Məhkəmə qərarları › İş №1(099)-102/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-102/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-102/2024 28.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, bir uşaq atası, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasnın Rostov-na-Donu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, iki uşaq atası, ünvan 2 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, külli miqdarda müxtəlif növ narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə razılığa gəlmişlər. X1 adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin və qeyrilərinin İİR-də məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxladıqları külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 4961,8 qram qurudulmuş marixuananı, 980 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 39,2 qram metadonu və psixotrop maddə təmiz halda çəkisi 475,3 qram metamfetamini bir ədəd bağlamanın içərisində şəxsiyyəti məlum olmayan şəxslər daşıyaraq onun hər hansı formada bilavasitə iştirakı olmadan dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 19-cu sərhəd zastavasının 7-ci sahəsinin arxa tərəfində, dövlət sərhəd xəttindən 2500 metr, mühəndis-texniki çəpərdən 1500 metr, 53/3 nömrəli sərhəd nişanından 500 metr məsafədə, Füzuli rayonunun Mahmudlu kəndinin ərazisində yerləşən qəbristanlıqda gizlətdikdən sonra X1 28 dekabr 2022-ci il tarixdə, müxtəlif saatlarda həm onunla, həm də Təqsirləndirilən şəxs2 ilə dəfələrlə telefon əlaqəsi yaradaraq, həmin külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz satışını təşkil etməyə onları razı salmış, bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə X2 onun mobil telefonunun “WhatsApp” ani mesajlaşma tətbiqinə göndərdiyi səsli mesajlardan, kordinantlardan və qeyd edilən külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin gizlədildiyi yerin fotoşəkillərindən istifadə edərək 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mitsubishi Airtrek” markalı, “AZ **-LS- ***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Füzuli rayonuna yollanmışlar. Təqsirləndirilən şəxs2 avtomobili N nömrəli hərbi hissəsinin 19-cu sərhəd zastavasının 7-ci sahəsinin arxa tərəfində, dövlət sərhəd xəttindən 2500 metr, mühəndis-texniki çəpərdən 1500 metr, 53/3 nömrəli sərhəd nişanından 500 metr məsafədə, Füzuli rayonunun Mahmudlu kəndinin ərazisində yerləşən qəbristanlığın yanında yolun kənarında saxladıqdan sonra hər ikisi avtomobildən enərək qəbirstanlıqda gizlədilmiş bir ədəd bağlamanın içərisində olan qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni həmin gün saat 21 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində hər ikisi hadisə yerindən qaçmağa cəhd etsələr də, hərbi qulluqçular tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 əlində olan bir ədəd bağlamada külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 4961,8 qram qurudulmuş marixuana, 980 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 39,2 qram metadon və psixotrop maddə təmiz halda çəkisi 475,3 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan bir müddət əvvəl Cəlalın qardaşı Nasurun tanışı olan Şəhriyar adlı iranlı onlara narkotik göndərirmiş, Nasurla bir yerdə Xırdalanda narkotikdən istifadə etmişlər. Nasur bir neçə dəfə onun yanında Şəhriyarla telefonla danışmışdır. Sonradan eşitmişdir ki, Nasur həbs edilmişdir. Saxlanılmamışdan bir neçə gün əvvəl iranlı Şəhriyar ona təklif etmişdir ki, 5 kq “nəşə var, yol pulunu və nəşə verəcəm, iki nəfərlə gedib narkotiki götürüb Lökbatana aparmaq lazımdır». Şəhriyarın təklifi ilə əvvəlcə razılaşmamışdır. xx.xx.2022-ci ildə Şəhriyarla telefonda votsapla danışmış, iranlı narkotikin Salyan rayonu ərazisində olduğunu ona demişdir. Şəhriyara «bir saat vaxt ver, maşın və adam tapacağam» demişdir. Bu barədə Nasurun qardaşı Cəlala demişdir. Cəlal da Şəhriyarı tanıyırdı. Eyni zamanda, başa düşmüşdür ki, Şəhriyar da Cəlala göndərdiyi narkotik barədə məlumat vermişdir. 28 dekabr 2022-ci ildə Nasurun qardaşı olan tanışı Cəlal onu Xırdalandan götürmüş və onun idarə etdiyi “Mitsubishi Airtrek” markalı maşınla birlikdə iranlının narkotikin yerini dediyi Salyan rayonuna yollanmışlar. Yolda Şəhriyarla votsapla danışmışlar. Sonradan isə yolda olarkən Şəhriyar onlara narkotikin Füzuli rayonu ərazisində olduğunu demişdir. Cəlal onun mobil telefonu ilə Şəhriyarla dəfələrlə danışmışdır. Daha sonra narkotiki götürmək üçün Cəlalla həmin maşınla Füzuli rayonuna yollanmışlar. Şəhriyar onun mobil telefonuna narkotikin olduğu yerin «konum»nu atmışdır. Şəhriyarın göndərdiyi «konum»la hərəkət etmişlər və həmin yeri tapmışlar. Saat 21 radələrində Füzuli rayonu, Mahmudlu kəndinin ərazisinə çatmışlar. Cəlal maşını həmin kəndin qəbirstanlığının içərisində saxlamış, hər ikisi də maşından düşmüşlər və göndərilən «konum»la hərəkət etmişlər. Cəlal bağlamanı qəbir daşlarının birinin arxasından götürmüş, qəflətən səs gəldiyi üçün o, bağlamanı tullamış və sərhədçilər tərəfindən saxlanılmışdır. Cəlal tutulmuş, özü isə qaçmağa başlamış, təxminən 150 metr qaçdıqdan sonra tutulmuşdur. Elmir Balaşov verilən suallara cavab olaraq bildirmişdir ki, Şəhriyarla “votssap” vasitəsi ilə danışmışdır, onu görməmişdir. Şəhriyar əvvəllər nəşəni Xırdalana göndərmişdir. Şəhriyar əvvəllər onlara ancaq marixuana gönədirmişdir. Şəhriyarın göndərdiyi narkotiki əvvəllər heç vaxt haradansa götürməmişdir. Nasur tutulandan sonra Şəhriyar ona təklif etmişdir ki, bir yerdə marixuana var onu götürüb dediyi yerə, Lökbatana çatdırmaq lazımdır. Bunun müqabilində Şəhriyar ona 100 qram marixuana və yol pulu vəd etmişdi. Şəhriyar ona iran nömrəsindən zəng etmişdir. Söhbət əsnasında Şəhriyar ona Azərbaycanda axtarışda olduğunu demişdir. Şəhriyarın Calala nə verəcəyindən məlumatı yox idi. Calal ilə Şəhriyar özü danışmışdı. Bağlamada olan metadon və metamfetamindən məlumatı olmamışdır. Narkotikin qoyulduğu yerin şəklini Şəhriyar ona və Calala ”konum”la gödərmişdir. Narkotik qəbirıstanlıqda qoyulmuş, maşından ikisi də düşmüşlər. Narkotiki Calal götürmüşdür. Hər ikisi də narkotikin dalınca getdiklərini bilmişlər. Bağlamanı götürən kimi sərhədçilər tərəfindən saxlanılmışlar. Hərbi hissəyə aparılmışlar. Həmin bağlamaya baxış keçirilmiş, içərisində narkotik vasitələr, pnevmatik tüfəng və üzərində mobil telefon aşkar edilmişdir. Saxlanılanda üzərində az miqdarda marixuana da olmuşdur. Maşını Cəlal idarə etmişdir. Təqsirləndirilən şəxs Elmir Bağışovun məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində narkotiki götürüb Lökbatana çatdırmağa görə Şəhriyar ona 1000-1500 manat pul təklif etdiyini, özünün avtomobili olmadığından Cəlal da onunla saxlanıldıqları yerə getdiyini, həmin narkotik vasitələrin və psixotrop maddənin haradan, nə vaxt, kim tərəfindən, hansı yolla gətirilərək qəbristanlıqda gizlədilməsi barədə məlumatının olmadığını, onlar da Şəhriyardan bu barədə nəsə soruşmadıqlarını göstərmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü dəmirçi işləyir, avtomobilərin təmiri ilə məşğul olur. 12 oktyabr 2022-ci il tarixdə qardaşı Nasur narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs olunmuşdur. Şəhriyarın qardaşı Nasurla münasibəti olmuşdur. Qardaşının buraxılması üçün bir nəfər 7500 manat pul lazım oluğunu ona demiş, kömək üçün Şəhriyara müraciət etmişdir. Şəhriyar ona demişdir ki, “narahat olma, kömək edərəm”. Bir müddət sonra Şəhriyar ona zəng edərək Elmirlə birlikdə Salyan rayonuna getmək lazım olduğunu bildirmişdir. Bundan sonra tanışı Elmirə zəng edib Şəhriyarın ona da zəng edibetməməsini soruşmuşdur. Elmir də Şəhriyarla danışdığını və getməyə maşını olmadığını demişdir. 28 dekabr 2022-ci ildə qonşusunun maşınını götürüb Xırdalanda Elmirlə görüşüb birlikdə Salyan rayonuna yola düşmüşlər. Maşını özü idarə etmişdir. Salyan rayonuna çatanda Elmirin mobil telefonuna ünvan (konum) gəlmişdir ki, Bəhrəmtəpəyə getməlidirlər. Dərhal oradan idarə etdiyi maşınla Bəhrəmtəpəyə yola düşmüşlər. Artıq hava qaralmışdır. Bəhrəmtəpəyə yollandıqları üçün əsəbləşmişdir. Bəhrəmtəpədə Elmirlə oturub çörək yeyərkən ona məlum olmuşdur ki, narkotik dalınca gedirlər. Yenə Şəhriyardan mobil telefona narkotikin olduğu yer barədə ünvan (konum) gəlmişdir. Bundan sonra da daha 53 km getməli idilər. Elmirin mobil telefonuna gələn “konum” Füzuli rayonu, Mahmudlu kəndində yerləşən qəbirstanlığın ərazisini göstərirdi. Şəhriyar demişdir ki, götürəcəkləri bağlamanı Bakı şəhərinə Lökbatan qəsəbəsinə aparmaq lazımdır. Elmir ona gecə vaxtı qəbirstanlıqdan qorxduğunu bildirimşdir. Saat 21 radələrində “konum”la qəbirstanlığa çatıb içəridə maşını saxlamış, birlikdə maşından düşmüşlər. Özü qabaqda, Elmir qoxduğu üçün arxada getmişdir. Bağlamanı qəbir daşlarının birinin arxasından götürdükdən sonra səsküy eşitdiyi üçün bağlamanı tullamış və bu zaman kimsə onun əllərindən tutmuşdur. Saxlanılan zaman onu yerə yıxmışlar. Bunu görən Elmir qaçmaq istəyərkən saxlanılmışdır. Sonra hərbi hissəyə aparılmışlar. Həmin bağlamaya baxış keçirilmiş, içərisində narkotik vasitələr, pnevmatik tüfəng və üzərində mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, hərbi hissədə onlarla kobud davranmışlar. Elmir susaraq heç bir söz danışmamışdır. Özü qəsdən hər şeyi boynuna almışdır. Telefonunda Elmirlə aralarında olan pul məsələsi ilə bağlı yazışmalar var idi.Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünün hadisə yerinə sürücü kimi getməsinə görə Şəhriyar ona 1000-1500 manat pul vəd etdiyini, Şəhriyarı tanısa da, saxlanıldıqları cinayət hadisəsi ilə bağlı narkotik vasitə ilə bağlı danışıqların Elmir tərəfindən aparıldığını, özünün də həmin danışıqlardan xəbəri olduğunu, həmin narkotik vasitələrin və psixotrop maddənin haradan, nə vaxt, kim tərəfindən, hansı yolla gətirilərək qəbristanlıqda gizlədilməsi barədə məlumatının olmadığını, onlar da Şəhriyardan bu barədə nəsə soruşmadıqlarını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri, habelə məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələr ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluçusu Şahid1 ifadəsində göstərmişdir ki, 28 dekabr 2022-ci il tarixdə gizir Şahid2la birlikdə N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasına ezam olunmuşdur. 28 dekabr 2022-ci il tarixdə, saat 20:00-dan 29 dekabr 2022-ci il saat 01:00-dək gizir Şahid2la birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Həmin günü saat 21 radələrində xidmətdə olduqları zaman Füzuli rayonu, Mahmudlu kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kənd yaxınlığındakı qəbristanlıqda saxladığını, həmin avtomobildən əvvəlcə bir nəfərin, daha sonra isə başqa bir nəfərin düşərək ərazidə nəsə axtardıqlarını görmüşlər.Bu barədə aidiyyəti üzrə komandirlərinə məruzə edərək həmin şəxslərin hərəkətini müşahidədə saxlamışlar. Həmin şəxslərdən biri orada olan hasarın yaxınlığından bir ədəd bağlamanı tapıb, həmin bağlamanı götürmüş və bu vaxt tərəflərindən “Dayan!” çağırış komandası verilmişdir. Həmin şəxs əlində olan bağlamanı atıb qaçmaq istədikdə tərəflərindən saxlanılmışdır. Daha sonra isə bağlamanı götürən şəxslə birlikdə hadisə yerinə gələn digər şəxsi də saxlamışlar. Həmin şəxsləri saxladıqları yerdən bir ədəd bağlama aşkar edilmiş və dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Bir qədər sonra həmin əraziyə hərbi qulluqçular gələrək tərəflərindən saxlanılmış şəxsləri müvafiq araşdırmanın davam etdirilməsi üçün hərbi hissəyə aparmışlar. Orada həmin şəxslərin iştirakı ilə aşkar olunan bağlamaya baxış keçirilmiş və bağlamanın içində külli miqdarda narkotikə bənzər kütlə olduğu müəyyən edilmişdir. Heç kimə qarşı zor tətbiq etməmişlər. Məlum olmuşdur ki, saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur, həmin əraziyə narkotiki götürmək üçün gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin hərbi qulluqçusu Şahid2 ifadəsində göstərmişdir ki, 28 dekabr 2022-ci il tarixdə çavuş Şahid1lə birlikdə N nömrəli hərbi hissənin 19-cu sərhəd zastavasına ezam olunmuşdur. 28 dekabr 2022-ci il tarixdə, saat 20:00-dan 29 dekabr 2022-ci il saat 01:00-dək çavuş Şahid1lə birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman Füzuli rayonu, Mahmudlu kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kənd yaxınlığındakı qəbristanlıqda saxladığını, həmin avtomobildən əvvəlcə bir nəfərin, daha sonra isə başqa bir nəfərin düşərək ərazidə nəsə axtardıqlarını görmüşlər. Bu barədə aidiyyəti üzrə məruzə edərək həmin şəxslərin hərəkətini müşahidədə saxlamışlar. Həmin şəxslərdən biri orada olan hasarın yaxınlığından bir ədəd bağlamanı tapıb, həmin bağlamanı götürmüş və bu vaxt tərəflərindən “Dayan!” çağırış komandası verilmişdir. Həmin şəxs əlində olan bağlamanı atıb qaçmaq istədikdə tərəflərindən saxlanılmışdır. Daha sonra isə bağlamanı götürən şəxslə birlikdə hadisə yerinə gələn digər şəxsi də saxlamışlar. Həmin şəxsləri saxladıqları yerdən bir ədəd bağlama aşkar edilmiş və dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Bir qədər sonra həmin əraziyə hərbi qulluqçular gələrək tərəflərindən saxlanılmış şəxsləri müvafiq araşdırmanın davam etdirilməsi üçün aparmışlar. Şəxslərdən aşkarlanan bağlamaya baxış keçirilmiş və bağlamanın içində narkotikə bənzər kütlə olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 (Təqsirləndirilən şəxs2 qardaşı) ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində külli miqdarda narkotik vasitə ilə saxlanılmış, barəsində Səbail RPİ-də ibtidai istintaqı aparılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəhriyar adlı iranlını əvvəllər tanımış, xx.xx.2022-ci il tarixdə məhz həmin şəxsə məxsus narkotik vasitəyə görə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 onun doğma qardaşı, Təqsirləndirilən şəxs1 isə tanışı olmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılmasından təxminən bir il əvvəl tanımış, sonuncu ilə birlikdə dəfələrlə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. Həmin narkotik vasitəni Şəhriyarın konum göndərdiyi yerdən əldə edib istifadə etmişlər. Qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 törətdikləri əmələ görə saxlanıldıqları cinayət hadisəsinə özünün heç bir aidiyyəti olmamış, qardaşı Cəlalın saxlanılmasını Bakı istintaq təcrdixanasında olduğu zaman bilmiş, özü saxlanıldıqdan sonra Şəhriyar adlı iranlı ilə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanımamış və bu barədə nəsə eşitməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 6/7190-7/1455 №-li rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən çıxmış narkotik vasitə 2 (iki) büküm marixuana” yazıları olan kağız paketdə sellofan bükülüdə 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,531 qram, 1 ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda təmiz çəkisi-2,110 qram, ümumi çəkisi-2,641 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır, tədqiqata təqdim edilmiş qara rəngli polietilen torbada 12 ədəd üzərləri yapışqanlı lentlə bağlanmış polietilen bağlamalardakı sellofan torbalarda ayrıayrılıqda təmiz çəkiləri-487,5 qram, 604,2 qram, 541,8 qram, 543,7 qram, 469,2 qram, 407,1 qram, 500,3 qram, 513,6 qram, 271,4 qram, 206,9 qram, 191,2 qram, 224,9 qram, ümumi təmiz çəkisi 4961,8 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №16” dairəvi möhür əksi olan bir ədəd kisənin içərisində bir ədəd bağlamada təmiz çəkisi 475,3 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “Methadone 40” göstəricisi olan 98 (doxsan səkkiz) ədəd konvolyutda ümumilikdə 980 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə - metadondur, 980 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 39,2 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1445 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən epizodik istifadə etmə halları aşkar olunmuş, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 783 və 784 saylı rəylərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 anlaqlıdırlar, onların hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 29 dekabr 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, hadisə yeri N nömrəli hərbi hissənin Füzuli rayonu Mahmudlu kəndi ərazisində yerləşən 4-cü sərhəd komendantlığının 19-cu sərhəd zastavasının 7-ci sahəsinin arxa hüdududur. Ərazi mürəkkəb relyefə malikdir, ərazi qəbirsanlıq və əkin sahəsi ilə əhatələnib. Hadisə yeri Füzuli rayonu, Mahmudlu kəndinin yaxınlığında yerləşən qəbristanlığın girişi, Bakı Horadiz yolundan 30 metr içəri, 53/3 nömrəli sərhəd nişanından 500 metr sola, dövlət sərhəd xəttindən 2500 metr aralıda mühəndis çəpərindən 1100 metr arxa ərazidə yerləşən qəbristanlıq ərazidir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqları yerin yaxınlığından bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs2 qeyd olunan bağlamanı götürdükdən sonra sərhədçilər tərəfindən saxlanıldığını, həmin bağlamanın içərisində narkotik vasitələr olmalı olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 29 dekabr 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yerindən Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüş 1 (bir) ədəd qara rəngli sellofan bağlama açılaraq içərisinə baxış keçirilən zaman bağlamanın içərisində dördbucaq və slindir formada şəffaf yapışqan sellofonla sarılmış halda 12 (on iki) ədəd bükümdə ümumi çəkisi 5 (beş) kq, 700 (yeddi yüz) qram olan içərisində narkotik vasitəyə bənzər maddə marixuana, slindir formada sarınmış 1 (bir) ədəd ümumi çəkisi 500 (beş yüz) qram olan, içərisində psixotrop maddəyə bənzər maddə metanfetaminə bənzər maddə, 980 (doqquz yüz səksən) ədəd üzərində Metadon-40 yazısı olan həblər, 1 (bir) ədəd Türkiyə Respublikası istehsalı olan Hatsan 70- G22HT nömrəli 22 kalibirli, 5.5 mm-lik Tir tüfəngi və ona məxsus 2 (iki) qutu qırma aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 29 dekabr 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ cibindən kiçik ölçülü 2 (iki) ədəd büküm aşkar olunmuş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilən zaman narkotik vasitəyə bənzər maddə olması aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24 aprel 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy A51» markalı ağ rəngli mobil telefonunda “***-***-**-**” saylı mobil nömrə üzərinə olan “WhatsApp” proqramının mövcud olması aşkar edilmiş, qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə şəxsiyyəti “Şəhriyar” adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı, adı mobil telefonda “Usta Mehman” kimi qeyd edilmiş mobil nömrə ilə arasında xx.xx.2022-ci il tarixdə “Salam, Elmir neyniyə bilmisən?, bir dənə mənə denənginən, bir də sabaha ola bilsin yüz faizdi də sənin ora getməyin, bil ginən, pul neyniyə bilmisən mənə denən nə qədər toparlıya bilmisən mənə denən”, “15 dəq deyirəm”, “Neyniyə bildin qardaş, 15 dəqiqə demişdin saat yarım keçib”, xx.xx.2022-ci il tarixdə “Ay Elmir, qadan alaram neynədin, yaxcısan, nə iş görürsən, nağayrırsan, sənə dünən gecə dedim ona pul vur ginən, vurmuyubsan, onda da günah yoxdu, camaatı işdən çıxarıblar, bə sənə söz dedim axı mən axşam yıxıldım yatdım”, “Ay Elmir noldu, vurdun pulu”, xx.xx.2022-ci il tarixdə “Salam, sabahın xeyir, hazır ol, maşını çağır, indi deyirəm çıxırsan”, “Sabahın xeyir”, “Salam, hazır ola, saat diyəcəm o saatda orda olacaxsan, Ay Elmir, mənə cavab de, Elmir getmək isdəmirsənsə, mən Cəlala deyim getsin, mənə bir dənə xəbər denən, səsə qulaq as”, “hə, gedəcəm, set tutmur”, “Saat 3-də çıx, bildin, maşın zad hazırdı ya yox”, “qoy danışım, xəbər edirəm”, “Danışginan, saat 3-də çıxacaqsan, 3-də deyəcəm çıxacaqsan, mənə saat 12-də zəng eləmişdilər denənginən 3də çıxsın”, “Şəhriyar, maşın var ee, deyir 6-7-də gəlim gedək bildin nətər, işdədi, başqa inanırsan, dünənə kimi maşın var idi, Cəlal deyir ki, bax düzüb qoşa bilməsən, problem deyil, mənə deyin mən gedim, yəni isdiyirsənsə, məsləhət görürsənsə bir yerdə düz qoş onu mən gedim, gəlsin məni götürsün gedim, kömək yaxşı şeydi də, başqa heç nə də burdayam Şəhriyar, qulluğundayam”, “Sən hazır ol, Cəlala dedim çıxdı, bu dəyqə çıxdı Cəlal”, “Şəhriyar tutmur ee, set tutmur, isdiyirsən danışaq, set tutmur”, “Səs atdım bax, Cəlal hazırdır, çıxdı bu dəyqə Cəlal, sən də hazır olginən, day bivaxta qalmıyaq, saat 6-da zadda inşallah ordan götürəcəksən, Cəlal gəlir Cəlalnan gedirsən”, “çıxdıq, yoldayıq”, “Ok, bevaxtdı, bir az tələsin”, “ok, sürəcəy”, yönləndirmə ilə göndərilmiş konum və fotoşəkil, fotoşəklin aşağısında “Baş daşının arxasında” yazısı, “bax mənə denən neçə dəyqə yolu var, mənə denən tez”, “Bakıdan Horadizə gələndə Mahmudlu 1 kəndini keçəndən sonra qəbirstanlıq var, qəbrstanlığın Horadiz tərəf girişindən asfaltdan 10 metr içəri kubikdən zabor. Qəbrin arxasında”, “gör nə deyirəm, konumun ora çatdız nə var səsim zadım hamısını silərsən aaa, nə var silərsən, bildin? Şəkili, məkili day biləcəksən də qəbirsanlığın içindədi, nə var siləcəksən, bilginən yadında saxla, mən də sənə səs atmıyacam, götürdün özün zəng elə mənə, ora 1 kilometr qalanda, 500 metr qalanda, oranı ki gördün, fırranıb qayıdan başı götürəcəksən, bu yolun bəri əlindədi, fırranıb götürəcəksüz, qardaş bir dənə mənə cavab ver də başıva dolannam, noldu, alo, Ay Elmir, Ay Elmir salamatçılığdı?, ay qardaş bu telefona cavab verginən də bir dənə, mənim burda bağrım çatdadı axı, ay Elmir mənə cavab ver, öldum burda” məzmununda danışıqların, cavabsız zənglərin olması aşkar edilmiş, bundan başqa həmin mobil telefonun zənglər bölməsinin kontaktlar hissəsinə baxış keçirilən zaman şəxsiyyəti istintaqa məlum olmayan, adı mobil telefonda “Adil iran” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil telefon nömrəsinin olması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 24 aprel 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Sumsung Galaxy A10» markalı qara rəngli mobil telefonda “***-***-**-**” saylı mobil nömrə üzərinə olan “WhatsApp” proqramının mövcud olması aşkar edilmiş, qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə şəxsiyyəti “Şəhriyar” adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə ilə arasında xx.xx.2022-ci il tarixdə “buna atarsan, qaqaş dalşi bu telefona yaz, o telefona day yazma da yəni, day pozuram oları da, uje bu telefonu şey eləginən, təkəm paşdi, evdəyəm ona görə deyirəm ki, elə bu telefona elə heç bilməsinlər nə var nə yox”, “oldu qardaşım oldu”, “Şəhriyar səs ata bilirsən səs atginən”, xx.xx.2022-ci il tarixdə “Şəhriyar Allah haqqın mən qalıram burda pis günə də, vallah biyabır oluram, camaatı işdən çıxaracaqlar ee əə, ay da mən Quran haqqı mən ömrümdə belə biabır vəziyyətə qalmamışdım da Quran haqqı”, xx.xx.2022-ci il tarixdə “Çox da sürətli getmək lazım deyil aa, özündən gözdə”, “narahat olma can, narahat olma”, “Salam necəsən qardaş, yaxşısan?, bir dənə məni yığ da başıva dolannam, ay qardaş mən öldüm burda, nəsə olub, salamatçılığdı, mənim burda bağrım partdadı, mənə cavab ver, alo, alo”, xx.xx.2022-ci il tarixdə isə “Salam, qardaş niyə cavab vermirsən, nəsə olub, salamatçılığdı, sən telefonu niyə adboy eleyirsən?” məzmununda danışıqların, cavabsız zənglərin olması aşkar edilmişdir. İşdə olan 24 aprel 2023-cü il tarixli qərarla saxlanılan zaman Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngli mobil telefon və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Sumsung Galaxy A51” markalı ağ rəngli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan 17 yanvar 2023-cü il tarixli qərarla 475,2 qram psixotrop maddə olan metamfetamin qalığı, 960 həb metadon qalığı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,541 qram narkotik vasitə olan marixuananın qalığı və bir ədəd bağlamada aşkar edilmiş 4961,2 qram narkotik vasitə olan marixuananın qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bilərək müdafiələri üçün heç bir dəlil gətirməmişlər, törətdikləri əməldən peşman olduğunu bildirmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana, metadon narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir.Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarınddan artıq, 1,6 qramdan artıq hissəsi külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi sitehlak miqdarından artıq, 500 qramıvə ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxslərin qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilmiş külli miqdarda müxtəlif növ narkotik vasitələri və külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, saxlamaları və daşımalar təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları sübuta yetirilmiş və onların bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, təqsirləndirilən şəxslərə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inzibati qaydada tutulmuşlar. İşdə olan xx.xx.2022-cil tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşlar, xx.xx.2022-ci ildə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28.12. 2022-ci ildən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda qeydiyyatda olmaqla orada yaşamış, yaşıyış yeri üzrə qənaətbəxş xarkterizə olunur və ailə tərkibi arvadı Raziyə Bayramovadan, 2017-ci il təvəllüdlü oğlu Həzrət Bayramovdan, 2018-ci il təvəllüdlü oğlu Akif Bayramovdan ibarətdir. İşdə olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda qeydiyyatda olsa da, uzun müddət həmin ünvanda yaşamadığı üçün ona xarakterizə etmək mümkün olmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il təvəlldülü Nihad adında oğul övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddələrin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaldır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2022-ci ildən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 4961,2 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 475,2 qram psixotrop maddə olan metamfetamin qalığı, 960 həb metadon qalığı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,541 qram narkotik vasitə olan marixuananın qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngli mobil telefon Təqsirləndirilən şəxs2 və 1 ədəd “Sumsung Galaxy A51” markalı ağ rəngli mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 191 (yüz doxsan bir) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 95 (doxsan beş) manat 50 (əlli) qəpik olmaqla tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 4961,2 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 475,2 qram psixotrop maddə olan metamfetamin qalığı, 960 həb metadon qalığı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2,541 qram narkotik vasitə olan marixuananın qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin,1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngli mobil telefon Təqsirləndirilən şəxs2 və 1 ədəd “Sumsung Galaxy A51” markalı ağ rəngli mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 191 (yüz doxsan bir) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 95 (doxsan beş) manat 50 (əlli) qəpik olmaqla tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər:(sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar