Məhkəmə qərarları › İş №1(091)-98/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-98/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-98/2023 22.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 855,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əlindəki ağ rəngli sintetik torbada saxlamış, 26 oktyabr 2022-ci tarixdə saat 1825 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Əliyev prospektində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada üzərinə 26 oktyabr 2022-ci il tarixdə saat 1900-dan saat 1935-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlindəki bir ədəd sintetik torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 855,0 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdən çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə aparmış, orada ona hədəqorxu gələrək təqdim etdikləri narkotik vasitəni özünün tapmasını deməyə məcbur etmişlər. Polis əməkdaşları ona hədə-qərxu gəldikləri üçün narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Yevlax rayonu ərazisindən keçən Kür çayının sahilində olan meşəyə nar yığmağa gedərkən orada olan ağacların arasında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığaraq çubuqlarından təmizləyib üstündə olan ağ rəngli torbaya yığdıqdan sonra quruması üçün orada olan kolluqda gizlətmiş, 26 oktyabr 2022-ci il tarixdə həmin yerə gedərək gizlətdiyi həmin narkotik vasitə olan marixuananı oradan götürərək evə gətirən zaman Yevlax şəhəri C.Mustafayev küçəsində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində olduğuna görə Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan içərisindən narkotik vasitə qurudulmuş marixuananın olduğu bir ədəd ağ rəngli sintetik torbanı təqdim etmiş, qurudulmuş marixuana içərisində olduğu ağ rəngli torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 905 qram olması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən X4 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri, Şahid2 ilə birlikdə həmin vaxt Yevlax şəhəri C.Mustafayev küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun qanunsuz olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamasında şübhəli olduğunu bildirərək onlarla birlikdə rayon Polis Şöbəsinə gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı ağ rəngli sintetik torbanın içərisindən çəkisi torba ilə birlikdə 905 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən iyirmi gün əvvəl Yevlax rayonunda Yuxarı Qarxun kəndində meşədə nar yığmağa gedən zaman meşədən yerdən topladığını, həmin bitkini orada sərib qurutduğunu, tutulduğu gün sintetik torbaya yığıb şəxsi istifadəsi üçün yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş şahid Yevlax rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 17/815 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “...Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sintetik torbada...” sözləri və imzalar yazılmış sintetik torbanın içərisindəki, təmiz çəkisi – 855,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 2022-ci il tarixli 1875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 oktyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sintetik torbanın içərisindən çəkisi 905 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə CM-in 237.1-ci maddəsi ilə barəsində ********* saylı cinayət işi istintaq edilmiş, həmin cinayət işi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-195/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-195/2022 saylı hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 29 gün hissəsi CM-in 52-1.5-ci maddəsinə əsasən 10 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla himayəsində xx.xx.2010cu ildə doğulmuş Aleksandr Rüstəmzadə adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X2 rayon Narkoloji Kabinetinin 31 oktyabr 2022-ci il tarixli 1789 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 01 noyabr 2022-ci il tarixli PHŞ-7602/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1825-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Eyni zamanda nəyə görə qeyd edilən məsələlərlə əlaqədar müraciət etməməsinə dair ağlabatan izahat da təqdim edə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs eyni xarakterli narkotik tərkibli bitkilərin kultivasiya edilməsinə görə məhkum edilməsi də onun artıq peşə şəklində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-195/2022 nömrəli hökmü ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixli, 7(039)- 18/2022 nömrəli qərarı ilə 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası olə əvəz edilmiş hissəsinə qismən toplanılaraq qəti cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-195/2022 nömrəli hökmü ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixli, 7(039)-18/2022 nömrəli qərarı ilə əvəz edildiyi 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 17 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 854,95 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar