Məhkəmə qərarları › İş №1(091)-96/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-96/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-96/2025 17.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 2 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qəbələ rayonunun Bum qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, hazırlamış, saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) cinayət əməllərini törətmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən əldə etdiyi toxumlardan istifadə etməklə 2024-cü ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq yaşadığı Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş üzəri açıq vəziyyətdə olan yarımtikili tövlənin içərisindəki tərəvəzdə və həyətin giriş qapısından sağ tərəfdə kənarları metal torla hasara alınmış tərəvəzin içərisində olmaqla ümumilikdə 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib, aqro texniki qaydada qulluq edərək yetişdirib küli miqdarda kultivasiya etmiş, kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərindən uzunluqları 52 sm və 56 sm ölçüdə olan iki ədədini qurutmaq üçün kökündən çıxarıb həyətdəki yaşayış evinin arxasında yerləşən yarımtikiliyə bitişik anbar hissəyə qoymuş, eyni zamanda satış məqsədi ilə həmin kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkilərinin bir hissəsinin yarpaqlarını yığıb qurudaraq kustar üsulla hazırlamaqla 509.43 qram təmiz çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı həyətyanı sahədə yarımtikiliyə bitişik anbar hissədə kağız qutuda və sellofan torbada saxlamış, bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 25 iyul 2024-cü il tarixdə saat 08:58 radələrindən başlayaraq Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində onun öz razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə müdafiəçinin, aqronom mütəxəssisin iştirakları və fasiləsiz video çəkiliş aparılmaqla baxış keçirilən zaman qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərindən uzunluqları 56 sm, 60 sm, 60 sm, 61 sm, 62 sm, 68 sm, 70 sm, 72 sm, 74 sm, 74 sm, 76 sm, 76 sm, 80 sm, 81 sm, 120 sm, 121 sm, 210 sm və 235 sm ölçülərdə olan 18 ədədi yaş və torpağa əkili vəziyyətdə yuxarıda qeyd olunan kultivasiya edildiyi yerlərdən, 52 sm və 56 sm ölçüdə iki ədədi isə kökündən çıxmış vəziyyətdə, lakin yaş halda yarımtikiliyə bitişik anbar hissədən qurutmaq üçün qoyduğu yerdən, ümumilikdə isə təmiz çəkiləri 9 kq 645,0 qram olan cəmi 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri, bundan əlavə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi cəmi 509.43 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın 14.43 qram hissəsi həyətdəki yarımtikiliyə bitişik anbarda kağız qutunun içərisindən açıq vəziyyətdə, 495,0 qram hissəsi isə göy rəngli sellofan bağlamanın içərisindən, eləcə də yaşadığı evin eyvanında məişət əşyalarının yığılması üçün nəzərdə tutulmuş əşyanın üzərindən 01 ədəd gümüşü rəngli, adsız, işlək vəziyyətdə üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan və satış məqsədi ilə saxladığı narkotik vasitəni ölçmək üçün istifadə olunan elektron tərəzi, eləcə də narkotik vasitəni ayrı-ayrılıqda qablaşdırmaq məqsədi ilə saxladığı 13 ədəd üzərinə Rus hərfləri ilə “X9” sözləri yazılmış içərisi boş şəkildə kibrit qutuları və 01 ədəd boş kibrit qutusunun içlik hissəsi aşkarlanaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə isə təqsirli bilməyərək göstərdi ki, 25 iyul 2024-cü il tarixdə səhər saat 06:00 radələrində onun evinə dörd nəfər polis əməkdaşı gəlmişdir. İki nəfər polis əməkdaşı onun qolunu tutaraq saxlamış, digər iki nəfər polis əməkdaşı isə həyətdəki yardımçı tikiliyə getmiş, sonra isə eyvana çıxaraq evə daxil olmuş, evi axtarsalar da heç nə aşkar etməmişlər. Daha sonra əlavə olaraq iki-üç nəfər polis əməkdaşı da gəlmişdir. Qurudulmuş marixuana olan paket polis əməkdaşlarından birinin gödəkcəsinin altında olmuşdur. Polis əməkdaşları özləri ilə tərəzi də gətirmişlər. Polis əməkdaşları içərisində qurudulmuş marixuana olan paketi tərəziyə qoyanda o, ayağı ilə həmin paketi vurub dağıdaraq “bu mənim deyil, bunu mənə yükləməyin, mənim özümün 20 dənə varımdı” deyərək etiraz etmişdir. Polislər isə qurudulmuş marixuananı sonra götürəcəklərini bildirmişlər. Bundan sonra onun qolunu bağlayaraq bir-iki metr kənara aparmışlar və yenə video çəkiliş etməyə başlamışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onda qurudulmuş marixuana olmamışdır. Narkotik vasitə əvvəl bir sellofanda olmuş, o, həmim sellofanı ayağı ilə vurub dağıtdıqdan sonra polis əməkdaşları dağılmış kütləni götürüb balaca kağıza bükərək kənara qoymuşlar. O, videoçəkiliş zamanı da həmin qurudulmuş marixuananın onun olmadığını bildirmişdir. Polislərin hərəkəti ilə bağlı hara şikayət etməli olduğunu bilmədiyi üçün şikayət etməmişdir. Evindən aşkar olunmuş kibrit qutuları ilə bağlı onu deyə bilər ki, onların iki otaqlı evində hər sobanın kənarında və eyvanda qaz sobasının yanında həmişə kibrit qutuları olur. Polislərin onun evindən aşkar etdikləri kibrit qutularının içərisində marixuana olmamış, onların hamısı boş olmuşdur. Onun evində 13 dənə yox, hardasa 5-6 dənə kibrit qutusu olmuş, həmin kibrit qutularını da polislər qaz sobasının yanından gətirmişlər. Boş kibrit qutularını yığmaqda məqsəd o olmuşdur ki, onların evində nəmişlik olduğu üçün boş kibrit qutularını qaz sobasının yanına qoyub qurudurlar və yenidən istifadə edirlər. Əkdiyi bitkilər hələ yetişmədiyi üçün, balaca yarpaq olduğu üçün onları quruda bilməmişdir. Onun evinin həyətində it var və o, hər gün səhər saat 06:00 radələrində durub iti bağlamışdır ki, sakinlər işə gedən vaxt narahatçılıq olmasın. Hadisə günü eyvana çıxanda itin hələ də hürdüyünü görmüşdür. Nə baş verdiyini anlamaq üçün həyətə düşmüş, amma heç nə görməmişdir. Yenidən eyvana çıxanda itin dayanmadan hürdüyünü görüb yenidən həyətə düşmüşdür ki, itin nəyə görə hürdüyünü öyrənsin. Həmin vaxt dörd nəfər polis əməkdaşı onun evinin qapısını qıraraq içəri daxil olmuşdur. Polis əməkdaşlarından iki nəfəri evin arxasına getmiş, iki nəfər isə onun yanında dayanmışdır. Daha sonra isə onun yanında duran polis əməkdaşlarından biri eyvana çıxmış, digəri isə onun yanında qalmışdır. Həmin vaxt ailə üzvləri evdə olsa da yatmışlar. Polislər onun evini axtarsalar da heç nə tapmamışlar. Ailə üzvləri sonradan oyanaraq həyətə çıxmışlar. Polislər hər yeri axtarsalar da 20 dənə koldan başqa heç nə tapa bilməmişlər. Marixuananı yarımtikilinin altından çıxartmışlar. Nə açıq kağız qutudakı marixuana, nə də göy rəngli sellofan paketdəki marixuana ona məxsus olmamışdır. Həmin vaxt onun oğlu video çəkiliş aparmış, amma polislər oğlunun əlindən telefonu almışlar. Polis əməkdaşları təxminən bir-iki saat onların evində olmuş, sonra isə onu Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Amma polislər ona qurudulmuş marixuananı sonra götürəcəklərini bildirmişlər, o da polislərə inanaraq qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Toxumları yabanı halda çoxdan yığmışdır. O, marixuana istifadəçisidir. Əvvəllər işlədiyi üçün pulu olduğundan marixuananı pulla almış, son zamanlar isə işləmədiyi üçün marixuana ala bilmədiyinə görə özü həyətində çətənə bitkisi əkmişdir. Evindən aşkar olunmuş tərəzi balaca oğlunun tərəzisi olmuşdur. Belə ki, 2017-ci ildə Bakı şəhərinə həkimə gedən zaman həmin vaxt 2 yaşı olan oğluna mağazadan həmin tərəzini almış və oğlu tərəzidən planşet kimi istifadə etmiş, son zamanlar isə evin qabağından axan çaydan bəzəkli daşları götürüb həmin tərəzidə çəkmişdir. Hazırda 10 yaşı olan həmin oğlu polislərinin gözünün qabağında da çay daşlarını gətirib həmin tərəzidə çəkmişdir. O, özü heç vaxt həmin tərəzidən istifadə etməmiş, həmin tərəzidə bir dəfə olsun belə marixuana çəkməmişdir. Ekspert guya tərəzinin üzərində marixuana hissəciklərinin olması ilə bağlı yalan rəy vermişdir. O, heç vaxt narkotik vasitə satmamış və heç kimə hədiyyə etməmişdir. Polislərlə 5-6 il əvvəl problemi olmuşdur. Belə ki, onun evindən 500-600 metr yuxarıda oğurluq hadisəsi olduğundan bütün qonşuları və onu polis şöbəsinə aparıb döymüşlər. O, bu barədə əmisi oğluna demiş, əmisi oğlu da polislərə zəng edərək niyə onu incitdiklərini soruşmuş və polislərə qarşı xoşagəlməz bir hərəkət etmişdir. Buna görə polislər bunun heyfini ondan alacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadəsində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 ildən çoxdur ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və hal-hazırda həmin maddə ilə şərti olaraq azadlıqdadır, məhkumluğu ödənilməmişdir. Narkotik vasitəni yabanı halda bitən çətənə kollarından yığaraq əldə edib onları əkib yetişdirməklə qurudub istifadə etmişdir. 2023-cü ilin avqust ayının sonlarında tam günü və tarixi yadına gəlmir Qəbələ rayonunun Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən özü istifadə etmək üçün yarpaqlarını yığıb qurudarkən onların toxumlarını saxlamışdır ki, hər dəfə həmin yerə getməsin, həyətində əkib becərsin. Həmin toxumları 2024-cü ilin aprel ayının əvəllərində yaşadığı Bum qəsəbəsindəki həyətyanı sahəsində çiy kərpicdən olan yarımçıq, üzəri açıq köhnə tikilidə və həyətinin digər hissəsində olan tərəvəzin içərisində əkmişdir. Həmin köhnə tikili əvvəllər mal tövləsi olmuşdur. Əkdiyi toxumların yetişməsi üçün onlara su vermiş, dibini belləyərək xüsusi qaydada qulluq etmişdir. Həmin çətənə kolları istifadə olunma vəziyyətinə yetişdikdən sonra hadisədən təxminən 15-20 gün əvvəl həmin kolların yarpaqlarından yığıb qurudaraq həyətində sellofan torbaya yığıb yeni inşa olunmaqda olan yarımçıq tikiliyə bitişik olan anbar hissədə gizlətmişdir. Eləcə də həmin çətənə kollarının yarpaqlarından yığaraq quruması üçün üzəri açıq olan kağız qutuya yığmış, lakin gün işığı düşmədiyi üçün həmin yarpaqlar tam qurumamışdır. Həmçinin tərəvəzlikdə əkdiyi çətənə kollarından iki dənəsini quruması üçün kökündən çıxardaraq həmin anbarda gizlətmişdir. 25 iyul 2024-cü il tarixdə səhər saatlarında polis əməkdaşları Bum qəsəbəsində mərkəzə yaxın ərazidə olan zaman ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitədən istifadə etməsində və həyətində əkməsində şübhəli olduğunu həyətinə və eləcə də üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına həqiqətən həyətində narkotik vasitə olan çətənə kollarını əkdiyini, üzərinə polis şöbəsində baxış keçirilməsini xahiş etdiyi üçün Qəbələ Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra müdafiəçi dəvət olunaraq təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilməklə polis şöbəsində üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində narkotik vasitə olmadığını, həyətində olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra öz könüllü razılığı ilə müdafiəçinin və aqronomun iştirakı ilə polis əməkdaşları həyətinə və evinə baxış keçirmişlər. Əvvəlcə həyətində olan köhnə tikilidəki tərəvəzin içərisində əkdiyi narkotik vasitə olan 12 ədəd, daha sonra həyətinin digər tərəfindəki tərəvəzin içərisində əkdiyi 6 ədəd müxtəlif uzunluqda olan çətənə kollarını təqdim etmişdir. Bundan sonra həyətində əkib-becərməklə yetişdirdiyi həmin çətənə bitkilərindən hadisədən təxminən 15-20 gün əvvəl yığmaqla yeni tikilməkdə olan yarımçıq tikiliyə bitişik olan anbar hissədə kağız qutudakı açıq vəziyyətdə, həmçinin sellofan torbaya yığaraq saxladığı qurudulmuş vəziyyətdə olan marixuananı, eləcə də, həmin yerdə tərəvəzlikdə əkdiyi və qurutmaq üçün kökündən çıxardaraq gizlətdiyi 2 ədəd çətənə kollarını təqdim etmişdir. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən ölçülüb çəkilərək qablaşdırılıb götürülmüşdür. Daha sonra yaşadığı evə baxış keçirilmiş, evin eyvanındakı stolun üzərində məişət əşyalarının yığılması üçün nəzərdə tutulmuş əşyanın üzərində bir ədəd elektron tərəzi, həmçinin orada 13 ədəd boş kibrit qutusu və 01 ədəd boş kibrit qutusunun içlik hissəsi aşkar edilərək götürülmüşdür. Yaşadığı evdən narkotik vasitə aşkar edilməmişdir. O, heç kimə narkotik vasitə satmamış, eləcə də digər formada heç kimə narkotik vasitə verməmiş, başqa heç bir yerdə narkotik vasitə əkməmiş və saxlamamışdır. Qeyd olunan narkotik vasitəni özü tək əkib-becərmiş, həmin məsələdə onunla kimsə iştirak etməmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı saxlamasından, eləcə də çətənə kollarını əkib-becərməsindən ailə üzvlərinin, eləcə də başqa heç kimin xəbəri və məlumatı olmamışdır. Məhkəmə-bioloji eksoertizasının rəyində yaşadığı evdən aşkar edilmiş elektron tərəzinin üzərindən cüzi miqdarda çətənə bitkisinin hissəciklərinin aşkar edilməsi ilə bağlı bildirmişdir ki, özü marixuanadan istifadə etdiyi üçün onun dozasını müəyyən etmək məqsədi ilə bir neçə dəfə həmin tərəzidən istifadə edərək qurudulmuş marixuana çəkdiyi üçün, hesab edir ki, bu səbəbdən tərəzinin üzərində marixuananın hissəcikləri qalmışdır (cild 1, iş vərəqə 229-231). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Qəbələ rayon X10 rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, əkibbecərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə bu məlumatların daha dəqiq öyrənilməsi və yoxlanılması üçün tərəflərindən müəyyən işlər görülmüş, əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. 25 iyul 2024-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Hava yağışlı olduğuna görə kəndin içində heç kim olmamışdır. Təqsirləndirilən şəxs həyətindəki itlər hürəndə sonuncu qapıdan çıxıb baxmış və onları görərək tanımışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək onun həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə onlarda əməliyyat məlumatı olduğunu, buna görə həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmişdir. Həyətə girən kimi sol tərəfdə olan yarımtikilinin içinə baxış keçirildikdə orada çətənə kollarının əkildiyini aşkar etmişlər. Həyətə girən kimi sağ tərəfdə tərəvəzlikdə də çətənə kolları olmuşdur. Təqsirləndirilən şəxs həyətində olan yarımtikiliyə baxış keçirdikdə oradan iki dənə kökündən çıxarılmış çətənə bitkisinə bəznzər bitki və quqrudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı müdafiəçi və aqronom da iştirak etmişdir. Evə baxış zamanı narkotik vasitələrin satışı üçün istifadə olunan vasitələr, yəni kibrit qutuları və tərəzi aşkar olunaraq götürülmüşdür. Təxminən 13-14 ədəd boş kibrit qutuları aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs heç bir şeyə etiraz etməmiş, aşkar olunanların özünə məxsus olduğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı 2023-cü ilin noyabr ayında da tutmuşlar, sonuncu həmin cinayət işi üzrə həbsdən yeni çıxmasına baxmayaraq yenə də öz əməllərindən çəkinməmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs yarımtikilidən aşkar olunan qurudulmuş marixuana ilə bağlı heç bir etiraz etməmiş, onun özünə məxsus olduğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs qurudulmuş marixuananı nə üçün saxladığını soruşduqda sonuncu “onları yığmışdım, ona-buna verirdim, əvəzində aldığım pulla qənd çay alırdım, dolanışıq pisdi” kimi sözlər demişdir. Onun və digər polis əməkdaşlarının Təqsirləndirilən şəxsla heç ədavəti və ya qərəzli münasibətləri olmamış, hətta Təqsirləndirilən şəxs özünün qardaşı oğlu da hal-hazırda onlarla birlikdə polis şöbəsində işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmışdır və orada İqar Nəsirovun narkotik vasitələrin satışı ilə məşğul olduğunu sübut edən materiallar var. Onlar Təqsirləndirilən şəxs qapısını sındırıb içəri girməmişlər, sonuncunun evində ümumiyyətlə sındırılası bir qapı olmamışdır. İtlər hürəndə Təqsirləndirilən şəxs çölə çıxmış və elə zənn etmişdir ki, kimsə onun evindən narkotik vasitə oğurlamağa gəlmişdir. Onları gördükdə sakit durmuş, nə müqavimət göstərməyə, nə də qaçmağa cəhd etməmişdir. Evdə hara baxış keçirilibsə Təqsirləndirilən şəxs və ailə üzvləri, yəni onun oğlu, həyat yoldaşı, 80 yaşlı anası onların yanında olmuşlar. Hər hansı əməliyyat tədbirini kənardan kiminsə videoya çəkməsinə icazə olmadığından Təqsirləndirilən şəxs oğluna da çəkiliş etməyə icazə verməmişlər. Təqsirləndirilən şəxs həyətindəki tərəvəz sahəsinin içərisindən 18 ədəd çətənə kolu, yarımtikinin içərisindən isə 2 ədəd kökündən çıxarılmış vəziyyətdə yarpaqları olmayan çətənə kolu və 500 qramdan çox qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir olmamış, hətta polis əməkdaşlarına çay da vermişlər. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı ayağı ilə dağıdıb onun olmadığını deməmiş, əksinə heç nəyə etiraz etməmiş, qurudulmuş marixuananın ona məxsus olduğunu, onu əkdiyi çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı boynuna almasını, sonra onu götürəcəyini deməmişdir, belə bir halın baş verməsi mümkün deyil. Baxış istintaq hərəkətinin videogörüntüsündə əlində göy rəngli sellofan torba tutan şəxs təhqiqatçıdır. Belə ki, həmin gün hava yağışlı olduğuna görə təhqiqatçı özünə məxsus əşyalarını həmin gör rəngli sellofan torbaya qoymuşdur. Çəkilişdən əvvəl heç bir polis əməkdaşı yarımtikilidə olmamış, baxış zamanı Təqsirləndirilən şəxs özü onları həmin yarımtikiliyə aparmışdır. Təqsirləndirilən şəxs yarımtikilinin giriş hissəsindən iki dənə kolu və açıq qabın içində olan az miqdarda marixuananı onlara təqdim etmiş və başqa narkotik vasitə olmadığını bildirmişdir. Amma Təqsirləndirilən şəxs əvvəlcədən onlara iki ədəd çətənə kolunu qurutduğunu dediyi üçün, onun təqdim etdiyi qurudulmuş marixuana isə çox az miqdarda olduğu üçün onlar Təqsirləndirilən şəxs daha çox miqdarda qurudulmuş marixuana ola biləcəyindən şübhələnmişlər. Buna görə polis əməkdaşlarından biri həmin yarımtikiliyə girərək axtarış aparmış və göy rəngli sellofan torbanı aşkar edərək yarımtikilidən çıxartmışdır. Həmin vaxt diqqətsizlik etdiklərindən əməliyyatçının sellofan torbanı götürdüyü an videogörüntüyə düşməmişdir. Əməliyyatçının yarımtikiliyə tək daxil olmasını onunla izah edir ki, həmin yarımtikili pilləkənin altında çox balaca bir yer olduğundan, həmçinin yarımtikilinin içərisində əşyalar olduğundan ora eyni vaxtda bir neçə adamın daxil olması çətin olmuşdur. Eyni zamanda yarımtikilidə ustaların işlətdiyi avadanlıqlar olduğundan Təqsirləndirilən şəxs özünə xəsarət yetirmə ehtimalına qarşı təhlükəsizlik baxımından sonuncunu ora tək buraxmamışlar. Əvvəllər əməliyyat tədbirinin videoçəkilişinin həyata keçirilməsi təhqiqatçı tərəfindən təmin olunduğu halda, yeni qaydalara görə hazırda əməliyyatçılar özləri videoçəkiliş aparırlar. Odur ki, hazırda videçəkiliş onların özləri tərəfindən aparıldığından belə xırda detallı nöqsanlara yol vermirlər. Əməliyyat-qeydiyyat işində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair yetərincə məlumat var, müvafiq sorğu verilərsə əməliyat-qeydiyyat işini məhkəməyə təqdim edə bilərlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2020-ci ildən Bakı şəhərində əməliyyat müvəkkili vəzifəsində işləmiş, 2021-ci ildən Qəbələ Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, yəni narkotik vasitəni üzərində saxladığına görə tutmuşlar. Onun yenidən qanunsuz olaraq narkotik vasitə əkib-becərməsi və saxlaması barədə onlara çoxsaylı əməliyyat məlumatları daxil olmuşdur. Buna görə də polis şöbəsində Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılaraq onun hərəkətləri nəzarətə götürülmüş və əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. 25 iyul 2024-cü il tarixdə təxminən 07:30 radələrində əməliyyat qrupu Təqsirləndirilən şəxs evinə baxış keçirməyə getmişdir. Təqsirləndirilən şəxs evi köhnə ev olmaqla qapısı çəpər kimi olmuş, çöldən içəri görünmüşdür. Onlar gedəndə Təqsirləndirilən şəxs həyətindəki it hürməyə başlamış, sonuncu da it hürdüyünə görə çölə çıxmışdır. Onlara daxil olan əməliyyat məlumatında əkinin it tərəfdə olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs həyətə girən kimi sol tərəfdə iti ağaca bağlamış, çətənə kollarını da itin qabağında əkmişdir. Təqsirləndirilən şəxs çölə çıxan kimi onları görmüş və onlara yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs onun həyətində narkotik vasitə əkib-becərməsi barədə onlarda əməliyyat məlumatı olduğunu bildirmişlər və sonuncudan həyətində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həyətində narkotik vasitə olduğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs özünün iştirakı ilə evə girib baxış keçirmişlər. Hətta Təqsirləndirilən şəxs ailə üzvləri həmin vaxt yatdıqları üçün onların durmasını gözləmişlər, bundan sonra ailə üzvlərinin də iştirakı ilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs həyətindən ümumilikdə 20 dənə çətənə kolu, həyətdəki yarımtikilidən isə təxminən 500 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin yarımtikilidən həmçinin 2 dənə yarpağı soyulmuş çətənə kolu da aşkar etmişlər. Baxış müdafiəçinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs evindən tərəzi və təxminən 14-15 ədəd kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heç nəyə etiraz etməyərək əməlini etiraf etmiş, hətta özünün iştirakı ilə oturub çay da içmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı konkret şəxslər məlumdur, sadəcə həmin məlumatlar məxfidir, əməliyyat qeydiyyat işində bu barədə məlumatlar mövcuddur. Əməliyyat tədbirini kənar bir şəxsin videoya çəkməsi qadağandır, ona görə də Təqsirləndirilən şəxs oğlunun əlindən telefon alınaraq buna imkan verilməmişdir. Əməliyyat tədbirini üstündən uzun müddət keçdiyi üçün ola bilər ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində şəxsi axtarış keçirildiyini unutmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar Təqsirləndirilən şəxs evində qurudulmuş marixuana olduğunu dəqiq bilməmişlər, sadəcə olaraq hər ehtimala qarşı özləri ilə tərəzi gətirmişlər ki, qurudulmuş marixuana aşkar olunarsa çəksinlər. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ Rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və əkib-becərməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat təxminən 07:30 radələrində Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək onun narkotik vasitə əkib-becərməsi və saxlaması barədə əməliyyat məlumatı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da həqiqətən yaşadığı evin həyətində qanunsuz olaraq narkotik maddə olan qurudulmuş marixuana saxladığını və çətənə bitkisi əkdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs Qəbələ rayon Polis Şöbəsinə dəvət etmişlər, sonuncu da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Qəbələ Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və şəxsin üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq evinə baxış keçirilməsinə icazə vermişdir. Müdafiəçi, aqronom, təhqiqatçı və bir neçə polis əməkdaşının iştirakı ilə onun evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə yerləşən bostanlıqdan və yarımtikilidən təxminən ümumilikdə 20 ədəd narkotik tərkibli bitkiləri aşkar olunmuşdur. Daha sonra evə bitişik olan kiçik anbardan sellofan paketdə və açıq şəkildə təxminən 500 qram qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Evə baxış zaman isə evdən boş kibrit qutuları və tərəzi aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmiş, aşkar olunan çətənə bitkilərinin və qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs evinin yaxılığında saxlamışlar, Qəbələ Rayon Polis Şöbəsinə aparıb orada üzərinə baxış keçirildikdən sonra evinə baxış keçirilməsi üçün yenidən onun yaşadığı ünvana yollanmışlar. Təqsirləndirilən şəxs ayağı ilə içərisində narkotik vasitə olan sellofan torbanı dağıtmamış, nə də polis əməkdaşları yerə tökülən narkotik vasitəni yığmamışlar. Ümumiyyətlə belə hallar baş verməmişdir. Kibrit qutularını və tərəzini eyni yerdə aşkar etmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. O, özü tək yarımtikiliyə daxil olub axtarış aparmış, amma həmin vaxt ani olaraq yol verilən diqqətsizlikdən onun yarımtikilidə içərisində qurudulmuş marixuananı olan sellofan torbanı aşkar etdiyi yer videoçəkilişə düşməmişdir. Göy rəngli həmin sellofan torba yarımtikilinin sol tərəfində olan əşyaların altında gizlədilmiş vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan videogörüntüyə əsasən bildirir ki, o, həmin torbanı üzərində “Karmen” yazısı olan torba tərəfdə yerləşən əşyaların altından götürmüşdür. O, yarımtikilidə təxminən bir dəqiqə ərzində axtarış aparmışdır. Belə ki, həmin yarımtikili çox balaca olduğundan və orada ilkin vizual baxışda nələrin olduğunu aşkar görmək mümkün olduğundan uzun müddətli axtarış aparmağa ehtiyac olmamışdır. Videogörüntüdə eşidilən xışıltı səsindən də onun orada axtarış apardığı aşkar surətdə müəyyən olunur. O, ilkin vizual baxışda və əl ilə yoxladıqda yalnız göy rəngli sellofan torbada narkotik vasitə ola biləcəyini düşünərək həmin torbanı götürüb çıxmışdır. Həmin yarımtikilinin qapısı olmamış, amma hər tərəfi bağlı olmuş və üstü beton olmuşdur. Yarımtikilidə kiçik pəncərə olub-olmadığını xatırlamır. Polis əməkdaşları çəkilişdən əvvəl həmin yarımtikildə olmamışlar, Təqsirləndirilən şəxs özü onları həmin yerə yönləndirərək aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bütün ailə üzvləri orada olmuşdur. Hər kəsin gözü qarşısında polis əməkdaşının yarımtikiliyə narkotik vasitə qoyub çıxması mümkün deyil. Qurudulmuş marixuananı aşkar etdiyi yerin videoçəkilişə düşməməsində heç bir məqsədləri olmamış, sadəcə ani bir diqqətsizlik olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kol o qədər doğranmışdır ki, balaca bir gövdə qalmışdır. Bu, onlarda şübhə yaratmışdır ki, Təqsirləndirilən şəxs daha çox çəkidə qurudulmuş marixuana ola bilər. Buna görə o, axtarış aparmaq üçün yarımtikiliyə daxil olmuşdur. O, gənc əməkdaş olduğuna görə yarımtikiliyə özü daxil olub axtarış aparmış, daha təcrübəli əməkdaş olan Şahid1 isə təhlükəsizliyi təmin etmək məqsədilə Təqsirləndirilən şəxs yanında qalmışdır. Videogörüntüdən də görünür ki, o, yarımtikiliyə əliboş vəziyyətdə girmiş, çıxanda isə göy rəngli sellofan paketlə çıxmışdır. Ölçüsü və çəkisi böyük ölçülü olan həmin sellofan torbanı gödəkcənin altında gizlətmək mümkün deyil. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. 25 iyul 2024-cü il tarixdə səhər saat 6-7 radələrində atası iti bağlamaq üçün həyətə düşmüşdür. O, səs-küy eşidərək oyanmış və polis əməkdaşlarının onların həyətdə olduğunu görmüşdür. O, bir nəfər polis əməkdaşının əlində göy rəngli paketlə yarımtikiliyə getdiyini görmüşdür. Həyətə düşəndə atasının əlinin bağlı olduğunu görmüş və əlindəki telefonla video çəkməyə başlamışdır. Amma polis əməkdaşları telefonu onun əlindən alaraq çəkiliş etməyə imkan verməmişlər və onu da atasına qatacaqları ilə hədələmişlər. Onların evində göy rəngli paket olmamışdır. Polislər odun sobasının qırağından kibrit qurularını yığıb götürmüşlər. Həmin kibrit qutuları boş olmamış, içərisində kibrit olmuşdur. Evə baxış keçiriləndən sonra atasını Polis Şöbəsinə aparmışlar. Bundan sonra onları da izahat yazmaları üçün Polis Şöbəsinə çağırmış və belə bir izahat yazdırmışlar ki, atası narkotik vasitə istifadəçisidir, atasının narkotik vasitə əkməsindən onların məlumatları olmamışdır. Baxış zamanı atası göy sellofan paketə ayağı ilə toxunub “bu mənim deyil, bunu mənə yükləməyin” deyə bildirmişdir. Həmin vaxt polis əməkdaşlarında biri gülə-gülə “gətirin onu bura” deyərək çəkiliş etməyə başlamışdır. Atası qonşulara narahatçılıq olmasın deyə iti bağlayırdı. Atasının narkotik istifadəçisi olduğunu bilsə də, onun çətənə kolları əkməsi barədə məlumatı olmamışdır. Atasından çəkindiyi üçün heç vaxt ondan narkotik vasitəni haradan əldə etdiyini soruşmamış, atasının çətənə bitkiləri qurutmasını görməmişdir. Polis əməkdaşı göy sellofan torbanı gödəkcəsinin altında gizlətməmiş, torba onun əlində olmuşdur. Həmin gün yağışlı hava olduğu üçün polis əməkdaşlarının əynində gödəkcə olmuşdur. Heç kim onların həyətinə gəlib atasından narkotik vasitə almamışdır. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətli olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma atasıdır, onlar Qəbələ rayonunun Bum qəsəbəsində bir evdə yaşayırlar. 25 iyul 2024-cü il tarixdə saat təxminən 08 radələrində evdə olarkən həyətlərindən səs-küy gəldiyini eşidərək evdən bayıra çıxmışdır. Bayıra çıxarkən atası Təqsirləndirilən şəxsla birlikdə bir neçə polis əməkdaşlarının həyətlərində gəzişdiklərini görmüşdür. Əvvəlcə polis əməkdaşlarının nə səbəbə həyətlərinə gəldiklərini başa düşməmişdir. Sonradan isə bilmişdir ki, atası Təqsirləndirilən şəxs həyətlərində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi əkdiyinə, eləcə də saxladığına görə polis əməkdaşları tərəfindən tutularaq onun öz razılığı ilə həyətlərində axtarış aparılır. Həmin axtarış zamanı polis əməkdaşları tərəfindən atası Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin həyətində yarımtikili vəziyyətdə çiy kərpicdən inşa edilmiş mal tövləsinin və tərəvəzin içərisində əkib becərdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkiləri, eləcə də yeni tikilməkdə olan yarımçıq tikiliyə bitişik anbar hissədə saxladığı tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilmişdir. Buna qədər atası Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində tərkibində narkotik maddələr olan çətənə kolları əkib becərməsini, eləcə də tərkibində narkotik maddələr olan qurudulmuş marixuana saxladığını bilməmişdir. Çünki “Soyuqbulaq” istirahət mərkəzində işlədiyi üçün hər gün saat 09 radələrində evdən çıxıb işə gedərək axşam 24 radələrində evlərinə gəldiyindən günün çox vaxtlarını evdə olmamışdır. Bu səbəbdən atası Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əkib becərməsindən, eləcə də saxlamasından heç bir xəbəri və məlumatı olmamışdır (cild 1, iş vərəqə 185-186). Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı saxlanılan gün təxminən saat 06:00 radələrində onlar yatmışlar. Həyətdən səs gəldiyini eşidib yuxudan oyanmış və həyətə baxanda polis əməkdaşlarının hasardan içəriyə tullandığını görmüşdür. O və uşaqları həyətə düşmüşlər və həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs əlinin bağlı olduğunu görmüşlər. Polis əməkdaşlarından iki nəfəri evin arxa tərəfində, digər ikisi nəfəri isə həyətdə olmuşdur. Evin arxa hissəsində olan polis əməkdaşlarının əlində göy rəngli sellofan torba olmuş və onlar həmin torbanı evin arxa hissəsində olan yarımtikiliyə qoymuşlar. Böyük oğlu telefonu ilə baş verənləri videoya çəkmək istəyən zaman polis əməkdaşları oğluna mane olmuşlar. Həmin yarımtikilidən sellofan torbanı gətirib həyat yoldaşı Təqsirləndirilən şəxs qarşısına qoymuşlar. Həyat yoldaşı əli bağlı halda onlara etiraz edərək həmin sellofan torbanın ona məxsus olmadığını bildirmişdir. İki-üç nəfər polis əməkdaşı evin içərisində də axtarış aparmışlar. Axtarış nəticəsində evlərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları evdə olan istilik sobasının yanındakı kibrit qutularını götürmüşlər, amma kibrit qutularının içində narkotik vasitə olmamışdır. Bundan sonra polis əməkdaşları həyat yoldaşı Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. O, özü polis şöbəsinə gedib ifadə verməmiş, sadəcə olaraq polislər onun oğlunu da tutacaqları ilə hədələdikləri üçün onların yazdıqları ifadəyə qol çəkmişdir. O, həyat yoldaşının narkotik vasitə istifadə etdiyini bilmiş, amma başqa heç nədən xəbəri olmamışdır. Həyat yoldaşının öz istifadəsi üçün narkotik vasitəni haradan əldən etdiyini bilmir. Ailələrində heç kim işləmir, ailənin dolanışığını yalnız qaynanasının aldığı 340 manat təqaüd ilə qarşılayırlar. Toyuqları canavar yeməsin deyə həyətlərində it saxlayırlar. Evlərində həm mətbəx sobasını, həm də isidici sobanı kibritlə yandırırlar. Polis əməkdaşları kibrit qutularını götürən zaman kibrit qutuları boş olmamış, onların içərisində kibrit olmuşdur. Polis əməkdaşları kibrit qutularını boşaltmadan dolu vəziyyətdə götürmüşlər. Evdən aşkar olunan tərəzini çoxdan almışlar, həmin tərəzi uşağına məxsus olmuşdur. Belə ki, uşağı kiçik daşları həmin tərəzidə çəkmişdir. Tərəzidən yalnız uşaq istifadə etmiş, həyat yoldaşı Təqsirləndirilən şəxs heç vaxt həmin tərəzidən istifadə etməmişdir. O, həmin gün polis əməkdaşlarına çay vermişdir. Polis əməkdaşları göy rəngli sellofan torbanı gətirib həyat yoldaşı Təqsirləndirilən şəxs ayağının altına qoyduqdan sonra video çəkiliş aparmağa başlamışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Qəbələ rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Elçin İsmayılov tərəfindən həmin Polis Şöbəsinin rəisinə ünvanlanmış 25 iyul 2024-cü il tarixli raportdan görünür ki, rayon polis şöbəsinə xx.xx.1971-ci il Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi, Bum qəsəbəsində yaşadığı evdə saxlaması və həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur (cild 1, iş vərəqə 3). Şəxsi axtarış və götürmə barədə 25 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 08:27-dən saat 08:41-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün yaşadığı Bum qəsəbəsindəki həyətyanı sahəsində də çətənə kolları əkdiyini, həmçinin həyətindəki yarımçıq tikilidə qurudulmuş marixuana saxladığını, həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir (cild 1, iş vərəqə 25-30). Baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 08:58dən saat 10:13-dək Təqsirləndirilən şəxs Qəbələ rayonunun Bum qəsəbəsində yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxış zamanı həyətə girişdən sol tərəfdə yarımçıq tikilidə tərəvəzin içərisindən, eləcə də həyətə giriş qapısından sağ tərəfdə kənarları torlu setka ilə bağlı vəziyyətdə olan tərəvəz bitkilərinin içərisində kultivasiya edilmiş yaş vəziyyətdə hündürlükləri 56 sm, 60 sm, 60 sm, 61 sm, 62 sm, 68 sm, 70 sm, 72 sm, 74 sm, 74 sm, 76 sm, 76 sm, 80 sm, 81 sm, 120 sm, 121 sm, 210 sm və 235 sm ölçülərdə ümumilikdə 18 ədəd çətənə kollarına bənzər bitkilər, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən yarımçıq tikilidə açıq vəziyyətdə kağız qutuda 25 qram, göy rəngli sellofan torbada 549 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, eləcə də kökündən çıxarılmış 52 sm və 56 sm uzunluqda çətənə kollarına bənzər bitkilər aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evin eyvanından məişət əşyalarının yığıldığı əşyanın üzərindən 01 ədəd gümüşü rəngli elektron tərəzi və 13 ədəd içərisi boş şəkildə kibrit qutuları və 01 ədəd boş kibrit qutusunun içlik hissəsi aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmiş, aşkar olunan çətənə bitkilərinin və qurudulmuş marixuananın özünə məxsus olduğunu, qurudulmuş marixuananı əkdiyi çətənə bitkilərinin hissələrini qurudaraq əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 38-62). 25 iyul 2024-cü il tarixli aqronom rəyindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı həmin həyətdə olan yaşayış evinin ön tərəfində olan yarımtikilinin içərisində əkilmiş tərəvəz sahəsində 12 ədəd, yaşayış evinin qarşı tərəfində olan tərəvəz sahəsində əkilmiş 6 ədəd, yaşayış evinin arxa tərəfində olan yarımtikilinin içərisində çıxarılmış vəziyyətdə 2 ədəd narkotik tərkibli bitki olan, çətənə (kannabis) bitkisinə bənzər bitki kolları aşkar edilmişdir. Həmin btkilərin dibi bellənərək yumşaldılmış, diblərinə su arxı çəkilmiş və xüsusi aqrotexniki qulluq olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin arxa tərəfində olan yarımtikilinin içərisində çıxarılmış vəziyyətdə 2 ədəd narkotik tərkibli bitki olan, çətənə (kannabis) bitkisinə bənzər bitki kolları gövdəsinin ölçüsünə, yarpaqlarının qalınlığına və Təqsirləndirilən şəxs baxış zamanı göstərdiyi həmin bitkilərin çıxarıldığı yerlərə baxış zamanı həmin 2 ədəd çıxarılmış bitkilərin də dibi bellənərək yumşaldılmış, diblərinə su arxı çəkilmiş və xüsusi aqrotexniki qulluq olunmuşdur (cild 1, iş vərəqə 69). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 14 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi çətənə kollarının toxumlarını 2023-cü ilin avqust ayının sonlarında xatırlamadığı tarixdə Qəbələ rayonunun Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidə yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından toplamaqla əldə etdiyi yeri göstərmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 142-145). Məhkəmə-bioloji ekspertizasının 25 iyul 2024-cü il tarixli 3-16-16/2-17/663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda adlar və imzalar olan 4 ədəd sintetik bağlamaların içərisindəki, uzunluqları 52 sm dən 235 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 9645 qram olan 20 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Elmdar Şərifovun 25 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda adlar və imzalar olan bir ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi 14,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda adlar və imzalar olan bir ədəd sellofan torbanın içərisindəki, digər bir ədəd sellofan torbada, təmiz çəkisi 495,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş, üzərində adlar və imzalar olan bir ədəd zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini və təqdim olunmuş qurudulmuş marixuanalarla müqayisəli tədqiqatını (eynilik) aparılması mümkün olmamışdır. Həmin zərfin içərisindəki 13 (on üç) ədəd kibirit qutusunun içərisində və 01 (bir) ədəd kibirit qutusunun içlik hissəsində narkotik tərkibli bitki hissəcikləri aşkar edilməmişdir. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 509,23 qram, çətənə bitkilərinin qalıq çəkisi 9643,00 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 34 manat 55 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 74- 78). Maddi sübutun tanınması və saxlanca verilməsi haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi, ekspert tədqiqatından sonra qalıq çəkisi 9643 qram təşkil edən 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkiləri, eləcə də ekspert tədqiqatından sonra qalıq çəkisi 509,23 qram təşkil edən qurudulmuş marixuana, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd gümüşü rəngli elektron tərəzi, 13 ədəd içərisi boş şəkildə kibrit qutuları və 1 ədəd boş kibrit qutusunun içlik hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 154-156). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 avqust 2024-cü il tarixli 1428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 193). Ambulator məhkəmə psixiatrik ekspertizasının 15 avqust 2024-cü il tarixli 587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun hal-hazırda tibbi xarakterli məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini ekspertiza zamanı da təsdiq etmişdir (cild 1, iş vərəqə 190-192). “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X8 daxil olan 14 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Qəbələ rayonu Bum qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda deyil, lakin 10 aprel 2017-ci il tarixdən həmin xəstəxananın Poliklinika şöbəsinin narkoloji kabinetində “Kannabioidlərin qəbulundan yaranan psixi davranış, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır (cild 1, iş vərəqə 133). İş üzrə əməliyyat tapşırığına verilmiş 27 avqust 2024-cü il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkisini Qəbələ rayonunun Qəmərvan kəndinin yaxınlığından keçən Duruca çayının kənarından əldə etdiyi və yalnız fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi, heç kimə satmadığı müəyyən olunmuşdur. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 1, iş vərəqə 158). Qəbələ rayon Bum qəsəbə inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bum qəsəbə inzibati nümayəndəliyi tərəfindən verilən tapşırıqları vaxtında, düzgün yerinə yetirmişdir. Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən dərin hörmət qazanmışdır (cild 1, iş vərəqə 115). Qəbələ rayon Bum qəsəbə inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 noyabr 2014-cü il təvəllüdlü X5 adında bir azyaşlı uşağı var (cild 1, iş vərəqə 114). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 2 gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli Qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 1 ay 28 gün müddət Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən 1 günə 2 gün hesabı ilə hesablanmaqla 03 ay 26 gün təyin edilən cəzadan çıxılmış və üzərində qəti olaraq 2 il 2 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, iş vərqə 116-117, 149-158, 160-164). Qəbələ rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 21 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 2 il 2 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının 03 ay 23 gününü çəkmiş, cəza müddətinin çəkilməmiş hissəsi 1 il 10 ay 11 gün qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana və 16 ədəddən 800 ədədək çətənə bitkisi külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına, polis əməkdaşları onu aldadaraq həmin qurudulmuş marixuananı sonradan götürəcəklərini dedikləri üçün həmin qurudulmuş marixuananı boynuna almasına, əvvəllər polis əməkdaşları ilə aralarında problem oduğuna görə polislərin ona qarşı bu cür hərəkət etmələrinə, narkotik vasitələrin satışı ilə məşğul olmamasına, evindən aşkar olunmuş elektron tərəzinin üzərində heç vaxt narkotik vasitə çəkməməsinə, evindən aşkar olunmuş boş kibrit qutularını sobanın yanında qurudaraq yenidən istifadə etmək üçün saxlamasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etməsini, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq əldə etməsini və saxlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış baxış və götürmə istintaq hərəkəti, polis əməkdaşları olan şahidlərin ifadələri, ekspertizə rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olmasına, həmin narkotik vasitəni həyətindəki çətənə kollarından qurudaraq əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadəsinə münasibət bildirən məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsində külli miqdar təşkil edən 20 ədəd çətənə bitkisini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq etməklə əkib yetişdirməsi və şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda 509.43 qram qudurulmuş marixuananı evinin həyətində olan yardımçı tikilidə saxlaması, evindən aşkar olunmuş elektron tərəzinin üzərində narkotik vasitə hissəciklərinin aşkar olunması, evindən aşkar olunmuş boş kibrit qutularını yığmaqda məqsədin nə olması ilə bağlı təqsirləndirilən şəxsin və onun yaxın qohumu (oğlu və arvadı) olan şahidlərin ziddiyyətli ifadələr verərək ağlabatan izah verə bilməmələri onun həmin qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlamasına dəlalət edir. Təqsirləndirilən şəxs barəsində açılmış və məhkəmə kollegiyası tərəfindən tədqiq olunmuş əməliyyat-qeydiyyat işində mövcud olan məlumatlar da məhkəmənin bu qənaətinin tam əsaslı olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində onların evi nəmişlik olduğu üçün boş kibrit qutularını qaz sobasının yanına qoyub qurutduqdan sonra yenidən istifadə etdikləri üçün boş kibrit qutularını yığdığını, polis əməkdaşlarının həmin kibrit qutularını qaz sobasının yanından götürdüyünü bildirmiş, onun oğlu Şahid4 və arvadı Mehparə Nəsirova isə şahid qismində dindirilərkən onların evində ümumiyyətlə boş kibrit qutularının olmadığını, polis əməkdaşlarının onların evindən götürdükləri kibrit qutularının dolu olduğunu, yəni içərilərində kibrit olduğunu bildirmişlər. Videogörüntüdən isə görünür ki, kibrit qutularının içərisi boş olmuş və onlar qaz sobasının yanında olmamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində evindən aşakar olunmuş elektron tərəzinin uşağına məxsus olduğunu, uşağının həmin tərəzini planşet kimi və çay daşlarını çəkmək üçün istifadə etdiyini, özünün heç vaxt həmin tərəzidə narkotik vasitə çəkmədiyini bildirsə də, məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, həmin tərəzinin üzərində narkotik vasitə hissəcikləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindəki yarımtikilidən aşkar olunmuş qurudulmuş marixuana ilə bağlı məhkəmə iclasında ziddiyyətli ifadə verərək gah videoçəkiliş zamanı qurudulmuş marixuananı ayağı ilə dağıdaraq ona məxsus olmadığını dediyini, gah da polis əməkdaşları onu aldadaraq qurudulmuş marixuananı sonra götürəcəklərini bildirdikləri üçün həmin qurudulmuş marixuananın ona məxsus olmasını boynuna aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, videoçəkiliş zamanı kamera qarşısında qurudulmuş marixuananın özünə məxsus olmasını etiraf etdiyi, həmin narkotik vasitə hər kəsin gözü qarşısında tərəzidə çəkilərək qablaşdırıldığı və möhürləndiyi, qablaşdırmanın üzəri və müvafiq istintaq hərəkəti prokotokolu özü, müdafiəçi və digər iştirakçılar tərəfindən imzlandığı, həmin qablaşdırmanın ekspertizaya göndəriləcəyi barədə deyilənləri eşitdiyi, istintaq hərəkəti ilə bağlı hər hansı etirazının olubolmamasına dair suala cavab olaraq heç bir etirazının olmamasını dediyi halda əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs sadəlövhlüklə həmin narkotik vasitənin sonradan polislər tərəfindən götürüləcəyini güman etməsini məhkəmə inandırıcı hesab etmir. Baxış istintaq hərəkətinin videoçəkilişindən görünür ki, həmin videoçəkiliş fasiləsiz olaraq aparılmış və görüntülərdə Təqsirləndirilən şəxs qurudulmuş marixuananı ayağı ilə dağıdaraq ona məxsus olmamasını deməsi müşahidə olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, baxış keçirilməsi haqqında videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yarımtikilidən iki ədəd kökündən çıxarılmış kolu və açıq qabın içərisindəki qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb polis əməkdaşlarına təqdim edir və bundan başqa onda narkotik vasitə olmadığını bildirir. Bunun ardınca polis əməkdaşlarından biri axtarış aparmaq üçün həmin yarımtikiliyə daxil olur və qısa müddət sonra göy rəngli sellofan paketi götürüb yarımtikilidən çıxır. Lakin həmin polis əməkdaşının göy rəngli sellofan paketi yarımtikilidən götürdüyü an və yer videoçəkilişə düşməmişdir. Bu hal məhkəmə kollegiyasında və proses iştirakçılarında müəyyən suallar doğurduğundan iş üzrə şahid olan polis əməkdaşları Şahid1 və Şahid3 əlavə olaraq məhkəmə iclasına dəvət olunaraq həmin xüsusatla bağlı təkrar dindirilmişlər. Polis əməkdaşları həmin xüsusatla bağlı iradları qəbul edərək videoçəkiliş zamanı ani bir diqqətsizlikdən əməliyyatçının yarımtikilidən göy rəngli sellofan torbanı əldə etdiyi yerin videoçəkilişə düşmədiyini, Təqsirləndirilən şəxs iki ədəd çətənə kolunu qurutduğunu dediyi halda onlara az miqdarda qurudulmuş marixuana təqdim etdiyi üçün sonuncuda daha çox miqdarda qurudulmuş marixuana ola biləcəyindən şübhələnərək yarımtikilidə axtarış apardıqlarını bildirmişlər. Şahid Pünhan Məmmədov həmin yarımtikili çox balaca bir yer olduğundan və içərisində əşyalar olduğundan ora eyni vaxtda bir neçə adamın daxil olmasının çətin olduğunu, həmçinin Təqsirləndirilən şəxs özünə xəsarət yetirmə ehtimalına qarşı təhlükəsizlik baxımından sonuncunu ora tək buraxmadıqlarını bildirmiş, Şahid3 isə göy rəngli həmin sellofan torba yarımtikilinin sol tərəfində olan əşyaların altında gizlədilmiş vəziyyətdə olduğunu, yarımtikilidə təxminən bir dəqiqə ərzində axtarış apardığını, həmin yarımtikili çox balaca olduğundan və orada ilkin vizual baxışda nələrin olduğunu aşkar görmək mümkün olduğundan uzun müddətli axtarış aparmağa ehtiyac olmadığını, videogörüntüdə eşidilən xışıltı səsindən də onun orada axtarış apardığının aşkar surətdə müəyyən olunduğunu, ilkin vizual baxışda və əl ilə yoxladıqda yalnız göy rəngli sellofan torbada narkotik vasitə ola biləcəyini düşünərək həmin torbanı götürüb çıxdığını, həmin yarımtikilinin hər tərəfinin bağlı olduğunu, orada kiçik pəncərə olub-olmadığını xatırlamadığını bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatla bağlı bildirir ki, videogörüntüdən görünür ki, polis əməkdaşı göy sellofan torbanı yarımtikilidən çıxardıqdan sonra Təqsirləndirilən şəxs buna hər hansı etiraz etməmiş, ifadəsində qeyd etdiyi kimi onu ayağı ilə vurub dağıtmamış, əksinə polis əməkdaşının həmin qurudulmuş marixuananı hardan əldə etməsinə dair sualına cavab olaraq onu əkdiyi bitkilərdən əldə etdiyini bildirmişdir. Müdafiəçinin vəsatəti əsasında həmin yarımtikilinin video və fotoşəkilləri məhkəmə iclasında tədqiq olunmuş və yarımtikilidə balaca pəncərə olduğu müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nə təqsirləndirilən şəxs, nə də məhkəmədə şahid qismində dindirilmiş onun yaxın qohumları olan oğlu və arvadı polis əməkdaşlarının narkotik vasitəni yarımtikilidəki balaca pəncərədən atmasına dair ifadə verməmişlər. Təqsirləndirilən şəxs və şahidlər həmin hissədə ziddiyyətli ifadələr vermişlər. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşının içərisində narkotik vasitə olan sellofan torbanı gödəkcəsinin altında gizlətdiyini, şahidlər Təqsirləndirilən şəxs və Mehparə Nəsirova isə polis əməkdaşının göy rəngli sellofan paketi aşkar surətdə əlində tutduğunu bildirmişlər. Baxış istintaq hərəkətinin videogörüntüsündən görünür ki, həqiqətən təhqiqatçının əlində öz əşyalarını yığdığı göy rəngli sellofan torba var. Yəni, həm yarımtikilidən aşkar olunan içərisində qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba, həm də təhqiqatçının əlindəki sellofan torba göy rəngdə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə şahidlər Təqsirləndirilən şəxs və Mehparə Nəsirovanın əlində göy rəngli sellofan torba olan polis əməkdaşının həmin torbanı evin arxa hissəsində olan yarımtikiliyə qoymasına dair ifadələrinə tənqidi yanaşır və onların həmin ifadələrini yaxın qohumları olan, yəni Şahid4 atası, şahid Mehparə Nəsirovanın əri olan Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həm də Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 2 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 10 ay 11 günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 10, 109-111). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Qəbələ rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9643 qram təşkil edən 20 ədəd çətənə bitkisi, ekspert tədqiqatından sonra qalıq çəkisi 509,23 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli elektron tərəzi, 13 ədəd içərisi boş olan kibrit qutusu və 1 ədəd boş kibrit qutusunun içlik hissəsi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 34 manat 55 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 2 (iki) il 2 (iki) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 10 (on) ay 11 (on bir) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 25 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Qəbələ rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9643 qram təşkil edən 20 (ədəd) ədəd çətənə (kannabis) bitkisi, ekspert tədqiqatından sonra qalıq çəkisi 509,23 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 1 ədəd gümüşü rəngli elektron tərəzi, 13 ədəd içərisi boş olan kibirit qutuları və 1 ədəd boş kibrit qutusunun içlik hissəsi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar