Məhkəmə qərarları › İş №1(094)-33/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-33/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-33/2023 12.09.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-20/2023 saylı 13 aprel 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023 tarixdə yaşadığı ünvanın yaxınlığında tanışı Məcid adlı şəxsdən şəxsi istifadəsi üçün 70 manata 01 ədəd metadon dərman pereparatı və 04 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.290 qr, 0.180qr, 0.246qr, 0.145 qr olan ümumi çəkisi 0.861 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yaxınlığında piyada hərəkət edərkən Pirallahı RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən saxlanılaraq RPİ-ə gətirilib üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd metadon dərman pereparatı və 04 ədəd siqaretin kağızına bükülmüş qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik maddə olan heroini ineksiya yolu ilə, narkotik vasitə metadonu isə həb kimi ağrıları olan zaman qəbul edirmiş. Hər dəfə narkotik vasitə lazım olduqda Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə alaraq istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini əvvəllər tanıdığı Məcid adlı şəxslə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə heroin və metadon istəmiş. Məcid onda narkotik vasitə heroin və metadon olduğunu bildirərək onunla yaşadığı evin yaxınlığında görüşməyi təklif etmişdir. O, Məcidlə yaşadığı evinin yaxınlığıda saat təxminən 00:00 radələrində görüşərək ondan 70 manat müqabilində 03 ədəd metadon dərman pereparatı və 04 ədəd siqaret kağızına bükülmüş heroin almışdır. Aldığı 03 ədəd metadon dərmanından yaşadığı evdə 02 ədədini qəbul etmiş, 01 ədəd metadonu və 04 ədəd siqaret kağızına bükülmüş heroini isə sonraya saxlamışdır. Ertəsi gün yenidən Məcidlə əlaqə saxlayaraq yenidən metadon dərman pereparatı istəmiş, Məcidə pulunun olmadığını aldığı 04 ədəd siqaret kağızına bükülmüş heroini ona qaytarıb, əvəzində ona metadon dərman preparatını verməsini istəmişdir. Daha sonra o, Məcidlə görüşə gedən zaman S.Vurğun küçəsində yerləşən qəbristanlığın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Orada öz xahişi ilə dövlət hesabına vəkillə təmin edilmiş, otaqların birində vəkilin iştirakı ilə üzərində olan qanunsuz əşya və predmetləri könüllü təqdim etmək təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 04 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd metadon dərman pereparatını çıxardaraq masanın üzərinə qoymuşdur. İştirakçıların iştirakı ilə həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin və bir ədəd dərman preparatı metadona oxşar maddə aşkar edilmişdir. Sonra həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına 04 ədəd bükümdə narkotik vasitə heroini və üç ədəd metadon dərman preparatını xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini Məcid adlı şəxsdən 70 manat pul müqabilində özünün istifadəsi üçün aldığını, metadon dərman preparatından 02 ədədini istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır, səhvini başa düşür. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanıyır və ona narkotik vasitə satmayıb. Hər ikisi narkoman olduğu üçün təmənnasız olaraq ona 01 ədəd metadon həbi veribmiş. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Pirallahı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əkməsi, əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşqul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə idarə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o rəhbərlik etmişdir, əməliyyat qrupuna Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yaxınlığında olması müəyyən etdikdən sonra, ona yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışını həyata keçirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmasını bildirmişlər, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar o, polis idarəsinə dəvət olunmuş. Təqsirləndirilən şəxs etiraz etməyərəkonlarla birlikdə polis idarəsinə getmiş, polis idarəsində xidməti otaqların birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək ona hansı səbəbə polis idarəsinə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini Şahid3 satış məqəsdi olmadan şəxsi istifadəsi üçün əldə etdiyi 04 ədəd bükümdə siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini və 01 ədəd metadon dərman preparatını masanın üzərinə qoymuşdur, həmin 04 ədəd bükümlər açıldıqda içərisində heroinə bənzər maddə olması və 01 ədəd üzərində methadone yazısı olan dərman preparatı olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmış, üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərindən aşkar edilmiş, 04 ədəd siqaret kağızına bükülmüş tozşəkilli heroinə bənzər maddəni və 01 ədəd metadon dərman preparatını tutulmamışdan əvvəl Pirallahı rayon sakini Şahid3 aldığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 Elbrus oğlunun elan edilmiş ifadəsi ilə onun da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edilmişdir. Cinayət işinin 42-45-ci vərəqələrində olan olan Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 6/2141 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,290 qr, 0,180 qr, 0,246 qr, 0,145 qr, ümumi çəkisi- 0,861 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan 01 ədəd qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. Qeyd: -təmiz çəkisi 0,861 qram olan narkotik vasitə heroinin 0,20 qramı tədqiqata sərf edilmiş, 0,661 qram hissəsi qalıq qalmışdır, Metadon həbinin ½ hissəsi tədqiqata sərf edilmiş, ½ hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Heroin və Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına daxildir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin 25 may 2023-cü il tarixli, 3213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-128-ci vərəqələrində olan İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 6/2142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3 üzərindən…” sözləri və imzalar qeyd edilmiş kağız paketi açdıqda 02 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan ümumilikdə 05 ədəd həb metadon tərkibli dərman preparatıdır və həmin həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,20 qram təşkil edir. Cinayət işinin 131-134-cü vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 6/2754 nömrəli rəyindən görünür ki, Şahid3 üzərindən aşkar edilmiş metadon tərkibli dərman preparatı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadon tərkibli dərman preparatı xarici əlamətlərinə və tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkiblidir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli sübutların qiymətləndiriliməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,290 qr, 0,180 qr, 0,246 qr, 0,145 qr, ümumi çəkisi- 0,861 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan 01 ədəd qəhvəyi rəngli metadon həbi maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,661 qram narkotik vasitə heroin və ½ hissə metadon həbi saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 52-53-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Pirallahı Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmiş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.20219-cu il tarixdə cəza müddəti başa çatmışdır. 2) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. 3) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,661 qram olan narkotik vasitə heroin və ½ hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 55,00 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 20 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,661 qram olan narkotik vasitə heroin və ½ hissə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar