Məhkəmə qərarları › İş №1(094)-11/2022

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-11/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-11/2022 18.02.2022 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, İİİ qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsi ev 51 mənzil 1-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 4(094)-29/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 13 oktyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və narkotik vasitələri satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 100 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, həmin evdə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 1 ədəd elektron tərəzi vasitəsi ilə 19 ədəd içində narkotik vasitə heroin olan və 10 ədəd içində psixotrop maddə metamfetamin olan ümumilikdə 29 ədəd bükümə ayırıb, içində psixotrop maddə metamfetamin olan 02 ədəd bükümü evdə saxlamaqla qalan 27 ədəd bükümü satış məqsədi ilə üzərində “Right” sözü yazılmış dərman qutusunun içinə yığıb əynindəki gödəkçənin içəri cibinə qoymuş və yaşadığı evi tərk edərək üzərində saxlamaqla daşımış, həmin gün, yəni 13 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanının yaxınlığında Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pirallahı RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin içəri cibindən üzərində “Right” yazılmış dərman qutusunun içində 19 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qram, 0,031 qram, 0,045 qram, 0,028 qram, 0,029 qram, 0,043 qram, 0,022 qram, 0,023 qram, 0,047 qram, 0,036 qram, 0,004 qram, 0,038 qram, 0,034 qram, 0,043 qram, 0,037 qram, 0,033 qram, 0,036 qram, 0,033 qram və 0,034 qram olmaqla kimyəvi tərkiblərinə görə eyni, ümumi təmiz çəkisi 0,631 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,036 qram, 0,041 qram, 0,039 qram, 0,238 qram, 0,03 qram, 0,025 qram, 0,383 qram olmaqla kimyəvi tərkiblərinə görə eyni, ümumi təmiz çəkisi 0,816 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 13 oktyabr 2021-ci il tarixdə saat 18:30-da yaşadığı Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 51 mənzil 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman evin girişindən sağ tərəfdə yerləşən yataq otağında olan şkafın üst siyirməsindən 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli korpuslu tərəzi, eləcə də həmin tərəzinin üzərində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram və 0,044 qram olmaqla, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 7-8 ildir ki, müxtəlif narkotik vasitələri inyeksiya yolu ilə qəbul edir. 13 oktyabr 2021-ci il tarixdə saat 09:00 radələrində Buzovna qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 100 manata 1 qram heroin və 1 qram metamfetamin almış və Pirallahı qəsəbəsinə, yaşadığı evə qayıtmışdır. Aldığı heroinin və metamfetaminin üzərindən bir qədər götürüb istifadə etdikdən sonra yerdə qalan narkotik vasitələri gözəyarı bükümlərə ayırıb 27 bükümünü üzərində “Right” sözü yazılmış dərman qutusunun içinə yığıb əynində olan gödəkçənin içəri cibinə qoyaraq həyətə çıxmışdır. Həmin gün saat 15:30 radələrində Pirallahı rayonu 28-ci məhəllə tərəfdə olan zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, onu Pirallahı RPŞ-nə gətirmişlər. PŞ-də ona qanunsuz olaraq narkotik vasitə əldə etmək və satmaqda şübhəli şəxs olduğunu, onun üzərinə və evinə axtarış keçirmək lazım olduğunu bildirdikdə, o, buna etiraz etməmişdir. Bir neçə dəqiqə sonra vəkil gəlmiş, vəkilin iştirakı ilə videoçəkilişlə ilkin olaraq üzərinə baxış keçirilmiş və əynindəki gödəkçənin iç cibindən üzərində “Right” sözü yazılmış dərman qutusunun içərisində olan 19 bükümdə heroin və 8 bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Üstündən aşkar olunmuş maddələr qablaşdırılmış və zərfə qoyulmuş, bu barədə protokol tərtib olunmuşdur. Daha sonra yaşadığı Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 51 mənzil 1 ünvanında videoçəkilişlə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, axtarış zamanı yataq otağında olan şkafın üst siyirməsindən 01 ədəd gümüşü rəngli tərəzi və tərəzinin üzərində 02 ədəd bükümdə metamfetamin aşkar olunaraq götürülmüş, lakin evdən aşkar olunmuş tərəzi və iki ədəd bükümdə olan metamfetamin ona məxsus olmamışdır. Polis tərəfindən yaxalandığından və həyəcanlı olduğundan, eyni zamanda narkotik vasitə təsiri altında olduğundan evdən aşkar olunmuş tərəzi və narkotikin ona məxsus olması barədə protokol və zərfə imza etmişdir. Narkotik vasitələri şəxsi istehlak məqsədi ilə əldə etmiş, hər gün 3-4 dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəldən birdəfəlik istifadə edəcəyi miqdarda bükümlərə ayırmışdır ki, istifadə zamanı rahat olsun. Onda narkotik vasitə olması barədə heç kimin məlumatı olmamış, həmin narkotik vasitədən heç kimə satmamış və təmənnasız olaraq verməmişdir. Hazırkı açıq məhkəmə iclasında düzgün ifadə verərək əsil həqiqəti söyləyir və özünü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Həmin əməli törətdiyinə görə peşmandır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığı üçün özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Məhkumluğu yoxdur, İİİ qrup əlildir, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin TİQ-in baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 13 oktyabr 2021-ci il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Pirallahı RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, Pirallahı RPŞnin CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPŞ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə RPŞ-nin inzibati binasına gəlmiş və öz seçimi ilə vəkil ilə təmin edilmişdir. Bir neçə dəqiqə sonra vəkil gəlmiş, vəkilin iştirakı ilə videoçəkilişlə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, bundan əvvəl isə ona üzərində qanunla gəzdirilməsi, daşınması, saxlanılması qadağan edilən hər hansı əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin içəri cibindən üzərində “Right” yazılmış dərman qutusunu çıxardaraq içərisində olan 27 ədəd gümüşü kağıza bükülmüş narkotik maddəyə bənzər kütləni təqdim etmişdir. Həmin bükümlər zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 13 oktyabr 2021-ci il tarixdə saat 18:30-da videoçəkilişlə onun, CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 51 mənzil 1 ünvanında axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Axtarış zamanı evin girişindən sağ tərəfdə yerləşən yataq otağında olan şkafın üst siyirməsindən 01 ədəd gümüşü rəngli korpuslu tərəzi və həmin tərəzinin üzərində 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan elektron tərəzi və 02 ədəd bükümdə olan narkotik vasitə metamfetaminə bənzər maddə də zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr ona məxsusdur, həmin maddələr heroin və metamfetamindir, onları 13 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Buzovna qəsəbəsində tanımadığı şəxsdən 100 manata satmaq və şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Cabbarov X1 rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 51 mənzil 1 ünvanının yaxınlığında Pirallahı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Pirallahı RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi keçirilən zaman əynindəki gödəkçəsinin içəri cibində olan “Right” sözü yazılmış dərman qutusunun içərisində 27 ədəd sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş və qablaşdırıldıqdan sonra möhürlənmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 13 oktyabr 2021-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs yaşadığı Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 51 mənzil 1 ünvanda axtarış keçirilmiş ve evin giriş hissəsində sağ tərəfdə yerləşən yataq otağında olan şkafın üst siyirməsindən 01 ədəd işlək vəziyyətdə gümüşü rəngli korpuslu tərəzi, eləcə də həmin tərəzinin üzərində 02 ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş və qablaşdırıldıqdan sonra möhürlənmişdir. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsi və götürmə istintaq hərəkəti edilən zaman əynindəki gödəkçəsinin içəri cibindən üzərində “Right” yazılmış dərman qutusunun içində 27 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş, İİ diskdə olan görüntülərdə yaşadığı Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi ev 51 mənzil 1 ünvanında axtarış keçirilən zaman yataq otağında olan şkafın üst siyirməsindən 01 ədəd işlək vəziyyətdə gümüşü rəngli korpuslu tərəzi, eləcə də həmin tərəzinin üzərində 02 ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli, 6/4552 №-li məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” və s. yazılar olan 0,035 qram, 0,031 qram, 0,045 qram, 0,028 qram, 0,029 qram, 0,043 qram, 0,022 qram, 0,023 qram, 0,047 qram, 0,036 qram, 0,004 qram, 0,038 qram, 0,034 qram, 0,043 qram, 0,037 qram, 0,033 qram, 0,036 qram, 0,033 qram və 0,034 qram ümumi təmiz çəkiləri 0,631 qram qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 19 bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər, 08 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,036 qram, 0,041 qram, 0,039 qram, 0,238 qram, 0,03 qram, 0,025 qram, 0,383 qram və üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş.” və s. yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,063 qram, 0,044 qram, ümumilikdə 10 bükümdə təmiz çəkiləri 0,923 qram ağ rəngli, kristalçəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 10 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş elektron tərəzi.” və s. yazılar olan zərfdəki 01 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində narkotik vasitə - heroinin izləri müəyyən edilmiş, tərəzinin üzərində heroin iz şəklində olduğundan, təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz, doxsan) manatdır. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 02 dekabr 2021-ci il tarixli, 4837 №-li ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 19 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qram; 0,031 qram; 0,045 qram; 0,028 qram; 0,029 qram; 0,043 qram; 0,022 qram; 0,023 qram 0,047 qram; 0,036 qram; 0,004 qram; 0,038 qram; 0,034 qram; 0,043 qram; 0,037 qram; 0,033 qram; 0,036 qram; 0,033 qram; 0,034 qram olmaqla, ümumi təmiz çəkisi 0,631qram olan narkotik vasitə heroin, 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram; 0,036 qram; 0,041 qram; 0,039 qram; 0,238 qram; 0,03 qram; 0,025 qram; 0,383 qram və üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...” və s. yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram; 0,044 qram; ümumilikdə 10 bükümdə təmiz çəkiləri 0,923 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli tərəzi maddi sübut qismində tanınaraq saxlanılması üçün Pirallahı RPŞ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 sentyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələri satması cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi xüsusatını təkzib etməsi, evindən aşkar olunmuş üzərində narkotik vasitə heroin tozu olan tərəzinin və iki ədəd bükümdə olan metamfetaminin ona məxsus olmaması barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CMin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli tutulduğu 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,631 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,923 qram psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 109,90 (bir yüz doqquz, doxsan) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 60 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 30 saat) cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,631 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,923 qram psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz, doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar