Məhkəmə qərarları › İş №1(094)-37/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-37/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-37/2023 17.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-27/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus, ünvan 4 ünvanında yerləşən mənzilinə, mənzilin yataq otağının plastik pəncərəsindən qanunsuz olaraq gizli yolla daxil olaraq orada olan paltar şkafının içərisində asılmış pencəyin içəri döş cibində saxlanılan 1000 manat pulu, 6 ədəd 50 ABŞ dollarını, 9 manat 82 qəpik dəyərində 1 ədəd 10 gürcü larisini və 1 ədəd 5 gürcü larisini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 1519 manat 82 qəpik miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə X3 məxsus Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə C.Cabbarlı 39 ünvanında yerləşən mənzilə plastik pəncərəsindən qanunsuz olaraq gizli yolla daxil olaraq mənzildən 1 ədəd “Sony” markalı televizor və evin həyətyanı sahəsində olan 1 ədəd dəmir qapını gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs X3 ümumilikdə 400 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 05 iyun 2023cü il tarixdə tanıdığı Zaur adlı şəxsin həbs olunduğunu eşitmiş, o Zaurun evdə tək yaşadığını bildiyi üçün onun yaşadığı evə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 22 radələrində yaşadığı evdən çıxaraq Zaurun yaşadığı ünvanın yaxınlığına getmiş, ətrafda heç kimin olmadığını görərək birinci qapının açıq olub olmadığını yoxlamış, qapı açıq olduğu üçün darvazadan içəri daxil olmuş, evin giriş qapısına yaxınlaşan zaman pəncərlərin sınıq vəziyyətdə olduğunu görüb pəncərəni açıb içəri daxil olmuşdur. Evdə divardan asılı vəziyyətdə olan 02 ədəd televizoru çıxardaraq giriş qapısının yanındakı otağa qoymuşdur. Televizorlardan birini götürmüş və həyətdə olan qapını çıxararaq ünvanı tərk emişdir. Səhəri gün oradan götürdüyü qapını Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllənin yaxınlığında yerləşən metal qəbulu dükanına 7 manata satmışdır. Televizoru isə Laçın marketin yanında olan dükana satmaq üçün təklif etmiş, satıcı müdürün olmadığını bildirdiyi üçün o, televizoru orada saxlayıb müdür gəlib baxdıqdan sonra gələcəyini bildirmişdir. Bundan başqa o, 12 may 2023-cü il tarixdə saat 23 radələrində ev sahibinin evdə olmadığını bilib Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən binanın ikinci mərtəbəsində yerləşən mənzilə arxa hissəsində olan dəmir dayaqların vasitəsi ilə qalxmış, pəncərəni vintaçan ilə açaraq içəri daxil olub yataq otağında olan dolabda pencəyin cibindən 1000 manat pulu, 6 ədəd 50 ABŞ dollarını və 15 gürcü larisini götürmüşdür, o həmin pulları şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi X4 dəymiş ziyanı ödəyib, X2 ona qarşı şikayət və tələbləri yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X6 göstərdi ki, 04 iyun 2023-ci il tarixdə o narkotik vasitələrin istifadəsində şübhəli olduğundan tutulmuş, mərhum oğlu X5 onun yaşadığı Bakı şəhəri ünvan 7 ünvanına gedərkən evdən 01 ədəd Sony markalı işləməyən televizorun və həyətdə olan 01 ədəd dəmir qapının oğurlandığını müəyyən etdikdən sonra buradə polisə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə böyük oğlu Novruzun iki azyaşlı övladının Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhriyar şadlıq sarayında kiçik toyu idi. xx.xx.2023-cü il tarixdə o, ailə üzvləri ilə birgə saat 16 radələrində yaşadıqları ünvanı tərk edərək həmin toy məclisinə getmiş, gecə saat 01 radələrində toydan çıxaraq yaşadığı ünvana gəlmiş, ünvanda yataq otagında pəncərənin açıq olduğunu görmüş, lakin fikir verməmişdir. Ertəsi gün saat 14 radələrində ona pul lazım olduğu üçün yataq otağında olan dolabda pencəyin cibindən pulu götürmək istəyərkən pulun yerində olmadığını aşkar etmişdir. Sonra pəncərəyə yaxınlaşarkən pəncərəyə kənar müdaxilə olunduğunu gördükdən sonra bu barədə polis idarəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə penəcəyin cibində 1000 manat, 6 ədəd 50 ABŞ dolları və 15 gürcü larisi olmuşdur. Həmçinin evdə olan əşyaların heç biri dağınıq hala salınmamışdır. Ümumilikdə ona 1519 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Buna görə də onun təqsirləndirilən şəxsə qarşı şikayəti var, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, təxminən 2022-ci ilin dekabr ayından Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllənin yaxınlığında yerləşən metal qəbulu dükanında işləyir. xx.xx.2023-cü il tarixdə metal qəbulu dükanında olarkən təxminən saat 10:30 radələrində bir nəfər şəxs dükana dəmir qapı gətirərək satmaq istədiyini bildirmiş, o, qapını tərəzidə çəkmiş və qapının çəkisinin 17 kiloqram olduğunu müəyyən etdikdən sonra həmin şəxsə qapıya görə 7 manat pul ödəmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 2023-cü ilin iyun ayında Pirallahı rayonu Laçın marketin yaxınlığında yerləşən satıcı işlədiyi telefon dükanına bir nəfər şəxs əlində televizorla daxil olaraq usta lazım olduğunu bildirmişdir. O, ustanın hal-hazırda şəhərdə olduğunu axşam saatlarında gələcəyini bildirdikdən sonra, həmin şəxs televizoru dükana qoyaraq usta gələndən sonra axşam gələcəyini bildirsədə bir daha dükana gəlməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünrü ki, 14 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan 14 may 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan 07 iyun 2023-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi barədə qərardan görünür ki, vət.X1 müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/208 saylı material ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan 07 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 52-53-cü vərəqələrində olan şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-cı vərəqəsində olan 08 iyun 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-27/2023 saylı 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan 20 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs X5 vəfat etdiyi üçün X6 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5225/2023 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1x2 ölçüdə olan dəmir qapının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 70,00 manat müəyyən olunur. Digər qərarda göstərilən Sony markalı 82 ekran işləməyən televizorun hansı səbəbdən işləməməsi məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 111-ci vərəqəsində olan 13 iyul 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 01 ədəd 1x2 ölçüdə olan dəmir qapı və 01 ədəd Sony markalı 82 ekran işləməyən televizor maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin hüquqi varisinə təhvil verilmişdir. Cinayət işinin 113-114-cü vərəqəsində olan zərərçəkmiş şəxsin hüquqi varisinin əlavə dindirilməsi protokolundan görünür ki, X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5225/2023 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, hadisə zamanı onlara 400 manat maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Pirallahı Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 67.1-ci maddələri tətbiq edilməklə 03 il 03 ay müddəttə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 7(003)-66/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs 3 (üç) ay 24 (iyirmi dörd) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzr Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-66/2023 saylı qərarı ilə çəkilməmiş 03 (üç) ay 24 (iyirmi dörd) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 13 may 2023-cü il tarixdə hazırda ittiham olunduğu cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tututlmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 07 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar - 01 ədəd 1x2 ölçüdə olan dəmir qapının və 01 ədəd Sony markalı 82 ekran işləməyən televizorun zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 7 avqust 2020-ci il tarixli 1(094)-16/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 24 (iyirmi dörd) hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 03 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 01 ədəd 1x2 ölçüdə olan dəmir qapının və 01 ədəd Sony markalı 82 ekran işləməyən televizorun zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar