Məhkəmə qərarları › İş №1(099)-10/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-10/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-10/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi ev 10-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi 1/31-də yaşamış, cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan və barəsində seçilmiş «həbs» qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilmə ilə əvəz olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə yəni, cinayət əməlini törədərkən və halhazırda “şizofreniya, paranoid forma, fasiləsiz gedişli” formasında xroniki psixi xəstəlikdən əziyyət çəkən xx.xx.1987-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, ali təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işsiz, Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi ev 10-da daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi 1/31-də yaşamış barəsində həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Psixiatrik xəstəxanasına yerləşdirilmiş, Təqsirləndirilən şəxs tanışları Şahid4 və Şahid3 ilə narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə əvvəlcədən aralarında olan razılaşma əsasında X8 olan və külli miqdar təşkil edən ümumi təmiz çəkisi 129,166 qram psixotrop maddə olan metamfetamini götürməsi üçün Şahid4 və Şahid3 Şirvan şəhərinə göndərmiş, qeyd olunan şəxslər (Şahid4 və Şahid3) narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində olduqları Şahid1 məxsus “Mercedes E 210” markalı, **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin qarşısında yerləşən səs gücləndiricilərin yerləşdiridiyi taxtanın üzərində daşıyaraq saxlamış, 08 iyul 2020-ci il tarixdə Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul-Şirvan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətirilib “Mercedes E210” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə və narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməsi və bu əməli anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında anlaqsız halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid3 ilə qeyri-rəsmi ər arvad münasibətləri ilə yaşayıb. Şahid4 isə Şirxanın dostudur, onlarla normal münbasibəti var və aralarında heç bir düşməçilik və ya ədavəti yoxdur. Narkotik vasitə istifadə etmir, narkotik vasitə satışı ilə məşğul olmur. Psixi problemi vardır. Gəzəgörünməz varlıqlar onu narahat edir. Qulağına səslər gəlir. Sakitləşdirici dərmanlar qəbul edəndə normal ola bilir. Həmin dərmanları qəbul etməyəndə isə psixi problemləri davam edir. Müalicə almağı üçün kömək olunması xahiş edir. İfadələr arasında ziddiyyət olduğu üçün Təqsirləndirilən şəxs məykəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş, həmin ifadədə o, göstərmişdir ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir və uzun müddətdir ki, həmin maddədən istifadə edir. Bir neçə il əvvəl Rais adlı İran islam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla mütəmadi olaraq instaqram və WHtsapp vasitəsi ilə danışmışdır. Aralarında olan söhbətlərdən həmin şəxsin narotik vasitə satıcısı olduğunu başa düşmüşdür. Bundan sonra Şirxanla tanış olmuş və birlikdə yaşamağa başlamışlar. O, telefonda Raislə danışan zaman Şirxan ondan danışdığı adamın kim olduğunu soruşmuş və Raislə Şirxanı tanış etmişdir. Bundan sonra Raislə Şirxan özləri danışmışlar. Şirxan tutulandan 1 ay əvvəl Rais Şirxana 50 qram narkotik vasitə olan heroin və 50 qram şüşə (metamfetamin) göndərmiş, onlar həmin narkotik vasitələri Üzeyir adlı şəxsdən götürmüşlər. Şirxan narkotiki Samir adlı şəxs vasitəsilə satışını təşkil edərək əldə olunan pulu Raisə göndərmişdir. xx.xx.2020-ci il tarixdə Rais Şirxanla əlaqə saxlayıb Şirvan şəhərinə keçməyi, pay göndərdiyini bildirmişdir. Bundan sonra X12 şəhərinə getmişlər, bir qədər sonra Şirxan Samirin istifadəsində olan mobil nömrəsindən zəng edərək telefonunun söndüyünü və Raisə zəng edə bilmədiyini, ondan Raisə zəng edərək narkotik vasitənin harada olduğunu öyrənməsini xahiş etmişdir. Bundan sonra o, Raisə whatsapp vasitəsi ilə zəng edərək narkotik vasitənin harada olmasını soruşmuşdur. Bundan sonra Rais ona Şirvan şəhər sakini Elçin adlı şəxsin mobil nömrəsini vermişdir. O, da həmin Elçin adlı şəxslə əlaqə saxlayıb Şirxana zəng etməsini xahiş etmişdir. Lakin həmin şəxs Şirxana zəng etməyəcəyini demişdir. Ondan Şirxana narkotik vasitənin Hacıqabul-Şirvan yolunun Şirvan istiqamətinə yolun sağında yerləşən 156 yazısı üzərinə həkk olunmuş yol nişanının yaxınlığında olan kolun yanında olduğunu deməyini istəmişdir. O, da Elçinin ona dediklərini Şirxana çatdırmışdır. Şirxan onunla yenidən əlaqə saxlayıb, narkotik vasitəni tapa bilmədiyini dedikdə, bu barədə Elçinə zəng edib bildirmişdir. Şirxanla telefonda danışan zaman bildirmişdir ki, tapa bilmirsə çıxıb gəlsin. Bu vaxt Şirxan avtomobilin arxasında polis əməkdaşlarının dayandığını bildirmiş və danışıqları başa çatmışdır. Məhkəmə iclasında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, qızı Təqsirləndirilən şəxs ailə qurduqdan sonra onda psixi problemlər yaranmağa başlamışdır. Öz-özünə danışır, rabitəsiz nitqlər qururdu. Qızının dediyinə görə gözəgörünməz varlıqlar onu tez-tez narahat edir. Dəfələrlə psixi problemi ilə əlaqədar müalicələr alıb. Lakin müalicəsinin heç bir faydası olmayıb. Mütəmadi olaraq sakitləşdirici dərmanlar qəbul edir. Leylada 2015-ci ildən sonra psixi xəstəliyi yarandı, Maştağada yerləşən ruhi xəstəxanada hər dəfə 2 ay olmaqla iki dəfə müalicə alıb, lakin buna baxmayaraq xəstəliyi davam etmiş, Leylanın narkotik vasitənin satışı ilə məşğul olmağı barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş ********* nömrəli cinayət işi üzrə həbsdə olan Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 dostudur, Təqsirləndirilən şəxs ilə aralarında yaxın münasibətlər var. 06 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində Samirlə görüşmüşlər, sonuncu Şirvan şəhərinə getməli olduğunu və birlikdə getmələrini xahiş etmiş, o, da razılaşmışdır. Bundan sonra, 07 iyul 2020-ci il tarixdə, saat 20 radələrində Samir ilə Qaraçuxur qəsəbəsində görüşərək, sonradan adını Fəda olduğunu bildiyi taksi sürücüsünün avtomobilində Şirvana yola düşmüşlər. Yolda olan zaman Leyla zəng vurmuş, Şirvan şəhərinə getdiyini bildirdikdə qısqanmağa başlamış, mütəmadi zənglər vurmuş, sonra telefonunun enerjisi bitdiyinə görə Samirin telefonundan Leyla ilə əlaqə saxlayırmış. Şirvan şəhərindən Samirin göstərişi ilə Hacıqabul rayonuna getmişlər, orada yol kənarında olan zaman avtomobili saxlamışlar, yerə düşərək Leyla ilə telefonla danışan zaman polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişlər. Avtomobildən narkotik maddənin aşkarlanmasından hər hansı məlumatı yoxdur, nə özü, nədə ki, Leyla narkotik vasitələr əldə etməmişlər. İfadələr arasında ziddiyyət olduğu üçün Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, 06 iyul 2020-ci il tarixdə dostu Şahid4la görüşərək Şirvan şəhərində narkotik vasitə “metamfetamin” olduğunu, birlikdə gedib həmin narkotik vasitəni götürüb qayıtmağı, narkotikin 10 qramını ona verəcəyini təklif etmiş, Samir də onunla razılaşmış və səhəri gün, yəni 07 iyul 2020-ci il tarixdə axşam saatlarında Fəda adlı taksi sürücüsü ilə Şirvan şəhəri istiqamətində yola düşmüşlər. Yolda olarkən İran İslam Respublikası vətəndaşı Rais adlı şəxsə Whatshapp vasitəsilə zəng edərək Şirvan şəhərində haraya getməyini soruşmuş, sonuncu Şəhidlər xiyabanının yaxınlığına getməyini, oradan yenidən əlaqə saxlamağını demişdir. X13 şəhəri ərazisində “156 evukator xidməti” plakatının yanında qəzetin arasında psixotrop maddə olan metamfetamin qoyulduğunu, gedib həmin psixotrop maddə olan metamfetamini götürməyini demiş, onlar həmin yerə getmişlər. Lakin telefonunun enerjisi bitdiyi üçün Raisin nömrəsin tapa bilmədiyinə görə Samirin telefonundan Leylaya zəng vuraraq psixotrop maddənin Raisin dediyi yerdə olmadığını, Raislə əlaqə saxlayıb psixotrop maddənin dediyi yerdə olmadığını deməsini xahiş etmişdir. Bundan təxminən 6-7 dəqiqə sonra Leyla Samirin telefonuna zəng edərək ona Raisin orada gözləməyini, psixotrop maddə olan metamfetamini ona çatdıracaqlarını demişdir. O, təxminən 5 dəqiqə gözləmiş, heç kim gəlmədiyi üçün yenidən Leylaya zəng edərək Leylanı və Raisi təhqir etmiş və Leyla telefonu söndürmüşdür. O, həmin vaxtı avtomobildən təxminən 50 metr kənarda olmuşdur. Samir onu çağırmışdır. O, avtomobilə yaxınlaşdıqda görmüşdür ki, avtomobilin yanında Hacıqabul rayon polis şöbəsinin əməkdaşları durmuşlar. Polis əməkdaşları onları Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Orada üzərində axtarış keçirilmiş, lakin qanunsuz heç bir əşya aşkar edilməmişdir. Samirin üzərində şəxsi axtarış aparılan zaman ona və Samirə məxsus psixotrop maddə olan metamfetamini Fədaya məxsus avtomobildə gizlətdiyini demişdir. Bundan sonra, avtomobilə baxış keçirilən zaman Samir avtomobildə salonda arxa oturacağın arxasında patpresin qarşısında səs gücləndiricinin (dinamik) içərisində gizlətdiyi içərisində psixotrop maddə metamfetamin olan əl boyda bükümü təqdim edərək Leyla adlı xanımın onları Hacıqabul rayonuna göndərdiyini, həmin narkotik vasitənin Leyla və ona məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş ********* nömrəli cinayət işi üzrə həbsdə olan Şahid4 ifadəsində göstərmişdir ki, Şahid3 ilə dost münasibətindədir, X6 yaxın münasibətlərdə olduğu insan kimi tanıyır. X4 isə taksi sürücüsü kimi tanıyır. 06 iyul 2020-ci il tarixdə Şirxanla görüşüb səhəri gün Hacıqabul rayonunda işi olduğunu bildirib birlikdə getməsini xahiş etmiş, sonuncu razılaşmış. 07 iyul 2020-ci il tarixdə axşam saatlarında Fədaya məxsus avtomaşınla yola düşmüşlər. Bir müddət sonra Hacıqabul rayonuna çatmışlar, orada “156 plakatın” yaxınlığında dayanmışlar, bir müddət keçdikdən sonra arxadan avtomobil gəlməsini görmüşlər, həmin avtomaşının sürücünün yanında olan şəxs yerə nə isə atmış, o, da avtomobildən düşərək həmin sellofan bağlamanı götürmüş, bağlamanın bir hissəsini deşib içərisinə baxdıqda metamfetamin olmasını görmüşdür. Avtomobilə əyləşib həmin sellofan bağlamanı avtomobilin arxa şüşəsinin yanına səs gücləndiricinin içərisinə qoymuş. Təxminən 3-5 dəqiqə sonra polis əməkdaşları onları saxlamışlar. Şirxanın, Fədanın və Leylanın həmin narkotik vasitədən heç bir məlumatları olmamışdır. İfadələr arasında ziddiyyət olduğu üçün Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, 06 iyul 2020-ci il tarixdə saat 17 radələrində Şirxanla görüşmüş, Şirxan ona Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, sonuncunun vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan Rais adlı şəxslə tanış olduğunu və Şirvan şəhərindən narkotik vasitəni birlikdə götürüb qayıtdıqda Şirxan həmin psixotrop maddədən 10 qramını ona verəcəyini demişdir. O, da razılaşmışdır. 07 iyul 2020-ci il tarixdə axşam saatlarında Şahid1 idarə etdiyi avtomaşınla Bakıdan Şirvan istiqamətində yola düşmüşlər. X17 Hümbətova ilə danışmış, Leyla Şirxana gedəcəkləri yerə istiqamət vermişdir. Şirvan şəhərində “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmışlar və gözləmişlər. Bir müddət keçdikdən sənra Leyla Şirxana zəng edərək Hacıqabul rayonu ərazisinə getməklərini bildirmişdir. Fəda avtomobili Hacıqabul rayonu ərazisinə sürmüşdür. Bir müddət keçdikdən sonra Şirxanın telefonu sönmüş və onun istifadə etdiyi telefonla Leylaya rəsinə zəng etmiş və avtomobildən düşərək təxminən 30- 40 metr aralı məsafədə yolun əks tərəfində danışmağa başlamışdır. Bir müddət keçdikdən sonra Şirxan gəlib avtomobilə minmiş və Fədadan avtomobili Hacıqabul şəhərində yerləşən “156 plakatın” yanına sürməyi xahiş etmişdir. Birlikdə avtomobil ilə “156 plakatın” yaxınlığına gəlmişlər. O, və Fəda yenə avtomobildə əyləşmişlər, Şirxan yenə avtomobildən düşərək onlardan aralı məsafədə telefon ilə danışmağa başlamışdır. Bir müddət keçdikdən sonra arxadan avtomobil gəlməsini görmüşdür. Həmin avtomobil oturduğu avtomobilə yaxınlaşan vaxtı sürətini azaltmış və işıqlarını söndürüb yanlarından qarşı tərəfə keçərkən həmin avtomobildə iki nəfərin olmasını görmüş və sürücünün yanında olan şəxs yerə nə isə atmışdır. O, avtomobildən düşərək Fədanın avtomobilindən təxminən 5 metr aralı məsafəyə baxmış və görmüşdür ki, sellofan bağlamadır. Ona görə də, həmin sellofan bağlamanı götürmüş və Fədanın idarə etdiyi avtomobilin arxa tərəfinə keçərək dırnağı ilə həmin selofan bağlamanın bir hissəsini deşib içərisinə baxdıqda metamfetamin olmasını görmüşdür. O, avtomobilə əyləşib həmin sellofan bağlamanı avtomobilin arxa şüşəsinin yanına səs gücləndiricinin içərisinə qoymuşdur. Bundan təxminən 3-5 dəqiqə sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Orada baxış keçirilərkən maşından narkotik maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş ********* nömrəli cinayət işi üzrə həbsdə olan X11 ifadəsində göstərmişdir ki, Şirxan, Leyla və Raisi tanıyır. Rais İran vətəndaşıdır, əvvəllər ondan narkotik vasitələr alırmış, lakin Şirxan və Leylanın narkotik vasitələr əldə etməsi barədə məlumatı yoxdur. Hadisə vaxtı yaşadığı Şirvan şəhərində evdə olan zaman polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar, sonra həbs olunmuş, lakin heç bir günahı yoxdur, heç nədən məlumatı yoxdur. İfadələr arasında ziddiyyət olduğu üçün Aris Səfərovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, hadisədən təxminən 20 gün bundan əvvəl əvvəlldən tanış olduğu Rais onunla Whatsapp vasitəsi əlaqə saxlayaraq süşə (metamfetamin) pay kimi göndərdiyini, ondan əlavə başqa bir dostuna da pay göndərdiyini və həmin payı dostuna çatdırmağını xahiş etmişdir. O, da Raislə razılaşmışdır. Bundan sonra Rais «Sever» deyilən yerdəki körpünün yaxınlığına narkotik vasitə olan şüşəni atdırdığını və oradan götürməyini bildirmişdir. O, da həmin narkotik vasitəni götürdükdən sonra Raisə Whatsapp proqramı vasitəsi ilə zəng edərək narkotik vasitələri götürdüyünü bildirmişdir. Rais isə ona narkotik vasitə olan böyük bükümü dostuna kiçik bükümü isə ona göndərdiyini bildirmişdir. O, da həmin narkotik vasitələri gətirib evinin yaxınlığında olan kanalın yaxınlığında gizlətmişdir ki, evində və ya üstündə olmasın. 07 iyul 2020-ci il tarixdə saat 20 radələrində Rais Watsappa zəng etmiş və bir nəfər Leyla adlı qadına böyük bükümdə olan şüşəni verməyini demişdir. O, isə Leylaya verə bilməyəcəyini sadəcə olaraq bir yerə atıb yerini deyə biləcəyini və oradan götürməsini demişdir. Həmin gün saat təxminən 23 radələrində narkotik olan bükümü götürüb Hacıqabul-Şirvan yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “156” yazısı yazılmış yol nişanının yanına həmin bükümü atmış və bu barədə Raisə bildirmişdir. Bundan sonra evinə getmişdir. Evdə olan zaman tanımadığı nömrədən Watsapp proqramı vasitəsi ilə zəng gəlmişdir. Cavab verəndə adının Leyla olduğunu bildirən qadın şüşəni (metamfetamini) tapa bilmədiyini bildirmişdir. O, isə bükümü atdığı yeri dəqiq bildirmiş, lakin Leyla yenə də tapa bilmədiyini demişdir. O, da həmin vaxt evində qonaq olan həbsxana yoldaşı Şamildən onu bir yerə aparıb qaytarmasını istəmiş, lakin sonuncuya hara və nə üçün getdiyini deməmişdir. Bundan sonra Şamil avtomobili ilə bükümü atdığı yerə gəlmiş və bükümü atdığı yerə çatanda ağ rəngli Mersedes markalı avtomobilin yolun kənarında dayandığını və tanımadığı cavan oğlanın da qaranlıqda nə isə axtardığını görmüşdür. O, da bükümü yerdən götürüb avtomobilin qarşısına atmış və Leylaya bu barədə bildirmişdir. Bundan sonra avtomobilə əyləşib çıxıb getmiş və həmin danışdığı telefonu sındırıb atmışdır. Bİr neçə gün sonra polis əməkdaşları onu saxlamışlar və cinayət məsuliyyətinə cəlb edilmişdir. İş üzrə ibtidai istintaqın, həmçinin məhkəmə baxışında Təqsirləndirilən şəxs psixi xəstəliyinin olması müəyyən edilmiş, yəni kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 123 saylı, kompleks komisyon stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 122 saylı, həmçinin təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 169 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs onda qeyd olunan “paranoid şizofreniya, fasiləsiz gedişli” xroniki psixi xəstəlik nəticəsində törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ittiham olunan əməl barəsində anlaqsız hesab olunmuş və Hacıqabul Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 08 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 08 iyul 2020-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının qabaq sol cibindən bir ədəd kağız kəsiyində narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 08 iyul 2020-ci il tarixli protokoldan görünür ki, X5 məxsus “Mercedes E 210” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin qarşısında olan səs gücləndiricinin içərisində bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan «Bakcell» və "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 istifadələrində olan mobil telefon nömrələri arasında psixotrop maddə metamfetaminin əldə olunmasına dair 07-xx.xx.2020-ci il tarixlərdə dəfələrlə danışıqlar aparmışlar. İş materiallarında olan İcbari Tibbi Sığorta Agentliyi Tibbi Ərazi Bölmələri üzrə X7 rayon Mərkəzi X9 Şəxsin xx.xx.2020-ci il tarixli 956 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixindən Beyləqan RMX-nin Konsultativ Poliklinika şöbəsində Psixonevroloji kabinetində “Şziofreniya paranoid forma, fasiləsiz gedişlə, F20.0” diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ağdam rayonlararası X1 dispanser qeydiyyatındadır. xx.xx.2019-cu il tarixində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində “Şziofreniya paranoid forma, fasiləsiz gedişlə, F20.0” diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasında “Şziofreniya paranoid forma, fasiləsiz gedişlə, F20.0” diaqnozu ilə stasionar rejimdə müalicə almışdır. (Xəstəlik tarixi N 115229/19) Xəstə hal-hazırda vaxtaşırı ambulator müalicə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 iyul 2020-ci il tarixli 18/718 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3 məxsus metamfetaminə bənzər...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 129,166 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Şahid4 məxsus heroinə bənzər...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,438 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 2669 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks, komisyon, təkrar stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının çoxsaylı rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “paranoid şizofreniya, fasiləsiz gedişli” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu 20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə 2013-cü ildən xəstədir, onda meydana gələn şübhə və digər psixi pozuntular keçirməsi ilə əlaqədar olaraq dəfələrlə stasionar xəstəxanalarda müalicə alması və psixiatrik qeydiyyata düşməsi, xx.xx.2018-ci il tarixdən Beyləqan rayon Mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin psixonevroloji kabinetində “şizofreniya, paranoid forma, fasiləsiz gedişli F20.0” diaqnozu ilə dispanser qeydiyyatında olması, xx.xx.2018-ci il tarixdən Ağdam rayonlararası X1 dispanser qeydiyyatında olması, xx.xx.2019-cu il tarixdən Psixi Sağlamlıq mərkəzində “şizofreniya, paranoid forma, fasiləsiz gedişli F20.0” diaqnozu ilə dispanser qeydiyyatında olması, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi 1 saylı Respublika Psixiatriya xəstəxanasında “şizofreniya, paranoid forma, fasiləsiz gedişli F20.0” diaqnozu ilə stasionar rejimdə müalicə alması, hal-hazırkı iş üzrə istintaqa cəlb edilənədək ambulator şəraitdə vaxtaşırı müalicə aldığını bildirməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparmağa çalışsa da, narahat olduğu sezilməsi, geyiminə və təmizliyinə fikir verməməsi, əhvali-ruhiyyəsi dəyişkən olması, gah özünə qapılması, heç kimlə ünsiyyət qurmaması, darıxıdğını və sıxıldığını söyləməsi, gah da yüksək əhvali-ruhiyyədə olması, ekspertlər komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə bir qədər səliqəsiz və narahat olması, söz ünsiyyəti zamanı söhbətə həvəslə və fəal şəkildə qoşulması, suallara yubanmadan və ətraflı cavab verməsi, bəzən rezenyorluq etməsi, onları mahiyyətinə uyğun olmayan şəkildə cavablandırması, təfəkkürünün paroloji xarakter daşıması, mülahizə və mühakimələrində məntiqsizlik müşhidə edilməsi, aparılan sorğu-sual gedişatında sayıqlama fikirlərinin müəyyən edilməsi, əhvali-ruhiyyəsi dəyişkən olması, maraq dairəsinin daralması, öz gələcək aqibətinə laqeyd yanaşması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi və.s) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), qavrama prossesində lənglik, təfəkküründə autiklik, paralogiklik, fikirlərinin korreksiya olunmaması qeyd olunur. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslığı, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, hövsələsizlik və.s kimi keyfiyyətlər şakr olunur. Hadisə barəsində danışdıqda arqumentlərində məntiqi ardıcıllığın pozulduğu, normaya uyğun olmayan mühakimələr irəli sürməsi, öz fikirlərini təkidlə sübuta yetirməyə çalışması, əhval-ruhiyyə fonunun dəyişkən olması müəyyən edilir. Müayinə zamanı gərgin və sıxıntılı halda görünür, öz gələcəyinə laqeyd tərzdə yanaşır, ətrafa qarşı şübhə ilə yanaşır. Yaranmış situasiyaya və öz hazırki vəziyyətinə tənqidi münasibət göstərmir. Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlil sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “paranoid şizofreniya, fasiləsiz gedişli” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu “paranoid şizofreniya, fasiləsiz gedişli” formasında xroniki psixi patalogiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir. Həmin psixi xəstəlik nəticəsində Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmamasını cavablandırmaq mümkün deyildir. (Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz). Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patalogiya hal-hazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional vəziyyəti, psixiatrik müayinə zamanı onda müəyyən edilmiş “şizofreniya, paranoid forma, fasiləsiz gedişli” psixi xəstəliyi ilə şərtləşmişdir. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin qərarlarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə isə həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbirlərinin tədbiq edilməsi məqsədi ilə psixiatrik stasionara, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika psixiatrik xəstəxanasına yerləşdirilmişdir. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var, Beyləqan şəhəri, M.Əzizbəyov küçəsi ev 10-da qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, psixi pozuntusunun özünə və başqa şəxslərə zərər yetirmək təhlükəsinin istisna olunmadığını və iş üzrə olan çoxsaylı psixiatrik və psixoloji ekspertizasının rəylərini nəzərə alaraq, onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsə tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş psixiatrik stasionara yerləşdirilmə təhlükəsizlik tədbiri dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 174,106 qram və narkotik vasitə heroinin 0,388 qram qalıqlarının Şahid3 və qeyriləri barəsində CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 240/2021 nömrəli 20 may 2021-ci il hökmü ilə də maddi sübut kimi tanınaraq məhv edilməsi nəzərə alımalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatları dəyərinin tutulmasından azad edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.4-cü maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsə tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş psixiatrik stasionara yerləşdirilmə təhlükəsizlik tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatları dəyərinin tutulmasından azad edilsin. İş üzrə maddi sübutlar olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 174,106 qram və narkotik vasitə heroinin 0,388 qram qalıqlarının Şahid3 və qeyriləri barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-240/2021 nömrəli 20 may 2021-ci il hökmü ilə də maddi sübut kimi tanınaraq məhv edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu, (barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri seçilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar