Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-94/2024 28.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxsin nümayəndəsi X12 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X9 manqa komandiri vəzifəsində işləmiş, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 avqust 2008-ci il tarixdən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X9 manqa komandiri vəzifəsində işlədiyi dövrdə 02 iyul 2023-cü il tarixdə saat 18:10 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla və ayıq vəziyyətdə olmaqla idarə etdiyi «Dacia Logan» markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Giriş avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü km-də Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərini pozmaqla və nəqliyyat vasitəsini yaşayış məntəqəsindən kənarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda saatda 100 km sürətlə hərəkət etdirərək, cinayətkarcasına özünəgüvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağını güman etməklə ehtiyatsızlıq edib avtomobili yol şəraitinə uyğun olmayan sürətlə idarə edərək avtomobilin idarə olunmaz vəziyyətə düşməklə yoldan çıxmasına səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol vermiş, idarə etdiyi «Dacia Logan» markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxararaq yolun sol kənarında yerləşən ağaca vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilində olan sərnişinlərdən Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, alın-gicgah nahiyəsinin və sağ göz ətrafı nahiyənin əzilmiş-cırılmış yarası, sağ orbitanın lateral divarının yerini dəyişmiş sınığı, sol bud sümüyünün sınığı, sol mil sümüyünün distal epifizinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sol qamış sümüyünün aşağı 1/3-nin açıq, yerini dəyişən çəp sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, X19 müştərək travma, qapalı kəllə-beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol İİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, qaraciyərin, dalağın cırılmış yaraları, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq onlardan ağ ciyərin, qara ciyərin və dalağın cırılmasından baş vermiş daxili qanaxma fonunda qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma nəticəsində hadisə yerində ölməsinə, X1 başın kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına və qişalarına qansızma, baş beynin ağır dərəcəli əzilməsi, uzunsov beyinə, beyin kötüyünə, baş beynin yumşaq qişası altına və yan mədəciklərinə qansızma, burun və hər iki almacıq sümüklərinin sınığı, hər iki göz ətrafı nahiyənin hematoması, sifətin sıyrıqları, döş qəfəsinin sağ tərəfinin İİİ, İV və V qabırğalarının yerdəyişən sınığı, sağ budun aşağı 1/3-nin ön səthinin əzilmiş-sıyrılmış yarası, sağ baldırın ön səthinin geniş həcmli dərialtı hematoması, sağ çiyin qurşağının sıyrılmış yaraları kimi xəsarətlər alaraq onlardan kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma kimi dərəcəsinə görə ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan, yəni avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan və “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 02 iyul 2023-cü il tarixdə təxminən saat 14:30 radələrində Beyləqan rayonundan çıxıb Balakən rayonunun Gərəkli kəndinə qayıdan zaman Yevlax rayonunun Xaldan qəsəbəsinin ərazisində sonradan adlarını bildiyi, Balakən rayonuna gedən X24 və Zaqatala rayonuna gedən Zərərçəkmiş şəxs2 təkliflərinə əsasən adları qeyd edilən şəxsləri avtomobilə əyləşdirmiş, daha sonra isə Yevlax rayonundan Şəki şəhəri istiqamətində avtomobili idarə edən zaman yolun sağ yan hissəsində dayanmış, sonradan adlarını bildiyi və Şəki şəhərinə gedən Zərərçəkmiş şəxs1 təklifinə əsasən sonuncunu və yanında olan azyaşlı qızı X3 avtomobilə əyləşdirmiş və yenidən idarə etdiyi avtomobillə hərəkətə davam etmişdir. Həmin vaxt Azər Murtuzov avtomobilin qabaq sağ oturacağında, Zərərçəkmiş şəxs2 avtomobilin arxa sağ oturacağında, Zərərçəkmiş şəxs1 avtomobilin arxa sol oturacağında, Sədəf Seyidəliyeva isə avtomobilin arxa orta oturacağında əyləşmişlər. Həmin tarixdə saat 18:10 radələrində qeyd olunan avtomobil ilə Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edib Şəki-Giriş avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü km-də 90-100 km/saat sürətlə hərəkətdə olan zaman əks hərəkət zolağından Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan tanımadığı avtomobilin qəflətən onun hərəkət zolağına çıxdığını görmüş, qeyd olunan səbəbdən idarə etdiyi avtomobilin tormoz əyləcindən istifadə edərək sağa doğru hərəkət etdirmiş, bu zaman idarə etdiyi avtomobilin qabaq sağ təkəri yolun sağında olan ehtiyat hissədəki daşlıq əraziyə çıxmış, nəticədə avtomobilin idarə etməsini itirmişdir. O, idarə etdiyi avtomobili yenidən öz hərəkət zolağına doğru hərəkət etdirmiş, bu zaman idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxıb yolun sol yan hissəsində olan ağaca doğru istiqamətlənmiş və ağaca dəyib dayanmışdır. Nəticədə idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almış, Azər Murtuzov və Sədəf Seyidəliyeva isə aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslərin köməyi ilə o və avtomobildə olan digər şəxslər avtomobildən düşmüşlər, həmin şəxslərdən biri təcili tibbi yardım xidmətinə zəng etmiş, bir qədər sonra isə hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları onu və avtomobildə olan digər şəxsləri Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı həm zərərçəkmiş şəxs, həm də ölmüş zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sədəf Seyidəliyeva onun övladı olmuşdur. 02 iyul 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində qızı Sədəf Seyidəliyeva ilə birlikdə Şəki rayonunun Suçma kəndinin girişində olan avtobus dayanacağında Şəki şəhərinə getmək üçün avtobus gözləyən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət etdiyini görmüş və əl işarəsi ilə avtomobili saxlatmışdır. Daha sonra isə onu və qızı X18 şəhərinə aparmasını Təqsirləndirilən şəxs təklif etmiş və sonuncu onun bu təklifi ilə razılaşdıqdan sonra o, avtomobilin arxa sol oturacağında, qızı Sədəf Seyidəliyeva avtomobilin arxa orta oturacağında, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 avtomobilin arxa sağ oturacağında, X24 isə avtomobilin qabaq sağ oturacağında əyləşmişlər. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində idarə etməyə başlamış, həmin tarixdə təxminən saat 18:10 radələrində Şəki-Giriş avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü km-də hərəkətdə olan zaman yuxulamış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin idarə etməsini itirdiyi anda bir anlıq yuxudan ayılmış və həmin anda qızı Sədəf Seyidəliyevanı avtomobilin arxa orta oturacağından götürüb arxa sol tərəfində əyləşdirmişdir. Həmin vaxt avtomobildə olan digər sərnişin mərhum X29 Umarovdan nə baş verdiyini soruşmuş, sonuncu isə qarşısına avtomobil çıxdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxaraq yolun solunda olan ehtiyat hissədəki ağaca dəyib dayanmış, zərbənin təsirindən o, huşunu itirmiş və həmin gün təxminən 20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasında olan zaman ayılmışdır. Bundan sonra isə baş vermiş hadisə nəticəsində avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 xəsarət alması, Azər Murtuzovun hadisə yerində ölməsi ona məlum olmuş, 06 iyul 2023-cü il tarixdə isə qızı Sədəf Seyidəliyevanın ölməsi barədə ona məlumat verilmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs onunla barışmağa cəhd etmiş, lakin o, bununla razılaşmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum X24 onun oğlu olmuşdur. 02 iyul 2023-cü il tarixdə axşam vaxtı evdə olan zaman təcili tibbi yardım avtomobili ilə Azər Murtuzovun meyiti oraya gətirilmiş və bu zaman yol-nəqliyyat hadisəsi nəticəsində oğlunun ölməsi ona məlum olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxs onunla barışmağa cəhd etmiş, lakin o, bununla razılaşmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X20 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. 02 iyul 2023-cü il tarixdə gecə vaxtı yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs2 xəsarət alması barədə məlumat verilmiş, oğlunun sol ayağında ciddi xəsarət yaranmış, həkim övladının Bakı şəhərində yerləşən xəstəxanada müayinə və müalicə olunmasını ona məsləhət görmüş və övladı müayinə və müalicə olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, lakin sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci tağımın Yol-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. 02 iyul 2023-cü il tarixdə saat 18:15 radələrində xidmətdə olan zaman Şəki-Giriş avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü km-də yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmiş və oraya çatdıqda qeyd olunan tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirərək yolun soluna hərəkət etdirib ağaca vurması, nəticədə həmin avtomobildə olan 2 nəfər sərnişinin ölməsi və sürücünün və digər sərnişinlərin isə xəsarət alması ona məlum olmuşdur. Bundan sonra hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci tağımın Yol-Patrul Xidmətinin baş inspektoru vəzifəsində xidmət edir. 02 iyul 2023-cü il tarixdə saat 18:15 radələrində xidmətdə olan zaman Şəki-Giriş avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü km-də yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında qeyd olunan tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobilin idarəetməsini itirərək yolun soluna hərəkət etdirib ağaca vurması, nəticədə həmin avtomobildə olan 2 nəfər sərnişinin ölməsi və sürücünün və digər sərnişinlərin isə xəsarət alması ona məlum olmuşdur. Bundan sonra yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 04 iyul 2023-cü il tarixdə baxış keçirilən zaman o da iştirak etmiş, bu zaman avtomobilin yol-nəqliyyat hadisəsindən sonra istismara tam yararsız vəziyyətə düşməsi və işıq sisteminin qismən yararlı olması müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Baş X31 İdarəsinin rəisinə ünvanlanmış 02 iyul 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:10 radələrində Şəki-Giriş yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia Logan” markalı, **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən avtomobilin idarəetməsini itirərək yolun soluna çıxıb ağaca dəyməsi, nəticədə avtomobildə olan sərnişinlər X24 və X1 aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 02 iyul 2023-cü il tarixli 104 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 02 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Şəki-Giriş yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü kilometrliyindədir. Hərəkətin nizamlama üsulu nişanlanmayandır. Yolun hərəkət hissəsi asfalt-beton örtüklüdür, qurudur, döngəli-düzdür, yaşayış məntəqəsi daxili deyil. Yolun hərəkət hissəsinin eni 7,2 metrdir, hər istiqamətdə 1 hərəkət zolağı olmaqla 2 hərəkət zolağı vardır. Yolun sol kənarında eni 2,5 metr, sağ kənarında isə eni 1,8 metr olan yol çiyni vardır. Yolun sağ və sol hissələrində ağaclar əkilib, çökəklikdir. Yevlax rayonu istitqamətindən Şəki şəhəri istiqamətində hərəkət edən “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun sağ yan kənarından 0,7 metrdən başlayaraq idarə etməni itirdikdən sonra avtomobil yolun sağından soluna istiqamətlənib 44 metrdən sonra yol çiyninə daxil olaraq 13,4 metrdən sonra sağ yan tərəfi ilə yolun sol kənarında ehtiyat sahədən kənarda olan ağaca dəyib dayanmışdır. Avtomobilin ağaca dəydiyi yerdən yolun sol yan kənarına kimi məsafə 4,3 metr, avtomobilin arxa hissəsindən isə dayandığı vəziyyətdə yolun sol yan kənarına kimi məsafə 3 metrdir. Hadisədən sonra “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ağaca dəymiş vəziyyətdə üzü boş sahəyə doğru dayanmışdır. Asfaltın səthində yolun sağından soluna doğru 44 metr, sol yol çiynində isə 13,4 metr uzunluğunda şin izi qalmış, tormozlama izləri aşkar olunmamışdır. Yolun sol yan kənarında ağaca dəydikdən sonra avtomobilə məxsus hissəciklər ətrafa səpələnmişdir. Avtomobil yolun sol yan kənarında olan ağaca dəymiş, lakin ağaca ziyan dəyməmişdir. Baxış Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil istismara tam yararsız vəziyyətdədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 iyul 2023-cü il tarixli 34 nömrəli rəyindən görünür ki, mərhum X19 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “müştərək travma, qapalı kəllə-beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol İİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, qaraciyərin, dalağın cırılmış yaraları, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma” diaqnozu ilə, həyati, ölümündən bir qədər əvvəl bərk-küt əşyaların təsiri nəticəsində törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 02 iyul 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməyə uyğun, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb ağ ciyərin, qara ciyərin və dalağın cırılmasından baş vermiş daxili qanaxma fonunda qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma olmuşdur. İlk meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 iyul 2023-cü il tarixli 35 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “başın kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına və qişalarına qansızma, baş beynin ağır dərəcəli əzilməsi, uzunsov beyinə, beyin kötüyünə, baş beynin yumşaq qişası altına və yan mədəciklərinə qansızma, burun və hər iki almacıq sümüklərinin sınığı, hər iki göz ətrafı nahiyənin hematoması, sifətin sıyrıqları, döş qəfəsinin sağ tərəfinin İİİ, İV və V qabırğalarının yerdəyişən sınığı, sağ budun aşağı 1/3-nin ön səthinin əzilmiş-sıyrılmış yarası, sağ baldırın ön səthinin geniş həcmli dərialtı hematoması, sağ çiyin qurşağının sıyrılmış yaraları” diaqnozu ilə, həyati, ölümündən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vurması nəticəsində piyadada əmələ gəlməsi mümkün olan xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölüm meyitin məhkəmə-tibb ekspertizasından 4-5 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 iyul 2023-cü il tarixli 298 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibb ekspertizası zamanı onda “qapalı kəllə beyin travması, alın-gicgah nahiyəsinin və sağ göz ətrafı nahiyənin əzilmiş-cırılmış yarası, sağ orbitanın lateral divarının yerini dəyişmiş sınığı, sol bud sümüyünün sınığı, sol mil sümüyünün distal epifizinin sınığı” diaqnozu ilə, bərk-küt əşyanın təsirindən törənmiş, zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 02 iyul 2023-cü il tarixdə əmələ gəlməyə uyğun, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilməyən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 iyul 2023-cü il tarixli 300 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onda “sol qamış sümüyünün aşağı 1/3-nin açıq, yerini dəyişən çəp sınıqları” diaqnozu ilə, bərk-küt əşyanın təsirindən törənmiş, zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 02 iyul 2023-cü il tarixdə əmələ gəlməyə uyğun, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilməyən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsindən daxil olmuş 24 iyul 2023-cü il tarixli 3-13-16/2-9625/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2016-cı il tarixdə (05 aprel 2026-cı il tarixədək etibarlı olan) AF seriyalı, 200701 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 8/2401 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Dövlət X8 daxil olmuş 06 noyabr 2023-cü il tarixli 3-18-161/2-264/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X9 manqa komandiri vəzifəsində xidmət edir, xüsusi rütbəli daxili xidmət baş çavuşudur, hərbi qulluqçu deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsinə CM-in 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AE seriyalı, 061994 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Dacia Logan” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, 03 iyun 2023-cü il tarixdə X11 adından sonuncunun verdiyi etibarnamə əsasında hərəkət edən X16 tərəfindən Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixədək etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AF seriyalı, 200701 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2016-cı il tarixdə (05 aprel 2026-cı il tarixədək etibarlı olan) sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 18 dekabr 2023-cü il tarixli 1752 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə verilmiş 25 avqust 2008-ci il tarixli 1269/Ş nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X9 yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə verilmiş 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X9 yanğınsöndürmə növbəsinin manqa komandiri vəzifəsinə keçirilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman tanımadığı avtomobilin qəflətən onun hərəkət zolağına çıxdığını, qeyd olunan səbəbdən idarə etdiyi avtomobilin tormoz əyləcindən istifadə edərək sağa doğru hərəkət etdirdiyini, bu zaman idarə etdiyi avtomobilin qabaq sağ təkərinin yolun sağında olan ehtiyat hissədəki daşlıq əraziyə çıxdığını, nəticədə avtomobilin idarə etməsini itirdiyini, idarə etdiyi avtomobili yenidən öz hərəkət zolağına doğru hərəkət etdirdiyini, bu zaman idarə etdiyi avtomobilin əks hərəkət zolağına çıxıb yolun sol yan hissəsində olan ağaca doğru istiqamətləndiyini və ağaca dəyib dayandığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verib yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasını qeyd edərək özünü təqsirli bilməməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri onun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını tələb etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Umarov X13 rayonunun Gərəkli kəndində yaşayır, 03 iyul 2018-ci ildə doğulmuş Dəniz Umarova onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X8 daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X6 rayonunun Talalar kəndində yaşamışdır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yaşayır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə olunmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 01 ay 11 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla 22 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 22 noyabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-94/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-94/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver