Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-5/2024 06.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 22:40 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “X10” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi istiqamətində saatda 80 km/saat sürətlə hərəkətdə olan zaman “X7” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 37-ci maddənin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əməl etməklə yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə hərəkət iştirakçılarına və əmlaka zərər vurmamalı, mexaniki nəqliyyat vasitələrinin sürücüsünün hərəkətin təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda qeyd olunan maddələrin tələblərinə riayət etməyərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı səbəbdən çətinlik yarandığı halda avtomobili idarə etməməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyib yol hərəkəti qaydalarını pozaraq, yorğun vəziyyətdə avtomobili idarə etməsi, nəticədə sükan arxasında yuxulayaraq idarəetməni itirməsi və nəqliyyat vasitəsini əks istiqamətli nəqliyyat axınlarını ayıran metal konstruksiyaya vurması nəticəsində idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində olmuş Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması-beyin qişalarına və baş beyin toxumalarına qansızma, alın-sağ gicgah nahiyəsinin, sağ saidin, döş qəfəsinin, qarının sol əlin arxa səthinin, sol mil-bilək oynağının arxa səthinin sıyrıqları, hər iki göz orbitində qançır (eynək simtomu) kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək onun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, etirafedici ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2017-ci il tarixdə Gürcüstan Respublikasında B kateqoriyalı sürücülük hüququ əldə etmişdir. Yəni, avtomobil idarə etməyə sürücülük hüququ vardır. Etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qardaşı Sadıx Abdullayevin adına olsa da, onun mülkiyyətindədir. 03 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində yaxın qohumu Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus “Ford Tranzit” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sexdə düzəltdikləri mətbəx mebelini quraşdırmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsinə getmişlər. Orada işlərini bitirdikdən sonra həmin günü saat 22:00 radələrində idarə etdiyi özünə məxsus “Ford Tranzit” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yaşadığı Bakı şəhəri, Pirallahı rayonu istiqamətində hərəkətə başlamışlar. Həmin vaxtı avtomobili özü idarə etmiş, Zərərçəkmiş şəxs isə, yanında əyləşmişdir. Pirallahı rayonu ərazisində yerləşən Qala-Pirallahı yolunda avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. Həmin gün çox yorğun olduğu üçün anidən onu yuxu tutmuşdur. Avtomobil çınqıllı sahədə hərəkətdə olarkən yuxudan ayılmış və əyləcdən istifadə edib avtomobili yolun hərəkət hissəsinə çıxarmaq istəyərkən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun orta hissəsində yerləşən dəmir arakəsmələrə dəyərək yolun kənarında dayanmışdır. Həmin vaxt huşunu itirdiyi üçün bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobildə sərnişin qismində olmuş qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən ölmüşdür. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Baş vermiş həmin yol-nəqliyyat hadisəsi zamanı huşunu itirdiyinə görə hadisənin şahidlərinin kimlər olmasını bilmir. Əlavə olaraq qeyd etmişdir ki, qəza ondan asılı olmayan səbəblərdən baş vermiş, əməlindən peşmandır, zərərçəkmişin hüquqi varisinə dəymiş ziyanı tam ödəmiş və ona qarşı şikayət və tələbi yoxdur. Bütün bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X3 göstərdi ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. 04 oktyabr 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman mobil telefonuna hazırda xatırlamadığı nömrədən tanımadığı şəxs zəng edərək bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs Bakı şəhəri, Pirallahı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən vəfat etmişdir. Ona görə də dərhal yaşadığı evdən çıxıb Pirallahı rayonu ərazisində yerləşən morqa getmiş və həqiqətən də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ölən şəxsin qardaşı Zərərçəkmiş şəxs olduğunu dəqiqləşdirmişdir. Sonradan ona məlum olmuşdur ki, 03 oktyabr 2023-cü il tarixdə saat təxminən 22:40 radələrində qohumluq münasibətində olduğu Təqsirləndirilən şəxs idarə etdiyi Ford Tranzit markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə Qala-Pirallahı yolunda hərəkətdə olarkən özünün ehtiyyatsızlığından, yəni yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili yolun orta hissəsində olan arakəsməyə vurmuş, nəticədə avtomobildə olmuş qardaşı Zərərçəkmiş şəxs xəsarət alaraq ölmüşdür. Hadisə baş verən zaman yaşadığı evdə olduğundan hadisənin şahidlərinin kimlər olmasını bilmir. xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxslə barışıq əldə edildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, hal-hazırda fərdi əməklə məşğul olur. Qardaşı Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun adına qeydiyyatda olsa da Təqsirləndirilən şəxs mülkiyyətindədir. Nəaliyyat vasitəsini 19 may 2021-ci tarixdə alqı-satqı edərkən qardaşı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün alqı-satqı onun adına olmuşdur. Sonra vaxtları olmadığından təkrar olaraq qardaşı Təqsirləndirilən şəxs adına alqı-satqı etdirməmişlər. 03 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qardaşı Təqsirləndirilən şəxs maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto-cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı-Qala yolunda baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli 1/4974 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 Pirallahı rayon şöbəsinin 04 oktyabr 2023-cü il tarixli 21 nömrəli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibb müayinəsində qapalı kəllə beyin travması-beyin qişalarına və baş beyin toxumalarına qansızma, alın-sağ gicgah nahiyəsinin, sağ saidin, döş qəfəsinin, qarının sol əlin arxa səthinin, sol mil-bilək oynağının arxa səthinin sıyrıqları, hər iki göz orbitində qançır (eynək simtomu) aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, küt və iti əşya (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşıının salonunun qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin toxumasına və beyin qişalarına geniş qansızma olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 noyabr 2023-cü il tarixli 8/3223 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Ford Transit markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən əldə edilmiş kamera görüntülərinin olduğu 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 1 ədəd fayl vardır. Həmin fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, fayl 07 dəqiqə 01 saniyədən ibarətdir. Görüntüdə müxtəlif avtomobillərin hərəkət etdiyi görünür. Faylın 04 dəqiqə 06-cı saniyəsindən başlayaraq Ford Tranzit markalı avtomobilin idarəetməni itirərək yolun orta hissəsindəki dəmir konstruksiyalara dəyməsi və avtomobilin hərəkət istiqamətində yolun sağ tərəfinə çıxıb dayanması müəyyən edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 02 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərəçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “X10” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “X10” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-5/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-5/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver