Məhkəmə qərarları › İş №1(094)-10/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-10/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-10/2023 14.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi ev 9-da qeydiyyatda olan, Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsi ünvansız evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində tanışı Şahid5 dükanda satıcı işləyən X1 tərəfindən söz deyilməsini bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ictimai yer olan Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağlar massivində yerləşən “Vasif market” adlı mağazanın qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar sürətdə ictimai qaydaya laqeydlik və etinasızliq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək gecə vaxtı səs-küyə mağazanın qarşısına toplanmış sakinlərin gözü qarşısında ucadan nalayiq ifadələr işlədib həmin mağazanın sahibi Zərərçəkmiş şəxs əli ilə üz və bədən nahiyəsinə bir neçə zərbə vuraraq yüngül dərəcəli müxtəlif xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə tanışı Şahid5 onun Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsində yerləşən bağ evinə qonaq gəlmişdir. Bir müddət keçdikdən sonra Aytən bazarlıq etmək üçün dükana getmiş və geri qayıtdıqda onun kefinin olmadığını görüb və səbəbini soruşduqda, Aytən kefinin olmamasının səbəbini dükanda işləyən Vasif adlı satıcının ona dükanda olan kondisaneri onlara onun satdığını deməsi və bu sözdən sonra gülərək lağa qoyması oluduğunu bildirmişdir. Bundan sonra o, ickili olduğundan bu sözdən qəzəblənərək “Vasif marketin” qarşısına getmiş, əsəbi şəkildə dükana daxil olmuşdur və arxasınca dükanın sahibi Vüqar dükana daxil olduqda ondan nəyə görə lazımsız söbətlər etdiklərini soruşmuşdur. Vüqar isə ona kobud cavab vermişdir, o, bundan əsəbləşərək Vüqarla bir-birlərini itələmişlər, qonşular onları araladıqdan sonra o, dostu Elnurla birlikdə evə qayıtmışdır. Lakin o, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməmişdir. Özünü qismən təqsirli bilir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, o, uzun illərdir ki, Dübəndi qəsəbəsində yerləşən özünə məxsus “Vasif market” mağazasını işlədir. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində işlətdiyi mağazanın qarşısında qonşusu Babəklə dayanıb söhbət edən zaman qonşuluqda yaşayan Natiq Elnurla birlikdə maşın ilə gələrək maşını onun işlətdiyi dükanın qarşısında saxlamışlar. Hər ikisi içkili vəziyyətdə onun üzərinə gələrək nalayiq ifadələrlə onu təhqir etməyə başlamışlar, Natiq əli ilə onun qarın boşluğuna və üz nahiyəsinə zərbə endirmiş, bu zaman qonşuluqda yaşayan Bəhmən və Babək onları ayırmışlar. Buna görə də onun Natiq ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir və törətdiyi bu əməlinə görə təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə axşam saat 23:00 radələrində yaşadığı evin qarşısında səs-küy gəldiyini eşitmiş, çölə çıxanda Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsində yerləşən “Vasif market” mağazasının qarşısında mağazanın sahibi Vüqarla iki nəfər tanımadığı şəxsin mübahisə etdiyini görmüşdür, ora yaxınlaşaraq onları ayırmağa çalışmışdır, həmin vaxt Natiq adlı şəxsin Vüqarın ünvanına nalayiq ifadələr işlətdiyinin, yanlarında olan qadının isə onları ayırmağa çalışdığının şahidi olmuşdur, onlar arasında baş vermiş mübahisə 5- 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə axşam saat 23:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Vasif market” mağazasının qarşısında dayanıb dükanın sahibi Vüqarla söhbət etdiyi zaman üzdən tanıdığı, adını sonradan öyrəndiyi Natiq adlı şəxs hirsli şəkildə onlara tərəf gəlmişdir və Vüqarla mübahisə etməyə başlamışlar. Sonradan hadisə yerinə gəlmiş qara rəngli maşından düşən bir kişi və bir qadın onları ayırmağa çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu Dəmirçizadə küçəsi ev 2 mənzil 95-də qeydiyyatdadır, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəsbəsi Dübəndi bağları Şimal küçəsi 3-də anası ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, ali təhsillidir, xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan (dostunun oğlu) Təqsirləndirilən şəxslə onlara məxsus Dübəndi bağlarında yerləşən bağ evində oturub söhbət etdikləri vaxt Natiqlə dostluq münasibətində olan əvvəllər gördüyü Aytən adlı xanım Natiqə məxsus bağ evinə qonaq gəlmişdir, Natiq Aytənin kefsiz olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur, Aytən bildirmişdir ki, “Vasif marketdə” olan zaman orada işləyən şəxs ona kimin yanına getdiyini bildiyini demişdir, Aytən isə söhbəti dəyişmək üçün mağazanın isti olduğunu bildirmişdir, satıcı işləyən şəxs isə ona mağazada 3 kondisanerin olduğunu ikisinin işləmədiyini, yalnız Natiqin onlara satdığı kondisanerin işlədiyini bildirmişdir. Aytən Natiqə evinin kondisanerini satmasını irad tutmuşdur, söhbətin ortasında o, əlini yumaq üçün onların yanından uzaqlaşmışdır, qayıtdıqda Natiqi görməmişdir, Natiqin “Vasif marketə” gedə biləcəyini zənn edib Aytən xanımla birlikdə avtomobillə “Vasif marketə” getmişlər, ora çatanda Natiqin Vüqarla və onun oğlu Vasiflə mübahisə etdiyini görmüşlər, onları aralayaraq Natiqi avtomobilə əyləşdirib oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə axşam saatlarında üzdən tanıdığı, qonşuluqda yaşayan Natiq adlı şəxsin həyat yoldaşı kimi bildiyi qadın onun işlədiyi mağazaya gəlmişdir, bazarlıq etdikdən sonra həmin xanım içərinin nə üçün isti olduğunu soruşduqda o, içəridə üç ədəd kondisanerin olduğunu onlardan yalnız Natiqin verdiyi kondisanerin işlədiyini bildirmişdir. Bir neçə saat keçdikdən sonra mağazanın qarşısından səs-küy gəldiyini eşitmiş, çölə çıxdıqda qonşuluqda yaşayan Natiqlə atası Vüqarın mübahisə etdiklərini görmüşdür, Natiq atası Vüqarın üz nahiyəsinə əli ilə zərbə endirmişdir, qonşuların köməkliyi ilə onları ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə Natiqin evinə qonaq gəlmişdir, Natiqin yaşadığı evin yaxınlığında yerləşən “Vasif market”-də olan zaman market işlədən oğlan söhbət əsnasında ona dəfələrlə içərinin isti olduğunu bildirmişdir, o, isə ondan nə üçün kondisanerləri işlətmədiyini soruşmuşdur. Cavabında isə market işlədən oğlan bildirmişdir ki, kondisanerlərdən yalnız biri işləyir ki, onu da Natiq onlara satıb. Daha sonra o, Natiqin evinə gəlmiş və marketdə işlyən oğlanın ona dedidklərini Natiqə danışmışdır, Natiq də içkili olduğu üçün olanlardan əsəbləşərək evi tərk etmişdir, daha sonra Elnur çöldən evə gələrək Natiqin harada olmasını soruşmuşdur, o, isə bütün olanları Elnura danışmışdır və daha sonra o, Elnurla birlikdə Natiqin arxasınca getmişlər. “Vasif market”-ə çatanda Natiqin orada səs-küy salaraq market işlədən şəxlərlə mübahisə etdiyini görmüşlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 127 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun serviko-braialgiya ilə müşayiət olunan qapalıkəllə beyin travması, sol arxa-yan səthinin sıyrığı, ənsə nahiyəsinin, sol bazunun qançırı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs(şəxslər) tərəfindən yetirilmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz publik hüquqi şəxs”in xx.xx.2022-ci il tarixli 1/1690 “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan “Vasif merket” mağazasından hadisə yerinə baxış zamanı götürülmüş müşahidə kamerasının qeydə aldığı görüntülərin olduğu 01 bir ədəd DVD formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə sol əli ilə zərbə endirməsi və onların hadisə yerində olan şəxslər tərəfindən aralanması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 17 oktyabr 2022-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etiraf etməsinə baxmayaraq, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə uş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsindəki ünvanını axşam saat 18:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar