Məhkəmə qərarları › İş №1(091)-93/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-93/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-93/2025 10.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Nemətabad ərazi dairəsi, Duzdağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə Yevlax rayonunun Duzdağ kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağda qanunsuz olaraq 26 ədəd külli miqdarda əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib həmin vaxtdan 23 iyul 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 23 iyul 2024-cü il tarixdə saat 15:18 dəqiqədən saat 16:40 dəqiqəyədək olan müddətdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağa video çəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs kultivasiya etdiyi, tərkibində narkotik maddələr olan, uzunluqları 70 sm-dən 400 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 82 kq 445 qram olan cəmi 26 ədəd külli miqdarda əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs Yevlax rayonunun Duzdağ kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağda kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən istintaqla müəyyən edilməyən vaxtda və saatda toplayaraq qurutmaqla qəsdən satış məqsədi ilə qanunsuz olaraq 5835 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçıq tikilidə müxtəlif qabların içərisinə yığmaqla saxlamış, 23 iyul 2024-cü il tarixdə saat 15:18 dəqiqədən saat 16:40 dəqiqəyədək olan müddətdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçıq tikiliyə video çəkilişlə keçirilmiş baxış zamanı həmin tikilidən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib müxtəlif əşyaların içərisində saxladığı, kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkiləri ilə eyni tərkibli olan 5835 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, həyətində 26 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərmişdir. Həmin çətənə bitkilərinin bir qisminin yarpaqları quruduğu və yararsız olduğu üçün kisəyə doldurub atmaq istəyən zaman polis əməkdaşları onu saxlamışlar. Onun həyətində 6 kiloqrama yaxın qurudulmuş marixuana olmamış, daha az miqdarda olmuşdur. Həyətinə baxış zamanı polis əməkdaşları az miqdarda olan yararlı qurudulmuş marixuana ilə yanaşı, həmçinin zibilə atmaq üçün qoyduğu yararsız narkotik tərkibli bitkiləri də maddi sübut kimi tərəzidə çəkərək götürmüşdür. O, polis əməkdaşlarına onların tərəzidə çəkdikləri bitkilərin yararsız olduğunu bildirdikdə polis əməkdaşları ona hər şeyin düzələcəyini bildirmişlər. Ona verilmiş ittihamda çətənə bitkilərinin hündürlüyünün 400 sm olduğu qeyd edilmişdir, halbuki həmin bitkilərin hündürlüyü 80-100 sm olmuşdur. Həmin bitkiləri öz istifadəsi üçün əkmiş, onları heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onda olan marixuananın miqdarı təxminən 100-150 qram olmuşdur. O, həmin narkotik vasitənin miqdarını tərəzidə çəkməmiş, sadəcə olaraq bankaya doldurmuşdur. Polis əməkdaşlarının onun həyətindən qablaşdıraraq götürdüyü quru bitkilər narkotik vasitə olmamış, zibilə atmaq üçün yığdığı yararsız bitki qalıqları olmuşdur. Onun zibil olduğunu iddia etdiyi həmin bitkilərlə bağlı ekspertin nəyə görə onların qurudulmuş marixuana olmasına dair rəy verməsinin səbəbini bilmir. İbtidai istintaq zamanı heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. Təxminən 5-6 il olar ki, narkotik vasitələrdən istifadə etmiş, çətənə bitkilərinin hissələrini də öz istifadəsi üçün qurutmuşdur. Çətənə kollarını 2024-cü ilin aprel ayında əkmiş və həmin bitkilərin hissələrini qurudaraq narkotik vasitə kimi istifadə etmişdir. Çətənə bitkisinin toxumlarını tanıdığı üçün onları yabanı halda bitən yerlərdən taparaq götürmüşdür. Həmin bitkilərə qulluq olunma texnikasını internetdən öyrənmişdir. Polislərin qablaşdıraraq götürdüyü bitki qalıqları tərəzidə çəkildikdə çəkisi 5 kiloqramdan artıq olmuşdur. Həmin yararsız bitkiləri atmaq fikri olduğundan onları digər zibillərin yanına qoymuşdur. Aşkar olunan istifadəyə yararlı narkotik vasitə kimi təqdim edilən zibillər iki ədəd bağlamada olmuş, həmin zibilləri vedrəyə, qazana və sair yığmamış, bir həftə əvvəl atmaq üçün divardan asmışdır. Digər məişət tullantılarını heç vaxt divardan asmamış, onları arabaya yığaraq atmışdır. O, narkotik vasitəni vedrəyə, qazana yığmamış, sadəcə olaraq çürüməməsi üçün az miqdada bankaya yığmışdır. Bankaya yığdığı həmin narkotik vasitəni özü istifadə etmək istəmişdir. O, hər dəfəsində 2- 3 qram olmaqla gün ərzində 3-4 dəfə narkotik vasitə istifadə etmişdir. Həyətindən aşkar olunan çətənə kollarını və qurudulmuş marixuananı da özü istifadə etmək niyyətində olmuşdur. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasının, müharibə veteranı olmasının və törətdiyi əməldən peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Duzdağ kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitə istifadəçisidir. Təxminən 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 25 aprel 2024-cü il tarixdə yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağda 26 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkmiş və həmin toxumlar bitdikdən sonra onlara qulluq edərək böyütmüşdür. Bundan başqa həmin bağda əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinin aşağı hissələrində olan yarpaqlarını yığaraq qurutmuş və sintetik kisəyə, vedrəyə, qazana, şüşə balona, sellofan torbaya yığaraq evin həyətində olan yardımçı tikilidə saxlamışdır. 23 iyul 2024-cü il tarixdə günorta saatlarında, saat təxminən 15-16 radələrində yaşadığı evdə olan zaman adının səsləndiyini eşitdiyi üçün evin qarşısına, yəni evin həyətinin qapısının qarşısına çıxdıqda orada polis əməkdaşlarının olduğunu görmüşdür. Onlar özlərini təqdim edərək bağında narkotik tərkibli çətənə bitkilərini əkib-bercərməyi barədə məlumat əldə etdiklərini və evinin həyətinə və bağa bununla bağlı baxış keçirməli olduğunu demişlər. Polis əməkdaşlarının narkotik tərkibli çətənə bitkiləri əkməyini bildiklərini başa düşdüyü üçün əməlini etiraf etmiş, evinin həyətinə və həyətyanı sahəsinə, yəni bağa baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Bundan sonra evinin həyətyanı sahəsinə baxış keçirilən zaman bağda əkib-becərdiyi cəmi 26 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunub polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa həmin narkotik tərkibli çətənə bitkilərinin aşağı hissələrindən yığaraq qurudub evin həyətində olan tikilidə sintetik kisələrdə, vedrədə, qazanda, şüşə balonda, sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Həmin çətənə bitkilərinin toxumlarını əkərkən, həmçinin həmin bitkilərin hisələrini yığıb qurudub saxlayarkən bunun cinayət əməli olduğunu bilmişdir. Yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi hesab olunan bağından aşkar edilərək götürülmüş, cəmi 26 ədəd xüsusi qulluq göstərilmiş çətənə bitkiləri, həmçinin həmin fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş cəmi təmiz çəkisi 5835 qram olan qurudulmuş marixuana ona məxsusdur. Çətənə bitkilərinin toxumlarını 2023-cü ilin yay aylarında yabanı halda bitən çətənə kollarından yığaraq saxlamışdır. Yabanı halda bitən çətənə kollarına qulluq göstərən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana əldə olunmasını bilməsi səbəbindən 25 aprel 2024-cü il tarixdə həmin toxumları əkmiş və onlara əkdiyi andan etibarən xüsusi olaraq qulluq göstərmişdir. Çətənə bitkilərinin köklərini (dibini) alaq otlarından təmizləyib vaxtıvaxtında suvarmışdır. Həmçinin həmin çətənə bitkilərinin diblərinə bir neçə dəfə yaş peyin vermişdir. Yaşadığı evin həyətyanı sahəsi olan bağda narkotik tərkibli çətənə bitkiləri əkibbecərən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış və ona heç kim köməklik göstərməmişdir. Çətənə bitkilərinin toxumlarını təkbaşına əkmiş, özü təkbaşına ona qulluq göstərmiş və həmin bitkilərin hisələrini təkbaşına yığaraq qurudub saxlamışdır. Onun narkotik tərkibli çətənə bitkisi əkib-becərməyini heç kim bilməmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. Onunla birlikdə yaşayan ailə üzvləri, qonşuları və qohumlarının həmin yerdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyindən məlumatları olmamışdır. Ailə üzvləri çətənə bitkisinin nə olmasını, necə olmasını bilmədikləri üçün bağda çətənə bitkiləri əkib becərməyini başa düşməmiş və bilməmişdir. O, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik tərkibli çətənə bitkilərini gələcəkdə özü istifadə etmək üçün əkmişdir. Həmin bitkilərdən əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlamış olduğu narkotik vasitə olan qurudulmuş marixuanadan hər hansı bir şəxsə pay olaraq və yaxud da hər hansı bir maddi nemət qarşılığında verməmişdir. Yaşadığı evin həyətində cəmi 26 ədəd çətənə bitkiləri əkmiş və onlara qulluq göstərmişdir. Aşkar olunanlardan başqa hər hansı bir yerdə çətənə bitkisi əkməmişdir. Həmçinin evinin həyətində olan yardımçı tikilidən aşkar olunaraq götürülmüş qurudulmuş marixuanadan başqa hər hansı bir yerdə narkotik vasitə olan qurudulmuş marixuana saxlamır. Törətmiş olduğu cinayət əməlinə görə peşmandır (cild 1, iş vərəqi 73-76). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə ona daxil olmuş əməliyyat məlumatı barədə rəhbərliyi məlumatlandırmış və bundan sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 23 iyul 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Duzdağ kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs özü evin qapısını açmış və onlar həmin şəxsə özlərini təqdim edərək onun çətənə bitkiləri əkibbecərməsi ilə bağlı onlarda olan əməliyyat məlumatı barədə məlumat vermişlər və gəlişlərinin səbəbini izah edərək onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs əməliyyat məlmatında göstərilən halı təsdiq etmiş və könüllü olaraq yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı alaqdan təmizlənərək yetişdirilmiş təxminən 25-30 ədəd çətənə bitkiləri və təxminən 5-6 kiloqram çəkidə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Baxış zamanı təqsirləndirilən şəxs əməlini etiraf edərək çətənə kollarına bənzər kolların və qurudulmuş marixuanaya bənzər kütlənin özünə məxsus olduğunu bildirmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələr həyətyanı sahədə olan yardımçı tikiliyə baxış keçirilən zaman sintetik tipli torbalarda, bankalarda, vedrədə və sair qablarda aşkar olunaraq götürülmüşdür. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş qurudulmuş marixauanaya bənzər kütlənin özünə məxsus olduğunu etiraf etmiş, bununla bağlı heç bir etiraz etməmiş, həmin kütlənin narkotik vasitə yox zibil olmasına dair heç nə deməmişdir. Evin həyətinə əməliyyat qrupunun üzvləri olan 3-4 nəfər daxil olmuş, təhlükəsizlik baxımından evin çölündə isə 20-30 nəfər polis əməkdaşı olmuşdur. Baxışda iştirak edən aqronom aşkar olunmuş bitkilərin çətənə bitkiləri olduğunu və onlara quluq edildiyini bildirmişdir. Əməliyyat məlumatı bilavasitə onun özünə daxil olmuş və bu işlə bağlı əməliyyat-qeydiyyat işi açılmışdır. Ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə olmuşdur. Bu işlə bağlı verilmiş əməliyyat tapşırığına müvafiq olaraq əməliyyat tədbirləri davam etdirilmiş və əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması təsdiq olunmuşdur. Əməliyyat tapşırığına cavab olaraq verilmiş 10 avqust 2024-cü il tarixli raport onun tərəfindən yazılmışdır, raportda qeyd etdiyi hallar həqiqət olduğundan onu təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin sabiq əməliyyat müvəkkili Şahid4, Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə dindirilmiş ekspert X4 göstərdi ki, hazırki cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının 24 iyul 2024-cü il tarixli rəyi onun tərfindən verilmişdir. Maddi sübutlar ekspertizaya 16 ədəd kisədə təqdim olunmuşdur. 13 ədəd kisənin içərisində ümumilikdə 26 ədəd bitki nümunələri, 3 ədəd kisənin içərisində isə qurudulmuş bitki kütləsi olmuşdur. Ekspertiza tədqiqatından sonra həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu müəyyən olunmuşdur. Qurudulmuş marixuananı yalnız bitkinin sırf çiçək hissəsindən deyil, eyni zamanda həm də yarpaq və saplaq hissələrindən əldə etmək mümkündür. Çətənə bitkisinin tərkibində narkotik aktivliyə malik komponentlər var ki, həmin komponentlər daha çox bitkinin çiçək hissəsində toplanır və həmin hissə bitkinin digər hissələri ilə müqayisədə daha keyfiyyətli sayılır. Lakin bitkinin narkotik vasitə əldə etmək mümkün olan bütün hissələri ümumi kütlə kimi qurudulmuş marixuana sayılır və bitkinin ümumi çəkisi müəyyən edilərkən həmin hissələr ayrı-ayrılıqda nəzərə alınmayaraq vahid kütlə kimi qəbul olunur. Ekspertizaya təqdim olunmuş üç ədəd kisədə qurudulmuş narkotik tərkibli bitkinin əsas gövdəsi olmamış, bitkinin ancaq yarpaqları və saplaqları olmuşdur. O, məhkəmə-bioloji ekspertizasının rəyində narkotik tərkibli bitkinin xırdalanmış və iri xırdalanmış formada olduğunu göstərmişdir. Bəzən onların təcrübəsində elə hallar olur ki, narkotik tərkibli bitki başqa alaq otları ilə qarışmış vəziyyətdə olur və ya bitkilər nəm vəziyyətdə saxlanıldığı üçün çürümüş və ya yarı çürümüş vəziyyətdə olur. Belə olan hallarda onlar alaq otlarını həmin kütlədən ayıraraq yalnız narkotik tərkibli bitkilərin miqdarını rəydə qeyd edirlər. Bitki çürümüş vəziyyətdə olduqda tərkibində olan narkotik aktivliyə malik komponentlər məhv olduğu üçün tədqiqat aparmaq mümkün olmur, ona görə də çürümüş bitkilər narkotik vasitə hesab olunmur. Hazırki cinayət işi üzrə ekspertizaya təqdim olunan kütlədə alaq otları olmamış, buna görə o, verdiyi rəydə narkotik tərkibli bitkinin digər bitkilərlə qarşıq formada olması barədə heç nə yazmamışdır. Çətənə bitkisinin yuxarı hissələrinin müxtəlif dərəcədə xırdalanmış və qurudulmuş hissələrindən alınmış kütlə qurudulmuş marixuana hesab olunur. Bitkinin hansı hissələrinin istifadəyə yararlı olub-olmaması ekspert kimi onun xüsusi biliyindən kənara çıxan məsələdir. Belə ki, kimsə bitkinin yarpağından, kimsə saplağından, kimsə çiçəyindən istifadə edə bilər. Çətənə bitkisinin yuxarı hissələrindən, yəni yarpaq, çiçək, saplaq və yan budaqlarından qurudulumuş marixuana əldə etmək olur. Çətənə bitkisinin yalnız əsas gövdə və kök hissələrindən narkotik vasitə əldə etmək mümkün deyil. Çətənə bitkisinin əsas gövdəsi ekspertizaya təqdim olunduqda qurudulmuş marixuana kimi yox, çətənə bitkisinin hissəsi kimi rəy verirlər. Hazırki cinayət işi üzrə ekspertizaya təqdim olunmuş kütlədə çətənə bitkisinin əsas gövdə və kök hissəsi olmamışdır. Təcrübədə bəzi hallarda ibtidai istintaq orqanının müəyyən etdiyi çəki ilə ekspertiza zamanı müəyyən edilən çəki uyğun gəlmir, bu da ibtidai istintaq orqanının tərəzisinin düzgün çəkməməsi ilə bağlıdır. Belə ki, ibtidai istintaq orqanı əksər hallarda əl tərəzisindən istifadə edir, həmin tərəzilər isə çəkidə xəta verir. Ekspertiza zamanı onlar narkotik vasitənin çəkisini “CAS” markalı elektron tərəzi vasitəsilə müəyyənləşdirirlər. Mütəmadi olaraq hər il standartlaşdırmadan keçən həmin tərəzilərin səhv etmə ehtimalı 0,001 qramdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin Polis Şöbəsinin rəisinə ünvanlanmış 23 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx xxxxxx 1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Duzdağ qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 4). Baxış keçirilməsi və götürmə haqqında haqqında 23 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü disklərdən görünür ki, 23 iyul 2024-cü il tarixdə, saat 15:18-dən başlayaraq saat 16:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağda və fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidə video çəkilişlə keçirilmiş baxış və götürmə istintaq hərəkəti zaman fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağdan 26 ədəd narkotik tərkibli çətənə kollarına bənzər kollar aşkar edilmişdir. Baxışda iştirak edən aqronom həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin girişində sağ tərəfdə yerləşən yardımçı tikilidə ağ rənli sintetik kisələrin, sellofan torbanın, şüşə balonların, vedrənin və qazanın içərisində qablaşdırılmaqla saxladığı qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr üç ədəd ağ rəngli kisələrdə qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 16-20, 54). Yevlax rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi X3 tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş 26 ədəd bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, yəni gövdə ətrafı torpaq yumşaldılmış, suvarılması üçün xüsusi qaydada düzəldilmişdir. Bitkinin inkişafı üçün peyindən istifadə edilmişdir. Bitki kolları tünd-yaşıl rəngli və spesifik iyə malikdir. Hər birinin hündürlüyü təxminən 70 sm-dən 400 sm-dəkdir (cild 1, iş vərəqə 21) Məhkəmə-bioloji ekspertizasının 24 iyul 2024-cü il tarixli 3-16-16/2-17/658 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 13 (on üç) ədəd sintetik kisələrin içərisindəki, uzunluqları 70 sm-dən 400 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri - 82 kiloqram 445,0 qram olan 26 (iyirmi altı) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 23 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı olan 03 (üç) ədəd sintetik kisələrin içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri – 2805.0 qram, 1500.0 qram və 1530,0 qram, ümumi təmiz çəkiləri – 5835,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş 26 (iyirmi altı) ədəd çətənə (kannabis) bitkiləri ilə 03 (üç) ədəd sintetik kisələrdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 5834,40 qram, çətənə bitkilərinin qalıq çəkisi 82 kq 443 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 34 manat 55 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 44-48). “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 06 avqust 2024-cü il tarixli PHŞ-4601/24 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 1, iş vərəqə 117). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 avqust 2024-cü il tarixli 1424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 162). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən və fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq çəkisi 82.443 qram təşkil edən 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qalıq çəkisi 5834.40 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab edilərək Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntülərinin köçürüldüyü iki ədəd disk və telefon məlumatlarını özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 61-62, 169-180). İş üzrə əməliyyat tapşırığına verilmiş 10 avqust 2024-cü il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağdan 23 iyul 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 26 ədəd külli miqdarda əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsi və kultivasiya edilməsi ilə məşğul olarkən onları tək başına əkib-becərmiş, kultivasiya etmiş, ona bu işdə köməklik edən və onunla əlbir olan olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuş və o, yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitəni satış məqsədilə saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Duzdağ kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda kultivasiya etdiyi çətənə bitkilərindən toplayaraq kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. Yevlax rayonunun Duzdağ kəndində yaşadığı fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən 23 iyul 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 5835 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş və evindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qururdulmuş marixuananı satmaq niyyəti ilə yaşadığı evin həyətindəki yardımçı tikilidə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olarkən hər hansı bir şəxslə qabaqcadan əlbir olmamışdır. Onun Yevlax rayonunun Duzdağ kəndində yaşadığı fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən 23 iyul 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 5835 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanadan başqa yaşadığı ünvanda və ya başqa bir yerdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamadığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 119). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 118). Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tərbiyəli və vətənpərvər bir gəncdir. 2010-cu ildə həqiqi hərbi xidmətə getmiş və 2011-ci ildə ordu sıralarından təxris olunmuşdur. Hərbi xidmətdən sonra N saylı hərbi hissədə MAHHXQ kimi xidmət etmişdir. Vətən müharibəsində iştirak etmişdir, müharibə veteranıdır. Dövlət rəmzlərinə hörmətlə yanaşır, seçkilərdə fəal iştirak edir. Yevlax rayonu Duzdaq kəndində ailəsi ilə birlikdə yaşayır, təsərrüfat işlərində onlara kömək edir. O, həmişə zəhmətkeşliyi, əməksevərliyi ilə kənd camaatının və yoldaşlarının hörmətini qazanmışdır. Ona görə də kənddə hamı onun hörmətini saxlayır, kiçiklərə qayğı göstərir. Vətənpərvərdir, həmişə gənclərə nümunə olur, öz vətənpərvərliyi ilə hamıdan seçilir. Həmyaşıdları arasında hörməti vardır. Ailəli olub boşanmışdır, iki övladı var. Təqsirləndirilən şəxs nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. O, öz davranışı ilə müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 111). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 noyabr 2020-ci təvəllüdlü X5 və 24 dekabr 2021-ci il təvəllüdlü X6 adında iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 133-134). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2021-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana və 16 ədəddən 800 ədədək çətənə bitkisi külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətyanı sahəsində cəmi 100- 150 qram qurudulmuş marixuana olmasına, polis əməkdaşlarının qablaşdıraraq götürdüyü quru bitkilərin narkotik vasitə olmamasına, onların zibilə atmaq üçün yığdığı yararsız bitki qalıqları olmasına, qurudulmuş marixuananı satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etməsini, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsini və saxlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış baxış və götürmə istintaq hərəkəti, şahidlərin ifadələri, ekspertizə rəyi, məhkəmə iclasında dindirilmiş ekspertin ifadəsi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş 5835 qram çəkidə qurudulmuş marixuananın ona məxsus olmasına dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. Təqsirləndirilən şəxsin narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etməsinə dair ifadəsinə münasibət bildirən məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsində külli miqdar təşkil edən 26 ədəd çətənə bitkisini ayrı-ayrılıqda avqotexniki qaydada qulluq etməklə əkib yetişdirməsi və şəxsi istehlak miqdarından dəfələrlə artıq (1167 dəfə) miqdarda 5835 qram qudurulmuş marixuananı evinin həyətində olan yardımçı tikilidə müxtəlif qabların içinə yığmaqla saxlaması onun həmin qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlamasına dəlalət edir. Bundan başqa, iş üzrə əməliyyat tapşırığına verilmiş cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuş, o, yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitəni satış məqsədilə saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2021-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 25 iyul 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqi 31-32, 85-87). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına verilmiş Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən və fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq çəkisi 82.443 qram təşkil edən 26 (iyirmi altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və ekspert tədqiqatından sonra qalıq çəkisi 5834.40 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən iki ədəd disk və mobil telefon məlumatlarını özünə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 34 manat 55 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 82.443 qram təşkil edən 26 (iyirmi altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və ekspert tədqiqatından sonra qalıq çəkisi 5834.40 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən iki ədəd disk və mobil telefon məlumatlarını özünə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar