Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-100/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1987-cü ildə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunmaqla Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarına əsasən cəzadan azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhərində məlum olmayan tarixdə və mənbədən qanusuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda -0,824 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımışdır. Bundan başqa, o, şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gəldikdən sonra Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığıda, yolun 131-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əvvəlcədən razılaşdıqları kimi götürmək üçün 31 avqust 2021-ci il tarixdə saat 21 radələrində həmin yerə gəlmiş, qeyd edilən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qoyulduğu yerdən götürüb idarə etdiyi “Ford Fusion” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının altına gizlədərək Bakı şəhəri istiqamətində daşıyarkən polis əməkdaşları tərəfindən Biləsuvar şəhəri, Heydər Əliyev prospektində saxlanılmış, baxış keçirilən zaman avtomobilin qabaq oturacaqlarının arasında yerləşən qoltuqaltından bir neçə gün əvvəl satış məqsədi olmadan Bakı şəhərində naməlum mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 0,824 qram metamfetamin, avtomobilin qabaq sağ oturacağının altından isə Biləsuvar rayonu ərazisində satış məqsədi ilə qanunsuz əldə etdiyi hər birinin çəkisi 505,0 qram və 1055,0 qram olmaqla bir ədəd sellofan bağlamada külli miqdarda 1560,0 qram narkotik vasitə heroin və bir ədəd plastmas qabda, külli miqdarda 415,0 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 avqust 2021-ci il tarixdə tanış qızlarla istirahət etmək üçün idarə etdiyi “Ford Fusion” markalı maşınla Bakı şəhərindən çıxaraq Yardımlı rayonuna şəlaləyə, avqustun 29-u isə Lənkəran rayonu İstisu adlanan istirahət mərkəzinə getmişlər. Orada olarkən İranda yaşayan tanışı Əfşara zəng etmiş və ondan öz istifadəsi üçün cənub zonasında narkotik satan tanışının olub olmamasını soruşmuşdur. Əfşan ona narkotiki, yəni 30 qram heroin və 10 qram metamfetamini əlbə-əl verə bilməyəcəyini, Biləsuvar rayonu ərazisində 131-ci kilometr yazısı olan yol nişanının yanından götürməli olduğunu bildirmişdir. 31 avqust 2021-ci il tarixdə saat 16 radələrində Yardımlıdan çıxıb Biləsuvara gəlmiş, Əfşanın dediyi yerə getmiş və orada narkotikin olmadığını görüb maşına oturub həmin ərazidən uzaqlaşmaq istəyərkən saat 22 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Bakıdan Yardımlı rayonuna çıxanda maşınında və üzərində narkotik olmamışdır. Heç vaxt narkotikin satışı ilə məşğul olmamışdır. Maşina narkotik polislər tərəfindən qoyulmuşdur. Polislər tərəfindən ona zor tətbiq olunduğu üçün istintaq vaxtı maşında qoltuqaltıda və qabaq oturacağın altında olan narkotiklərin guya ona məxsus olduğunu yalandan bildirmişdir. Bakı şəhərində heç kimdən narkotik almayıb. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə öz xətti ilə yazdığı etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin izahatında və ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin avqust ayının 30-da Yardımlı rayonunda istirahətdə olarkən bir neçə ay əvvəl “İnstaqram” vasitəsilə tanış olduğu Əfşar adlı iranlı “Whatsapp” la ona zəng edib Biləsuvar rayonu ərazisində olan bir bağlama narkotiki Bakı şəhərinə aparmaq, oradan deyəcəyi yerə çatdırmaq lazım olduğunu, bunun müqabilində ona 1500 manat pul verəcəyini bildirmişdir. 31 avqust 2021-ci il tarixdə iranlı Əfşar onun pul kartına 400 manat pul göndərdikdən sonra icarəyə götürdüyü və idarə etdiyi Ford markalı maşını ilə həmin gün saat 16 radələrində Yardımlı rayonundan çıxıb Əfşarın dediyi Biləsuvar rayonunadan Bakı istiqamətinə gedən yolda 131 yazısı olan nişanın yanından bir ədəd bağlamanı götürüb avtomobilə qoymuş, saat 22 radələrində Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı maşının iki otrucaqlarının arasındakı qoltuqaltından bir neçə gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyi az miqdarda metamfetamin, sağ qabaq otracağın altından isə Əfşarın göndərdiyi bağlamada bir kiloqramdan artıq heroin və 530 qram metamfetamin aşkar edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri məhkəməyədək verdiyi etirafedici ifadələri ilə yanaşı məhkəmədə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CABnın əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 31 avuqst 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat müşahidəsinə götürülmüş, bir neçə dəqiqədən sonra həmin avtomobil Biləsuvar rayonu H.Əliyev prospektində hərəkətdə olan zaman saxlanılmış və şöbəyə gətirilmişdir. Vəkilin iştirakı ilə aparılan şəxsi baxış zamanı onun üzərində qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, qabaq oturacaqların arasında olan qoltuqaltıdan özünün istifadə etməsi üçün siqaretin gümüşü rəngli kağıızıına bükülmüş bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığı bir ədəd bükümdə metamfetamin, maşının qabaq sağ oturacağının altında isə iranlının ona göndərdiyi içərisində narkotik vasitə olan bağlama aşkar edilmişdir. Qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüş bağlamada plastik qabın içərisində 530 qram metamfetamin, digər plsatik qabda 1130 qram heroin olması müəyyən edilmişdir. Nahid Hüsenyova qarşı heç kim tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Şahid6 şahid X1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqında tədqiq edilmiş və iş matriallarında olan məhkəmə-kimyəvi ekspertizasının 1 sentyabr 2021-ci il tarixli 19/861 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrə bənzər bükülü və plastik qablardakı maddələr..." sözlər və imzalar olan bir ədəd paketdəki, 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -505,0 qram: - 1055,0 qram; ümumi təmiz çəkisi: 1560,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -0,824 qram: -415,0 qram; ümumi təmiz çəkisi: -415,824 qram olan ağ rəngli maddələr metamfetamindirlər. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, heroinin ümumi təmiz çəkisi -1560,0 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram, qalıq -1559,9 qram. Metamfetaminin ümumi təmiz çəkisi -415,824 qram, cəmi tədqiqata sərf olundu 0,1 qram, qalıq 415,724 qram təşkil edir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş matriallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının 6 sentyabr 2021-ci il tarixli 948 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan 31 avqust 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi və götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanc yerində özünün istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığı bir bükümdə 1,27 qram psixotrop maddə olan metamfetamin və qabaq sərnişin oturacağının altında isə İran İslam Respublikası vətəndaşının Biləsuvar rayonu ərazisində qoyduğu və onun götürdüyü içərisində külli miqdarda olan metmfetamin və heroin aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azerfon MMC-dən daxil olmuş CD diskinə baxış keçirmə haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində narkotikin satışı ilə bağlı müxtəlif nömrələrlə telefon danışıqları və mesajlaşmalar aparılmışdır. Belə ki, xx-xx-2021 tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqani man cox pi's vezyetde qalmiwam duzelmirse mene de”, xx-xx-2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa qadan alim seherden hecne elememiwem zulumnen pulu saxlamiwam ki derman alim cixim bu poxdan alinir bir xeber de. Qaqa qurbansene mene bir kelme he yox di men bilim adboy eliyirsen qalmiwam bele gedim ya qalim”, xx-xx-2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqaw sencan varsa bir papruzdug qoyda wey”, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Ay yetim camahatin pulun almşam var nese bir xeber de”, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qerdewim ureyim pardadi qedew bu verdiyvun parkovka cox duwub gelim patinan qariwiq yox temizinen bidene verde qerdewimsen ureyim sixilir”, xx.xx.2021ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqaw uc kilo kola lazimdi” məzmunlu mesajlar göndərilmişdir. 08 sentyabr 2021-ci il tarixli qərarla 1559,9 qram heroin və 415,724 qram psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-in 234.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında idarə etdiyi “Ford” avtomobilində aşkar olunan narkotik vasitə heroinin və metamfetaminin ona məxsus olmaması, iranlı Əfşardan yalnız öz istifadəsi üçün narkotik istəməsi, heç vaxt narkotikin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunaraq hədələdiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özünü təqsirli bildiyini, istintaqdan yayınmaq niyyətinin olmadığını, buna görə də barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007;). Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat onun avtomobilinə baxış keçirilməsi və götürülməsi haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə külli miqdarda heroin və metamfetaminin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin bağlamanı əvvəllər tanıdığı “Əfşar” adlı iranlının göndərdiyini və 1500 manat pulun müqabilində həmin bağlamanı Bakı şəhərində deyəcəyi yerə çatdıracağını bir daha israrla təsdiq etmişlər. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən avtomobilə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı etirafedici izahatını, verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə çoxsaylı mobil nömrələdrən narkotikin satışı ilə bağlı müxtəlif məzmunlu SMS-lərin daxil olması, onun idarə etdiyi avtomobilin qoltuqaltında öz şəxsi isitfadəsi üçün Bakı şəhərində əldə etdiyi az miqdarda heroinin, habelə avtomobilin qabaq sağ oturacağın altında külli miqdarda heroinin və metamfetaminin aşkar edilməsi, ona göndərilən külli miqdarda narkotik vasitənin heroinin və psixotrop maddə metamfetaminin «Əfşar» adlı iranlının tapşırığı ilə 1500 manat pulun müqabilində sonuncunun dediyi yerdən - Biləsuvar rayonu ərazisindən götürüb Bakı şəhərinə daşıması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən ona göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 31 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 2 sentyabr 2021-ci il tarixdə CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in məhkumluq haqqında tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi tərəfindən CM-in 332.1, 332.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apelyasiya məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-in 62.1-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilmiş; xx.xx.2008-ci ildə Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İkinci dəfə-Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə və cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Üçüncü dəfə-Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyun 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırıllması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs həmin cəzanı bu günə kimi çəkməmişdir. Təqsirləndirilən şəxs barəsində “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunmaqla Suraxanı Rayon Məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarına əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakerizə olunur (qonşularla yaxşı münasibətdə olmuş və özünü nümunəvi vətəndaş kimi aparmışdır, barəsində şikayət daxil olmamışdır). İş materiallarında olan AZE 18152658 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31 dekabr 2016-cı il təvəllüdlü (6 yaş) Şahlar adında oğul övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 69.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında alternativ cəza ilə yanaşı üç ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən cinayət törətməkdə davam etmişdir. Bu bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-də saxlanılan 1559,9 qram heroin və 415,724 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Biləsuvar RPŞ-də saxlanılan “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. CPM-in 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Biləsuvar RPŞ-də saxlanılan 1559,9 qram narkotik vasitə heroin və 415,724 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Biləsuvar RPŞ-də saxlanılan “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-100/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-100/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver