Məhkəmə qərarları › İş №1(094)-11/2025

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-11/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-11/2025 17.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda ƏN PX 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığına kimi daşımış, həmin gün orada saat 18:20 dəqiqədə Pirallahı RPİ-nin tərəfindən şübhəli şəxs kimi saxlanılmış üzərində videoçəkiliş ilə yoxlama aparılan zaman əynində olan açıq yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş içərisində 0,236 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2025-ci ilin 08 mart tarixində işləri ilə əlaqədar Xəzər rayonu, Türkan qəsəbəsinə getməli olmuş, Türkan qəsəbəsindən Pirallahı rayonuna qayıdan zaman Türkan qəsəbəsində adını dəqiq xatırlamadığı ünvanda tanımadığı bir şəxs ona yaxınlaşaraq salamlaşmışdır. Ümumi söhbət əsnasında nə işlə məşğul olduğunu gündəlik həyat tərzləri barədə söhbət etmişlər. Həmin şəxs üzərində narkotik maddə olduğunu pula ehtiyacı olduğu üçün onu satmaq istədiyini ona bildirmişdir. O, ona əvvəllər narkotik maddə istifadə etsə də, məhkumluqdan yeni azad olunduğunu, 1 ildən artıq müddətdir ki, istifadəçisi olmadığını bildirmişdir. Lakin, onunla sağollaşıb oradan uzaqlaşmaq istədikdə şəxsi istifadəsi üçün narkotik almaq qərarına gəlmişdir. Həmin şəxs ona gümüşü siqaret kağızına bükülmüş 01 ədəd büküm vermiş və 01 ədəd bükümdə metamfetamin olduğunu bildirərək, 10 manata satdığını bildirmişdir. O, razılaşaraq gümüşü siqaret kağızına bükülmüş 01 ədəd bükümü ondan alıb qış gödəkcəsinin cibinə qoymuşdur. Həmin şəxslə sağollaşıb oradan uzaqlaşaraq Pirallahı qəsəbəsinə gəlmişdir. Əldə etdiyi narkotik vasitəni boş vaxtlarında istifadə etmək üçün evdə gizlətmək üçün yaşadığı 40-cı məhəllə, ev 2 ünvanının qarşısına çatdığı zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduqlarını bildirərək, üzərində hər hansı qanunsuz əşya olub olmadığını ondan soruşub, varsa onlara könüllü təqdim etməyini istəmişlər. O, onlara Türkan qəsəbəsində tanımadığı şəxsdən aldıqdan sonra gödəkcəsinin sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli bükümdə olan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitəni onlara təqdim etmişdir. Bundan sonra o, polis idarəsinə dəvət olunmuşdur. Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri ona izah edilmiş və onun razılığı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Çəkiliş zamanı üzərində yalnız bir ədəd büküm olduğunu və saxlanıldıqdan sonra polis əməkdaşlarına könüllü təqdim etdiyini, üzərində başqa hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Axtarış zamanı üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18:20-də Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40 məhəllə, bina 2-nin qarşısında Təqsirləndirilən şəxs onların tərəfindən saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmazdan əvvəl üzərində olan narkotik vasitə və ya hər hansı bir qeyri qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə ağ şəffaf kristal rəngli narkotik vasitə metamfetaminə bənzər kütləni çıxardaraq onlara təqdim etmiş və həmin kütlənin narkotik vasitə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş həmin kütlə qablaşdırılmış və imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və RPİ-nin NMQ-nın əməkdaşı Şahid1, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd qutuda siqaret və alışqanı, gödəkçəsinin sol üst cibindən sənədlərinin olduğu pul qabını, əynində olan tünd rəngli cins şalvarının sağ arxa cibindən mobil telefonu masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa heç bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiklərini təsdiqləyərək analojı ifadə vermişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmaq və icraata qəbul etmək barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan və qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Pirallahı rayonu, 40-cı məhəllə, bina 2-nin qarşısında saat 18:20-də Hidayətov X2 RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış üstünün yoxlanılması zamanı əynində olan açıq yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə ağ şəffaf kristal rəngli psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1031 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N- 237" dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə, - E. Hidayətov “imza”, - A. Rəfixanov “imza”, - Ş. Məhərrəmli “İmza”, - K. Rəhmanzadə “imza”: Tərtib etdi: "imza" O. İsgəndərli” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,236 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,236 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,186 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhkəmənin hökmünə qədər Pirallahı RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimuliyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(094)-29/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, bronxların və ya ağciyərin yuxarı payının bədxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkdiyini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 02 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,186 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə (550 manat) və məhkəmə baxışı zamanı (110 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 660 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 08 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,186 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə (550 manat) və məhkəmə baxışı zamanı (110 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 660 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Pirallahı filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar