Məhkəmə qərarları › İş №1(094)-31/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-31/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-31/2024 26.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 37 inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 305 qram narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2024-cü il tarixdə saat 20:30 dəqiqədə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, Fitnes klubun qarşısında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş, idarədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əlində olan rəngli sellofan bağlamanın içərisində təmiz çəkisi 305 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2-3 il olar ki, narkotik vasitə marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan marixuana almaq qərarına gəlmiş, bu məqsədlə saat 17 radələrində yaşadığı ünvandan çıxaraq Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində adını bilmədiyi, lakin bir neçə dəfə narkotik vasitə marixuananı aldığı şəxsi görmüş, ona yaxınlaşaraq marixuana almaq istədiyini və 80 manat pulu olduğunu demişdir. Həmin şəxs ondan olduğu yerdə gözləməsini demiş və getmiş, bir neçə dəqiqə keçdikdən sonra əlində rəngli sellofanla həmin yerə gəlmişdir. Həmin şəxs əlində olan rəngli sellofanı ona vermiş, o, 80 manatı verib bağlamanı götürərək Pirallahı rayonuna qayıtmışdır. Həmin gün saat 20:30 radələrində Pirallahı rayonu, S.Vurğun küçəsi, Fitnes klubun yaxınlığında olarkən 2 nəfər polis işçisi ona yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Pirallahı RPİ-nə getməli olduğunu bildirmişlər. Hər şeyin polis işçilərinə məlum olduğunu anladığı üçün onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən vəkil ona təqdim edildikdən sonra video-çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarış aparılmadan əvvəl polis işçiləri tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə o, könüllü olaraq əlindəki və içərisində narkotik vasitə marixuana olan 01 ədəd rəngli sellofan paketi, eləcə də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd kapital banka məxsus bir kartı, 02 ədəd açar və 01 ədəd siqaret qutusunu masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən rəngli sellofan bağlama açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı bağlamanın içərisində olan kütlənin narkotik vasitə marixunana olduğunu demişdir. O, ondan aşkar olunmuş narkotik vasitə marixuananı xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata almış, onu satmaq, eləcə də kiməsə pay vermək niyəti olmamış, şəxsi istifadəsi üçün almış, göstərilən tarixdə və yerdə üzərindən narkotik vasitə marixuana aşkarlanan zaman və ya polis idarəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilməmiş, onun qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etmişdir. Onun mobil telefonu yoxdur, narkotik vasitəni alarkən heç kimlə əlaqə saxlamamış, polis işçiləri onu Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, Fitnes klubun yaxınlığında saxlamışlar. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ-nin rəhbərliyindən müvafiq icazə alınmış və Pirallahı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Pirallahı, rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Fitnes kulubun yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş, müdafiəçi ilə təmin edilmiş, sonra videoçəkilişlə onun, RPİ-nin ÇAŞ-ın əməliyyat müvəkkili Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan 01 ədəd rəngli bağlamanı masanın üzərinə qoyaraq həmin bağmada narkotik vasitə marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman 01 ədəd alışqan, 01 ədəd kapital banka məxsus bir kart, 02 ədəd açar və 01 ədəd siqaret qutusu da aşkar olunmuşdur. Aşkar edilmiş 01 ədəd bağlamaya baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş marixuananın ona məxsus olduğunu, onu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata manata əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə marixunaya bənzər kütlə olan 01 ədəd bağlama qabaşdırılmış, möhürlənmiş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış, iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* N-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd rəngli polietilen bağlamadan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1488 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik madəyə bənzər kütlə …. » yazı və imzalar olan bir ədəd rəngli polietilen bağlamada şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofanda təmiz çəkisi-305 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir – qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 305 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 304,95 qram. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Pirallahı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6199 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmçinin məhkəmə cəza təyin edərkən cinayətin predmeti olan (marixuana) narkotik vasitənin kategoriyasını da nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin predmeti olan (marixuana) narkotik vasitənin kategoriyasını, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, yəni 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və həmin cəza CM-nin 69.3-cü maddəsinə əsasə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 304,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 70 (yetmiş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, yəni 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və həmin cəza CM-nin 69.3-cü maddəsinə əsasə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 304,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxsdən 70 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (360 manat) və məhkəmə baxışı (60 manat) zamanı müdafiə edilməsinə görə cəmi 420 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar