Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-95/2021 02.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1998-ci il tarixdə Qəbələ rayonunun Əmirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Qəbələ rayonunun Əmirvan kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş və qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X6 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndində əvvəlcədən tanıdığı Qəbələ rayonunun Kiçik Əmili kənd sakini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əvvəlcədən yaxınlıqdakı mağazadan alıb üzərində saxladığı təsərrüfatməişət təyinatlı, soyuq silah hesab edilməyən bıçaqla qəsdən sonuncunun döş qəfəsinin sağ ön hissəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sağ ön hissəsindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara və hemotoraks kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvuran bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib həmin ifadəyə uyğun ifadə verdi və əlavə olaraq göstərdi ki, zərərçəkmiş şəxslə aralarında mübahisə sonuncu onun bacısının nişanını qaytarmasına səbəb olduqdan sonra onunla nişanlanmadığı üçün, ona sahib çıxmadığı üçün yaranmış, bu utancla kənddə yaşaya bilməyəcəyinə əmin olduqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxsla görüşüb bu məsələni həll etmək qərarına gəlmiş, görüş zamanı aralarında yaranmış mübahisə nəticəsində əvvəlcədən üzərində götürdüyü bıçaqla bir dəfə vuraraq sonuncuya ağır bədən xəsarəti yetirmiş, daha sonra isə həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim etmiş və cinayət əməli törətdiyini səmimi etiraf etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində telefonunda olan “whatsapp” proqramı vasitəsi ilə Qəbələ rayonunun Əmirvan kəndindən olan Raidə adlı qızla tanış olmuş, onunla ünsiyyət saxlamağa başlamışdır. Bir müddət sonra Qəbələ şəhərində Raidə ilə görüşüb söhbət etmişlər, görüş zamanı evlənməyi qərara almışlar. Görüş bitəndən sonra Raidə avtobusla evlərinə qayıtmışdır. Görüşdən 5-6 gün sonra Raidə ona telefonda rayonun Nohurqışlaq kəndindən sevmədiyi bir oğlana nişanlı olduğunu, ancaq həmin oğlanı sevmədiyini bildirmişdir. Bir müddət sonra isə artıq münasibətlər daha da irəlilədiyindən Raidəyə artıq onlara elçi gəlmək istədiyini demiş, buna görə də, Raidənin anası onun mobil telefonuna zəng edərək “əgər elçi gəlmək istəyirsinizsə, gələ bilərsiniz” demiş, 2020-ci ilin iyul ayının təxminən 8-10 aralığında dəqiq tarixini bilmədiyi gündə Raidənin anasına məlumat verərək anası, dayısı Şahin və digər dayısının arvadı Səbinə Raidəgilə elçi getmişlər. Orada xoş qarşılanmışlar, Raidə də evdə imiş, anası da Raidəni görmüş, həmin vaxt anası Raidənin sağ ayağında şikəstlik olduğunu, ayağını çəkərək axsayıb gəzdiyini müşahidə etmiş, bu halı ona demiş, anasına Raidənin bu vəziyyətinə fikir vermədiyini bildirmiş, anası ona “bu düz gələn iş deyil, bununla bizimki alınmaz” deyə cavab vermişdir. Bunu anası Raidənin anasıgilə də demiş, onlar da Raidənin balaca olanda yıxılıb ayağının sındığını və ona görə, şikəstlik olduğunu, əgər bəyənmirlərsə, heç bir problem olmadığını bildirmişlər. Raidədən imtina etmişlər, aralarında heç bir dava-dalaş və sair mübahisə olmadan evlərinə gəlmişlər. Elçilikdən sonra Raidə ilə heç bir əlaqəsi olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Emin onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, iş yerində olduğunu deyərək axşama kimi işdə olacağını bildirmişdir. Emin ona “mən də gələcəm, bir söhbət edib çay içərik” demiş, o da razı olmuşdur. Həmin gün saat təxminən 17-18 aralığında Eminin onun iş yerinin yanındakı Səlim adlı şəxsin işlətdiyi kafenin həyətinə daxil olduğunu görmüş, elə həmin vaxt Emin kafedən ona zəng edərək gəldiyini deyib kafeyə çağırmışdır. Kafenin həyətinə daxil olmuş, kafeyə girəndə Emin ona “gəl aşağı gedək söhbət edək” demiş, Eminin ona nəsə sözü olacağını zənn etmiş, kafedən təxminən 30 metr məsafəyə addımlayıb şam ağacları olan bir yerə gəlmişlər. Orada hər ikisi aralarında təxminən 1 metr məsafə olmaqla ayaqüstə dayanmışlar. Emin bu vaxt “mən kəndin içinə çıxa bilmirəm, camaatın üzünə baxa bilmirəm, niyə belə etdin? Mənə deyirlər ki, peysərə atıb yaşayırsan?” demiş, Eminə “nə olub ki, niyə çıxa bilmirsən?” deyə soruşmuş, Emin heç bir söz demədən qəflətən sol əlini arxaya aparmış və nəyləsə sağ döş nahiyəsinə vurub geri çəkmişdir. Eminin əlində kəsici hissəsi qanlı bıçaq görmüş, Eminin onu bıçaqla vurduğunu bilmiş, əlini bıçaqla vurulan yerə vurduqda qan olduğunu görmüş, arxaya 1-2 addım getməyə başlamış, Emin də bıçağı oraya tullayıb kafe tərəfə getmişdir. Xəsarət aldığı yeri tutub kafeyə doğru getməyə başlamış, kafenin yanında olan adamlara Emini göstərib onu bıçaqla vurduğunu bildirmişdir. Emin isə kafenin yanında olan Rəvan adlı polisə tərəf getmiş, kafedən adamlar ona yaxınlaşıb bədənindən qan axdığını görüb qan axan yerə parça qoyaraq yardım etməyə başlamışlar. Orada olan Bayram adlı şəxs avtomobili ilə onu Qəbələ Rayon Diaqnostika Mərkəzinə aparmış, ona tibbi yardım edilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Böyük Əmili kəndinin mərkəzində ərzaq və qarışıq mallar mağazası işlədir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində mağazada olan zaman bir nəfər adını sonradan bildiyi və tanıdığı Emin adlı şəxs mağazaya daxil olub oradan bir qutu “Vikeroy” siqaretini 1,80 manata almış, həmin şəxs ondan satılıq mətbəx bıçağı olub-olmadığını soruşmuş, olduğunu dedikdə 1 ədəd bıçaq istəmiş, ona bıçağın 1 manat 50 qəpik olduğunu demiş, bıçağı həmin şəxsə satmışdır. Həmin şəxs bıçağı alıb mağazadan çıxmışdır. Təxminən 1 saat yarım sonra da mağazada olan zaman adını bilmədiyi bir nəfər uşaq “bayırda Əmrahı bıçaqla vurub xəsarət yetiriblər” demiş, bayıra çıxanda kafenin yanına kənd camaatından toplaşanların olduğunu görmüş, onlardan nə baş verdiyini soruşanda Əmrahı kiminsə bıçaqla vurduğunu bilmiş, ancaq kimin vurduğunu bilməmiş, Əmrahı kənd bələdiyyə sədrinin Vaz 210015 markalı avtomobili ilə xəstəxanaya aparmışlar. Sonradan Əmrahı bıçaqla vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu, Eminin az əvvəl mağazadan aldığı bıçaqla Əmrahı vurduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 17-18 radələri aralığında tanışı Rəmzi adlı şəxslə birgə Səlimin kafesinin həyətində oturub çay içirmiş. Əmrah da kafedən təxminən 35 metr məsafədə adını bilmədiyi və tanımadığı bir oğlanla söhbət edirmiş. Lakin onlar astadan öz aralarında danışırmışlar, hər hansı söyüş və nalayiq ifadələr eşidilmirmiş. Onlara çox da diqqət etməmiş, təxminən 7-8 dəqiqə sonra Əmrahın sağ böyrünü tutub kafeyə doğru gəldiyini, “məni vurdular, maşın tapıb məni rayona xəstənaya çatdırın” dediyini eşitmişdir. Lakin Əmrah kiminsə adını çəkmirmiş, sadəcə olaraq ümumi olaraq kafedəkilərə müraciət edirmiş. Dərhal özü, həmçinin kafedə olan şəxslər ayağa qalxıb kafeyə yaxınlaşmış Əmraha tərəf gəldikdə Əmrahın sağ böyründən qan axdığını görmüş, Əmrah həmin vaxt orada onunla söhbət edən, adını sonradan bildiyi Emini göstərərək onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt orada polis də varmış, Emin də polisin yanında imiş. Emin Əmrahı bıçaqla vurduqdan sonra özü polisə yaxınlaşıb əməlini etiraf etmiş, Emin də orada Əmrahı qəsdən bıçaqla vurub xəsarət yetirdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Səlim adlı şəxsə məxsus çayxanada xidmətçi işləyərkən xx xxxx 2020-ci il tarixdə saat təxminən 17-18 radələri aralığında səs-küy eşitmiş, nə baş verdiyini öyrənmək üçün ora gedəndə Əmrahı çayxanın qapısının yanında yerə yıxılı vəziyyətdə, sağ tərəfindən qan axdığını, üst başını qan içində görmüş, həmin yerin yaxınlığında polis əməkdaşları da olmuş, Təqsirləndirilən şəxs da yanlarında olmuşdur. X7 aralarında düşən mübahisə zamanı bıçaqla vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin polis sahə nəfəri vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində digər polis əməkdaşları Azər Hüseynov və Şahid7la birlikdə xidməti ərazidə olan Qəbələ rayonunun Böyük Əmili kəndində Səlim adlı şəxsin çayxanasının qarşısında olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs sağ böyür tərəfini tutub üst-başı qan içində çayxananın yanındakı ağaclıq hissədən ona tərəf güclə addımlayaraq bıçaqla vurulduğunu demişdir. Bu zaman onun arxası ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs da ona tərəf gəlmiş və Əmrahı bıçaqla vurduğunu etiraf etmişdir. Həmin vaxt artıq çayxanada olan adamlar oraya toplaşmış, Əmraha tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya yola salmış, özü isə Eminlə birgə polis şöbəsinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:00-da Qəbələ rayon PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Azər Hüseyinov istifadəsində olan mobil nömrədən Rayon Polis Şöbəsinə zəng edərək Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirməsini bildirmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20:17-də Qəbələ Rayon Diaqnostika Mərkəzindən həkim E.Xəlilov Qəbələ Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək Qəbələ rayonunun Kiçik Əmilli kəndində yaşayan 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ döş qəfəs nahiyəsinin kəsilmiş-deçilmiş xəsarəti ilə xəstəxanaya daxil olduğu barədə məlumat vermişdir. (cild 01, iş vər.5) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşir. Hadisə yerinə iki nəfər hal şahidinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı cinayətin aləti olma ehtimalı olan bir ədəd üzərində qanabənzər ləkələr olan bıçaq götürülmüş və hadisə yerinə aid fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 9-26) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində olduğu kimi ardıcıllıqla Zərərçəkmiş şəxs qəsdən bıçaqla xəsarət yetirdiyi yeri təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsi ilə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman ziddiyyət müəyyən edilməmişdir. İfadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı videçəkiliş aparılmış, qeydə alınmış videogörüntülər 01 ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İfadələrin yerində yoxlanılması zamanı həmçinin fotoşəkillər çəkilərək əksi çıxarılıb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 73- 78) Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 20/413 R nömrəli məhkəmə genetik ekspertizasının rəyindən görünür ki, üzərlərində “Hadisə baş verən yerdən” qeydləri olan 02 (iki) ədəd çöplü tampon və üzərində “Bıçaq üzərindən” qeydləri olan 01 (bir) ədəd çöplü pambıq tampon üzərində olan qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Üzərlərində “Hadisə baş verən yerdən” qeydləri olan 02 (iki) ədəd çöplü pambıq tampon və üzərində “Bıçaq üzərindən” qeydləri olan 01 (bir) ədəd çöplü pambıq tampon üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. (cild 01, iş vər. 155-159) Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 3/930 nömrəli “məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 01, iş vər. 184-186) Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 349 saylı canlı şəxsin məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ ön hissəsindən döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara və hemotoraks kimi xəsarəti vardır. Həmin xəsarət iti deşici-kəsici xarakterə malik olan alətin, o cümlədən ekspertizaya təqdim olunan bıçağın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. (cild 01, iş vər. 187-189) Cinayət işinin materiallarında olan Qəbələ rayon mərkəzi xəstəxanası X5 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 508 nömrəli məktuba əsasən Qəbələ rayon Əmirvan kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda deyildir. (cild 01, iş vər. 102) Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 541 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. (cild 01, iş vər. 222-223) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı üzərində olan və sonradan ibtidai istintaq orqanı tərəfindən hadisə yerində aşkar olunaraq götürülmüş soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon PŞ-nin İTB-nin sahə rəisi, polis serjantı Şahid8 polis rəisinə məruzə edərək bildirmişdir ki, xidməti ərazidə olan zaman Qəbələ rayonunun Böyük Əmili kəndində sonradan adını bildiyi Zərərçəkmiş şəxs sağ böyür tərəfini tutub üst başı qan içində ona yaxınlaşaraq bıçaqla vurulduğunu demiş, bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs da ona tərəf gəlmiş və Əmrahı bıçaqla vurduğunu etiraf edərək könüllü təslim olmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya yola salmış, özü isə Təqsirləndirilən şəxsla birgə polis şöbəsinə gələrək sonuncunu şöbəyə təhvil vermişdir. (cild 01, iş vər. 6) Məhkəmə istintaqı zamanı təqdim olunan və cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (anası, atası və qardaşı) ilə birlikdə Qəbələ rayonunun Əmirvan kəndində yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 242-244) Cinayət işinin materiallarında olan tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş və qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 01, iş vər. 95-96,149- 155) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 163/4 nömrəli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-55/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli ibilinərək 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatdığı üçün xx.xx.2020-ci il tarixdə Qəbələ rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. (cild 02, iş vər. 38) Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib özünü polis əməkdaşlarına təslim etməklə təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, CM-nin 18-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza cinayətlərin residivi zamanı nəzərə alınmadığından onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq, həmçinin əməlində cinayətlərin residivi olmasa da, əvəllər qəsdən cinayət əməli törətdiyinə görə məhkum olunmasından nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət əməli törətdiyini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 36) Cinayət işinin materiallarında olan istintaq orqanının xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdən “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 79) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Qəbələ RPŞ-nin saxlancına təhvil verilmiş bir ədəd bıçaq CPM-nin 132-ci maddəsinə əsasən dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qəbələ RPŞ-nin saxlancına təhvil verilmiş bir ədəd bıçaq dəyəri müəyyən edilmədiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X6 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-95/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-95/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver