Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-96/2023 12.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Yevlax Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən isə cəzanın çəkilməmiş qalan 08 ay 05 günündən vaxtından əvvəl şərti olaraq azad edilmiş, hazırda məhkumluğu ödənilməmiş və qanunla nəzərdə tutulmuş qaydada götürülməmiş, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Mahuriddin” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Mahuriddin” adlı şəxsin külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 16 kq 101,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitənin 21,53 qramını bir ədəd sellofan torbada olmaqla üzərində, narkotik vasitənin qalan hissəsini isə 9005 qram, 950 qram, 775 qram, 715 qram, 720 qram, 910 qram, 445 qram, 860 qram, 370 qram, 760 qram və 570 qram çəkidə olan hissələrə bölüb bir ədəd polietilen kisədə və 10 ədəd sellofan torbada qablaşdırıb yaşadığı Yevlax rayonu, Varvara kəndində yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:40-da Yevlax rayonu, Varvara kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında saxlanılaraq yaşadığı ünvana öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 7 kq 75 qram çəkidə narkotik vasitə marixuana ayrı-ayrılıqda 950 qram, 775 qram, 715 qram, 720 qram, 910 qram, 445 qram, 860 qram, 370 qram, 760 qram və 570 qram olmaqla ümumilikdə 10 ədəd sellofan bağlamada və 9005 qram (9kq 5 qram) çəkidə olmaqla 01 ədəd sintetik kisədə və üzərində narkotik vasitə marixuananın izləri olan bir ədəd elektron tərəzi evin yataq otağındakı dolabın içindən aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Yevlax Rayon Polis Şöbəsinə aparılıb saat 20:50-də üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 21,53 qram çəkidə qurudulmuş marixuana əynindəki gödəkçəsinin sol cibində olan sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü yas yerinə getmiş, saatını dəqiq xatırlamadığı vaxtda yeznəsi ilə birlikdə yolun kənarında dayanmış, bu zaman polis əməkdaşlarının onlara tərəf gəldiyini görmüş, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Səmimi olaraq üzərindən aşkarlanan narkotik vasitə olan 21 qram marixuananın ona məxsus olduğunu, lakin ittiham aktında göstərilən 16 kiloqram narkotik vasitə olan marixuananın onunla əlaqəsi olmadığını bildirmişdir. Belə ki, saxlanıldıqdan sonra yeznəsi və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Bundan sonra, yeznəsinin tutulmaması üçün polis əməkdaşları ilə razılaşmış və narkotik vasitəni boynuna götürmüşdür. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni boynuna almasa, ikisini də həbs edəcəklər. Məhz bu səbəbdən polis əməkdaşları ilə razılaşmışdır. Hazırda üzərində daşıdığı narkotik vasitə ilə bağlı əməlindən peşmandır və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Mahruddin adlı şəxsi tanıyır, Mahruddin İran Respublikasının vətəndaşıdır, onunla birlikdə məhkumluğu olmuş, məhz bu səbəbdən onu tanımışdır. Mahruddin ona narkotik vasitə göndərməyi təklif etmiş, lakin o, bunu qəbul etməmişdir. Əvvəllər narkotik vasitəni satmağına görə məhkum olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, lakin imza çəkmişdir. İbtidai istintaq zamanı işgəncəyə məruz qalmamış, lakin ona psixoloji təsir olmuşdur. Belə ki, polis şöbəsində ona demişlər ki, narkotik vasitəni boynuna almasa, yeznəsini də həbs edəcəklər. O da polis əməkdaşları ilə razılaşıb narkotik vasitəni boynuna götürmüşdür. İbtidai istintaq zamanı ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Mahruddin adlı şəxs ona narkotik vasitə göndərməmişdir. Heç vaxt kimlərəsə narkotik vasitə satmamışdır. Evinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Evində aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni boynuna almasa yeznəsini də həbs edəcəklər. Üzərindən aşkarlanan 21 qram narkotik vasitə olan marixuana ona məxsus olmuşdur. Üzərindən aşkarlanan 21 qram narkotik vasitə olan marixuanaya görə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin satışı ilə bağlı tutulduğuma görə həbs olunmuş, narkotik vasitə olan marixuana istifadəçisidir. O, bir neçə ay əvvəl İran İslam Respublikası vətəndaşı Mahuriddin adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə tanış olmuşdur. Həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən ona təklif etmişdir ki, İrandan Azərbaycana göndərəcəyi narkotik vasitələrin satışını təşkil etsin. O, da Mahuriddinlə razılaşmışdır. Mahuriddin 2022-ci ilin iyul ayında 8 kiloqram və 3 kiloqram, avqust ayında iki dəfə 5 kiloqram və 5 kiloqram olmaqla Yevlax rayonu ərazisinə, Yevlax-Gəncə avtomobil yolunun kənarına, oktyabr ayında isə 1,5 kiloqram olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisinə narkotik vasitə olan marixuana göndərmiş və o, da həmin yerlərdən narkotikləri götürüb yaşadığı evə gətirib gizlətmişdir. Həmin narkotik vasitələrin hər 100 qramını 650-700 manata satmışdır. 25 oktyabr 2022-ci il tarixdə saat 17:40 radələrində o, yaşadığı fərdi yaşayış evinin həyətində olan zaman kiminsə küçədən onu çağırdığını eşidib küçəyə çıxanda bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşlar olduqlarını bildirib özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək yaşadığı ünvana baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, həmin şəxslərə etiraz etməyib bu barədə ərizə yazaraq razılığını bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana videoçəklişlə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı ünvanda narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, təxminən 15 kiloqram narkotik vasitəni yaşadığı evdə saxladığını bildirmişdir. Sonra həmin şəxsləri baxış keçirmək üçün yaşadığı evin yataq otağına dəvət etmişlər. Birlikdə həmin otağa gedib otağın divarında, taxta dolabın sol qapısını açıb bir ədəd polietilen kisədə və bir ədəd böyük çamadanda olan narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitənin çəkilməsində istifadə etdiyi bir ədəd elektron tərəzini göstərib baxışa təqdim etmişdir. Həmin kisəyə və çamadana baxış keçirərkən kisədə və çamadanda olan 10 ədəd sellofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin 10 ədəd torba bir ədəd polietilen kisəyə yığılmış, kisə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 7 kiloqram 295 qram təşkil etmişdir. Digər polietilen kisə isə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 9 kiloqram 90 qram olmuşdur. Aşkar olunan elektron tərəzi birinci kisəyə qoyulub hər iki kisənin ağzı iplə bağlanmış və üzəri möhürlənməklə götürülmüşdür. Baxış keçirilməsi başa çatdıqdan sonra Yevlax RPŞ-nə gedilərək baxışın nəticələri protokollaşdırılmış və imzalarla təsdiq edilmişdir. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan tərbada narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmişdir. Həmin torbaya baxış keçirildikdən sonra elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 23,90 qram olduğu müəyyən olunmuşdur. Həmin torba bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarışın nəticələri ilə bağlı protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Xəqani oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri satış məqsədi ilə əldə edib. Yevlax rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə, saat 17:40 radələrində yaşadığı Yevlax Rayonu, Varvara kəndində yerləşən yaşayış evinin qarşısında saxlanılmış, ona barəsində olan əməliyyat-axtarış tədbirləri qərarı ilə tanış edilmişdir. Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilən zaman aparılan video çəkilişin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşı, polis baş serjantı Şahid3 tərəfindən aparılacağı elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsinə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin küçə qapısının, yəni metal darvazanın qarşısından başlanılmış, baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə təxminən on beş kiloqram narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf edərək həmin narkotik vasitəni təqdim etməsi üçün onları baxış keçirməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmiş və sorğu zamanı evdə hazırda tək olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onların müşayəti ilə evə girib zal otağından sonrakı yataq otağına gedib sol tərəfdə divarda olan taxta dolabın sol qapısını açıb həmin yerdə şüşə bankaların üzərində olan bir ədəd böyük açıq qəhvəyi rəngli çamadanı və həmin çamadanın üzərində olan bir ədəd polietilen kisəni, bir ədəd elektron tərəzini göstərib təqdim edərək həmin kisədə və çamadanda olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin əşyalar götürülərək otağın taxta döşəməsinin üzərinə qoyulmuş və onlara baxış keçirilməyə başlanmışdır. Baxış zamanı kisədə və çamadanın içərisində olan on ədəd qara rəngli sellofan torbalarda yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Sellofan torbalar bir ədəd ağ rəngli polietilen kisəyə yığılmışdır. Həmin kisə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisi 7 kq 295 qram olduğu müəyyən olunmuşdur. Digər kisənin isə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 9 kq 90 qram olduğu müəyyən edilmişdir. Həmin elektron tərəzi birinci kisəyə qoyulub hər iki kisənin ağzı ağ iplə bağlanmış, üzərinə bağlanan, iştirakçılar tərfindən imzalanmış kağız vərəqləri möhürlənərək kisələr ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Davam etdirilən baxış zamanı başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan yaşıl rəngli, kəskin iyli kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri satmaq məqsədilə İran İslam Respublikası vətəndaşı Mahuriddin adlı şəxsin bu ilin iyul ayında 8 kiloqram və 3 kiloqram, avqust ayında 5 kiloqram və 5 kiloqram olmaqla Yevlax rayonu Yevlax-Gəncə avtomobil yolunun kənarına, oktyabr ayında isə 1,5 kiloqram olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisinə atdırdığı yerdən götürüb əldə etmişdir, həmin narkotik vasitədən beş kiloqramını keyfiyyətli olmadığına görə İranlı şəxsə qaytarmış, həmin narkotik vasitənin hər 100 qramını 650-700 manata satmışdır. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparaılmasından ötrü Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsində S.Səttarın evinə baxış keçirilməsinin nəticələri rəsmiləşdirilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Orada təqdim edilmiş müdafiəçinin də iştirakı olmaqla şəxsi axtarışa başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofan torbanı, həmin gödəkcənin sağ yan cibindən bir ədəd darağı, tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, 35 manat pulu, sol yan cibindən bir ədəd cib dəsmalını, 80 qəpik pulu çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək sellofan torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfimdən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf rəngli sellofan torbaya baxış keçirilərkən torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin torbanın ağzı bağlanıb bir ədəd elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 23,90 qram olduğu müəyyən edilmişdir. Həmin torba bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf tərəfimdən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan mobil telefon da gələcəkdə iş üçün əhəmiyət kəsb edə biləcəyindən tərəfimdən götürülmüş pul, cib dəsmalı, daraq şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni təkrar olaraq şəxsi axtarış zamanı bildirmişdir. Sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmaqla nəticəsi ilə protokol tərtib edilərək iştirakçılar tərəfidən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ayrı-ayrılıqda Şahid1 Xəqani oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə “Saday” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Saday adlı həmin şəxsin, xx.xx.1982-ci il Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Yevlax rayonu, Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09-10). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Yevlax rayonu Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir (cild 01 iş vər. 16). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağından içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bir ədəd böyük açıq qəhvəyi rəngli çamadan, həmin çamadanın üzərində olan bir ədəd polietilen kisə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunanlar qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan yaşıl rəngli, kəskin iyli kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq məqsədilə İran İslam Respublikası vətəndaşı Mahuriddin adlı şəxsin bu ilin iyul ayında 8 kiloqram və 3 kiloqram, avqust ayında 5 kiloqram və 5 kiloqram olmaqla Yevlax rayonu Yevlax-Gəncə avtomobil yolunun kənarına, oktyabr ayında isə 1,5 kiloqram olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisinə atdırdığı yerdən götürüb əldə etmişdir, həmin narkotik vasitədən beş kiloqramını keyfiyyətli olmadığına görə İranlı şəxsə qaytarmış, həmin narkotik vasitənin hər 100 qramını 650-700 manata satmışdır. Baxış və götürmə istintaq hərəkətlərinin əks olunduğu videogörüntü DVD diskə köçürülərək sözügedən protokola əlavə edilmişdir (cild 01 iş vər. 17-19). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofan torbada qurudulmuş çəkisi 23,90 qram olan marixuanaya bənzər kütlə və tünd göy rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu videogörüntü DVD diskə köçürülərək sözügedən protokola əlavə edilmişdir. (cild 01 iş vər. 40-43). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasısının 26 oktyabr 2022-ci il tarixli 17/809 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd....” sözlər və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi-21,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “ Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd polietilen kisədə..” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki, təmiz çəkisi- 9005 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 10(on) ədəd sellofan torbalarda...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki 10 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 950 qr, 775 qr, 715 qr, 720 qr,, 910 qr, 445 qr, 860 qr, 370 qr. 760 qr və 570 qram, ümumi çəkiləri 7075 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın izləri vardır. Elektron tərəzinin üzərində narkotik vasitə iz şəklində olduğundan onun təmiz çəkisini və təqdim olunmuş marixuanalarla eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş 01 ədəd zərfdə, 01 ədəd sintetik kisədə və 01 ədəd sintetik kisənin içərisindəki 10 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 49-53). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 yanvar 2023-cü il tarixli 194 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı 2004-cü ildən narkotik vasitə olan marixuanadan siqraetə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 01 iş vər. 167- 168). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubunudan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Yevlax rayonu, Varvara kəndində qeydiyyatla olmaqla yaşamış Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 01 iş vər. 120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubunudan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Yevlax rayonu, Varvara kəndində qeydiyyatla olmaqla yaşamış Təqsirləndirilən şəxs yuxarıda adı çəkilən mərkəzdə müalicədə olmayıb. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Gəncə Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır (cild 01 iş vər. 121). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına baxış keçirildikdə mobil telefonun “Whatsapp” tətbiqində İran İslam Respublikası mobil operatoruna məxsus adı göstərilməyən şəxsin “989 *** ** ** nömrəsi ilə çoxlu danışıqların olduğu müəyyən edilmişdir. Yazışmalar silindiyi üçün baxışla bağlı tərtib edilmiş protokola əlavə edilməsi mümkün olmamışdır (cild 01 iş vər. 129). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 25 oktyabr 2022-ci il tarixli əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (cild 01 iş vər. 165-166). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin Təqsirləndirilən şəxs aid hissədə ibtidai istintaqı tamamlandığından ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitənin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-in 2344.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılması, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.2 və 206-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 01 iş vər. 169-178). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə “Saday” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Saday adlı həmin şəxsin, xx.xx.1982-ci il Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə saat 17:40-da Yevlax rayonu Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri nəticəsində Yevlax rayonu Varvara kəndində yaşadığı evin qarşısında saxlanılmış, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evinə özünün yazılı ərizəsi əsasında baxış keçirilmiş, baxış zamanı evin zal otağından sonrakı yataq otağına gedib sol tərəfdə divarda olan taxta dolabın sol qapısını açıb həmin yerdə şüşə bankaların üzərində olan bir edəd böyük açıq qəhvəyi rəngli çamadanı və həmin çamadanın üzərində olan bir ədəd polietilen kisəni, bir ədəd elektron tərəzini göstərib təqdim edərək həmin həmin kisədə və çamadanda olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin əşyalar götürülüb otağın taxta döşəməsinin üzərinə qoyulmuş və baxış keçirilmişdir. Baxış zamanı kisədə və çamadanın içərisində olan on ədəd qara rəngi sellofan torbalarda yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunaraq götürülmüş və götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı şəxsi axtarış əynindəki qara rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofan torbada qurudulmuş çəkisi 23,90 qram olan marixuanaya bənzər kütlə və tünd göy rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən, daha sonra üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, Yevlax Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin 25 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai araşdırmanın ilkin mərhələsində veridiyi qismən etirafedici ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinə isə gəldikdə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Belə ki, iş üzrə mövcud olan sübutlar (şəxsi axtarış və evə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolları, ekspert rəyləri, mobil telefona baxış keçirilməsi barədə istintaq hərəkətinin protokolu və s.) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərini tam təkzib edir. Odur ki, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz cinayət işinin materiallarında mövcud olan, digər sübutlarla üst-üstə düşən və obyektiv həqiqəti əks etdirən şəxsin ibtidai araşdırmanın ilkin vaxtında müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Yevlax şəhəri Varvara kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 125-126). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 133-134). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin, cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs hazırki cinayət əməlini Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay 05 gününü çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edildiyi müddətdən sonra, lakin həmin müddət bitmədən törətdiyindən, cinayət qanunvericiliyinin tələblərinə əsasən onun barəsində olan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmçinin, CM-in 76.6 və 76.6.3-cü maddələrinə göstərilmişdir ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 31). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 102-107). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə qablaşdırılan 16 kq 100,93 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 02 ədəd CD diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay 05 gününə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 05 (beş) gün müddəti hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə qablaşdırılan 16 kq 100,93 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın və 02 ədəd CD diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-96/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-96/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver