Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-7/2025 06.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cu ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0.523 qram; 0.363 qram ümumi təmiz çəkiləri 0.886 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin xeyli miqdarda əldə edib üzərində saxlamaqla 04 fevral 2025-ci il tarixdə saat 21:00 dəqiqədə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 14 ünvanının qarşısında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş, Pirallahı RPİ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 0.523 qram; 0.363 qram ümumi təmiz çəkiləri 0.886 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2022-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 04 fevral 2025-ci il tarixində işləri ilə əlaqədar Pirallahı rayonu, Türkan qəsəbəsinə getməli olmuşdur. Türkan qəsəbəsindən Pirallahı rayonuna qayıdan zaman Türkan qəsəbəsində dəqiq adını bilmədiyi tanımadığı bir şəxs ona yaxınlaşmış, ümumi olaraq söhbət etmişlər. Həmin şəxs üzərində narkotik maddə olduğunu, pula ehtiyacı olduğu üçün onu satmaq istədiyini ona bildirmişdir. O, şəxsi istifadəsi üçün həmin şəxsdən narkotik almaq qərarına gəlmişdir. Həmin şəxs ona qızılı siqaret kağızına bükülmüş 2 ədəd büküm vermişdir. O, 2 ədəd bükümdə heroin olduğunu bildirərək, bükümlərin hər birini 10 manat qarşılığında olmaqla ümumi 20 manata ona satmışdır. O, narkotik vasitəni gödəkcəsinin cibinə qoymuşdur. Daha sonra qəsəbə ərazisində bəzi işləri gördükdən sonra 28-ci məhəllədə yaşayan qohumlarının yaşadığı ünvana getmişdir. Orada işlərini yekunlaşdırdıqdan sonra əldə etdiyi narkotik vasitəni boş vaxtlarında istifadə etmək üçün evdə gizlətmək qərarına gəlmişdir. Qohumlarının yaşadığı ünvandan çıxaraq yaşadığı K.Rzayev küçəsi, ev 14 ünvanının qarşısına çatdığı zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı olduqlarını bildirmiş, onu polis idarəsinə dəvət etmişlər. Onun istəyi ilə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri ona izah edilmiş və onun razılığı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirlmiş və üzərində olan əşyaları masanın üzərinə qoyması istənilmişdir. O, gödəkcəsinin yan cibində olan 02 ədəd bükümü orada təqdim etmişdir. Axtarış zamanı üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Məhkəmədən törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAŞ-ın əməkdaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 21:00 dəqiqədə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPİ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAŞ-ın əməkdaşı Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilmədiyini, aşkar edilmiş 02 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, İntiqam aşkar edilmiş 02 ədəd bükümün içindəki maddə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 04 fevral 2025-ci il tarixdə tanımadığı şəxsdən 20 manat qarşılığında Pirallahı rayonu, Türkan qəsəbəsində əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə bənzər kütlə olan 02 ədəd büküm zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş cinayət işini başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan və qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/500 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində « İ.N. Əsədullanın üzərindən …» yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,523 qram və 0,363 qram ümumi təmiz çəkiləri 0,886 olan qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik- vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,886 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,06 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,826 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Pirallahı RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 3 ay müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir ) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1046 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış Bakı Şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Pirallahı Rayon Məhkəməsinin 1(094)-3/2024 saylı xx.xx.2024-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış. xx.xx.2025-ci il tarixə cəzasının 09 ay 27 gün çəkmiş, onun 01 il 01 ay 29 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-3/2024 saylı xx.xx.2024-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,826 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 110,00 (bir yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (420 manat) və məhkəmə baxışı zamanı (110 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 530 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Pirallahı filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-3/2024 saylı xx.xx.2024-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,826 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110,00 (bir yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (420 manat) və məhkəmə baxışı zamanı (110 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 530 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Pirallahı filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-7/2025
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-7/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver