Məhkəmə qərarları › İş №1(094)-7/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-7/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-7/2024 16.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adiloğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə saat 01 radələrində ünvan 3 ünvanının qarşısında xalası oğlu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruqla və sillə ilə sonuncunun baş nahiyyəsinə qəsdən vuraraq ona sol qaş nahiyyəsinin, sağ əlin arxa səthinin sıyrığı, sol alt göz qapağı və gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs göstərdi ki, Pirallahı rayonu Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğuldur. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, xalası oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Pirallahı rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən adsız kafedə spirtli içki olan pivə içdikdən sonra saat 22:30 radələrində kafedən çıxaraq yaşadıqları Pirallahı rayonu S.Bağırov küçəsi ev 87-ə getmişlər. Evə gedən zaman orada Zülfüqarın qeyri-rəsmi nikahda yaşadığı Aygün adlı xanımı görmüşlər. Aygün Zülfüqarı görən kimi yaşadıqları evə getməklərini bildirmiş, lakin Zülfüqar getməkdən imtina etdiyi üçün aralarında söz mübahisəsi yaranmışdır. Bu zaman o, Zülfüqarı evdən bayıra, yəni evin qarşısına çıxarıb sakitləşdirmək istəyən zaman Zülfüqarın ona qarşı nalayiq sözlər deməklə işimə qarışmamasını bildirmiş, o isə Zülfüqarı yenidən sakitləşdirmək istəyən zaman Zülfüqar onu yenidən təhqir etdikdə, o, Zülfüqarın sifət nahiyəsinə bir dəfə yumuruqla və bir dəfə sillə ilə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasının sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini bildirdi və bütün bunların nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Pirallahı rayonu Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi ev 87-də ailəsi birlikdə yaşayır və fərdi əməklə məşğuldur. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, xalası oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Pirallahı rayonu S.Vurğun küçəsində fəaliyyət göstərən adsız kafedə spirtli içki olan pivə içdikdən sonra saat 22:30 radələrində kafedən çıxaraq yaşadıqları Pirallahı rayonu S.Bağırov küçəsi ev 87-ə getmişlər. Evə gedən zaman evdə qeyri-rəsmi nikahda yaşadığı Aygün adlı xanımı görmüş, Aygün onu görən kimi öz yaşadıqları evə getməyini bildirdikdə o getməkdən imtina etmiş, Aygün isə yenidən evə getməyi bildirən zaman Məqsəd ona kişi deyilsən qadının sözünnən hərəkət edirsən demişdir. O, evdən bayıra, yəni evin qarşısına çıxmış, Məqsəd isə onun arxasınca bayıra çıxaraq onunla söz mübahisəsi etməyə başlamış, bundan sonra onu təhqir etmiş, o isə Məqsədə onun işlərinə qarışma deyərək nəlayiq sözlər ifadə edən zaman Məqsəd onun sifət nahiyəsindən bir dəfə yumruqla və sillə ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmənin gedişində Məqsəd onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Məqsəddən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Məqsədin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 4-də qeydiyyatda olmaqla qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxsla birlikdə yaşayır. Pirallahı rayonu Məşğulluq idarəsində xadiməçi vəzifəsində xidmət aparır və təxminən iki il müddətdir ki, Zərərçəkmiş şəxsla qeyri-rəsmi nikahda yaşayır. xx.xx.2024-cü il tarixdə Zülfüqarın istifadəsində olan ***-***-**-** nömrəli mobil tyelefonuna zəng çatmadığından onun anasının yaşadığı ünvan 5-yə getmiş, orada bir qədər oturduqdan sonra Zülfüqar ilə Məqsədin içkili vəziyyətdə evə gəldiklərini görmüşdür. O, Zülfüqara yaşadığı ünvan 4 ünvanına getməyi bildirdikdə Zülfüqar getməkdən imtina etmiş, o isə orada hər hansı bir söz mübahisəsi olmasın deyə yenidən Zülfüqarı evə getməyi məcbur etdikdə Məqsəd Zülfüqara kişi deyilsən onun sözünnən hərəkət edirsən demişdir. Zülfüqar isə evdən bayıra çıxan zaman Məqsəd də Zülfüqarın arxasınca bayıra çıxmışdır. O, təxminən onlardan 20-25 dəqiqə sonra evdən bayıra çıxıb evdən bir qədər aralıda Zülfüqarın sifət nahiyəsində qan ləkələrini görmüş, Zülfüqar Məqsədin onu döydüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində oğlu Zülfüqar ilə bacısı oğlu Məqsəd yaşadıqları evə Pirallahı rayonu S.Bağırov küçəsi ev 87-də gəlmişlər. Hər ikisi içkili vəziyyətdə olmuş, həmin vaxt onlarda Zülfüqarın qeyri-rəsmi nikahda yaşadığı Aygün adlı şəxsdə olmuşdur. Aygün Zülfüqarı özünün yaşadığı evə aparmaq üçün gəlmişdir. Aygün Zülfüqarı görən kimi özünün yaşadığı evə aparmaq istəyən zaman Zülfüqar bundan imtina etmişdir. Aygün yenidən onu məcburi aparmaq istəyən zaman Məqsədlə Zülfüqar aralaraında söz mübahisəsi yaranmışdır. Zülfüqar evdən bayıra çıxan zaman Məqsəd də onun arxasınca bayıra çıxmışdır. Təxminən beş dəqiqə sonra bacısı Aysel evin qapısına çıxmış və sonra evə qayıdaraq Zülfüqar ilə Məqsədin söz mübahisəsi olduğunu bildirmişdir. Bundan sonra Zülfüqar evə qayıdanda onun üz nahiyyəsində qan ləkələri olduğundan onların daıaşdıqlarını bilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Aygün Zülfüqar ilə qeyri-rəsmi nikahda yaşadığı üçün onu özünün yaşadığı ünvan 4-ə aparmaq istəmişdir. Onlar arasında söz mübahisəsi Aygünün Zülfüqarı evə getməyə məcbur etməsi olmuşdur. Məqsədin Zülfüqarı vuraraq xəsarət yetirməsini görməmiş, həmin vaxt o evdə yəni öz yaşadığı Pirallahı rayonu S.Bağırov küçəsi ev 87də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadələrində Şahid2 ifadəsini təsdiq edən eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, zərərçəkmiş Əmirov X1 rayonu S.Bağırov ev 87 ünvanının qarşısını göstərərək xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs məhz həmin yerdə onu döydüyünü bildirmişdir. Səhiyyə Nazirliyinin MTE-nin və PAB-nin Pirallahı rayon şöbəsinin “27” fevral 2024-cü il tarixli, 10 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol qaş nahiyyəsinin, sağ əlin arxa səthinin sıyrığı, sol alt göz qapağı və gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının qansızması aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 18 saylı X2 Stansiyasının 18saylı filialına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənmələri istisna edilmir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, şəxsin özü tərəfindən yetrilməsi inandırıcı deyildir. DİN BƏSİİ tərəfindən göndərilmiş tələbnamədən görünür ki, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında Azərbaycan Respublikası CM-in 128 və 127.1-ci maddələri ilə məhkum olunduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Rspublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4 xidmətindən alınmış məktubda ruhi əsəb xəstələrinin qeydiyyatında olmadığı bildirilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı onunla barışıq əldə etmişdir. Hazırda onun Məqsəddən heç bir şikayəti və ya digər tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməsi, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72.2-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, bundan əvvəl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, hazırda onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilə və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməlini məhkəmə iclasının sonunda etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və ya digər tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 15 saat) cəmi 210 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,0 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar