Məhkəmə qərarları › İş №1(099)-10/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-10/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-10/2025 04.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx xxx 1988-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda -3968,274 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda -1060,0 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edərək Astara rayonu Ərçivan qəsəbəsində yerləşən köhnə tikiliyə daşımaqla üzərində və həmin tikilidə saxlamış, 09 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, Astara rayonu Ərçivan qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 20:45 başlayan üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi- 3,274 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 22:00-da başlayan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən köhnə tikiliyə keçirilmiş baxış zamanı onun gizlədərək saxladığı 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi -3965,0 qram olan narkotik vasitə heroin və 01 ədəd ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi -1060,0 qram olan psixotrop maddə metamfetamin tikilinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarında polis əməkdaşları onun işlədiyi Astara şəhərində yerləşən mağazaya gələrək onu zorla polis şöbəsinə aparmışlar, sonra onu sərbəst buraxmışlar. Bundan başqa həbs olunmasının səbəbi əməliyyat müvəkkili X2 ondan aldığı 400 manat pulun ona qatarmaması, həmin pulu Yaşar Rzayevdən tələb etməsi səbəbindən olmuşdur. Polis əməkdaşı Yaşar Rzayevlə münasibətləri olmuşdur, Yaşar ondan övladının xəstə olması ilə əlaqədar dəqiq tarixini xatırlamır, 400 manat pul istəmiş, o Yaşardan pulu tələb etdikdə Yaşar müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamış, bu səbəbdən şərlənərək tutulmuşdur. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən gətirilərkən onun üzərində narkotik vasitə olmamış, eyni zamanda Astara rayonu Ərçivan qəsəbəsinin girişində “Qazandaş” çayı yaxınlığında istifadəyə yararsız olan köhnə yanacaqdoldurma məntəqəsinin arxasında yerləşən köhnə tikilinin içərisində gizlədilmiş bağlamanın da ona heç bir adiyyəti yoxdur. Həmin maddələri üzərinə polislər qoymuş, şöbənin rəis müavini Orxan adlı şəxs ona “sən polisi şantaj edirsən“ sözlərini demiş, ona işgəncələr verdikləri üçün məcbur qalıb sənədlərə imza edərək etirafedici ifadələr vermişdir. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 24 may 2023-cü il tarixdə, saat 17 radələrində həyətində istifadə etmək üçün balıq qulağı yığmaq məqsədi ilə yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evdən çıxaraq Astara şəhəri ərazisində dəniz kənarına getmiş, dəniz kənarında bir neçə bağlamanın olduğunu görmüş, yaxınlaşaraq içinə baxmış, içində heroin və metamfetamin olduğunu başa düşmüş, həmin narkotik vasitələrdən hissə-hissə istifadə edəcəyini düşünüb 2 ədəd bağlamanı götürərək həmin ərazidən uzaqlaşıb Astara rayonu Ərçivan qəsəbəsinin girişində “Qazandaş” çayı yaxınlığında istifadəyə yararsız olan köhnə yanacaqdoldurma məntəqəsinin arxasında yerləşən köhnə tikilinin içərisində gizlətmiş, daha sonra bağlamaların birini açaraq heroindən istifadə etmək məqsədilə içərisindən bir qədər götürmüş, 09 iyun 2023-cü il tarixdə saat 19 radələrində öz istifadəsi üçün götürdüyü narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyub evi tərk etmiş, Ərçivan qəsəbində küçədə piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif edilmiş, o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə heroini masanın üzərində qoymuş, masanın üzərinə qoyduğu bükümə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, şifahi sorğu zamanı təqdim etdiyi heroini dəniz kənarından tapdığı və Astara rayonu Ərçivan qəsəbəsinin girişində yerləşən köhnə yanacaqdoldurma məntəqəsinin arxasında yerləşən köhnə tikilidə gizlətdiyi narkotik vasitə olan heroin bağlamasının içərisindən öz istifadəsi üçün götürdüyünü bildirmiş, daha sonra Astara rayonu Ərçivan qəsəbəsinin girişində yerləşən həmin köhnə tikiliyə baxış keçirilmiş və baxış keçirilən zaman həmin tikilinin içərisindən bir ədəd sellofan bağlamanı təqdim etmiş, bağlamaya baxış keçirilən zaman bağlamanın içərisindən 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi “tanışı olan polis əməkdaşı Yaşar Rzayevə övladının xəstəliyi ilə əlaqədar 400 manat pul borc olaraq verməsi, pulu tələb etdikdə Yaşar müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmaması və bunun nəticəsində polis əməldaşları tərəfindən şərlənərək həbs edilməsi, aşkar edilmiş narkotik maddələrin polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadələr verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 09 iyun 2023-cü il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 19 radələrində şöbənin digər əməkdaşları ilə birlikdə avtomobillə İlkinin yaşadığı Astara rayonu Ərçivan qəsəbəsinə doğru gedib gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs həmin ərazidə küçədə olduğunu görmüş və dərhal yaxınlaşaraq özünü təqdim etmiş, sonra isə İlkini polis şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı və videoçəkilişlə İlkinin üzərində axtarış aparılmış, şəxsi axtarış zamanı İlkin əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 şəffaf sellofan bükümündə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, bükümə baxış keçiriilmiş, içərisində heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Astara şəhərində dəniz kənarından tapdığı və Astara rayonu Ərçivan qəsəbəsində köhnə, istifadəyə yararsız yanacaq doldurma məntəqəsinin arxasında yerləşən tikilidə saxladığı narkotik vasitə bağlamalarının içərisindən götürdüyünü və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 09 iyun 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs şifahi sorğu zamanı qeyd etdiyi Astara rayonu Ərçivan qəsəbəsində yerləşən könhə YDM-nin arxasında olan tikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin tikilinin içərisində gizlətdiyi 1 ədəd bağlamanın içərisindəki 2 ədəd qara rəngli sellofan büküm aşkar olunmuş, həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərisində heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən olunmuşdur. Sonra həmin maddələr qablaşdırılaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Astara rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən vaxt Təqsirləndirilən şəxsla tanış olmuş, aralarında dostluq munasibəti olmuşdur. Belə ki, Astara rayonu ərazisində oğurluq hadisəsi olmuşdur. Həmin oğurluq hadisəsinin nə vaxt baş verməsi yadında deyil. O digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs toyuq məsulları satdığı mağazanın yanından keçən zaman Təqsirləndirilən şəxs onların xidməti avtobilini görüb qaçaraq mağazasına girmişdir. İlkinin onları görüb mağazasına girməsi onlarda şübhə yaratdığından İlkinin mağazasına getmişlər, lakin İlkin içəri tərəfdən mağazanın qapısını sıxaraq onları içəri buraxmamış, sonra İlkin onlarla birlikdə olan polis əməkdaşı Rauf adlı şəxsi tanıdığı üçün qapını açmışdır. Onlar İlkindən oğurluqla bağlı soruşduqda İlkin oğurluq hadisəsindən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı Rauf ona İlkinin polisə yaxın olduğunu bildirmişdir. Həmin gündən sonra İlkinlə munasibətləri yaranmışdır. İlkin dəfələrlə ona zəng vuraraq haləhval tutmuş, söhbət etmişlər. Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində narkotik vasitələrinin istifadəsi, satışı ilə məşğul olan şəxslər barəsində dəfələrlə məlumatlar vermiş, smslər yazmışdır. Təqsirləndirilən şəxs hətta öz əmisi oğlu barəsində də məlumat vermişdir. Nəticədə həmin şəxslər məsuliyyətə cəlb olunmuşlar. Verilmiş məlumatlar əsasında İlkinə pul vəsaitləri vermiş, lakin nə qədər məbləğlər verməsini xatırlamır. Təqsirləndirilən şəxs tutulmamışdan 2 gün qabaq görüşməmiş, eyni zamanda onun atası Raufla danışmamışdır. Təqsirləndirilən şəxs tutulan gün polis şöbəsində olmuşdur, İlkinin narkotik vasitə ilə tutulmasını şöbədə olan vaxtı bilmişdir. İlkinin atası Rauf Hüseynovu polis şöbəsinin qabağında görmüş, Rauf Hüseynov ona yaxınlaşaraq İlkinin narkotiklə tutulduğunu, polis şöbəsinə girib kiminləsə danışmaq istədiyini demiş, o da Raufa İlkinin külli miqdarda narkotik vasitə ilə tutudduğunu, polis şöbəsinin qabağında qalmamasını, onu şöbədə heç kəsin qəbul etməyəcəyini demişdir. İlkindən uşağı xəstə olduğu üçün borc pul pul istəməmişdir. İş üzrə əlavə şahid qsimində dindirilmiş X7 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin noyabr ayında oğlu İlkin ona zəng edərək, polislərin onu şöbəyə apardığını demişdir. Hətta İlkinin işlədiyi dükanın kamerasının videoqeydində İlkinin 18 noyabr 2022-ci il tarixində dükanda polislər tərəfindən tutulması görüntüləri olmuşdur. İlkinin Natiq adlı dostu ona zəng edərək bildirmişdir ki, İkini şöbədən çıxarmaq üçün 5000 manat pul lazımdır. O, Astara rayonunda Kapital bankın yanında Natiqə 2000 manat pul vermiş, İlkini şöbədən buraxmışlar. 9 iyun 2023-cü il tarixdə İlkin ona zəng vuraraq polislərin mağazaya gəldiyini demiş, o da mağazaya gəlmişdir. Mağazada İki mülki geyimli şəxs və bir polis əməkdaşı olmuşdur. Polislər İlkin şöbəyə getməli olduğunu demişlər, o polislərə rəsmi bildiriş göndərmələrini, sonra İlkinin şöbəyə gələcəyini demişdir. Lakin polis əməkdaşları İlkini şöbəyə aparılmış, o, da onların arxasıyca getmiş, lakin onu şöbəyə buraxmamışlar. Sonra Elsevər və digər polis işçisi İlkinin mağazasına getməli olduqlarını demişlər, onlar mağazada olan kameranın yaddaş kartını götürmüşlər sonra şöbəyə qayıtmışlar. Onu yenidən şöbəynin içərisinə buraxmamışlar. Saat 20 radələrinə kimi çöldə gözləmiş, sonra Yaşarın şöbəyə gəldiyini görmüşdür. Bir gün sonra polislər ona oğlunun dəniz kənarında külli miqdarda narkotik vasitə saxladığını demişdirlər. Polis əməkdaşı Yaşar oğlundan 400 manat borca pul almış, onların arasında pul söhbəti olmuşdur. İş üzrə əlavə şahid qsimində dindirilmiş X1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O İlkinin dükanının yaxınlığında olan digər dükanda işləyir. Dəqiq tarixi xatırlamır, lakin hadisə günü nahar etmək üçün evinə getmiş, saat 15 radələrində işə qayıtmışdır. İlkinin dükanının yanında bir avtomobil saxlamış, mülki geyimli şəxslər İlkinin dükanına girmişlər. O da İlkinin dükanına yaxınlaşmış, polislər İlkinlə nə isə danışmışlar. İlkin atasına zəng edərək onu dükana çağırmış, sonra polis əməkdaşları İlkini aparmışlar. 1 saat sonra İlkinin atası və polis əməkdaşları İlkinin mağazasına gəlmiş, kameranı götürərək getmişlər. 2022-ci ilin noyabr ayında İlkin polislər tərəfindən aparıldıqda müqavimət göstərmiş, ikinci dəfə aparıldıqda isə müqavimət göstərməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 iyun 2023-cü il tarixli 19/633 saylı rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) bükümdə kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -3,274 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs gizlətdiyi Astara rayonu Ərçivan qəsəbəsində sellofanın içində olan 2 (iki) bükümdə kütlə....." sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: -3965,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi: -1060,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi yerdən aşkar edilmiş ümumilikdə 2 ədəd bükülüdə ümumi təmiz çəkisi: -3968,274 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir (Siyahı İ). Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 3968,274 qramdır, cəmi tədqiqata hər obyekt üzrə 0,1 qram olmaqla toplam 0,2 qram sərf edilmiş və 3968,074 qram heroin qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 1060,0 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 1059,9 qram metamfetamin qalıq qalmışdır. Ekspertiza tədqiqatından sonrakı qalıq tiryək 3968,074 qram heroin, 1059,9 qram psixotrop maddə metamfetamin qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 622 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 190 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli videoçəilişlə aparılmışq «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli videoçəilişlə aparılmışq «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi Astara rayonu Ərçivan qəsəbəsində yerləşən köhnə yanacaq doldurma məntəqəsinə əməliyyat qrupunun üzvləri ilə birlikdə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsinin arxasında yarım tikilinin içində olan üzərində "Brand House" sözləri yazılmış sellofanı təqdim etmiş, həmin sellofanın içərisinə baxış keçirlən zaman, iki ədəd bükümdə qara rəngli sellofan aşkar olunmuş, birinci bükümün içərisində şəffaf rəngli, kristal formada psixotrop maddə olan metafetaminə oxşar kütlə, ikinci bükümdə isə spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara rayon məhkəməsinin 11 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 08 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatmış məhkumluğu ödənilmişdir. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli «maddi sübut qismində tanınma haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 3968,074 qram narkotik vasitə herpoin və 1059,9 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan Astara rayonu, Ərçivan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2016-cı il təvəllüdlü X8, 2021-ci il təvəllüdlü X6 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli «cinayət işinin ayrı icraata ayrılması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aldığı naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəməyə təqdim edilmiş Astara rayon prokurorluğunun 21 sentyabr 2023-cü il tarixli və 18 dekabr 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarlarında görünür ki, Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması brədə müdafiəçisi Müdafiəçi2 Muşfiq oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Astara Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması brədə müdafiəçisi Müdafiəçi2 Muşfiq oğlunun ərizəsi əsasında toplanmış 156C-23 nömrəli material üzrə qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarından məhkəməyə şikayət verilməsini istisna etmir. Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatında müdaxilə kimi qiymətləndirilə bilməz. Məhkəməyə təqdim edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən Astara Rayon Məhkəməsinin yuxarıda qeyd olunan 25 aprel 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyərək həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanuunsuzluqlara məruz qalması brədə müdafiəçisi Müdafiəçi2 Muşfiq oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasının yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyat alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Astara Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3968,074 qram narkotik vasitə herpoin və 1059,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Astara Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3968,074 qram narkotik vasitə herpoin və 1059,9 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar