Məhkəmə qərarları › İş №1(091)-91/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-91/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-91/2025 27.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsinə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq külli miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 18 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndində meşəlik ərazidə olduğu zaman qarşısına çıxan yabanı halda bitmiş çətənə (kannabis) kollarının yarpaqlarını 01 ədəd sintetik kisənin içərisinə yığıb satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 9080,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı üzərində saxlayaraq daşıdıqdan sonra həmin tarixdə saat 18:55-də Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Zaqatala rayonunun Kəpənəkçi kəndində meşəlik ərazidə saxlanılıb Zaqatala Rayon Polis Şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman əlində olan həmin 01 ədəd sintetik kisədə satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı külli miqdarda təmiz çəkisi 9080,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən istifadə etmiş, mobil telefondan istifadə etməmiş və istifadəsində mobil telefon nömrəsi olmamışdır. Bakı şəhəri, Suraxanı rayonunda yerləşən parkda olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb adının Rəşad olduğunu deyərək yaxınlıqda kafenin olub-olmadığını soruşmuş, o isə həmin şəxsi “Ləzgilər Kafesi” adlandırılan kafeyə aparmışdır. O, həmin şəxsin mobil telefon nömrəsini bilməmiş və sonuncunun barəsində hər hansı məlumatı olmamışdır. Rəşad adlı şəxs Qax rayonunda doğulduğunu, bir müddət Türkiyə Respublikasında yaşadığını demiş, lakin soyadını və atasının adını deməmişdir. Həmin şəxs ona Zaqatala rayonunda müalicəvi bitkilərin yığılmasında işləməyi təklif etmiş, qeyd olunan işin müqabilində 1000 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra axşam saatlarında həmin şəxslə birlikdə “Mercedes Vita” avtomobili ilə Zaqatala rayonuna getmişlər, gecəni oteldə qalmışlar və otelin pulunu da həmin şəxs vermişdir. Səhəri gün saat 17:30 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndinə getmişlər, orada olan zaman qeyd olunan şəxs ona bir nəfər şəxsin zəng edəcəyini və göstərilən zəngdən sonra işə gedəcəklərini demişdir. Qısa müddət sonra həmin şəxsə zəng daxil olmuş, bundan qısa müddət sonra oraya taksi yaxınlaşmış və qeyd olunan taksiyə əyləşib Zaqatala rayonunun Kəpənəkçi kəndinə getmişlər. Oraya çatdıqdan sonra o, avtomobilin içərisində olan kisəni götürüb sahəyə doğru irəliləmiş, sahənin yanına çatdıqdan sonra həmin şəxs ona sahədə olan bitkiləri yığmağı təklif etmiş, lakin qeyd olunan şəxs onun sərxoş vəziyyətdə olduğunu və bitkiləri yığa bilməyəcəyini görüb bitkiləri özünün yığacağını və bitkiləri yığdıqdan sonra isə onunla birlikdə Qax şəhərinə gedəcəyini demişdir. Həmin şəxs bitkiləri yığdıqdan sonra bilmədiyi şəxsə zəng etmiş, bundan qısa müddət sonra oraya qara rəngdə olan avtomobil yaxınlaşmış, avtomobilin içərisində üç nəfər şəxs olmuş, lakin qeyd olunan avtomobil onların yanında dayanmamışdır. Bundan sonra həmin şəxs kisəni ona verib qeyd olunan yeri tərk etmiş, bir qədər sonra avtomobildə olan üç nəfər şəxs onun yanına yaxınlaşıb polis əməkdaşları olduqlarını demişlər və kisənin içərisində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, həmin sahəyə onu tanımadığı bir nəfər şəxsin gətirdiyini demiş, lakin polis əməkdaşları qeyd olunan ərazidə hər hansı şəxsin olmadığını deyib onu avtomobilə əyləşdirmişlər. Bundan sonra polis əməkdaşları Bakı şəhərindən çobanlıq fəaliyyəti ilə məşğul olmaq üçün gəlməsini, hadisə yerinə tək gəlməsini və həmin bitkidən istifadə etdiyinə görə yığmasını deməsini tələb etmişlər, təklif etdikləri məzmunda ifadə verməyəcəyi halda fiziki təsirtəzyiq göstərməklə hədələmişlər, eləcə də narahat olmamasını və ona təyin olunacaq cəzanın şərti tətbiq olunacağını və ya elektron qolbağ taxılacağını demişlər. O, polis əməkdaşlarına inanıb barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman polis əməkdaşlarının tələb etdiyi məzmunda danışmış, bundan sonra hakimin həqiqəti danışmaqla bağlı təklifinə əsasən məhkəmədə hazırkı məzmunda ifadə vermiş, lakin məhkəmə iclasından sonra polis əməkdaşları onu məcbur edib məhkəmə istintaqı zamanı verdiyi ifadəsini dəyişdirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşları onun kürək və qarın nahiyəsinin yan tərəflərinə bir neçə zərbə vurmuşlar. Videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əlində olan kisə faktiki olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman əlində olan kisə olmamış və həmin kisə polis əməkdaşları tərəfində dəyişdirilmişdir. Ona qarşı edlən qanunsuz hərəkətlərlə bağlı müdafiəçisinə deməmiş və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Sonradan penitensiar müəssisəyə daxil olarkən müayinə olunmuş, bu zaman çiyin və kürək nahiyələrində sıyrıq, həmçinin əməliyyat olunması nəticəsində diz nahiyəsində yaranmış xəsarət, habelə uzun müddət əvvəl dalaşması nəticəsində baş nahiyəsində yaranmış çapıq, həmçinin dəmirin kəsməsi nəticəsində sol qolunda yaranmış xəsarət aşkar olunmuş, lakin həkimlər xəsarətlərlə bağlı ondan heç nə soruşmamışlar. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, Bakı şəhərində yaşamış və əvvəllər bəzi vaxtlarda narkotik vasitədən istifadə etmişdir. 24 avqust 2024-cü il tarixdə səhər saatlarında Zaqatala rayonuna istirahət etmək və imkan olsa iş tapmaq üçün getmiş, çoban kimi işləməyə də razı olmuşdur. Həmin tarixdə saat 18 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndində çoban kimi işə düzəlmək üçün qoyun-quzu sürülərini axtaran zaman meşəlik ərazdə gəzərkən qarğıdalının bitdiyi sahənin yaxınlığında əvvəlcədən tanıdığı yabanı halda bitmiş çətənə kollarına rast gəlmiş, həmin çətənə kollarının yarpaqlarını özü üçün yığmaq qərarına gəlmiş və bu məqsədlə qeyd olunan çöllük ərazidən çətənə kollarının yarpaqlarını yığaraq tapdığı sintetik torbanın içərisinə qoymuşdur. Daha sonra isə həmin içərisində qurudulmamış marixuana olan sintetik torbanı götürüb, asfalt örtüklü yola çıxmaq üçün piyada hərəkət etməyə başlamış, bir qədər meşəlik ərazidə piyada getdikdən sonra ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan həmin sintetik torbanın içərisindən narkotik vasitə qurudulmamış marixuana aşkar olunmuşdur. Daha sonra narkotik vasitə qurudulmamış marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zaqatala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, narkotik vasitədən və və ya psixotrop maddədən istifadə etməsi və ya narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə 24 avqust 2024-cü il tarixdə Zaqatala Rayon Polisə Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Zaqatala rayonunun Kəpənəkçi kəndinin boş olan çöllük ərazisində qarğıdalının bitdiyi sahənin yaxınlığında saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan həmin sintetik torbanın içərisindən narkotik vasitə qurudulmamış marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyi üçün Zaqatala rayonunun Kəpənəkçi kəndinin çöllük ərazisində çoban kimi işləmək məqsədilə qoyun-quzu sürülərini axtaran zaman qarşısına çıxan narkotik tərkibli çətənə bitki kollarının yarpaqlarından öz istifadəsi üçün narkotik vasitə qurudulmamış marixuananı topladığını və ağ sintetik kisənin içərisinə yığdığını etiraf etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 10,16 kiloqram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o da həmin istintaq hərəkətində iştirak etmiş, bu zaman sonuncu Zaqatala rayonunun Kəpənəkçi kəndinin çöllük ərazisindən yarpaqlarını yığdığı yabanı halda bitmiş çətənə bitki kollarının bir qismini məhz hadisə yerində tapıb göstərmiş və hadisə yerindən yabanı halda bitmiş narkotik xassəli çətənə (kannabis) bitki kollarından nümunə üçün bir ədəd kol götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Zaqatala Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrdən istifadə etməsi və narkotik tərkibli maddələri üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Zaqatala Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 18:55 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndində saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində olan həmin sintetik torbanın içərisindən narkotik vasitə qurudulmamış marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şəxsi axtarış və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 avqust 2024-cü il tarixli, 17/739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 9080,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 29 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, narkotik vasitə qurudulmamış marixuananı topladığı yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X5 X1 X4 baş aqronomu İsayev Şahid Vahid oğlu tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Zaqatala rayonunun Kəpənəkçi kəndinin ərazisində yerləşən qarğıdalı bitkisinin bitdiyi çöllük sahəyə, istintaq tərəfindən nümunə kimi götürülmüş 01 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisinə oxşar kola və həmin sahədən toplanmış narkotik xassəli çətənə (kannabis) bitkilərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həmin 04 ədəd, həmçinin istintaq tərəfindən nümunə kimi götürülmüş, çox yerlərində yarpaqları qoparılmış əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitki kolları olmaqla, həmin bitkilər olan torpaq alaq otlarından təmizlənməmişdir, torpaq tam quru, suvarılmamış vəziyyətdədir, suvarılmaması səbəbindən yarpaqları zəif inkişaf etmişlər, yəni həmin narkotik xassəli çətənə (kannabis) bitki kollarına aqrotexniki qaydada qulluq (kultivasiya) edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 31 avqust 2024-cü il tarixli 749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş 01 ədəd kol nümunəsi” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi 43,88 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Şahid İsayevin 29 avqust 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexiniki qaydada qulluq göstərilməmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı götürülmüş 01 ədəd kol nümunəsi” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi 43,88 qram olan 01 (bir) ədəd çətənə (kannabis) bitkisi və üzərinə yapışdırılmış kağızda “Vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi 9080,0 qram olan narkotik vasitə qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.2-ci bəndinə əsasən, təmiz halda 2500 qram və daha artıq, lakin 250000 qramdan az çəkidə narkotik vasitə qurudulmamış marixuana külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 24 avqust 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrdən istifadə etməsi və narkotik tərkibli maddələri üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və qeyd olunan tarixdə müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 24 avqust 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq külli miqdarda əldə etdiyini, saxladığını və üzərində daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən istifadə etdiyini, mobil telefondan istifadə etmədiyini, istifadəsində mobil telefon nömrəsinin olmadığını, Bakı şəhəri, Suraxanı rayonunda yerləşən parkda olarkən tanımadığı bir nəfər şəxsin ona yaxınlaşıb adının Rəşad olduğunu deyərək yaxınlıqda kafenin olub-olmadığını soruşduğunu, həmin şəxsi “Ləzgilər Kafesi” adlandırılan kafeyə apardığını, qeyd olunan şəxsin mobil telefon nömrəsini bilmədiyini, sonuncunun barəsində hər hansı məlumatının olmadığını, Rəşad adlı şəxsin ona Qax rayonunda doğulduğunu, bir müddət Türkiyə Respublikasında yaşadığını dediyini, lakin soyadını və atasının adını demədiyini, həmin şəxsin ona Zaqatala rayonunda müalicəvi bitkilərin yığılmasında işləməyi təklif etdiyini, qeyd olunan işin müqabilində 1000 manat pul verəcəyini dediyini, göstərilən təkliflə razılaşdığını, bundan sonra axşam saatlarında həmin şəxslə birlikdə “Mercedes Vita” avtomobili ilə Zaqatala rayonuna getdiklərini, gecəni oteldə qaldıqlarını, otelin pulunu da həmin şəxsin verdiyini, səhəri gün saat 17:30 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndinə getdiklərini, orada olan zaman qeyd olunan şəxsin ona bir nəfər şəxsin zəng edəcəyini və göstərilən zəngdən sonra işə gedəcəklərini dediyini, qısa müddət sonra həmin şəxsə zəngin daxil olduğunu, bundan qısa müddət sonra oraya taksinin yaxınlaşdığını, qeyd olunan taksiyə əyləşib Zaqatala rayonunun Kəpənəkçi kəndinə getdiklərini, oraya çatdıqdan sonra avtomobilin içərisində olan kisəni götürüb sahəyə doğru irəlilədiyini, sahənin yanına çatdıqdan sonra həmin şəxsin ona sahədə olan bitkiləri yığmağı təklif etdiyini, lakin qeyd olunan şəxs onun sərxoş vəziyyətdə olduğunu və bitkiləri yığa bilməyəcəyini görüb bitkiləri özünün yığacağını və bitkiləri yığdıqdan sonra isə onunla birlikdə Qax şəhərinə gedəcəyini dediyini, həmin şəxs bitkiləri yığdıqdan sonra bilmədiyi şəxsə zəng etdiyini, bundan qısa müddət sonra oraya qara rəngdə olan avtomobilin yaxınlaşdığını, avtomobilin içərisində üç nəfər şəxsin olduğunu, lakin qeyd olunan avtomobilin onların yanında dayanmadığını, bundan sonra həmin şəxsin kisəni ona verib qeyd olunan yeri tərk etdiyini, bir qədər sonra avtomobildə olan üç nəfər şəxsin onun yanına yaxınlaşıb polis əməkdaşları olduqlarını dediklərini və kisənin içərisində narkotik vasitə olub-olmadığını soruşduqlarını, həmin sahəyə onu tanımadığı bir nəfər şəxsin gətirdiyini polis əməkdaşlarına dediyini, lakin polis əməkdaşlarının qeyd olunan ərazidə hər hansı şəxsin olmadığını deyib onu avtomobilə əyləşdirdiklərini, bundan sonra polis əməkdaşlarının Bakı şəhərindən çobanlıq fəaliyyəti ilə məşğul olmaq üçün gəlməsini, hadisə yerinə tək gəlməsini və həmin bitkidən istifadə etdiyinə görə yığmasını deməsini ondan tələb etdiklərini, təklif etdikləri məzmunda ifadə verməyəcəyi halda fiziki təsir-təzyiq göstərməklə onu hədələdiklərini, eləcə də narahat olmamasını və ona təyin olunacaq cəzanın şərti tətbiq olunacağını və ya elektron qolbağ taxılacağını dediklərini, polis əməkdaşlarına inanıb barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman polis əməkdaşlarının tələb etdiyi məzmunda danışdığını, bundan sonra hakimin həqiqəti danışmaqla bağlı təklifinə əsasən məhkəmədə hazırkı məzmunda ifadə verdiyini, lakin məhkəmə iclasından sonra polis əməkdaşlarının onu məcbur edib məhkəmə istintaqı zamanı verdiyi ifadəsini dəyişdirdiklərini, polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşlarının onun kürək və qarın nahiyəsinin yan tərəflərinə bir neçə zərbə vurduqlarını, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əlində olan kisənin faktiki olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman əlində olan kisə olmadığını və həmin kisənin polis əməkdaşları tərəfindən dəyişdirildiyini, ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı müdafiəçisinə demədiyini, bununla bağlı hüquqmühafizə orqanlarına müraciət etmədiyini, sonradan penitensiar müəssisəyə daxil olarkən müayinə olunduğunu, bu zaman çiyin və kürək nahiyələrində sıyrıqların, həmçinin əməliyyat olunması nəticəsində diz nahiyəsində yaranmış xəsarətin, habelə uzun müddət əvvəl dalaşması nəticəsində baş nahiyəsində yaranmış çapığın, həmçinin dəmirin kəsməsi nəticəsində sol qolunda yaranmış xəsarətin aşkar olunduğunu, lakin həkimlərin xəsarətlərlə bağlı ondan heç nə soruşmadıqlarını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “təpə nahiyəsində 01 ədəd, sol qolunda çoxsaylı kəsik izləri, sol əlində çapıq izləri, sağ çiyin (kürək) nahiyəsində 01 ədəd köhnə çapıq izi, sağ diz nahiyəsində əməliyyatdan sonrakı (mil) çapıq izləri” xəsarətləri aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində “sağ çiyin (kürək) nahiyəsində 01 ədəd köhnə çapıq izi” xəsarətinin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını, digər xəsarətlərin isə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl əmələ gəldiyini qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zərbənin vurulduğunu qeyd etdiyi nahiyəsində və polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “təpə nahiyəsində 01 ədəd, sol qolunda çoxsaylı kəsik izləri, sol əlində çapıq izləri, sağ çiyin (kürək) nahiyəsində 01 ədəd köhnə çapıq izi, sağ diz nahiyəsində əməliyyatdan sonrakı (mil) çapıq izləri” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 1580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 5 ildir narkotik vasitə marixuanadan istifadə etdiyini və aşkar edilən narkotik vasitə marixuananı çöldə yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını etiraf etmişdir. Bundan başqa, “Zaqatala” mehmanxanasından daxil olmuş 27 avqust 2024-cü il tarixli arayışdan görünür ki, 23-24 avqust 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs və Rəşad adlı şəxs həmin mehmanxanada gün ərzində qalmamışlar. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmamış marixuananı qanunsuz olaraq külli miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qurudulmamış marixuananı məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 7-ci bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Mirtalib Əşrov polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitəni daşıması barədə əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılıb 01 ədəd sintetik kisəyə baxış keçirilərkən külli miqdarda, yəni 9080,0 qram narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, həmin narkotik vasitə qurudulmamış marixuananın çəkisinin çox olmasına baxmayaraq, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 9080,0 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Habelə şəxsə məxsus hər hansı mobil telefon nömrəsi aşkar olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin narkotik vasitə qurudulmamış marixuananın çəkisinin çox olmasına baxmayaraq, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmamış marixuananı satış məqsədi ilə əldə etməsini hazırkı anda heç nə ilə sübut etmək mümkün olmadığından sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi də yolverilməzdir. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmamış marixuananı əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmamış marixuananı satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmünün və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmış və 13 aprel 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtardığından, habelə əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin cəza azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və aşkar olunan narkotik vasitənin çəkisinin çox olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 24 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 1580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2024-cü il tarixli 631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törədən zaman anlaqlı vəziyyətdə olmuşdur. O, “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin kompensansiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, cinayəti edərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətinə malik olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətinə malikdir. Onun əməli CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaların maddi sübut kimi tanınması haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, çəkisi 6379,80 qram olan narkotik vasitə qurudulmamış marixuana və çəkisi 43,78 qram olan 01 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi həmin tarixdə maddi sübut qismində tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən, marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan, çəkisi 6379,80 qram olan narkotik vasitə qurudulmamış marixuana və çəkisi 43,78 qram olan 01 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan, çəkisi 6379,80 qram olan narkotik vasitə qurudulmamış marixuana və çəkisi 43,78 qram olan 01 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar