Məhkəmə qərarları › İş №1(094)-4/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-4/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-4/2024 20.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, “28 May” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sahəsində usta vəzifəsində işləyən, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs “28 May” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sahəsində usta vəzifəsində işləyərkən “28 May” NQÇİ-nin rəisi Z.Bağırov tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli «“28 May” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sahəsinin “Quyuların əsaslı və yeraltı təmir xidmət sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri üzrə ustanın vəzifə təlimatı»na əsasən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi qazmaçı köməkçilərini istehsal təlimatı ilə tanış etməli, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsal sanitariyası, avadanlığın və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsini həyata keçirilməsinə, eyni zamanda onlara riayət olunmasına nəzarət etməli olduğu halda, 02 avqust 2023-cü il tarixdə, saat 22 radələrində “28 May” NQÇİ-nin 8 saylı X5 içərisində gil məhlulu olan çənlərin yerdəyişməsi işinə nəzarətin aparılması həvalə edilmiş şəxs kimi, “28 May Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yaraltı təmiri sahəsinin “Quyuların əsaslı və yeraltı təmir xidmət sahəsi”nin Quyuların əsaslı və yaraltı təmiri ustasının vəzifə təlimatının 1.23-cü bəndinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görürlməsi, həmçinin onlara riayət edilməsinə nəzarət edilməsi, 1.38-cü bəndinin işlərin düzgün təşkili və təhlükəsiz aparılması, avadanlıqların, mexanizmlərin, alətlərin, nəzarət-ölçü cihazlarının, mühafizə vasitələrinin istismarına və iş yerlərinin lazımi vəziyyətdə saxlanmasını təmin edilməsi, 1.42-ci bəndinin işçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara, texnoloji rejim və reqlamentlərə əməl etmələri, təhlükəsiz iş üsullarının tədbiqini təmin edilməsi, eləcə də, xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.14.1.14-cü bəndinin yükləmə boşaltma meydançalarının hamar olması və onların mailliyinin 50-dən çox olmaması, 1.14.1.15-ci bəndinin yükləmə boşaltma işləri ilə məşğul olan işçilərin təhlükəsiz hərəkət etmələri və həmçinin, nəqliyyat və xüsusi texnikanın sərbəst manevr etməsi və yerdəyişməsi üçün meydança müvafiq ölçülərə malik olması, döşəməsi isə yerinə yetirilən işlərin tələblərinə uyğun olması, 1.14.1.19-cu bəndinin yüklərin nizamsız vəziyyətdə və divara (tikiliyə və ya hər hansı qurğuya və.s) söykənmiş halda saxlanılmasının (yığılması) qadağan olması barədə tələblərini pozaraq, 02 avqust 2023-cü il tarixdə saat təxminən 22 radələrində “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də gil çənlərinin yerinin dəyişdirilməsi işinin icrasına nəzarət etməmiş və nəticədə ehtiyatsızlıqdan “28 May” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri sahəsində qazmaçı köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs gil çənini nəzərdə tutulmuş əraziyə qoyan zaman ərazi nahamar olduğundan gil çəninin sürüşməsi nəticəsində sonuncunun gil çəni ilə hava kompressoru arasında qalaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid sol tərəfli perenal və tibial sinirlərin kəsiyi, hər iki dördbaşlı əzələ vətərinin tam qopması, hər iki bud sümüyünün açıq, çoxqəlpəli, yerdəyişmiş sınıqları, hər iki budun əzilmiş-cırılmış xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində 2004-cü ildən “28 May” NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexində işlədiyini, işə başladığı andan əmək müqaviləsi bağlandığını, hazırda usta vəzifəsində işlədiyini, usta kimi vəzifələrinin iş yerində iş briqadasında işə rəhbərlik etmək, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyi təmin etmək, gündəlik təlimatları keçmək və digər bunun kimi işlərin yerinə yetirilməsinə cavabdehlikdən ibarət olduğunu, xx.xx.2023-cü il tarixdə iş yerinin “28 May” NQÇİ-nin 8 saylı DDÖ olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində rəhbərliyi altında iş briqdasına təlimatları keçdikdən sonra vəzifələri olan işin icrası ilə əlaqədar DDÖ-nün üst göyərtəsinə getdiklərini, Zərərçəkmiş şəxs ilə birlikdə platformada olan sıxlığa görə gil çəninin yerini dəyişərək gəmiyə vermək üçün işə başladıqlarını, ilmələri çənin üst hissəsində 4 ədəd olan xüsusi yerlərə keçirtdiklərini, kranı idarə edənin Tahir adlı şəxs olduğunu, gil çəni kran vasitəsilə yeri dəyişilərək gəminin çəni götürməsi üçün platformanın üst göyərtəsinin orta hissəsinə daşındığını, həmin vaxt kranı idarə edən şəxsə göstərişləri şəxsən özünün verdiyini, Tahir adlı şəxsə çəni yerə endirməsini dediyini, Tahirin çəni göstərilən yerə, hava kompressorunun yanına endirdiyini, bundan sonra çən yerə endirildikdən sonra çənin üst tərəfində bağlı olan 4 ilmənin özü dayandığı tərəfdə olan 2 ilməsini açdığını, digər tərəfində olan 1 ilməni isə qarşı tərəfində olan Zərərçəkmiş şəxs açdığını, 4 ilmədən 3-ü açıldıqdan sonra çənin içində gilli mayenin olmasının onun hava kompressoruna tərəf sürüşməsinə səbəb olduğunu, bilmədiyi bir səbəbdən Zərərçəkmiş şəxs gil çəni ilə hava kompressorunun arasında dayandığını, çən sürüşdükdən sonra Calal qışqırdığı üçün Calal olan tərəfə keçdiyini, Calalın hava kompressoru ilə çənin arasında qaldığını gördüyünü, həmin vaxt ilk olaraq SOCAR AQŞ-nin 2 nəfər adını bilmədiyi işçilərinin kömək üçün gəldiklərini, daha sonra isə sexin əməkdaşları kömək üçün gəldikdən sonra Zərərçəkmiş şəxs oradan çıxarda bildiklərini, Zərərçəkmiş şəxs xərək vasitəsi ilə digər işçilərlə köməkləşərək yaşayış sahəsinin içərisinə apardıqlarını, tibb məntəqəsinin adını bilmədiyi həkiminin gələrək ilkin tibbi yardım göstərdiyini, quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi Şahid7 bu barədə məlumat verdiyini, bundan sonra sifarişlə göndərilmiş vertolyotun gəldiyini, Zərərçəkmiş şəxs ilə birlikdə Zabrat limanına getdiklərini, orada onları qarşılayan TTY briqadasının Zərərçəkmiş şəxs onunla birlikdə Məlhəm hospitalına apardıqlarını, Zərərçəkmiş şəxs orada ilkin müayinə olunduğunu və Zərərçəkmiş şəxs qəbul etdiklərini bildirdi. Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə bildirdi ki, dövlət ittihamçısı tərəfindən barəsində azadlığın məhdudlaşdırılması cəzası tələb olunsa da, o, 15 günlük növbə şəklində işləyir. Yəni 15 gün evdə 15 gün dənizdə işdə olur. Azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun işdən çıxmasına səbəb olacaqdır. Ailəni dolandıran şəxs odur. Odur ki, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 2004-cü ildən “28 May” NQÇİ-də işləsə də, “28 May” NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sahəsində 2017-ci ildən işlədiyini, hazırda qazmaçı köməkçisi vəzifəsində işlədiyini, işə düzəldiyi andan şirkətlə əmək müqaviləsi bağlandığını, əsas vəzifəsinin quyuların əsaslı təmiri, quyulara boruların endirilməsi və qaldırılması, boruların dəyişdirilməsi və s. işlərdən ibarət olduğunu, iş rejiminin 15 gün dənizdə, iş sahəsində olmaqla digər 15 günün istirahət günü kimi hesablandığını, 20 iyul 2023-cü il tarixdə növbəti işə başlamaq üçün Pirallahı rayonunda yerləşən vertolyot meydançasına gələrək briqada yoldaşları ilə birlikdə vertolyot ilə iş yerinə getdiklərini, növbəti işə briqada ilə çıxdıqlarını, briqadada təxminən 10 nəfər işçinin olduğunu, ümumi işlərə ustanın nəzarət etdiyini, yəni, iş yerində rəhbərin usta olduğunu, gündəlik təlimatları ustanın keçdiyini, həmin növbədə ustanın Təqsirləndirilən şəxs, qazmaçının isə Şahid8 olduğunu, işə başladığı andan 12 saat işlədikdən sonra növbəti 12 saatı istirahət etdiyini, bunun bütün işçilərə aid olduğunu, 02 avqust 2023-cü il tarixdə axşam saat 20:00-da iş saatı başladığı üçün “işdən öncə təlimatlandırma vərəqi”ni imzalayıb işə başlamaq üçün iş sahəsinə doğru getdiklərini, həmin vərəqdə dəqiq xatırlamasa da, 303 saylı quyuda boruların endirilməsi işinin icrasının göstərilməsini bildiyini, briqada ilə birlikdə 303 saylı quyuda işləmək üçün həmin quyuya getdiyini, təxminən 45 dəqiqə quyuda işlədikdən sonra Təqsirləndirilən şəxs gələrək gil çəninin yerinin dəyişdirilməsi üçün kömək lazım olduğunu dediyini, Təqsirləndirilən şəxs 5-10 dəqiqə gözləməsini, daha sonra işin icrası üçün gedə biləcəyini dediyini, Təqsirləndirilən şəxs bununla razılaşdığını, su içib istirahət etdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə gil çəninin yerinin dəyişdirilməsi üçün platformanın üst göyərtəsinə getdiklərini, həmin vaxt kranı idarə edən şəxs Tahiri çağırdıqlarını, Tahir gəldikdən sonra gil çənini yuxarı hissəsində künclərdən 4 ilmə ilə kranın qoşqu hissəsinə bağladıqlarını, çənin yerini dəyişdirərkən çənə istiqamət vermək üçün çənə bitişik olan boruya kəndir bağladıqlarını, çən hava kompressoruna tərəf çatdıqda Təqsirləndirilən şəxs Tahirə işarə verərək çəni endirməsini deməsini, çən endikdən sonra çənin dizel generatorlarına baxan tərəfin, yəni qərb tərəfin iki ilməsini açdığını, digər tərəfdəki iki ilmənin birini Təqsirləndirilən şəxs açdıqdan sonra sonuncu tərəfin hava kompressoru tərəfdən ilməsini açmaq üçün gil çəni ilə hava kompressoru arasına keçdiyini, 4-cü, yəni sonuncu ilməni açmaq istəyərkən əlini ilməyə tərəf uzatdığını, bundan sonra nə olduğunu xatırlamadığını, həmin vaxt huşunun getdiyini, gözünü açdıqda uzanaqlı vəziyyətdə olduğunu, başının üstündə işçilərin olduğunu gördüyünü, həkim ilkin tibbi yardım göstərdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə vertolyota aparılaraq təxliyə olunduğunu, Zabrat Limanına çatıb, oradan TTY avtomobili ilə “Məlhəm” hospitalına gəldiklərini, bundan sonra həmin hospitalda əməliyyatlar olduğunu, ilk əməliyyatının xx.xx.2023-cü il tarixdə, ikinci əməliyyatının xx.xx.2023-cü il tarixdə və sonuncu əməliyyatının isə xx.xx.2023-cü il tarixdə uğurla həyata keçdiyini, hazırda ağrıları olsa da, ümumilikdə səhhətinin normal olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən onunla barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində, 2013-cü ildən “28 May” NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexində işlədiyini, işə başladığı andan əmək müqaviləsi bağlandığını, hazırda sahə rəisi vəzifəsində işlədiyini, sahə rəisi kimi vəzifələrinin sahəyə alət və avadanlığın verilməsi, sahədə işin təşkili, ümumi nəzarət, müavinlərə, ustalara və böyük ustalara tapşırıq vermək və s. ibarət olduğunu, iş sahəsində görülən işlərin qabaqcadan baş mühəndis tərəfindən təsdiq olan iş planına uyğun olaraq həyata keçirildiyini, birbaşa olaraq iş planında göstərilən işlərin icrasını tamamlamaq üçün bu istiqamətdə tapşırıqlar verdiyini, həmçinin, sahədə görülən işlərə ümumi rəhbərliyi və nəzarəti həyata keçirdiyini, işinin təxminən 1 həftə dənizdə yəni, iş sahəsində olmaqla digər 1 həftə isə istirahət günü kimi hesablandığını, 25 iyul 2023-cü il tarixdə növbəti işə başlamaq üçün Pirallahı rayonunda yerləşən vertolyot meydançasına gələrək vertolyot ilə iş yerinə getdiyini, quyuların əsaslı və yeraltı təmiri sexində briqadalarda təxminən 10 nəfər işçinin olduğunu, briqadada ümumi işlərə ustanın nəzarət etdiyini, yəni, iş yerində rəhbərin usta olduğunu, gündəlik təlimatları ustanın keçdiyini, həmin növbədə ustanın Təqsirləndirilən şəxs olduğunu, işə başladığı andan 10,5 saat işlədikdən sonra istirahət etdiyini, xx.xx.2023-cü il tarixdə hadisə vaxtı 12 saylı briqadanın “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də işlədiyini, xx.xx.2023-cü il tarixdə Cilov adasında olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 21:45-də istirahətdə olarkən usta Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də Zərərçəkmiş şəxs xəsarət alması barədə məlumat verdiyini, “28 May” NQÇİ-nin rəisi Şahiddin İsmayılov ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verdiyini, idarə rəisi Şahiddin İsmayılovun tapşırığı ilə idarənin SƏTƏM xidmətinə tapşırıq verildiyini, 8 saylı DDÖ-yə sanitar helikopter göndərildiyini, təxminən axşam saat 22 radələrində şəxs təxliyyə olunaraq Məlhəm hospitalına aparıldığını, daha sonra usta Təqsirləndirilən şəxs hadisə barədə izahat alındığını, həmin izahatda Təqsirləndirilən şəxs ikinci növbə işə başlayarkən işçilərə təlimat keçdiyini, Zərərçəkmiş şəxs 5 kubluk gil çənlərinin yerinin dəyişdirilməsini tapşırdığını, həmin çənin ilmələrini açarkən, boru pastamentinin gediş yolu və gil çəninin arasında sıxışdığını gördüyünü, çəni araladığını və Zərərçəkmiş şəxs oradan çıxararaq tibb məntəqəsinə apardığını deməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid7 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində, 2006-cı ildən “28 May” NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexində işlədiyini, işə başladığı andan əmək müqaviləsi bağlandığını, hazırda qazmaçı vəzifəsində işlədiyini, qazmaçı kimi vəzifələrinin buruqların quraşdırılması, blokun talkanatının telləndirilməsi, aqreqatların, qaldırıcı maşınların mərkəzləşdirilməsi, quyuların yastı və konus möhürlə yoxlanılması və s. ibarət olduğunu, işinin 15 gün dənizdə yəni, iş sahəsində olmaqla digər 15 gün istirahət günü kimi hesablandığını, 20 iyul 2023-cü il tarixdə növbəti işə başlamaq üçün Pirallahı rayonunda yerləşən vertolyot meydançasına gələrək briqada yoldaşları ilə birlikdə vertolyot ilə iş yerinə getdiyini, briqadada təxminən 10 nəfər işçinin olduğunu, briqadada ümumi işlərə ustanın nəzarət etdiyini, yəni, iş yerində rəhbərin usta olduğunu, gündəlik təlimatları ustanın keçdyini, həmin növbədə ustanın Təqsirləndirilən şəxs olduğunu, işə başladığı andan 12 saat işlədikdən sonra, növbəti 12 saatı istirahət etdiyini, xx.xx.2023-cü il tarixdə hadisə vaxtı 12 saylı briqadanın “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də işlədiyini, xx.xx.2023-cü il tarixdə axşam saat 20:00 da işdən öncə təlimatlandırma vərəqini imzaladıqdan sonra işə başlamaq üçün platformada yerləşən 303 saylı quyuya getdiklərini, işdən öncə təlimatlandırma vərəqində 303 saylı quyuda boruların endirilməsi və qaldırılması, həmçinin çənlərin yerinin dəyişdirilməsinin nəzərdə tutulduğunu, briqada formasında 303 saylı quyuda işlərini icra etmək üçün həmin quyuya getdiklərini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs isə çənlərin yerinin dəyişdirilməsi işinin icrası üçün ayrı getdiklərini, həmin gün axşam təxminən 22 radələrində platformaya vertolyotun yaxınlaşdığını və bundan sonra vertolyotun nə məqsədlə gəldiyini soruşduqda Zərərçəkmiş şəxs xəsarət aldığını öyrəndiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9, Şahid1, Şahid3 və Şahid4 ifadəsində digər Şahid8 ifadəsindəki xüsusatları göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində, Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində, 2009-cu ildən “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də kran maşinisti vəzifəsində işlədiyini, işə başladığı andan əmək müqaviləsi bağlandığını, xx.xx.2023-cü il tarixdə “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də axşam təxminən 09 radələrində usta Təqsirləndirilən şəxs və qazmaçı köməkçisi Zərərçəkmiş şəxs ilə birlikdə gil çəninin yerlərinin dəyişdirilməsi işi ilə məşğul olduqlarını, usta Əlifağanın göstərişi ilə gil çənini nəzərdə tutulan yerə nəql etdiklərini, “boş gəl” komandası ilə gil çənini yerə endirdiyini, ilmələri boş qoyduqlarını, “stop” komandası ilə işi saxladığını, ilmələri açmağa başladıqlarını, çənin şimal-şərq və şimal-qərb tərəfdəki ilmələrini usta Əlifağanın açdığını, çənin cənub-qərb tərəfində olan 3-cü ilməni Zərərçəkmiş şəxs açdıqdan sonra Zərərçəkmiş şəxs çənin cənub-şərq tərəfində olan 4-cü ilməni açmalı olduğunu, həmin vaxt usta Əlifağanın dərhal görə biləcəyi yerdən ona çən və hava kompressoru tərəfə baxmağını işarə ilə göstərdiyini, çən və hava kompressoru arasına baxdıqda Zərərçəkmiş şəxs çən və hava kompressoru arasında sıxışıb qaldığını gördüyünü, bundan sonra usta Əlifağanın komanda verərək kranı sola istiqamətləndirib asta-asta çəni qaldırmağına göstəriş verdiyini, sonra çən ilə hava kompressoru arasında sıxışıb qalmış Zərərçəkmiş şəxs həmin yerdən çıxardıqlarını, bundan sonra çəni əvvəlki yerinə təhlükəsiz formada endirdiyini, işi saxlayıb krandan düşdüyünü və Zərərçəkmiş şəxs xərəyə qoyub apardıqlarını gördüyünü bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 19 oktyabr 2023-cü il tarixli, 92 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasında aşkar edilmiş xəsarətlər – soltərəfli pereneal və tibial sinirlərin kəsiyi, hər iki dördbaşlı əzələ vətərinin tam qopması, hər iki bud sümüyünün açıq, çoxqəlpəli yerdəyişmiş sınıqları, hər iki budun əzilmiş-cırılmış yaraları müddətləri tibbi sənəddə və qərarda göstərilən 02 avqust 2023-cü il tarixdə və şəraitdə, yəni metal çənin onun bədəni üzərinə dəyməsi nəticəsində əmələ gəlməsi istisna olunmur. Qeyd olunan xəsarətlər dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 05 oktyabr 023-cü il tarixli, 3-16-16/2-10/6722 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Quyuların Əsaslı və Yeraltı Təmir xidmət sahəsi”nin Quyuların Əsaslı və Yeraltı təmiri ustasının vəzifə təlimatının 1.23, 1.38, 1.42 bəndlərinin və “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.14.1.14, 1.14.1.15 və 1.14.1.19 bəndlərinin tələblərinin pozulması, bunun da hadisənin texniki səbəbinin olması, həmçinin, “28 May” NQÇİ-nin 8 saylı DDÖ-də gil çənlərinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, “Quyuların Əsaslı və Yeraltı təmir xidmət sahəsi”nin Quyuların Əsaslı və Yeraltı təmiri ustasının vəzifə təlimatının 1.23, 1.38 və 1.42 bəndlərinin və “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.14.1.14, 1.14.1.15 və 1.14.1.19 bəndlərinin tələbləri “28 May” NQÇİ-nin Quyuların Əsaslı və Yeraltı Təmiri Sahəsinin ustası, tərəfindən pozulduğu görünür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş 28 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, o, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən “Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini tam təmin edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar