Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-100/2025 09.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Lənkəran şəhəri, M.Hüseynzadə küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında Lənkəran şəhəri «Böyük-bazar» ərazidə satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə 2,055 qram, külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə saat 18:05-də əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində, “Su-8” deyilən ərazidə saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan köynəyin sağ cibindən 1 ədəd sellofan bükümün içərisində həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Lənkəran şəhəri M.Hüseynzadə küçəsi 2/6-da yaşayır. 24 aprel 2024-cü il tarixdə gündüz saatlarında yaşadığı məhəllədə yerləşən bərbərxananın qabağında dayandığı zaman ağ rənli avtomaşın gəlib yanında dayanmışdır. Avtomaşından iki polis əməkdaşı düşərək onu tutub saxlamışlar. Orada üzərini axtarmışlar, heç bir metamfetamin olmamışdır. Sonra polis işçiləri onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis işçiləri ona «mal» satan olduğunu və onu «yükləyəcəklərini» bildirmişlər. Polis işçiləri ondan narkotikdən istifadə edib-etməməsini soruşmuşlar. O da belində ağrılar olduğunu, ona görə də metamfetamindən istifadə etdiyini demişdir. Polis işçiləri onda üzərinə 0,4 qram metamfetamin qoyacaqlarını bildirmişlər. Polis işçiləri bir ədəd bükümdə metamfetamini stolun üzərinə qoymuş və bunu sənədləşdirmişlər. Sonra onu evə buraxmışlar. O elə bilmişdir ki, işi bununla da bitmişdir. Sonra polis işçiləri ondan üç min manat pul istəmişlər, lakin o, pulu olmadığını bildirmişdir. Sonra işinin məhkəmədə olduğunu bilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri M.Hüseynzadə küçəsi 2/6-da ailəsi ilə birlikdə yaşayır. 2017-ci ildən etibarən psixotorp maddə metamfetamini qızıdırıb tüstsünü çəkməklə qəbul edir. 2021-ci ildə oğurluq və narkotik vasitəyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2023-cü ilin sentyabr ayında həbsdən azad edilmişdir. Həbsdən azad edildikdən sonra psixotrop maddə qəbul etməsə də, sonradan işsizlik və sair problemlər üzündən son iki aydır ki, psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran şəhəri «Böyük bazar» ərazisində olarkən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə metamfetamin alıb və qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 17 radələrində yaşadığı evin yaxınlığında Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində, yəni şəhərin «Su-8» deyilən ərazidə piyada yol kənarı ilə evinə tərəf gedərkən mülki geyimdə 3 nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Lənkəran Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılan zaman üzərində qanunla qadağan edilmiş əşya və maddə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O da həmin vaxt əynindəki köynəyinin cibində bir ədəd bükümdə saxladığı metamfetamini çıxarıb təqdim etmişdir. Təhqiqatçısı həmin bükümə baxış keçirdikdə bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onunla aparılan sorğu-sual zamanı üzərində aşkar olunmuş bükümün içərisində özünə məxsus metamfetamin olduğunu və həmin metamfetamini gündüz saatlarında böyük bazar ərazisində tanımadığı şəxsdən 15 manata alaraq qəbul etmək üçün üzərində saxladığını demişdir. Üzərində aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş, 2,15 qram olmuşdur. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu imzalamışdır. Əməldən çox peşman olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Lənkəran Şəhər Rayon X3 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 aprel 2024cü il tarixdə icratına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 18:05-də Lənkəran şəhəri M.Hüseynzadə küçəsində, «Su-8» deyilən ərazisində küçə ilə piyada hərəkətdə olduğu zaman saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. O, üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, videoçəkilişdən istifadə edilərək və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz maddə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki köynəyin sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində metamfetaminəbənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu, metamfetamini həmin gün Lənkəran şəhərində Böyük-bazar adlanan ərazidə üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə metamfetamin qoymamışlar. Ona hər hansı formada təsir-təzyiq göstərməmiş və pul istəməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən, Lənkəran Şəhər Rayon X3 mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 da şahid Rahid Əsgərovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması barədə daxil olmuş məlumata əsasən əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 24 aprel 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.Hüseynzadə küçəsində, «Su-8» deyilən ərazisində piyada getdiyi zaman saxlamaqla ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmiş və üzərində şəxsi axtarış keçirmək üçün polis şöbəsinə dəvət etmişlər. O, şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa, təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki köynəyin sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdm etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində metamfetaminəbənzər maddə aşkar edilmişdir. Vüqar təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu, metamfetamini həmin gün Lənkəran şəhərində «Böyük-bazar» adlanan ərazidə üzdən tanıdığı şəxsdən 15 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilən X6 göstərdi ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır, onunla qonşu kimi münasibəti yaxşıdır. O, 24 aprel 2024-cü il tarixdə saat 16-17 radələrində Lənkəran şəhərində Şəhidlər Xiyabanı küçəsində «Soltansaray» şadlıq evinin yaxınlığındakı işıqforun yanında yerləşən bərbərxanaya saçını qırxdırmağa getmişdir. Bərbərxananın yaxınlığında durub bərbərin başqa müştəri ilə işini qurtarmasını gözləmişdir. Həmin vaxt Vüqarın bərbərxananın yaxınlığında yolun kənarındakı palıd ağacının yanında təklikdə durduğunu görmüşdür. Bu zaman bir nəfər şəxs Vüqara yaxınlaşaraq ondan siqaret almışdır. Bundan sonra isə Vüqarın yanında bir ağ rəngli avtomaşın dayanmışdır. Avtomaşından bir nəfər düşərək Vüqara yaxınlaşmış, bu anda ikinci şəxs, sonra isə əlavə iki nəfər Vüqara yaxınlaşmışlar. Onlar Vüqara polis işçiləri olduqlarını bildirmişlər. Ondan nəsə tələb etmişlər. Vüqar əllərini yuxarı qaldırmış, polis işçiləri Vüqarın üzərini axtarmışlar, üzərindən alışqan və telefon çıxmış, başqa heç nə çıxmamışdır. Sonra polis işçiləri Vüqarı maşına mindirib özləri ilə aparmışlar. Sonradan polis işçilərinin Vüqarın cibinə narkotik qoyduqlarını eşitmişlər. Müdafiəçinin vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilən X5 göstərdi ki, onun bibisigilin evi Lənkəran şəhərində «Su-8» adlanan ərazidə yerləşir. Təqsirləndirilən şəxs bibisigilin qonşusu kimi tanıyır, onunla münasibəti yaxşıdır. O, 24 aprel 2024-cü il tarixdə saat 17 radələrində bibisigilin evinə baş çəkmiş və məhəllədən çıxdıqda Vüqarın yaxınlıqda küçədə durduğunu görmüşdür. O, Vüqara yaxınlaşmış və ondan siqaret yandırmaq üçün alışqan almış, sonra isə Vüqarla söhbət eləməyə başlamışdır. Bu zaman bir ağ rəngli, səhv etmirsə, «Nissan» markalı avtomaşın gəlib onların yanlarında dayanmışdır. Avtomaşından əvvəlcə bir nəfər düşmüş, Vüqara yaxınlaşmış, ona üzərində nə varsa, çıxartmasını demişdir. Bu anda başqa iki nəfər də avtomahından düşərək Vüqara yaxınlaşmışlar. Vüqar gödəkçəsinin (jilet) cibindən bir ədəd alışqan və siqaret, şalvarının sağ cibindən isə mobil telefon çıxarmışdır. Təqsirləndirilən şəxs əynində köynək və jaket olmuşdur. Daha sonra polis işçiləri əlləri ilə Vüqarın üzərini, ciblərini yoxlamışlar. Vüqarın üzərində heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra polislər Vüqarı avtomaşına mindirib özləri ilə aparmışlar. Cinayət işində olan şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan köynəyin cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümün içərisindən metamfetaminəbənzər maddə aşkar edilərək götürlür, həmçinin Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2024cü il tarixli 19/358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, 01 ədəd bükümdə təmiz çəkisi 2,055 qram olan maddə metamfetamindir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2024-cü il tarixli, 380 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 25 aprel 2024-cü il tarixli, 385 saylı rəyinə görə Təqsirləndirilən şəxs həmin tarixdə aparılan tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhər Psixatriya xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə şahid kimi dindirilmiş, Təqsirləndirilən şəxsla tanışlıq münasibətləri olan X5 və X6 24 aprel 2024-cü il tarixdə saat 17 radələrində Lənkəran şəhəri ərazisində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs yaxınlığında olduqlarını, polis işçilərinin həmin yerdə Təqsirləndirilən şəxs üstünü, ciblərini yoxladıqlarını, ciblərində siqaret, alışqan və mobil telefondan başqa hər hansı bir şeyin, o cümlədən narkotik aşkar olunmadığını, sonra isə polis işçilərinin Təqsirləndirilən şəxs avtomobilə mindirib özləri ilə apardıqlarını göstərdiklərindən onların ifadələrinin həqiqətə uyğunluğunun yoxlanılması məqsədi ilə ifadələrinə əsasən onların istifadələrində olan telefon nömrələrinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmaları zamanı anten dairəsinə dair məlumatların əldə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul olunmaqla "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş 22 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, Azər Abdullazadənin istifadəsində olmasını göstərdiyi ***-***-**-** telefon nömrəsi xx.xx.2024-cü il tarixdə istifadə olunmamışdır. Məhkəməyə telefon danışıqları barədə daxil olmuş məlumatlara əsasən Mehman Balayevin istifadəsində olmasını göstərdiyi ***-***-**-** telefon nömrəsinin anten dairəsi Lənkəran şəhəri ərazisində olmuşdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 ay 28 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti şərti olaraq azad edildiyi cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2008 və 2011-ci ildə doğulmuş uşaqları vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-24 aprel 2024-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində psixotop maddə metamfetamin olmaması, üzərinə metamfetaminin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bunldan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tanışları, onun xeyrinə ifadə vermiş şahidlər Azər Abdullazadə və Mehman Balayevin həqiqətən də 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən saxlanılması zamanı onun yaxınlığında olmaları, saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının, üstündə narkotik aşkar olunmamasının şahidi olmaları telefon məlumatları və sair sübutlarla möhtəbər şəkildə təsdiq olunmamışdır. Həm də Vuqar Rəcəbov ilkin ifadələrində 24 aprel 2024-cü il tarixdə polis tərəfindən saxlanılması zamanı həmin şəxslərin onun yaxınlığında olmalarını, polisin onların yanlarında üstünü yoxlamasını göstərməmişdir. Ona görə də Azər Abdullayevin və Mehman Balayevin ifadələri Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılması zamanı üzərində psixotrop maddə olmaması nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 09 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan əlavə, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən cinayət törətdiyindən CM-nin 76.6.3cü maddəsinin tələbinə əsasən onun barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə müəyyən edilmiş və çəkilməmiş 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1,955 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədğiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 təhvil verilsin, hökmün bu hissədə icrası X2 həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 1,955 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-100/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-100/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver