Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-8/2023 22.02.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi X3 və Emalı Müəssisəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 4(094)-38/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 145.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində tanışı Şahid4 Zərərçəkmiş şəxs ona vəd verdiyi borc pulu verməməsi barədə müraciətinə görə sonuncudan həmin pulu almaq məqsədilə tanışı Şahid2 Zərərçəkmiş şəxs ona pul borclu olmasını, lakin həmin pulu verməyib ondan qaçdığını bildirməklə, Şahid2 aldadıb ondan Zərərçəkmiş şəxs usta kimi yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə çağırmasını xahiş etmiş, sonuncu həmin ünvana gəldikdən sonra sonradan törədəcəyi cinayət əməllərinə zəruri şərait yaratmaq, sonuncunun mənzildən qaçmasının qarşısını almaq məqsədilə mənzilin giriş qapısını bağlamaqla Zərərçəkmiş şəxs hərəkət etmək, mənzildən öz iradəsi ilə çıxmaq imkanlarını məhdudlaşdırmaqla onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, ardınca müxtəlif cinayətkar fəaliyyəti ilə seçilən bir neçə şəxsin adını çəkməklə həmin şəxslərin vasitəsilə onun şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyib, guya Zərərçəkmiş şəxs ona 3000 manat borclu olması boynuna qoyub bu barədə videonu öz telefonu ilə Aynurə Rəcəbovaya çəkdirməklə Zərərçəkmiş şəxs 3000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 145.1 və 182.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Murad onun dostudur, bir məhəllədə yaşayırlar. Muradın toyu olacaqdı, hətta dəvətnamələr də paylanmışdı, Murad ona bildirmişdir ki, bir nəfər iş yoldaşı var toya kömək məqsədilə ona borca pul verəcəyi barədə söz vermiş, lakin pulu vermək istəmir. Bu söhbətdən sonra o, Vüqarla görüşmüş, görüş zamanı Vüqar ona bir az problemi olduğunu, problemi həll etdikdən sonra Murada toy etmək üçün borca pul verəcəyini bildirmişdir. Daha sonra Vüqarla bir neçə dəfə telefon vasitəsilə danışıqları olmuş, danışıq zamanı Vüqar bildirmişdir ki, pulu sentyabr ayının 18-də verəcək, lakin bundan sonra Vüqarın onun telefon zənglərinə cavab verməməsi ona pis təsir etdiyi üçün Aynurəni də bu işə cəlb etmişdir. Həmin vaxt Aynurənin yaşadığı mənzilin pəncərəsi sınıq olmuşdur. O, da Vüqarın nömrəsini Aynurəyə verərək pəncərəni düzəltmək məqsədilə ona zəng vurmasını istəmiş, həmçinin Aynurəyə Vüqarın ona borcu olduğunu və bu səbəbdən onun telefonuna cavab vermədiyini də bildirmişdir. Aynurə də Vüqara zəng vuraraq onu evə çağırmışdır. Vüqar evə gələndən sonra Aynurə evi tərk etmişdir. Bundan sonra o, Vüqarın telefonlarını almışdır, telefonları almaqda məqsədi o idi ki, Vüqar heç kimə zəng vurmasın. Daha sonra Vüqarla evdə çay içi-içə ona bildirmişdir ki, o pul vermək barədə onlara söz verib bu səbəbdən pulu verməlidir. Daha sonra Vüqarın qolunda saat görmüşdür. Vüqara həmin saatdan xoşu gəldiyini bildirdikdə sonuncu həmin saatı qolundan çıxardıb ona vermişdir. Daha sonra Aynurə evə gəlmişdir. O, video çəkmək məqsədilə telefonunu Aynurəyə vermiş və video çəkməsini istəmiş, Vüqara isə çəkiliş zamanı ona pul borclu olduğunu və sabah saat 2-də pulu verəcəyini söyləməsini istəmiş, Vüqar da onun istədiyi sözləri dedikdən sonra çəkilişi dayandırmışlar. Vüqarı Aynurənin evindən yola salanda telefonlarını özünə qaytarmışdır. Aynurənin evində olduğu müddətdə Vüqarı cəzalandırmağa cəh etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, “Notvest” şirkətində nəzarətçi işləmişdir. xx.xx.2022-ci il tarixdə “Xalamoğlu” deyə müraciət etdiyi, yaxın dostu Şahid4lə yaşadığı ünvanın qarşısında görüşmüş, görüş zamanı Murad “Mənim bir iş yoldaşım var, o mənə pul söz verib, lakin indi zəngimə cavab vermir, məndən qaçır” deyə bildirmişdir. O, Muraddan həmin adamın nömrəsini almış və istifadəsində olan (070)405-65-00 mobil nömrədən Vüqar adlı şəxsə zəng vurmuş, ona “Mən Muradın xalası oğluyam, adım Ömərdir, Murada söz verdiyiniz pula görə zəng vurmuşam” dedikdə Vüqar pulu xx.xx.2022-ci il tarixdə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o və Murad dəfələrlə zəng vurmalarına baxmayaraq Vüqar telefona cavab verməmişdir. Onlar həmin gün, axşam saat 22:00 radələrində Vüqarın yaşadığı ünvana getmiş, qapını döymüş, qapının arxasından Vüqarın həyat yoldaşı “Kimdir?” deyə soruşduqda Murad “Vüqarın iş yoldaşıyıq, bizə Vüqar lazımdır” deyə cavab vermiş, Vüqarın yoldaşı isə Vüqarın evdə olmadığını bildirmiş, onlar həyətə düşüb 1 saata yaxın müddət ərzində həyətdə gözləmiş, Vüqarın gəlmədiyini görüb oradan uzaqlaşmışlar. Bu hadisədən bir neçə gün keçdikdən sonra o, yenidən Vüqarın yaşadığı ünvana getmiş, qapını döymüş, Vüqarın həyat yoldaşı qapını açaraq nə lazım olduğunu soruşduqda, Vüqar lazım olduğunu bildirmiş, Vüqarın həyat yoldaşı ondan Vüqarın ona borcunun olub-olmamasını soruşduqa, Vüqarın ona borcu olmadığını bildirmişdir. Vüqarın həyat yoldaşı ona birdə Vüqarı narahat edəcəyi halda polisə şikayət edəcəyini bildirdikdə, o, sağollaşıb oradan uzaqlaşmışdır. Bundan sonra dəfələrlə Vüqara zəng vursa da, sonuncu onun zənglərinə cavab verməmiş, o isə ayrı-ayrı nömrələrlə Vüqara yığdıqda telefona cavab verərək hər dəfə onu yola vermiş, tezliklə söz verdiyi pulu verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08:30 radələrində tanışı Aynurənin yaşadığı Gürgan qəsəbəsindəki evə getmişdir. Aynurəyə bir nəfər şəxsin ona pul verməli olduğunu, lakin zənglərinə cavab vermədiyini, həmin şəxsin başını aldadaraq onun yaşadığı mənzilə çağırmağını istəmişdir. Aynurəyə vatsap vasitəsilə evində şüşə işinin görülməli olduğunu bildirib həmin şəxsi evə dəvət etməyini təklif etmişdir. Aynurə də razılaşmış, o da Vüqarın nömrəsini Aynurəyə vermiş, Aynurə də Vüqarın nömrəsinə vatsap vasitəsilə səsli sms göndərərək pəncərə lazım olduğunu bildirmiş və Vüqara ünvanı başa salmışdır. Saat 10:00 radələrində Vüqar Aynurəyə dediyi yerə çatdığını yazmışdır. Aynurə isə çölə çıxaraq Vüqarı qarşılamağa getmiş, bir neçə dəqiqədən sonra Aynurə ilə Vüqar gəlmişlər. Həmin vaxt o, Vüqarı otaqda gözləmişdir. Sonuncu içəri girən kimi Vüqarın qaçmasından ehtiyat edərək qapını açarla bağlamışdır. Sonucunu otağa çağırıb divanda əyləşdirmiş, sonuncunun telefonlarını heç kimə zəng vurmasın deyə əlindən almışdır. Aynurə həmin vaxt başqa otağa keçmişdir. O, Vüqarla söhbətə başladıqda nə üçün pulu vermədiyini soruşduqda, sonuncu sabah saat 2-də pulu verəcəyini bildirmiş, o, Vüqarı qorxutmaq üçün bu məsələdən xəbəri olmayan əmisi İsmətin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş, sonuncuya bu məsələ barədə məlumat vermiş və məsələni düzgün yolla necə həll edə biləcəklərini soruşmuşdur. Eyni zamanda telefonu səs gücləndiriciyə qoyaraq danışmağa başlamış, əmisi İsmətə bir nəfərin ona pul verəcəyinə söz verdiyini, lakin sözünə əməl etmədiyini bildirmişdir. Əmisi isə həmin şəxsin borc alıbsa pulu da verməli olduğunu bildirib sonuncunun borcunu etiraf etməsi barədə video çəkməyini təklif etmişdir. O, əmisi İsmətin dediyi kimi Vüqarın video görüntüsünü çəkmək qərarına gəlmişdir. Daha sonra Vüqarın qolunda saat görmüşdür. Vüqara həmin saatdan xoşu gəldiyini bildirdikdə sonuncu həmin saatı qolundan çıxardıb ona vermişdir. Bundan sonra o da saatı görürüb qoluna taxmışdır. Lakin bir neçə gün istifadə edib qaytarmaq fikrində olmuşdur. Daha sonra video çəkmək məqsədlə çağırıb telefonunu Aynurəyə vermiş və video çəkməsini istəmiş, Vüqara isə çəkiliş zamanı ona pul borclu olduğunu və sabah saat 2-də pulu verəcəyini söyləməsini istəmiş, Vüqar da onun istədiyi sözləri dedikdən sonra çəkilişi dayandırmışlar. Daha sonra Vüqarla çölə çıxaraq dayanacağa doğru getmişlər. Dayanacaqda Vüqar telefonlarını istədikdə o, əvvəlcə telefonun birini qaytarmış, digərini isə sabah pulu verdikdən sonra qaytaracağını bildirmiş, Vüqar isə həmin telefona işlə bağlı zəng gəldiyini bildirdikdə sonuncuya ikinci telefonu da qaytarmış və Vüqar çıxıb getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, o, plastik qapı və pəncərə ustasıdır. Müxtəlif sexlərdə əmək haqqı qarşılığında ustalıq edir. Muradı da təxminən 3-4 ay bundan qabaq tanımışdır. Belə ki, 2022-ci ilin may ayında Murad onun işlədiyi sexə fəhlə kimi işləməyə gəlmişdir. May ayından avqust ayının əvvəlinə kimi Muradla birlikdə eyni sexdə işləmişlər. Birlikdə işlədikləri dövrdə Muradla iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. Bu dövrdə Murad ürəyini ona açaraq toy etmək istədiyini, lakin maddi imkanının olmadığını bildirmiş, o da Murada bir iş yoldaşı kimi vaxtı gələndə imkanı olarsa, ona maddi cəhətdən kömək edəcəyini, yəni borc verəcəyini demişdir. Daha sonra o, 2022-ci ilin avqust ayının əvvəllərində həmin sexdən işdən çıxmışdır. Bundan sonra Murad dəfələrlə onu narahat etməyə başlamışdır. Belə ki, Murad ondan söz verdiyi pulu verməyini istəmiş, bu məqsədlə ona zənglər etmiş, iş yerinə gəlmiş, Murad hər dəfə “Sən kəlimə kəsmisən, pul söz vermisən, sözünün arxasında durub pulu mənə verməlisən” kimi sözlər demişdir. O da imkanının olmadığını bildirmişdir. Bundan sonra Murad Öməri ona calamış və sonuncu ondan pul verməyini tələb etməyə başlamışdır. Bundan bir müddət sonra gecə saat 02 radələrində Ömər və Murad adlı şəxslər yaşadığı Bakı şəhəri K.Rzayev küçəsi ev 13 mənzil 15-ə gələrək arvadı Rüfanə Əsədovadan onu soruşmuş, sonuncu isə onun evdə olmadığını bildirmişdir. Həmin vaxt o, hamamda olmuş və Rüfanə bu barədə hamamdan çıxandan sonra ona məlumat vermçişdir. O da hamamdan çıxdıqdan sonra balkondan baxdıqda həmin şəxslərin Murad və Ömər olduqlarını görmüşdür. Növbəti gün Ömər onun mobil telefonuna zəng edərək onu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən Oba marketin qarşısına çağırmışdır. O da Ömərlə razılaşıb həmin gün saat 21:00 radələrində dediyi yerdə sonuncu ilə görüşmüşdür. Həmin görüşdə də Ömər ona hədə-qorxu gələrək pul boyun olduğunu, boyun olduğu pulu da mütləq çatdırmalı olduğunu bildirmişdir. Ömər 3000 manat pulu iki gün ərzində ona çatdırmağı ona tapşırmışdır. Ömər ona “Buranın vəziyyətinə biz baxırıq, kəlmə kəlmədi, sən də pulu verməlisən, elə etmə ki sənə əl-qolla başasalım” deyə bildirmişdir. O da fiziki cəhətdən ondan güclü olan Ömərin dediklərindən və sonuncunun ona qarşı qanunsuz hərəkətlər edəcəyindən qorxub “Bir şey fikirləşərəm” deyib razılaşmışdır. Daha sonra Ömər ona dəfələrlə zəng etsə da, o, zənglərə cavab verməyib nömrəni qara siyahıya atmışdır. Bundan sonra evdə olmadığı vaxt gündüz saatlarında Ömər yenidən yaşadığı evə gəlmişdir. Qapını Rüfanə açdıqda Ömər onu soruşmuş, Rüfanə evdə olmadığımı bildirib onun Ömərə borcunun olub-olmadığını soruşmuş, Ömər də borcunun olmadığını dedikdə Rüfanə Ömərdən “Pul istəyirsiz, ona görə gəlmisiniz?” deyə soruşduqda Ömər pul istəmədiyini demiş, arvadı polisə şikayət edəcəyini bildirdikdə Ömər üzr istəyib evdən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində istifadəsində olan (070)614- 14-87 mobil telefon nömrəsinə tanımadığı (055)482-69-44 mobil telefon nömrəsindən zəng gəlmişdir. Zəngə cavab verdikdə danışan bir xanım yaşadığı evdə şüşənin sındığını, dəyişdirmək istədiyini, bu səbəbdən zəng etdiyini bildirmişdir. O, həmin qadından nömrəni haradan əldə etdiyini soruşduqda sonuncu nömrəni bir taksi sürücüsündən aldığını bildirmişdir. O da qadınla razılaşıb ünvanı öyrənmişdir. Həmin vaxt o, artıq evdən çıxıb avtobusla Şüvəlan qəsəbəsində yerləşən işlədiyi sexə gedirmiş. Həmin qadın Gürgan qəsəbəsində yaşadığından avtobusdan həmin qəsəbədə düşmüşdür. Həmin qadın onu qəsəbə məktəbinin yanında qarşılamış və evinə aparmışdır. Evə daxil olduqda qadından dəyişdiriləsi şüşənin hansı otaqda olduğunu soruşmuşdur. Qadın girişdən sağda yerləşən birinci qapını göstərib həmin otağa getməli olduğunu bildirmişdir. Həmin otaq zal olmşdur. Zala daxil olduqda Öməri orada görüb şoka düşmüşdür. Ömər bu zaman ona lağlağı edərcəsinə gülərək “Bax əlimə keçdin, elə bilirdin qaça biləcəksən?” deyə bildirmişdir. Bu zaman qadın onu zala ötürüb evdən çıxaraq qapını bağlamışdır. Daha sonra Ömər ondan mobil telefonunu istədikdə qorxduğu üçün əvvəlcə şəxsi telefonunu cibindən çıxardıb Ömərə vermiş, sonuncu başqa telefonunun olduğunu bildirib onun üzərini yoxladıqda məcbur qalıb digər telefonunu da Ömərə vermişdir. Daha sonra Ömər ona “Sən kəlmə kəsmisən, pulu verməlisən, mənə dəxli yoxdur ki, sən pulu haradan tapacaqsan, məni maraqlandırmır, yoxsa sənin başına oyun açacam, səni bir zəngə məhv edəcəm, belə işlərin vəziyyətinə biz baxırıq” deyə bildirmişdir. Ömər onu kriminal avtoritetlərlə qorxutmuş, bu məsələni Keşlənin, Yasamalın vəziyyətinə baxan şəxslərə yönəldəcəyini, məcburi olaraq ondan pulu alacağını bildirmişdir. Bu səbəbdən də o, Ömərin hədə-qorxularından qorxmuşdur. Fikizi cəhətdən güclü olduğu və ona hədə-qorxu gəldiyindən artıq Ömərin ona nəsə edə biləcəyindən əmin olmuşdur. Daha sonra Ömər öz telefonu ilə kiməsə zəng etmişdir. Həmin şəxsdən bu məsələni kimə yönəltməli olduğunu soruşmuş və telefonu səsgücləndiriciyə qoymuşdur. Həmin şəxs də boyun olmuşdursa, pulu verməli olduğunu, əks təqdirdə onun üçün pis olacağını bildirmişdir. Bu səbəbdən də, Ömərə pul verməyə razılıq vermişdir. Bundan sonra onlar borc pul söhbətini bağlamışlar. Söhbət ənasında Ömər onun qolunda olan saatı görüb xoşuna gəldiyini demişdir. O da həm Ömərdən canını qurtarmaq, həm də Ömərdə pulu verəcəyi barədə inam yaratmaq üçün həmin saatı sonuncuya verə biləcəyini demişdir. Ömər razılaşdıqda həmin saatı qolundan çıxardıb sonuncuya vermişdir. Bundan sonra qadın içəri daxil olmuşdur. Ömər telefonunu qadına verib onu videoya çəkməyini bildirmiş, ondan da borcun olmasını videoçəkiliş zamanı bildirməyini istəmişdir. O da artıq şokda olduğundan və qorxduğundan videoçəkiliş zamanı 3000 manat borcunun olduğunu və sabaha qaytaracağını bildirmişdir. Daha sonra Ömərlə birlikdə həmin evdən çıxmışlar. Dayanacağa çatdıqda o, Ömərdən telefonlarını istədikdə sonuncu əvvəlcə telefonlarından birini qaytarmış, digərini qaytarmaq istəməmiş, ardınca o, digər telefonunun da işə lazım olduğunu bildirdikdə Ömər həmin telefonunu da qaytarmışdır. Bundan sonra o, avtobusla işə getmişdir. Axşam saatlarında evə gəldikdə hadisə barədə Rüfanəyə məlumat vermişdir. Rüfanə də 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Həmin vaxt o, evdən çıxmaq istəsə də, Ömər imkan verməmişdir, ona divanı göstərərək oturmağını bildirmişdir, bundan sonra məcbur qalıb oturmuşdur, Ömər isə onun çıxa bilməməsi üçün divanın qapıya daha yaxın yerində oturmuşdur, Ömərin onun evdən çıxmaq istəməyini, qapıya yönəldiyini gördükdə ondan getməməyi, divanda oturmağı tələb etmişdir, Ömərin ona mobil telefonları polisə zəng etməməyi üçün aldığını demişdir, hətta polisə və ya başqa bir şəxsə məlumat verəcəksə, bunun onun üçün pis nəticələnəcəyini bildirmişdir, Ömər ona fiziki zor tətbiq etməmişdir, hadisə zamanı şokda olduğundan, qorxduğundan Ömərin hədə-qorxularına inandığını, hətta Rüfanə polisə məlumat verməsəydi, polisə məlumat vermək fikri olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, o, Şüvəlan qəsəbəsində yerləşən plastik qapı və pəncərə sexində fəhlə işləyir, Vüqarla bundan öncə işlədiyi yerdə tanış olmuşdur. Vüqarla söhbət əsnasında toyu olacağını, lakin maddi cəhətdən imkanı olmadığını bildirdikdə sonuncu ona sentyabr ayının 15-də 3000 manat pul verə biləcəyini desə də, sonradan söz verdiyi pulu verməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə yaxın dostu Ömərlə yaşdağı evin yaxınlığında görüşmüş, Ömərə Vüqar adlı tanışının ona pul söz verdiyini, lakin sonradan zənglərinə cavab vermədiyini demişdir, Ömər isə ona “Həmin adamın nömrəsini ver mən onunla söhbət edəcəm” dedikdə Vüqarın nömrəsini Ömərə vermişdir. Daha sonra Ömər Vüqara zəng etmiş və özünü onun xalası oğlu kimi təqdim edərək söz verdiyi pula görə zəng vurduğunu bildirmişdir. Vüqar isə ayın 18-də pulu verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Ömərlə Vüqarın telefonuna dəfələrlə zəng vursalar da, sonuncu telefonu açmamışdır. Buna görə də, qərar verərək Ömərlə birlikdə xx.xx.2022-ci il tarixdə axşam saat 00:00 radələrində Vüqarın yaşadığı ünvana getmişlər. Oraya çatan zaman qapını döydükdə, Vüqarın həyat yoldaşı “Kimdir?” deyə soruşduqda o, Vüqarın dostları olduqlarını bildirmişdir. Həmin qadın isə Vüqarın evdə olmadığını bildirmişdir. Bu səbəbdən də, onlar həyətə düşüb 2 saata yaxın Vüqarı gözləmişlər, onun gəlmədiyini görüb çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Ömər ona zəng vuraraq Vüqarı tapıb tanışı bir qadının evinə gətizdirdiyini, orda Vüqardan söz verdiyi pulu verməsini tələb etdiyini, Vüqarın da bununla razılaşdığını bildirmişdir. O, həmin vaxt Ömərin yanında olmamış, sonuncunun belə bir hərəkət etmək niyyətindən də xəbəri olmamışdır. O, həmin vaxt toy qabağı olduğundan maddi imkansızlıqdan fikirli olmuşdur. Bu səbəbdən də, Ömərə elə də fərqli bir reaksiya verməmişdir. Axşam saatlarında isə polis əməkdaşları ona zəng edərək barəsində polisə şikayət edildiyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur, sonuncu ilə münasibətləri yaxşıdır, aralarında hər hansı problem olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı evdə yatarkən mobil telefonuna zəng gəlmişdir. Oyanıb telefona baxdıqda zəng edənin qardaşı oğlu Ömər olduğunu görmüşdür. Yuxulu-yuxulu telefona cavab verdikdə Ömər ona bir nəfərin dostu Murada borclu olduğunu, lakin vermədiyini, həmin şəxsin də yanında olduğunu bildirmişdir. Lakin Ömər ona həmin şəxslə birlikdə harada olmalarını deməmişdir. Ömərin ona zəng etməkdə məqsədi bu məsələnin həllinə məsləhətləri ilə köməklik etməyi olmuşdur. O da Ömərə borclu olan şəxsin borcu verməli olduğunu, əgər kişi kimi borc alıb qaytaracağını bildiribsə, pulu da qaytarmalı olduğunu bildirmişdir. Bundan sonra onlar sağollaşaraq zəngi yekunlaşdırmışlar. Həmin gün axşam saatlarında Ömərin tutulması barədə məlumatı olmuşdur. Onun hadisə barədə bundan artıq hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, sonuncu ilə xx.xx.2021-ci il tarixdə ailə həyatı qurmuşlar və birlikdə ünvan 2 ünvanında yaşamağa başlamışlar. Ömər və Murad adlı şəxsləri isə ərinə qarşı cinayət törədilərkən tanımışdır. Sonuncularla əvvəllər hər hansı münasibəti, ədavəti və ya davadalaşı olmamışdır. Hadisədən təxminən 3 həftə əvvəl gecə saatlarında iki nəfər tanımadığı şəxs yaşadığı evin qapısını döymüşlər. O, gözlükdən baxdıqda həmin şəxslərin iki nəfər olduqlarını müəyyənləşdirmiş, qapını açmadan kim olduqlarını soruşduqda həmin şəxslərdən biri özünü əri Vüqarın iş yoldaşı Murad kimi təqdim edərək Vüqarı götürüb kafeyə getmək istədiklərini bildirmişdir. Qapı döyüldükdə gözlükdən baxıb kiminsə gəldiyini gördükdə hələ səsini çıxartmamış evin hamamında olan Vüqara iki nəfərin gəldiyini demiş, sonuncu da ona həmin şəxslərə özünün evdə olmadığını deməyini bildirmişdir. Daha sonra o, qapını açmadan qapı arxasından həmin şəxslərə Vüqarın evdə olmadığını dekdə həmin şəxslər çıxıb getmişlər. Pəncərədən baxdıqda onların həqiqətən 2 nəfər olduqlarını görmüşdür. Həmin şəxslər blokdan çıxdıqdan sonra təxminən 1 saat ərzində blokun qarşısında Vüqarı gözləyib məhlədən getmişlər. Həmin vaxt Vüqarla pəncərədə dayanaraq Muradla Ömərin getməyini gözlədikdə sonuncu həmin şəxslərdən hansının Ömər, hansının Murad olmağını demişdir. Hamamdan çıxdıqdan sonra Vüqardan bu adamların ondan nə istədiyini soruşduqda sonuncu həmin şəxslərin dostları olduğunu, kafeyə getmək istədiklərini bildirmiş və ona sonradan məlum olan məsələnin mahiyyəti barədə heç nə deməmişdir. Bundan təxminən 1 həftə sonra günorta vaxtları olarkən Vüqar ona zəng edərək Murad və Ömərlə aralarında olan söhbətlərdən danışmışdır. Belə ki, bir müddət əvvəl Murad Vüqarla söhbətlərində toyu olacağını, lakin maddi imkanının olmadığını demiş, Vüqar da vaxtı gələndə imkan daxilində kömək edəcəyini bildirmişdir. Bu səbəbdən də, Murad Vüqardan söz verdiyi köməyi etməyini tələb etmişdir. Vüqar Ömərin yaşadıqları evə gələcəyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra qapı döyülmüş, gözlükdən baxdıqda gələnin Ömər olduğunu görmüş və qapını açmışdır. Ömərdən nə istədiyini, Vüqarın borcunun olubolmamasını soruşmuş, əgər Vüqarın ona borcu varsa, borcu özünün ödəyəcəyini bildirmiş, Ömər isə Vüqarın borcunun olmadığını, sadəcə söz verdiyi hərəkəti etməli olduğunu bildirmişdir. Bu zaman Ömərə 102 xidmətinə zəng edəcəyini bildirdikdə, sonuncu birdə onları narahat etməyəcəyini bildirib çıxıb getmışdır. Növbəti gün axşam saatlarında Vüqarın telefonuna zəng gəlmişdir. Həmin vaxt Vüqar evdə olmuşdur. Zəng edənin kim olduğunu soruşduqda Vüqar Ömərin zəng etdiyini bildirmiş, bu zaman telefonu özü açaraq Ömərə niyə onları yenidən narahat etdiyini soruşduqda, Ömər Vüqardan iş istədiyini bildirib zəngi sonlandırmışdır. Bundan bir neçə gün sonra Vüqar qorxmuş halda evə gəlmişdir. Vüqardan nə baş verdiyini soruşduqda, sonuncu ona Ömərin qarşısını kəsərək hədə qorxu gələrək 3000 manat pul verməli olduğunu, verməsə, polis və ya başqa birinə desə, ailəsini və uşağını öldürəcəyini deməsini bildirmişdir. O, Vüqara 102 xidmətinə zəng etməyini bildirdikdə sonuncu qorxduğunu deyib zəng etməkdən imtina etmişdir. 30 sentyabr 2022-ci il tarixdə isə Vüqar evə gəldikdən sonra Ömərin etdiklərini ona danışmışdır. O da daha dözməyərək 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Ömər ona Vüqarın nömrəsini verərək onun pəncərə ustası olduğunu bildirmişdir və həmçinin onun kirayə qaldığı evdəki sınıq pəncərəni düzəltmək məqsədilə Vüqara zəng vurmağını demişdir. O Vüqarla telefonla danışan zaman onun nömrəsini taksi sürücüsündən aldığını demişdir. Evə daxil olanda Vüqar Öməri görüb təəcüblənmişdir. Pəncərənin sınıq olduğunu kirayə qaldığı evin mülkiyətçisi və onun xanımı da bilirmiş. O Vüqarı məktəbin yanında qarşılayıb kirayə qaldığı evə gətirmişdir, həmin vaxt Ömər onun evində olmuşdur. Kirayə qaldığı evin mülkiyyətçisi Namus və onun arvadı Sədaqət xanım Vüqarın usta kimi onun evinə gəlməsini görmüşlər, o Vüqarla birlikdə evə daxil olmuşdur, Vüqarla Ömər evdə oturub normal qaydada söhbət etməyə başlamışlar, o evdə olan zaman Ömər Vüqara heç bir təziyq göstərməmişdir, daha sonra o, Vüqarla Öməri evdə qoyaraq evin mülkiyyətçiləri ilə birlikdə maqazinə getmişdir. Az bir müddət sonra o, tək evə qayıtmışdır, Ömər ondan Vüqarı videoya çəkməyi istəmişdir, o Ömərdən qorxduğu üçün onun bu təklifinə etiraz etməmişdir. Ömərlə Vüqar təqribi olaraq 40 dəqiqə onun kirayə qaldığı evdə olmuşlar, daha sonra onlar evdən normal qaydada evdən çıxıb getmişlər. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Azərbaycan Respublikası CPM-nin 327 və 329-cu maddələrinə əsasən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş, Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Xəzər rayonu ərazisində yerləşən “Fontan” kafesində ofisiant işləyir, Ömərlə təqribən 3-4 ay bundan öncə həmin kafedə tanış olmuşdur. xx.xx.2022-ci il tarixtə səhər saat 08:00 radələrində Ömər onun Gürgan qəsəbəsində kirayə yaşadığı ünvana gələrək Vüqar adlı şəxsin ona pul borclu olduğunu, lakin telefon zənglərinə cavab vermədiyini bildirib bu məsələdə köməklik etməyini istəmiş, o da razılaşaraq istifadəsində olan ***-***-**-** mobil nomrə ilə Vüqarın “votsap”ına sms yazaraq nömrəsini taksi sürücüsündən aldığını, pəncərə lazım olduğunu bildirmiş, sonuncu razılaşdıqda ünvanı demişdir. Bir saat keçdikdən sonra Vüqar ona sms yazaraq dediyi yerdə olduğunu bildirmişdir, Ömər isə ona gedib Vüqarı qarşılamağını, şübhələndirmədən evə gətirməyini demişdir. O da evdən çıxaraq Vüqarı qarşılamağa getmiş və məktəbin yanında dayanan Vüqarı götürüb yaşadığı ünvana getmişdir. Evin giriş qapısından içəri daxil olduqda otağa girən Vüqar Öməri görüb təccüblənmişdir. Ömər də dərhal giriş qapısını açarla bağlamış, heç kimə zəng etməsin deyə Vüqarın telefonlarını əlindən əlindən almışdır. Daha sonra Vüqarla Ömər evin zalında oturub söhbət etməyə başlamış, o isə evdən çıxıb dükana getmiş, Ömər də onun arxasınca yenidən qapını açarla bağlamışdır. Bir neçə dəqiqədən sonra evə qayıtdıqda qapını döymüş, Ömər qapını açmış və o, içəri daxil olmuşdur. Bu zaman Ömər yenidən qapını bağlamışdır. Daha sonra Ömər ona öz telefonunu uzadaraq Vüqarın video görüntüsünü çəkməyini istəmiş və Vüqardan lazım olan sözləri deməsini istəmişdir. Videoçəkiliş zamanı Vüqar Ömərə pul borclu olduğunu və sabah saat 2-də qaytaracağını soyləmişdir. Bundan sonra onların hər ikisi mənzildən çıxıb getmişlər. Bir saat keçdikdən sonra Ömər yenidən onun yaşadığı mənzilə qayıtmışdır. Birlikdə nahar etdikləri vaxt gözü Ömərin qolundakı saata sataşmış, Ömərə “Nə qəşəng saatın var” dedikdə sonuncu “Xoşuna gəlirsə götür tax” deyərək həmin saatı qolundan çıxardıb ona verdi. Həmçinin Ömər ona həmin vaxt saatı 1 günlüyə verdiyini, saatın özünün olmadığını, növbəti günlərdə sahibinə qaytaracağını bildirdikdə razılaşmışdır. Bundan başqa Şahid2 Ömərin Vüqara hansısa qanunsuzluq etməsindən məlumatının olmadığını, Ömərin Vüqarın pul borclu olması barədə ona dediyini, Ömərin Vüqardan hədə-qorxu ilə pul tələb etməsindən yalnız hadisədən sonra polis şöbəsində olarkən xəbər tutduğunu bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə demişlər. İş materiallarına əlavə olunmuş video görüntü olan diskə baxış zamanı göründü ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə Şahid2 kirayə qaldığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs guya 3000 (üç min) manat məbləğində pul borclu olmasını və həmin məbləğin xx.xx.2022-ci il tarixədək qaytaracağını bildirməsini tələb etmiş və qeyd olunanları video görüntüyə almışdır. İş materiallarında ifadənin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülər olan diskə baxış zamanı göründü ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi faktları, cinayətin törədilməsi mexanizmini hadisə yerində əyani şəkildə göstərib ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış predmeti olan mobil telefon “Alcatel” markalı qara rəngli smartfon tipli mobil telefondur. Telefonun menyusunda bir çox bank, oyun, sosial şəbəkə və digər xarakterli tətbiqlərin nişanları vardır. Telefonun mesajlar və zənglər bölməsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. Qalereya bölməsinə baxış keçirdikdə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs söhbətlərini əks etdirən videogörüntü aşkar edilmişdir. Həmin videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs guya 3000 (üç min) manat məbləğində pul borclu olmasını və həmin məbləğin xx.xx.2022-ci il tarixədək qaytaracağını bildirməsini tələb etmişdir. Həmçinin telefonun “Whatsapp” mesajlaşma sisteminə daxil olduqda orada Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs məxsus (070)614-14-87 mobil nömrə ilə yazışması və həmin nömrəyə göndərilmiş səs yazısı aşkar edilir. Yazışmalarda və səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun zənglərinə cavab verməməsinə görə irad tutur, belə hərəkətin düzgün olmadığını, onun səhv etdiyini bildirir. Yazışmalar, səs yazıları və videogörüntü protokola diskdə və printerlə çap edilərək əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli, 10398 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1, 180.2.2 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-38/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 9/7405 №-li məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd üzərində “Rolex” yazıları olan, qara rəngli, dəmir bilərzikli, içərisində kiçik ölçülü 10 ədəd qaş olan qol saatının istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 20 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus üzərində “Rolex” sözü yazılmış dəmir bilərzikli qol saatı və Təqsirləndirilən şəxs məxsus “Alcatel” markalı qara rəngli smartfon tipli mobil telefon maddi sübut qismində tanınmış və Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılmışdır, 02 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 145.1 və 182.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 145.1 və 182.1-ci maddələri ilə tövsif edilmişdir və o, müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 145.1 və 182.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli cəzaçəkmənin əvvəli tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Maddi sübut –Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd üzərində “Rolex” sözü yazılmış dəmir bilərzikli qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Maddi sübut –Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd “Alcatel” markalı qara rəngli smartfon tipli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Maddi sübut – ifadənin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD formatlı disk və 01 oktyabr 2022-ci il tarixdə Şahid2 tərəfindən çəkilmiş video göründülər olan 01 ədəd DVD formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 145.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 24 iş saatına görə 144,00 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.1 və 182.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 145.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd üzərində “Rolex” sözü yazılmış dəmir bilərzikli qol saatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Maddi sübut - Pirallahı rayon prokurorluğunun maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd “Alcatel” markalı qara rəngli smartfon tipli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut – ifadənin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD formatlı disk və 01 oktyabr 2022-ci il tarixdə Şahid2 tərəfindən çəkilmiş video göründülər olan 01 ədəd DVD formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 144,00 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-8/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-8/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver