Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-43/2023 26.09.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 4 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində tanımadığı İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, şəxsi istifadəsi üçün 40 manat müqabilində 02 ədəd şəffaf selofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,901 qram, 4,877 qram, ümumi təmiz çəkisi 9,778 qram bitki mənşəli qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla, daşımış, 04 iyun 2023-cü il tarixdə saat 22:00-da Pirallahı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq, Pirallahı RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan hərbi geyim formalı şalvarının sol yan cibindən 02 ədəd şəffaf selofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,901 qram, 4,877 qram, ümumi təmiz çəkisi 9,778 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 04 iyun 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 40 manata 02 ədəd şəffaf sellofan paketdə şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana alıb, yaşadığı Pirallahı rayonuna gəlmişdir. Həmin vaxt qəsəbə sakini olan tanışı Şahin adlı şəxs də onunla birlikdə olmuşdur. Qəsəbə ərazisinə gəldikdən sonra Şahinə əldə etdiyi narkotik vasitədən heç bir təmənna olmadan verib onun yaşadığı ünvana getməsini bildirmiş, özü isə marketə getmək üçün ondan ayrılmışdır. 04 iyun 2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onu polis idarəsinə dəvət etmişlər. O etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olması izah edildikdən sonra onun istəyilə dövlət hesabına Müdafiəçi onun müdafiəçisi qismində dəvət edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra razılığı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şalvarın sol yan cibindən şəffaf sellofana qablaşdırılmış 02 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılaraq və içərisindəki kütlə iştirakçılara göstərmişdir. Sorğu zamanı həmin kütlənin marixuana olduğunu və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Bundan sonra həmin bükümlər polis əməkdaşları tərəfindən götürülüb zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 237 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfındən imzalanmışdır. O, həmçinin bildirdi ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur, əldə etdiyi narkotik vasitəni özü istifadə edir. 04 iyun 2023-cü il tarixdə əldə etdiyi narkotik vasitədən bir çəkimlik tanışı Şahin adlı şəxsə təmənnasız olaraq vermişdir. Əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsinə və istifadəsinə görə məhkum olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir formada təziq və güc tətbiq edilməmişdir. X1 xx.xx.2023-cü il tarixdə qətlə yetrilmişdir, bu səbəbdən evə gəlib gedənlər olur, həmçinin 3-cü dərəcəli əlildir, törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 bildirmişdir ki, 04 iyun 2023-cü il tarixdə Pirallahı qəsəbə sakinləri olan “Şahin” və “Zaur” adlı şəxslərin Pirallahı rayonu ərazisində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmaları ilə bağlı Cinayət Axtarş Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 04 iyun 2023-cü il tarixdə saat 22:10-da Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən rus qəbiristanlığının yaxınlığında Şahid1 və Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışlar. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olmaları bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmişlər və müdafiəçi ilə təmin edilmişlər. Sonra videoçəkilişlə onun və RPŞ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan hərbi geyim formalı şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan paketə qablaşdırılmış bükülüləri çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd şəffaf sellofan paket açıldıqda bükümlərin içərisində açıq yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bükümlərin içərisindəki maddələr narkotik vasitə marixuanadır və həmin marixuananı İran İslam Respublikası vətəndaşından 40 manata alıb üzərində saxlamışdır. Həmin narkotik vasitə marixuanaya bənzər maddə olan 02 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfındən həm protokol, həm də zərf imzalanmışdır. Bundan sonra Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid1 üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şahid1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş yaşıl rəngli narkotik maddəyə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm açıldıqda içərisində yaşıl rəngli, spesifık qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Şahid1 bildirmişdir ki, aşkar edilmiş 01 ədəd bükümün içindəki maddə narkotik vasitə marixuanadır və 04 iyun 2023-cü il tarixdə Pirallahı rayonu Pirallahı qəsəbəsində Zaur adlı şəxsdən pulsuz özü istifadə etmək üçün alıb üzərində saxlamışdır. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə marixuanaya bənzər maddə olan 01 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış, iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. O, bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərinə şəxsi- axtarış keçirilən zaman onlara qarşı hər hansı fiziki zor, güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulmuş və cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmiş qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, təxminən 4-5 ildir narkotik vasitə olan marixuana qəbul edir. Pirallahı rayon sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, çox vaxtlarda Zaurun evində olur, ona kömək edir. Dəfələrlə Zaurdan pulsuz marixuana alıb çəkmişdir. Elə olur ki, 10 gün Zaurgilə getmir. 04 iyun 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Zaurla birlikdə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisinə getmişlər. Zaur tanımadığı İran İslam Respublikası vətəndaşından 40 manata 02 ədəd şəffaf sellofan paketdə şəxsi istifadələri üçün narkotik vasitə olan marixuana almış və birlikdə yaşadıqları evin yaxınlığına gəlmişlər. Sonra Zaur ona evinin açarlarını və bir bükümlük marixuana verib demişdir ki, onun evinə getsin, o da gələcək. O, Zaurun evinə getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Adətən Zaur evdə tək olanda onlara gedirmiş. Zaur ona narkotiki pay vermişdir. Bir qədər sonra Zaur ona zəng vurub küçəyə çıxmasını demişdir. Bundan sonra o, küçəyə çıxan zaman polis əməkdaşları onu saxlayıb Polis İdarəsinə gətirmişlər. İdarədə vəkilin iştirakı ilə hüquqları izah edildikdən sonra video çəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. Üzərində olan Zaurun ona verdiyi narkotiki masanın üzərinə qoymuşdur. Sonra üzərinə axtarış keçirilmiş, heç bir əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş. Bütün iştirakçılar protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Cinayət işinin 77-78-ci vərəqələrində olan 04 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən zaman əynində olan hərbi geyim formalı şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan paketə qablaşdırılmış bükülülərdə narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 89-90-cı vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 7/802 saylı rəyindən görünür ki, Vət. Şahid1 götürülmüş təmiz çəkisi 0,257 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: təmiz çəkisi 0,257 qram olan qurudulmuş marixuananın 0,02 qramı tədqiqata sərf edilmiş, 0,237 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat təşkil edir. Cinayət işinin 93-94-cü vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 7/801 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd kiçik sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,901 qram və 4,877 qram, ümumi çəkisi 9,778 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: -təmiz çəkisi 9,778 qram olan qurudulmuş marixuananın 0,04 qramı (hər obyektdən 0,02 qram) tədqiqata sərf edilmiş, 9,738 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat təşkil edir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına daxildir. Cinayət işinin 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 27 iyul 2023-cü il tarixli, 4764 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə”, qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 163-172-ci vərəqələrində olan 03 avqust 2023-cü il tarixli sübutların qiymətləndiriliməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 9,778 qram olan qurudulmuş marixuana maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 9,738 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 110-111-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 iyul 2023-cü il tarixli Tələbnamədən görünür ki, Qafarov X3 Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlildir. İş materiallarında olan X2 surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ağciyərin digər travmaları səbəbindən ölmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, 3-cü dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Pirallahı rayonu Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsi nömrəsiz fərdi ev ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 9,738 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 144,00 (yüz qırx dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (beş) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertizadan sonra qalıq qalan 9,738 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 144,00 (yüz qırx dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-43/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-43/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver