Məhkəmə qərarları › İş №1(094)-2/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-2/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-2/2023 13.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1979cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Yeni sahə ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-17/2022 saylı 20 may 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə Pirallahı rayonu Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində tanışı Pirallahı rayon sakini şəxsiyyəti istintaqa məlum olmayan Əzəmət adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini 40 manat müqabilində əldə edib üzərində saxlamaqla yaşadığı Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə ünvanında yerləşən qeydiyyatsız fərdi yaşayış evinə daşımış, 18 may 2022-ci il tarixdə saat 12:00-da həmin ünvanda Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd boz rəngli sellofana bükülmüş təmiz çəkisi 0,580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, həmçinin həmin evin mətbəxindən ona məxsus üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd 1 ml-lik şpris, 2 ədəd şüşə ampul, içərisində narkotik maddə metamfetaminin izləri olan göy-gümüşü rəngli boruşəkilli əşya, həmçinin üzərində hər hansı narkotik vasitə və psixotrop maddələrin izləri olmayan 3 ədəd 1 ml-lik şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı məhkumluq həyatı yaşamış Pirallahı rayon sakini Əzəmət adlı şəxsdən 40 manata narkotik vasitəni şəxsi istehlak məqsədi ilə Pirallahı rayonu K.Rzayev küçəsində alaraq Piralllahı rayonu 29-cu məhəlldə yerləşən özünə məxsus fərdi yaşayış evinə gətirmişdir. xx.xx.2022ci il tarixdə əvvəllər tanıdığı Murad adlı şəxs onun yaşadığı evə gəlmişdir. Onlar təxminən yarım saat söhbət etdikdən sonra həmin ünvana polis əməkdaşları gələrək onları saxlamışlar. Araşdırma zamanı o və Murad üzərlərində saxladıqları narkotik maddəni təqdim etmişlər. Bundan əlavə olaraq onun icazəsi ilə polis əməkdaşları onun yaşadığı evə baxış keçirtmiş və qeyri-qanuni heç nə aşkar etməmişlər. Bundan sonra onu və Muradı polis şöbəsinə aparmışlar. O, narkotik maddəni şəxsi istehlak məqsədilə əldə etdiyini, bundan heç kimin məlumatlı olmadığını, narkotik vasitələrdən heç kimə vermədiyini, heç kimə satmadığını bildirdi. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 may 2022-ci il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Pirallahı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə RPŞ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid2 olmuşdur. Həmin tarixdə saat 11:30 radələrində Qrupun üzvləri, çəkiliş aparması üçün inspektor-kriminalist və təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Pirallahı qəsəbəsi 29-cu məhəllə fərdi yaşayış evinə getmişlər oraya çatdıqdan sonra qapını döymüşlər. Qapını açan şəxsə özünü təqdim etməsi bildirilmişdir. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, evdə başqa kimlərin olduğu soruşulduqda Fuad evdə dostu Muradın olduğunu bildirmişdir. Daha sonra Fuada və Murada narkotik vasitələrin qanunsuz istifadəsi və satışında şübhəli olmaları bildirilərək müdafiəçi seçmək hüququları izah edilmiş, Fuad və Muradın seçdiyi müdafiəçilər dəvət edilmiş və bundan sonra yaşadığı evdə və həyət sahəsində axtarış aparılmasına etiraz edib-etmədiyi soruşulmuşdur. Fuad polis əməkdaşları tərəfindən yaşadığı evdə və həyət sahəsində axtarış keçirilməsinə etirazının olmadığını bildirib bununla bağlı ərizə yazmışdır. Təqsirləndirilən şəxsla birlikdə bütün iştirakçılar ona məxsus həyətə daxil olmuş və oradan evə keçmişlər. Ev 2 otaq və 1 mətbəxdən ibarət olmuşdur. Evdə axtarış zamanı Təqsirləndirilən şəxs ön stolun üzərində olan 5 ədəd şprisi, 02 ədəd sınıq şəkildə ampulanı, 01 ədəd trupkanı və limon duzuna oxşar maddəni təqdim edərək narkotik maddə istifadəçisi olduğunu və həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli alışqanı, sol yan cibindən isə 01 ədəd büküm boz rəngli sellofana bükülmüş narkotik maddəyə bənzər kütləni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu və onu xx.xx.2022-ci il tarixdə Pirallahı rayonu K.Rzayev küçəsində Əzəmət adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Bundan sonra Şahid3 üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şahid3 əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik maddəyə bənzər kütləni, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 14 manat pulu, əynində olan qara rəngli şalvarının sol yan cibindən dəsmalı, arxa cibindən isə qara rəngli pulqabını və rezin qolbağı masanın üzərinə qoymuşdur. Şahid3 üzərinə baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Şahid3 da həmin maddənin narkotik maddə olan heroin olduğunu və onu xx.xx.2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində tanımadığı İran vətəndaşından 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə maddələr zərflərdə qablaşdırılmış, həmin zərflər iştirakçılar tərəfindən imzalanmış, 237 saylı möhürlə möhürlənərək götürülmüş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə, düzəliş yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərflər imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Şahid3 də oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə ekspertizasının 19 may 2022-ci il tarixli 6/2870 saylı rəyindən görünür ki, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə...” yazısı və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,580 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “vətəndaş Təqsirləndirilən şəxs evindən götürülmüş beş ədəd şpris, iki ədəd ampul, bir ədəd trupka “yazısı və imzalar olan zərfdəki, 2 (iki) ədəd 1 ml-lik şprisdə, 2 (iki) ədəd şüşə ampulda olan narkotik vasitə olan – heroinin, 1 (bir) ədəd göy-gümüşü rəngli boru şəkilli əşyanın içərisində psixotrop maddə - metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Digər 3 (üç) ədəd 1 ml-lik şprisdə narkotik və psixotrop maddələrin izləri yoxdur. Həmin zərfdə olan bir ədəd bükümdə ağ rəngli xırda kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid deyildir. Qeyd: təmiz çəkisi -0,580 qram olan narkotik vasitə heroinin 0,05 qramı tədqiqata sərf edilmiş, 0,530 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin 10 iyun 2022-ci il tarixli, 3134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 28 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 ədəd şpris, 02 ədəd şüşə ampul və 01 ədəd göy-gümüşü rəngli boruşəkilli əşya maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,530 qram çəkidə heroin və sadalanan digər əşyalar saxlanılması üçün Pirallahı RPŞ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evinə və üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 aprel 2019-cu il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 08 avqust 2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Daha sonra o, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 1(094)23/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş 07 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmış və o, 07 mart 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 19 may 2022-ci il tarixdə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(064)-17/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə həbsə alındığı 18 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq şəkisi 0,530 qram olan narkotik vasitə heroin, 5 ədəd şpris, 2 ədəd şüşə ampul və 1 ədəd göy-gümüşü rəngli boruşəkilli əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs evinə və üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 114,00 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 30 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 18 may 2022-ci il -ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,530 qram olan narkotik vasitə heroin, 5 ədəd şpris, 2 ədəd şüşə ampul və 1 ədəd göy-gümüşü rəngli boruşəkilli əşya hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs evinə və üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar