Məhkəmə qərarları › İş №1(099)-101/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-101/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-101/2025 15.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Salyan şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 149-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan qədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan metadon həbləri və xeyli miqdarda qurudulmuş marixuana əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 23 may 2024-cü il tarixdə saat 21:20 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əlindəki ağ rəngli torbadan 458,0 qram narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana və əynindəki şalvarının sol yan cibindən 5 ədəd konvalyutda, təsiredici maddəsinin miqdarı 2,0 qram olan külli miqdarda, 50 ədəd metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdə oturarkən 10-a yaxın polis əməkdaşı evinə daxil olmuş, onların içində olan Aqşin adlı polis əməkdaşı ona bildirmişdir ki, bəraət alıb çıxdığına görə tutulmalıdır, digər polis əməkdaşları evi axtarmağa başlamışdır. Aqşin ona narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, cavabında istifadə etdiyini demişdir. Aqşin ona “ya inzibati, ya da CM-in 234.1-ci maddə ilə gedəcəksən” demiş, onların dediyi ilə razılaşmışdır. Şöbədə olarkən çəkilişə az qalmış Fuad adlı polis əməkdaşı ona 5 list metadon vermiş, “narahat olma səni 234.1-ci maddə ilə sənədləşdirəcəyik” demişdir. Onlarla razılaşmasa evinə 2 kiloqram narkotik vasitə qoyacaqlarını ona bildirmişlər. Bundan sonra məcbur qalıb onların dediyi ilə razılaşmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmayıb, döyülməyib, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalmış, bu barədə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə bildirməmişdir, əməlini ya inzibati, ya da CM-in 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyinə inanıb polislərlə razılaşmışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ibtidai istintaq zamanı təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən bir narkotik maddə olan marixuana və metadon tabletləri qəbul etmişdir. 23 may 2024-cü il tarixdə saat 21 radələrində əlindəki içərisində qurudulmuş marixuana olan ağ rəngli sellofan torba ilə Salyan şəhərində yaşadığı evin yaxınlığında küçədə gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə getməli olduğunu ona bildirmiş və onu avtomaşınla Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutuldudqan sonra öz seçimi əsasında ona vəkil təyin olunmuş və ondan sonra hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparılması barədə tərtib olunmuş qərarla tanış оlmuş və bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində narkotik vasitə və ya hər hansı bir qadağan olunmuş predmet olub-olmaması soruşulduqda o, həmin vaxt əlindəki içərisində narkotik maddə olan ağ rəngli sellofan torbanı, əynindəki şalvarının sol yan cibindən 5 ədəd listdə olan metadon tabletlərini, şalvarının sağ yan cibindən "Oppo" markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmiş, təqdim etdiyi sellofan torbanın içərisinə baxıldıqda onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu məlum olmuşdur. Sorğu zamanı etiraf edib bildirmişdir ki, təqdim etdiyi narkotik maddələr 2022-ci ildə yol-nəlqiyyat hadisəsi zamanı vəfat etmiş qardaşı Cahid Abbasov tərəfindən yaşadıqları evdə gizlədilmiş, onları evlərində tapdıqdan sonra aparıb Kür çayının sahilində gizlətmək istəmiş, lakin yolda gedərkən polis əməkdaşları ilə rastlaşdığı üçün bunu edə bilməmiş, həmin narkotik maddələrdən yalnız özü qəbul etmiş, onlardan kiməsə verməmiş və ya satmamışdır. Ondan sonra keçirilən şəxsi axtarışı zamanı üzərindən qadağan olunmuş başqa heç bir əşya, predmet aşkarlanıb götürülməmişdir. Ona məxsus mobil telefon və şəxsiyyət vəsiqəsi tərtib olunan protokola əlavə edilmiş, üzərindən aşkar edilib götürülmüş kütlələr elektron tərəzidə çəkildikdə 05 ədəd listdə olan metadon həblərinin 30,72 qram, sellofan torbada olan qurudulmuş marixuana kütləsinin isə 505 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra, həmin narkotik vasitələr ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılmış, qabladırıldıqları kağız paketin və sellofan torbanın ağzı möhürlənərək bağlanmış və onların üzərinə iştirakçılar kimi o da imza etmişdir. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra imzaları ilə protokolun doğruluğunu da təsdiq etmişlər. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Belə ki, bəraət aldıqdan sonra tanıdığı hər kəs onun axır-əvvəl tutulacağını, ehtiyatlı olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, İş üzrə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 2024-cü il 25 may tarixində ona əməliyyat məlumatı daxil olduqdan sonra şöbə rəhbərliyinə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, qrupun tərkibində o, Şahid2 və Şahid3 olmuşdur. Məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Şəhriyarın olduğu yer müəyyənləşdirildikdən sonra onu evinin yaxınlığında saxlamışlar. Saxlayarkən onun əlində ağ sellofan var olmuşdur. Şöbədə Şəhriyarın üzərinə baxış keçirilmiş, cibindən 5 ədəd metadon həbi və sellofanda 500 qrama yaxın marixuana aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman ona zor tətbiq olunmamışdır, onu küçədə saxlamışlar, onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır, o, şöbədə müdafiəçi ilə təmin olunmuşdur, təqsirləndirilən şəxsin əvvəllər bəraət aldığını özü bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, 2024-cü il 25 may tarixində Şahid1 əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış, qrupun tərkibində o, Şahid2 və Şahid1 olmuşdur. Salyanda təqsirləndirilən şəxsi saxladıqdan sonra şöbəyə aparmışlar. Təqsirləndirilən şəxsin üzərindən şöbədə dərman və marixuana aşkarlanmışdır. Şəxs həmin narkotik vasitənin rəhmətlik qardaşına məxsus olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsi küçədə saxlamışlar, təqsirləndirilən şəxsin əvvəllər bəraət aldığını bilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan: - «Şübhəli şəxsin tutulması haqqında» 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.22) - «Şəxsi axtarış keçirilməsi haqqında» 23 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun əlindəki ağ rəngli sellofan torbadan qurudulmuş marixuanaya oxşar kütlələr və əynindəki şalvarının sol yan cibindən hər ədəd listdə 10 ədəd olmaqla 5 ədəd listdə cəmi 50 ədəd metadon həblərinə oxşar maddə aşkar olunaraq götürülmüşdür ( i.v.36-37) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 25 may 2024-cü il tarixli, 103/243 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 68-69) - Salyan Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli, 4(057)-44/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.85-86) - Məhkəmə-tibbi ekspertizasının 24 may 2024-cü il tarixli, 471 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.113-114) - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 24 may 2024-cü il tarixli, 19/444 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə və 05 ədəd listdə metadon tabletlərinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...." sözləri və imzalar olan bir ədəd paketdəki, 5 ədəd konvalyutda, ümumi sayı 50 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin miqdarına görə biri-birləri ilə eynidirlər və təsiredici maddəsinin ümumi miqdarı: -2,0 qramdır. (bir həbdə 0,04 qr) 1 ədəd bükülüdə təmiz çəkisi: -458,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v.74-50) - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v.111) - Cinayət işinin materiallarına əlavə edilmiş "Salyan rayon mərkəzi xəstəxanası" X4 11 iyun 2024-cü il tarixli, 18-1-68/2-1205/2024-cü il tarixli məktubundan görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs 2016-cı il tarixdən "Çətənə" diaqnozu ilə narkoloji qeydiyyatdadır, Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. (i.v.149) - İş üzrə verilmiş əməliyyat tapşırığına alınmış 21 iyun 2024-cü il tarixli, 3-13-104/1- 18799/2024 nömrəli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana və metadon həblərini onun nə vaxt, harada, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsi narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olubolmadığını müəyyən etmək mümkün olmamış, rayon sakinləri arasında narkotik vasitə aludəçisi kimi tanınması müəyyən edilmişdir.( i.v. 136) - «Maddi sübut kimi tanıma haqqında» 29 may 2024-cü il tarixli, 183/244 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 457,9 qram qurudulmuş marixuana və 45 metadon həbi maddi sübut kimi tanınmışdır.(94) - «Sübutların qiymətləndirilməsi haqqında» 14 avqust 2024-cü il tarixli, 183/253 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 457,9 qram qurudulmuş marixuana və 45 metadon həbi, həmçinin şəxsi axtarış və götürmə aparma istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD diskin maddi sübut qismində tanınması nəzərə alınmışdır ( i.v.158-162). Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən əlindəki sellofan torbadan aşkar olunmuş qurudulmuş marixuana və metdon həblərinin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Bununla bərabər, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, üzərində aşkar olunmuş marixuana və iki qutu metadon rəhmətlik qardaşından evdə qalmışdır, 23 may 2024-cü il tarixdə, saat 21 radələrində həmin maddələri götürüb Kür çayının yaxınlığında gizlədib sonradan istifadə etmək istəmiş, lakin, yolda həmin vaxt tutulmuşdur. (i.v. 85) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair, protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, məhz həmin ifadələri iş materialları ilə uzlaşan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini isə iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, “şəxsi axtarış aparılması haqqında” protokol və ona əlavə edilmiş DVD disk, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsində xx.xx.2024-cü il tarixdə cinayət işinə baxılarkən ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cfü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. (i.v.100-102) - Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 07 iyun 2024-cü il tarixli, 5-71-6/2-1192/2024 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R. Ulutürk küçəsi ev 149-da yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir.(i.v. 104-105) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və həbsdə saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 457,9 qram qurudulmuş marixuana və 45 metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 457,9 qram qurudulmuş marixuana və 45 metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar