli kəndindəki çayın kənarındakı meşə zolağında narkotik vasitə saxladığını, həmin narkotik vasitəni yabanı halda bitən çətənə bitkilərindən yığaraq qurudub saxladığını, narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsilə qeydə alınmış və videogörüntülər protokola əlavə edilmişdir. (cild 01, iş vər. 19-21) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonunun Gərəkli kəndindən keçən “Hunbul” çayın kənarındakı əraziyə Təqsirləndirilən şəxs və müdafiəçisi Məlahət Emçiyevanın iştirakıyla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı çayın kənarında alaq otları bitən sahənin içərisində gizlətdiyi 1 ədəd sintetik kisəni göstərərək kisənin içərisində narkotik vasitə olduğunu, 1 ədəd kisəyə dolduraraq saxladığı qurudulmuş marixuanaya bənzər bitki kütləsini 20 gün əvvəl Balakən rayonunun Gərəkli kəndində yerləşən “Hunbul” çayının kənarında ayrı-ayrı yerlərdə olan təxminən 200-ə yaxın yabanı halda bitən çətənə bitkilərinin hissələrindən yığıb qurudaraq şəxsi istifadəsi üçün saxladığını, üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada olan bitki kütləsini çayın kənarında 1 ədəd sintetik kisədə saxladığı bitki kütləsinin olduğu kisədən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını, çayın kənarında yabanı halda bitən çətənə bitkilərinin yararlı hissələrindən yığdıqdan sonra həmin bitkiləri kökündən çıxararaq məhv etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Hunbul” çayının kənarında alaq otları olduğu sahədə saxladığı 1 ədəd sintetik kisədə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən çəkisi kisəylə birlikdə 6 kiloqram 280 qram olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan 1 ədəd sintetik kisə digər 1 ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparılmışdır. (cild 01, iş vər. 22-24) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Dibirov X3 rayonunun Gərəkli kəndində yerləşən evinə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 25) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonunun Gərəkli kəndində yerləşən evə və həyətyanı sahəyə baxış keçirilən zaman başqa qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera ilə qeydə alınmışdır. (cild 01, iş vər. 26-28) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 12,85 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs “Hunbul” çayın kənarında saxladığı 1 ədəd sintetik kisədə bitki kütləsi” sözləri yazılmış sintetik kisənin içərisindəki digər 01 (bir) ədəd sintetik kisədə təmiz çəkisi - 6 kiloqram 150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisədə olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 37-40) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 104) Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə, o cümlədən özünün polis əməkdaşlarına göstərdiyi narkotik vasitəni gizlətdiyi Hunbul çayının kənarında meşə dolayında otların arasındakı sahədə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əmkədaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra üzərinə polis şöbəsində vəkilin də iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və bu zaman üzərində olan şalvarın sol arxa cibində olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, daha sonra təhqiqatçının təklifinə əsasən Balakən rayonunun ərazisindən axan Hunbul çayının kənarında meşə dolayında otların arasında gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananın yerini polis əməkdaşlarına bildirmişdir. Yəni şəxs artıq ifşa olunduğunu dərk etdiyindən və narkotik vasitə barəsində sərəncam vermə ehtimalının qalmaması səbəbindən narkotik vasitəni polis əməkdaşlarına təhvil vermək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitənin şəxsi istifadə məqsədi ilə saxlanıldığına dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından on dəfələrlə çox olması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən və gizlətdiyi yerdən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üstüstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Dibirov X3 rayonunun Gərəkli kəndində ailəsi (atası, anası, qardaşı və bacısı) ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 80-82) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının 04 ay 07 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (cild 01, iş vər. 73-74, 91-98) Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs səmimi peşmançılığını, ibtidai istintaqın aparılmasında hüquq-mühafizə orqanlarına yaxından köməklik etməsini, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən edilir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il tarixdə ağır kateqoriyalı cinayət əməli törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra 2015-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, lakin həmin kateqoriyadan olan cinayətlər üzrə CM-nin 83-cü maddəsinə əsasən 06 il olan məhkumluq müddəti ödənilmədən, yenidən qəsdən ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməli törətmişdir. CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Cinayət işi başlananadək şəxsi tutma protokolu”ndan və ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. (cild 01, iş vərəq 13,65-66) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı hökmün elan olunduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ümumi çəkisi 6 kiloqram 162,75 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ümumi çəkisi 6 kiloqram 162,75 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-91/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-91/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver