Məhkəmə qərarları › İş №1(094)-34/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №1(094)-34/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-34/2025 06.01.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxin qanuni nümayəndəsi Qanuni nümayəndə, X1 iştirakları ilə xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsi, ev 106-da qeydiyyatda olmaqla yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 400 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 4-ün yaxınlığına kimi daşımış, həmin gün orada saat 00:05 dəqiqədə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış üzərində videoçəkiliş ilə yoxlama aparılan zaman sol əlində olan narıncı rəngli kağız poketin içərisində 01 ədəd qara sellofan bağlamada içərisində 400 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 01 ədəd bağlamada aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli etiraf edərək etdiyi əməldən peşman olduğunu, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxin qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin əməliyyat müvəkkli Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin əməliyyat müvəkkli Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin əməkdaşı Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 00:05 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl üzərində olan narkotik vasitə və ya hər hansı bir qeyri qanuni əşyalara təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol əlində olan narıncı rəngli kağız poketin içərisində 01 ədəd qara sellofan bağlamanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni onlara təqdim etmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş həmin kütlə qablaşdırılmış və imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİnin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün qanuni nümayəndə qismində anası Qanuni nümayəndə Pirallahı RPİ-nə dəvət olunmuş və o, müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun, RPİ-nin əməkdaşı Şahid2 və Şahid3, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınaraq dəvət edilmiş anası Qanuni nümayəndə eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bağlamaya baxış keçirilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol imzalanmışdır. O, də öz növbəsində protokolu imzaladığını bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmaq və icraata qəbul etmək barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/1122 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs üzərindən götürülmüş …» yazı və imzalar olan zərfdə 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi -400,0 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq - 399,95 qram. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5977 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının:

1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.13. cinayət törədərkən 18 yaşına çatmamış şəxslər; 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 399,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 89,0 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 399,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 89,0 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (550 manat) və məhkəmə baxışı (165 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 715 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Pirallahı filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar