Məhkəmə qərarları › İş №1(091)-92/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-92/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-92/2024 05.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı müdafiəçilər: Mingəçevir Vəkil Bürosunun vəkili X9 iştirakı ilə xx xxxx 1968-ci ildə Vartaşen rayonu Baş Daşağıl kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Şəki rayonu Küdürlü kəndində qeydiyyatda olmaqla Şəki şəhəri N.Nərimanov küçəsi ev 271də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda əkilibbecərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib qəsdən, qanunsuz olaraq 2023-cü ilin aprel ayının sonlarında Şəki rayonu, Küdürlü kəndində yerləşən bağ sahəsində peyinləşmiş torpaq sahəsində özü istifadə etmək məqsədilə əkib xüsusi qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ona məxsus Şəki rayonu, Küdürlü kəndində yerləşən həmin bağ sahəsinə xx.xx.2023-cü il tarixdə, saat 0320 dəqiqədən etibarən baxış keçirilən zaman həmin sahəyə əkilmiş xeyli miqdarda, yəni 04 ədəd hündürlükləri 100 sm-dən 300 sm-dək olmaqla yaş vəziyyətdə, ümumi təmiz çəkisi 4460.0 qram olan aqrotexniki qaydada qulluq göstərilən və əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Şəki rayonu, Küdürlü kəndində yerləşən özünə məxsus bağ sahəsində 2023-cü ilin aprel ayının sonlarında peyinləşmiş torpaq sahəsində əkib xüsusi qulluq göstərərək kultivasiya edib yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığıb qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə kustar üsulla hazırlamaqla külli miqdarda, yəni 1150,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin özü istifadə etmək üçün əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1065 qram hissəsini həmin bağ sahəsində, 85,66 qram hissəsini isə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən zirzəmidə qoyulmuş dolabın içərisində karton qutuda gizlətməklə saxlamış, xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-nə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı həmin tarixdə Şəki şəhəri, N.Nərimanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq xx.xx.2023-cü il tarixdə, saat 00:25 dəqiqədən etibarən onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin zirzəmisində qoyulmuş dolabın içərisindən karton qutuda 85,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin tarixdə saat 0320 dəqiqədən etibarən ona məxsus Şəki rayonu, Küdürlü kəndində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman oradan bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1065 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəki rayonu Küdürlü kəndində özünə məxsus olan torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman böyürtkən kolunun içərisindən bir ədəd narkotik tərkibli çətənə kolu olmuş, polis əməkdaşları ona ağacın altındakı sellofana narkotik vasitə qoyduqlarını və həmin narkotik vasitəni də boynuna götürməsini bildirmişlər. Əraziyə baxış olmamışdan qabaq avtomaşında olarkən polis əməkdaşları həmin yerə sellofanda olan narkotik vasitəni qoymuş, həmin gün yağış yağdığına görə yerdə ayaq izləri olmuşdur. Digər narkotik vasitə ona məxsus olsa da, sellofan torbadakı narkotik vasitə ona məxsus olmamış, eyni zamanda narkotik tərkibli çətənə kolu əkməmişdir. Aşkar olunan narkotik tərkibli çətənə kolu yabanı halda bitmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6-7 il əvvəl Dağıstan Respublikası Axdı rayonunda yaşayan əmisi oğlunun toyuna gedərkən oradan tanımadığı bir şəxsdən aldığı dörd çətənə bitkisinin toxumunu 2023-cü ilin aprel ayının sonlarında Küdürlü kəndində ona məxsus olan peyinli torpaq sahəsində əkdikdən sonra həmin çətənə bitkisinə su verib qulluq etmiş, 2023-cü ilin avqust ayının əvvəllərində yetişmiş həmin çətənə kollarından yığdığı yarpaqları yaşadığı ünvan 4 nömrəli evin birinci mərtəbəsində zirzəmi kimi istifadə etdiyi yerdə karton qutuda saxlamışdır. 09 sentyabr 2023-cü il tarixdə yenə də Küdürlü kəndində ona məxsus bağ sahəsinə gavalı yığmağa gedərkən yetişdirdiyi çətənə bitkisinin yuxarı hissəsini və əsas budaqlarını qırıb sellofan torbaya qoyub üstünə parça salmışdır. 12 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evə gələn vaxt evinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, sorğu zamanı Küdürlü kəndindəki bağ sahəsində əkib yetişdirdiyi 4 ədəd çətənə bitkisindən yığdığı qurudulmuş marixunadan Şəki şəhərindəki evində və Küdürlü kəndindəki sahədə saxladığını bildirmişdir. Bundan sonra yaşadığı ünvan 4 ünvanında yerləşən evinə keçirilən baxış zamanı evin zirzəmisində qoyulan şkafın içərisindəki karton qutunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduqdan sonra qablaşdırılaraq götürülmüş, Küdürlü kəndində bağ sahəsinə keçirilən baxış zamanı isə bağ sahəsində əkib yetişdirdiyi 4 ədəd çətənə bitkiləri, kənarda sarı rəngli sellofan torbaya qoyduğu həmin bitkilərdən yığdığı qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şəki şəhər sakini “Möhlüd” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Polis Şöbəsinin X3 baş inspektoru işləyən Şahid2lə birlikdə Şəki şəhəri, N.Nərimanov küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında özünə məxsus Şəki rayonu, Küdürlü kəndində yerləşən bağ sahəsində əkib becərdiyi dörd ədəd çətənə bitkisindən yığdığı narkotik vasitə olan marixuananı yaşadığı evin zirzəmisində qutunun içərisində saxladığını, həmçinin əkdiyi çətənə bitkilərinin həmin bağ sahəsində qaldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvana keçirilən baxış zamanı evin zirzəmisinə daxil olub bir qədər qabaqda sağ tərəfdə qoyulmuş dolabın içərisindəki karton qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, dəvət edilmiş aqronom-mütəxəssis Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus Küdürlü kəndindəki bağ sahəsinə keçirilən baxış zamanı kolluq hissədə yetişmiş hündürlükləri 3 metr, 2 metr, 1,20 metr və 1,10 metr olan dörd ədəd çətənə bitkisinə oxşar bitki, yaxınlıqdakı ağacın dibində isə sarı rəngli sellofan torbada isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Baxışda iştirak edən aqronom mütəxəssis Şahid3 həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 baş inspektoru iləyən Şahid2 və aqronom-mütəxəssis Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəki rayonu Küdürlü kəndində onun qonşusu olmaqla sonuncunun bağının giriş qapısı onun həyətinin darvazası ilə üzbəüz olmuşdur. Möhlüd tutulmamışdan bir gün qabaq həyətində olan zaman çöldən səs gəldiyini eşitmiş, oğlu çölə çıxmaq istəsə də buna imkan verməyərək gecə gedib yerinə girmişdir. Həmin vaxt qapı döyülmüş, oğlu ondan qabaq çölə çıxmışdır. Həyətə çıxarkən mülki geyimli şəxslər həyətdə ona Möhlüdün icazəsi ilə sonuncunun həyətindən meyvə yığdıqlarını, buna görə ondan kisə istəmişlər. Oğlu həmin şəxsə onları gecə vaxtı narahat etdiklərinə görə acıqlanmış, oğlunu sakitləşdirdikdən sonra evdən bir kisə tapıb həmin mülki geyimli şəxsə vermişdir. Həmin şəxs ondan və oğlundan onları gecə vaxtı narahat etdikləri üçün üzrxahlıq etdikdən sonra getmiş, əlindəki alışqanın işığını yandırarkən ətrafda post patrul xidmətinin avtomaşını olduğundan həmin şəxsləri polis əməkdaşları olmasını başa düşmüşdür. Səhərisi gün Təqsirləndirilən şəxs həyətində narkotik vasitə tapıldığına görə tutulduğunu eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/687 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda «Şəki rayonu, Küdürlü kəndi ərazisində yerləşən şübhəli Təqsirləndirilən şəxs məxsus maddi subut ...” yazısı, adlar və imzalar olan sarı rəngli sellofan torbanın içərisində 01 (bir) ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 1065,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş maddi subut ...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd karton qutunun içərisindəki, təmiz çəkisi – 85,6 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd karton qutuda olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda «Şəki rayonu, Küdürlü kəndi ərazisindən aşkar olunmuş 04 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər ...” sözləri, adlar və imzalar olan sintetik kisənin içərisində, 04 (dörd) ədəd uzunluqları 100 sm-dən 300 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 4460,0 qram olan bitki numunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid3 xx.xx.2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 04 (dörd) ədəd çətənə bitkiləri, 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd karton qutuda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 1923 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır və ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 12 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında olan yerləşən evin birinci mərtəbəsindəki saxlanc yerində sağ divarda dolabın üzərində içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu karton qutu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 12 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Şəki rayonu Küdürlü kəndində yerləşən torpaq sahəsində hündürlükləri müvafiq olaraq 3 metr, 2 metr, 1 metr 20 sm və 1 metr 10 sm olan dörd ədəd narkotik tərkibli çətənə bikilərinə bənzər bitkilər, həmin yerdəki ağacın dibində içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu sarı rəngli sellofan torba aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Küdürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 691 nömrəli arayışından görünür ki, Yunusov X2 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1359 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2037-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs sellofan torbada aşkar olunan narkotik vasitənin ona məxsus olaması və narkotik tərkibli çətənə bitkilərini əkməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə video çəkilişlə aparılan baxış zamanı narkotik tərkibli çətənə bitkilərini özü əkdiyini, həmçinin həmin yerdən aşkar olunmuş sellofan torbadakı 1065 qram narkotik vasitənin də özünə məxsus olmasını bildirmiş, eyni zamanda istintaqın sonrakı mərhələsində müqavilə əsasında işə cəlb olunmuş müdafiəçisinin iştirakı ilə də eyni məzmunlu ifadə vermişdir. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının rəyi ilə də aşkar olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyi, həmçinin aşkar olunmuş narkotik tərkibli qurudulmuş marixuananın tərkiblərinə görə eyni olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmə şahid Həmid Qeysəddinovun da ifadəsinə tənqidi yanaşaraq polis əməkdaşlarının bir gün qabaq ondan kisə almalarını göstərməsini təqsirləndirilən şəxsin qonşusu olduğuna görə sonuncunun müdafiəsi üçün inandırıcı olmayan qeyri-səmimi ifadələr kimi qəbul edir. Belə ki, Həmid Qeysəddinov ondan kisə alan şəxsin konkret hansı polis əməkdaşı olmasını bildirə bilməmiş, həmin vaxt post-patrul xidməti avtomaşının orada olmasına görə həmin şəxslərin polis əməkdaşı olmasını ehtimal etdiyini göstərmişdir. Bundan başqa məhkəmə kollegiyası polis əməkdaşlarının şəxsin evinə narkotik vasitə qoymaq istədikləri halda belə bunu üçün kisəni şəxsin qonşusundan alaraq oraya qoymasına dair iddianı da inandırıcı olmayan bir hal kimi hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1 və 237.1-ci maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 58,61 və 1064,9 qram narkotik vasitə olan qurudulmuş marixuana, 4459,6 qram çəkidə 4 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 58,61 və 1064,9 qram narkotik vasitə olan qurudulmuş marixuana, 4459,6 qram çəkidə 4 ədəd çətənə bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar