Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-44/2023 10.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Naxçıvan MR Şərur rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Şərur rayonu Şəhriyar kəndində qeydiyyatda olan, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivi 9-cu cənub küçəsi fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə qəsdən vuraraq, ona sağ gözün ağlı qişasının qansızması, sağ alt göz qapağı gözaltı nahiyəsinin qançırı, sağ gözaltı nahiyənin, burun belinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yiıngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun yaşadığı evin qonşuluğunda yaşayır. Aydınla qohumluq münasibəti olmasa da, onunla arasında ədavət və düşmənçiliyi də yoxdur. 30 aprel 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evin qarşısında qardaşı oğlu Vüsalla dayanıb söhbət edən zaman qonşuluqda yaşayan Aydın onlara yaxınlaşmış və iradını bildirərək demişdir ki, pəncərəsi onun həyətinə baxır. O, Aydına demişdir ki, evinin pəmcərəsindən onun hasarı arasında 10 metr məsafə vardır. Həmin vaxt Aydın onun ünvanına xoşagəlməz sözlər deyərək üzərinə tərəf gəlməyə başlamışdır. Bunu gördükdə əllərilə onu özündən kənara itələmiş və həmin vaxt əli Aydının burnuna dəymişdir. Həmin vaxt Vüsal Aydını vurmamış, əksinə onları sakitləşdirmişdir. O, bildirmişdir ki, İ qrup əlildir, fiziki qüsurludur, əlləri işləmir. Baş vermiş hadisə 30 aprel 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında baş vermişdir. Qeyd etdiyi hadisə zamanı əllərilə Aydını itələyərək özündən kənarlaşdırmaq istədikdə əli onun gözünə dəymişdir. Qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə baxmayaraq, onun təqsiri aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı evin qonşuluğunda yaşayır. Təxminən beş il əvvəl o, onun həyat yoldaşına xəsarət yetirdiyi üçün 102 xidmətinə məlumat vermiş, bundan sonra Pirallahı RPŞ-də araşdırma aparılmış lakin nəticəsi barədə onlara məlumat verilməmişdir. 2023-cü ilin Aprel ayında Rəhim özünə məxsus evdə tikinti işləri aparırmış. Rəhimin yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsi onun yaşadığı evin həyətinə açılır. 30 aprel 2023-cü il tarixdə bu barədə Rəhimə iradını bildirdikdə Rəhim ona kobud ifadələrlə cavab vermiş, bundan sonra isə evində işləyən Vüsal adlı qohumu ilə birlikdə onun yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxt Rəhimlə aralarında sözlə mübahisə baş vermiş və Rəhim əli ilə onun göz nahiyəsinə yumruqla vurmuşdur. Nəticədə sağ gözündən xəsarət almış və hazırda həmin gözü zəif görür. Hadisədən sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Onun Təqsirləndirilən şəxs ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir və törətdiyi bu əməlinə görə təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, o, tikinti işləri ilə məşğul olur, yəni fərdi yaşayış evlərində fəhlə kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs onun əmisidir. 2023-cü ilin aprel ayının axırlarında əmisi Rəhimin Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağlar massivində yerləşən evində təmir işləri aparmışdır. 30 aprel 2023cü il tarixdə saat 16:00 radələrində əmisi Rəhimlə, onun yaşadığı evin qarşısında dayanıb söhbət edən zaman qonşuluqda yaşayan Aydın adlı şəxs onlara yaxınlaşaraq evin pəncərəsinin onun həyətinə baxmasını irad tutaraq pəncərəni bağlamasını əmisinə bildirmişdir. Əmisi isə ona bildirmişdir ki, evinin hasarını qaldırsın, bu zaman pəncərə hasarın arxasında qalacaqdır. Aydın isə əmisi ilə razılaşmayaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əmisinin üzərinə gəlməyə başlamışdır. Həmin vaxt əmisi onu əlləri ilə itələyən zaman əli Aydının burun nahiyəsinə dəymişdir. Bunu gördükdə o, onları ayırmışdır. Eyni zamanda bildirmişdir ki, həmin vaxt Aydın adlı şəxsi vurmamışdır əksinə Aydın onu nalayiq sözlərlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, qonşuluqda yaşayırlar. 30 aprel 2023-cü il tarixdə evdə paltar yuyan zaman küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxdıqda Təqsirləndirilən şəxs dirsəyi ilə yoldaşının göz hissəsindən vurduğunu görmüş və qorxduğu üçün müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs təxminən 5 il əvvəl də mübahisə zamanı əli ilə onun başından vurduğu üçün DİN 102 xidmətinə məlumat vermişlər. Bununla bağlı Pirallahı RPİ-də iş açılmış, lakin həmin işin necə yekunlaşmasından xəbərləri olmamışdır. Cinayət işinin 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 02 may 2023-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözün ağlı qişasının qansızması, sağ alt göz qapağı gözaltı nahiyənin qançırı, sağ gözaltı nahiyənin, burun belinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs(şəxslər) tərəfindən yetirilmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Müayinə zamanı aşkar edilmiş xəsarətlər əl çatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetrilməsi inandırıcı deyildir. Cinayət işinin 41-42-ci vərəqələrində olan 01 avqust 2023-cü il tarixli Zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Şərur Rayon Şöbəsi tərəfindən verilmiş 050648 nömrəli vəsiqənin surətindən görünür ki, X3 1-ci qrup əlildir. Cinayət işinin 58-59-cu vərəqələrində olan 07 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs X1 ilə üzləşdirilərkən ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 07 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 95-ci vərəqəsində olan Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Gürgən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 101 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Dübəndi bağ sahəsi 9-cu cənub küçəsində yerləşən evdə yaşayır. İş materiallarında olan Bakı Şəhəri Pirallahı Rayon Polis İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Pirallahı RPİ-də 2018-ci il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində toplanmış material olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, 1-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 20 iş saatına görə 120 (yüz iyirmi) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90,00 (doxsan) manat ümumilikdə 35 iş saatına görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 22:00-dan saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 20 iş saatına görə 120 (yüz iyirmi) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90,00 (doxsan) manat olmaqla, ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-44/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-44/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver