Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-30/2025 21.10.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyətilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan rayonu, S.Yesenin küçəsi 87-də qeydiyyatda olan, Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsi, ev 76-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,123 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, “SOCAR” YDM-ə kimi daşımış, həmin gün orada saat 22:48 dəqiqədə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış üzərində videoçəkiliş ilə yoxlama aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində 1,123 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 2-3 ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən yalnız çəkmək yolu ilə istifadə edir, həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən özü qəbul etmək məqsədi ilə əldə edir. Saxlanılmamışdan 2-3 gün əvvəl «İnstaqram» sosial şəbəkəsində narkotik vasitələrin satışı elanı görüb həmin elanda qeyd olunan tanımadığı şəxslə onlayın yazışmış və ondan narkotik vasitə və ya psixotrop maddə satmasını xahiş etmişdir. Həmin şəxs ona kart nömrəsi göndərmiş, həmin gün Pirallahı qəsəbəsində yerəlşən K.Rzayev küçəsində yerləşən «Oba» marketin içində olan «MilliÖn» ödəmə terminalından ona göndərilən karta 50 manat pul göndərmişdir. Həmin şəxs ona narkotiki götürəcəyi yerin şəkilini göndərmişdir. Yəni Maştağa qəsəbəsində yerləşən bazarın yaxınlığında qaz turbasının şəkilini göndərib turbanın altına qoyulacağını, sabah yox birisi gün götürə biləcəyini dedmişdir. 2 gündən sonra, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində Pirallahı qəsəbəsində taksi kimi tanıdığı Taleh adlı şəxsin yolun kənarında dayandığını görüb ona yaxınlaşaraq onu Maştağa qəsəbəsinə aparıbgətirməsini xahiş etmiş və bunun üçün onunla 20 manata razılaşmışdır. Birlikdə Maştağa qəsəbəsinə bazarın yanına getmişlər, o, maşından düşüb Talehə onu maşında gözləməsini, 3-5 dəqiqəyə qayıdacağını demişdir. O, bazarın yaxınlağında olan həyət evlərinə tərəf getmiş, narkotik vasitənin qoyulduğu yerin şəkili olan ona məxsus «Samsung J-3» markalı mobil telefonum xx.xx.2025-ci il tarixdə saat 16 radələrində balığa gedərkən dənizə düşdüyü üçün həmin yeri bir qədər axtarmış, tapdıqdan sonra götürüb təkrar həmin taksi ilə Pirallahı qəsəbəsinə qayıtmışdır. Yanacaq vurmaq üçün taksi Pirallahı qəsəbəsində yerləşən «Socar» YDM-ə girib dayanmış, bu vaxt 4 nəfər mülkü geyimli polis işçiləri onları saxlayıb özlərini təqdim etdilər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və gəzdirilmsində şübhəli olduğunu və üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş digər əşya, sənəd və sair varsa təqdim etməyini bildrdikdən sonra o, artıq hər şeyin polis işçilərinə aydın oluğunu bildiyi üçün etiraz etməmiş və əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyduğu 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini polislərə təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin polis işçiləri tərəfindən götürülərək qablaşdırılmış, üzərindən sübut əhəmiyyətinə malik ola biləcək başqa heç nə aşkar olunmamışdır. Daha sonra o, Pirallahı RPİ-nə gətirilmış, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamını üzərindən şübhə doğuracaq hər hansı predmet, əşya və sair aşkar olunmasa da qeyd olunan yerdən əldə etdiyi psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manat müqabilində almış, həmin maddəni satmaq eləcədə pay vermək niyəti olmamış, saxlanılarkən və polis idarəsində zorakılığa məruz qalmamışdır. O, törətdiyi cinayət əməlini səmimi etiraf etdi və əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Bir neçə gün bundan öncə Zaurla evinin yaxınlığında rastlaşmış, söhbət əsnasında o, Zaura taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 17 radələində Zaur ona zəng vuraraq Maştağa qəsəbəsinə 20 manata onu aparıb gətirməyini istəmişdir. Zauru qəsəbə sakini kimi tanıdığından onunla razılaşmışdır. O, Zauru onun yaşadığı evin yaxınlığından götürmüş və Maştağa qəsəbəsinə aparmışdır. Orada Zaurun dediyi yerdə maşını saxlamış, Zaur isə onu bir neçə dəqiqə gözləməyini xahiş edib getmişdir. Təxminən 7-8 dəqiqədən sonra Zaur geri qayıdaraq maşına əyləşmiş və onlar Pirallahı rayonuna qayıtmışlar. O, avtomobilində benzinin azaldığını görmüş, S.Vurğun küçəsində yerləşən “SOCAR” YDM-nə daxil olmuşdur. YDM-də mülki geyimli şəxslər onun idarə etdiyi 99TA853 dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları çəkilişlə onun və Zaurun üzərinə baxış keçirtmişdir. Həmin vaxt Zaurun üzərindən kiçik büküm aşkar olunmuşdur. Sonra polis əməkdaşları Zaurla onu polis idarəsinə aparmışlar. Bundan sonra videoçəkilişlə onun idarə etdiyi 99TA853 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və qeyri qanuni heç nə aşkar olunmamışdır. Onun izahatı alındlqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşları Şahid1, Şahid5, Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 22:48 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, “SOCAR” YDM-də Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl üzərində olan narkotik vasitə və ya hər hansı bir qeyri qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ şəffaf kristal rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxardaraq onlara təqdim etmiş və həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş həmin kütlə qablaşdırılmış və imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və RPİ-nin CAB-ın əməkdaşları Şahid1, Şahid5, Şahid3, Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Pirallahı RPİ-nin əməliyyat müvəkkilləri Şahid3 Şahid4 ifadəsində göstərdiklərini təsdiqləyərək analojı ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid5 Şahid4 ifadəsində göstərdiklərini təsdiqləyərək analojı ifadə vermişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan və qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2416 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N-137” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan .... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,123 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir . Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,123 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 1,073 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Pirallahı RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4658 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-da (F11x2) Opioidlərin qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 333.1, 333.2-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 1 il intizam xarakterli h/h-də saxlama cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 66.3, 66.5, 68-ci maddəsi tətbiq olunmaqla 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.3cü maddəsi tətbiq olunmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,073 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 440 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 110 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,073 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 440 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 110 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Pirallahı filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-30/2025
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-30/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver