Məhkəmə qərarları › İş №1(094)-9/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-9/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-9/2024 07.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi –Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənməyən, işləməyən, Bakı şəhəri, Piralllahı qəsəbəsi , 29-cu məhəllə, ev 16-da qeydiyyatdadır, Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsində fərdi evdə yaşamış, cinayət işi üzrə barəsində 17 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Pirallahı rayon məhkəməsinin hakimi Faiq Qasımovun qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və ya gəzdirmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlama cinayətləri törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Pirallahı rayonu ərazisində “Tərxan” adlanan ərazidə dəniz kənarında gəzərkən torpağın üstündə qızılı rəngli siqaret kağızına bükülmüş 0,439 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, əldə edərək saxlayaraq daşımış və xx.xx.2024-cü il tarixdə saat 19:10 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, 29-cu məhəllədə yerləşən çörək zavodunun yaxınlığında piyada hərəkətdə olan zaman Pirallahı RPİ-nin CAB-ın əməkdaşları tərəfindən saxlanılaraq RPİ-ə gətirilib üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman sağ ayağında olan qara rəngli corabın içindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tutulmamışdan 4-5 gün əvvəl Pirallahı rayonu ərazisində dəniz kənarında “Tərxan” adlanan ərazidən tapdığı təmiz çəkisi 480.0 qram olan bir ədəd qara rəngli sellofan bükümdə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana bitkisini və 01 ədəd avtomat, 01 ədəd daraq və 45 ədəd patronları “Tərxan” adlanan yarı tikilidə gizlətmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı Pirallahı rayonu ərazisində “Tərxan” adlanan ərazidə yarı tikilinin içərisində olan divanın altında Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 485.0 qram olan bir ədəd qara rəngli sellofan bükümdə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və göy-ağ rəngləri olan sellofana bükülmüş 01 ədəd avtomat, 01 ədəd daraq və 45 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək ona elan olunmuş ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Bakı şəhəri, Piralllahı qəsəbəsi, 29-cu məhəllə, ev 16-da qeydiyyatdadır və Bakı şəhəri, Pirallahı rayonu, S.Bağırov küçəsində fərdi evdə xalası Nailə xanımla birlikdə yaşayır. 2017-ci ildən narkotik maddə olan heroini inyeksiya yolu ilə qəbul edir. Əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1, 228 və 120.1-ci maddələri ilə məhkum olunub. Təxminən tutulmamışdan 4-5 gün əvvəl Pirallahı rayonu ərazisində “Tərxan” adlanan ərazidən dəmir yığarkən bir ədəd göy və bir ədəd qara sellofan gördüyünü, göy rəngli sellofanı açdıqda içərisində kalaşnikov avtomatının olduğunu, qara rəngli sellofanı açdıqda isə içərisində qurudulmuş narkotik vasitə marixuananın olduğunu gördüyünü, həmin narkotik vasitə olan marixuananı və kalaşnikov avtomatını götürüb “Tərxan” adlanan ərazidə iki otaqlı yarım tikilinin içərisində olan divanın altında gizlətdiyini, xx.xx.2024-cü il tarixdə 16 radələrində Pirallahı rayonu ərazisində “Tərxan” adlanan ərazidə dəniz kənarında gəzərkən torpağın üstündə qızılı rəngli bükülmüş siqaret kağız gördüyünü, həmin kağızı götürüb açdığını və içərisindəkinin narkotik vasitə olan heroin olduğunu gördüyünü, həmin narkotik vasitəni götürüb sonradan istifadə etmək üçün sağ ayağındakı corabın içinə qoyduğunu, xx.xx.2024-cü il tarixdə 19:10 dəqiqədə Pirallahı rayonu, 29-cu məhəllədə yerləşən çörək zavodunun yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan iki nəfər şəxsin ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdiklərini onun narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğumu bildirərək onu polis idarəsinə dəvət etdiklərini, razılaşaraq polis əməkdaşları ilə birlikdə Pirallahı RPİ-nə gediyini, xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunduğunu, şübhəli şəxs qismində hüquq və vəzifələrinin ona izah olunduğunu, ondan üzərində olan əşyaları təqdim etməsi istənildiyini, onun sağ ayağında olan qara rəngli corabını çıxardaraq içərisində olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş heroini polis əməkdaşlarına təqdim etdiyini, onun razılığı ilə üzərinə şəxsi axtarış keçirildiyini, üzərindən baş qeyri-qanuni heç nə aşkar olunmadığın, həmin büküm açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərildiyini, sorğu zamanı həmin kütlənin heroin olduğunu və onu dəniz kənarından tapdığını bildirdiyini, sonra həmin büküm qablaşdırılaraq götürüldüyünü, möhürləndiyini və imzalandığını, bu barədə protokol tərtib edildiyini oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalandığını bildirdi. Bundan başqa, “Tərxan” adlanan ərazidə narkotik vasitə olan marixuana və kalaşnikov avtomatı gizlətdiyini etiraf etdiyini, polis əməkdaşları ilə birlikdə “Tərxan” adlanan ərazidə yerləşən yarı tikiliyə getdiklərini, orada o, divanın altında gizlətdiyi narkotik vasitə olan marixuananı və kalaşnikov avtomatını polis əməkdaşlarına təqdim etdiyini, narkotik vasitə olan marixuana və kalaşnikov avtomatı qablaşdırılaraq götürüldüyünü, möhürləndiyini və iştirakçılar tərəfindən imzalandığını, polis əməkdaşlarının üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib etdiklərini, həmin protokolun ona ucadan oxunduğunu, onun protokolun düzgün tərtib olunduğunu gördüyünü, əlavə, düzəliş və şikayətinin olmadığı üçün həmin protokolu imzaladığını bildirmişdir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Kamil oğlu ifadəsində göstərmişdir ki, 2015-ci ildən DİO-da və 2021-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 15 mart 2023-cü il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olduğunu, bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə müvafiq icazə alındığını, Pirallahı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradıldığını, 15 yanvar 2024-cü il tarixdə saat 19:10 dəqiqədə Qocayev X2 rayonu, 29-cu məhəllədə yerləşən çörək zavodunun yaxınlığında saxlanıldı və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olmasını bildirərək, Pirallahı RPİ-nin inzibati binasına dəvət etdiklərini, Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getdiyini, o müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulduğunu, bütün iştirakçıların yanında Təqsirləndirilən şəxs özünü təqdim etməsi və anket məlumatları barədə məlumat verməsi bildirildiyini, bundan sonra videoçəkilişlə onun, Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili, Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyini əvvəlcə üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunduğunu, Təqsirləndirilən şəxs sağ ayağında olan qara rəngli corabı çıxardaraq içərisində olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və onu “Tərxan” adlanan ərazidə dəniz kənarında gəzərkən tapdığını bundan sonra onun üzərinə şəxsi axtarış keçirildiyini və başqa heç bir əşya aşkar edilmədiyini, Təqsirləndirilən şəxs aşkar edilmiş, 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər toz şəkilli maddə onun, baxışda iştirak edən digər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və vəkilinin iştirakı ilə 01 ədəd bağlamada qablaşdırıldığını, möhürləndiyini və baxışda iştirak edən şəxslər tərəfindən imzalandığını, daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunduğunu, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmadığını və iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini bildirmişdir. Sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə Pirallahı rayonu “Tərxan” adlanan ərziyə getdiklərini, orada X1 yarım tikilinin içərisində olan divanı qaldıraraq altından 01 ədəd qara rəngli sellofana bükülmüş və 01 ədəd ağ və göy rəngli sellofan paketləri çıxardaraq təqdim etdiyini, qara rəngli sellofanın içərisində narkotik vasitə olan marixuana olduğunu, ağ və göy rəngli sellofanın içərisində isə avtomatın olduğunu bildirdiyini, bundan sonra qara rəngli sellofan paketin içərisindən narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin və digər sellofan torbanın içərisindən isə 01 ədəd avtomat, 01 ədəd daraq və 45 ədəd patronların aşkar edildiyini, aşkar edilmiş avtomat və narkotik vasitə olan marixuanaya bənzər kütlə onun, baxışda iştirak edən digər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və vəkilinin iştirakı ilə qablaşdırıldığını, möhürləndiyini və baxışda iştirak edən şəxslər tərəfindən imzalandığını, daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunduğunu, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmadığını və iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 şahid qismində dindirilmiş Şahid1 Kamil oğlu ilə eyni məzmunlu ifadə verərək, yuxarıda qeyd edilən xüsusatları təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-sü il tarixli, 24/123 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd çaxmaqda XB-8853 №-si olan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır, atəş açmaq üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 45 ədəd patronlardan 37 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 08 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-in KTİ-də yerləşən “gülləgiliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-3502/2024 №-li məktubundan görünür ki, 01 ədəd 7,62 mm kalibrli №-si silinmiş, çaxmaqda XB-8853 №-si olan “Kalaşnikov” konstruksiyalı, AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “Gülləgiliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/78 №-li rəyindən görünür ki: Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/241 №-li rəyindən görünür ki: Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,439 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə çəkilməmiş şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və ya gəzdirmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlama cinayətləri törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollarla, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(002)-186/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Pirallahı rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 15 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,439 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – Pirallahı rayon Polis İdarəsində saxlanılan – 01 ədəd çaxmaqda XB- 8853 №-si olan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ, eləcə də tədqiqatdan sonra qalıq döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 75,45x39 mm kalibrli 40 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 184,00 (bir yüz səksən dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 75 iş saatına görə (ibtidai istintaq zamanı 60 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 450 (dörd yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(002)-186/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 23 günündən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(002)-186/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,439 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut – Pirallahı rayon Polis İdarəsində saxlanılan – 01 ədəd çaxmaqda XB- 8853 №-si olan silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ, eləcə də tədqiqatdan sonra qalıq döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 75,45x39 mm kalibrli 40 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 184,00 (bir yüz səksən dörd) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 450 (dörd yüz əlli ) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar