Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-102/2025 06.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X2, X7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Cəbrayıl rayonu, Çərəkən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ECS İnternational MMC şirkətinin işçisi olaraq BP-nin X15 baş aşpaz (şef) vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, R.Cəlilov küçəsi ev 11-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam » Qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 06:30 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “X21 Prado” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili 90 km\saat sürətlə idarə etməklə Biləsuvar-Bəhrəmtəpə yolunun 58-ci kilometrliyində Bəhramtəpə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yerinə yetirməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib, avtomobili qeyd olunan yol şəraitində idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməklə və idarə etməni itirməklə avtomobilin yolun hərəkət hissəsindən çıxararaq aşırmaqla həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sol kürək sümüyünün və sol incik sümüyünün yerinidəyişməyən sınıqları ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olan, Zərərçəkmiş şəxs1 iki tərfəli hemetoraks, ağciyərlərin əzilməsi və sağdan Xİ, Xİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması, V boyun fəqərəsinin arxa çıxıntısının qəlpəli sınığı, baş beyin silkələnməsi, alın nahiyəsinin hematoması, hər iki təpə, alın, sol gicgah, hər iki qaş nahiyələrinin və sağ üst göz qapağını əhatə edən iri ölçülü kəsilmə xarakterli yaralarla nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan, habelə avtomobildə olan sərnişinlər X3 ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının əzilməsi, başın təpə nahiyəsində əzilmiş yara, sağ baldır sümüklərinin qapalı sınığı, sağ baldır, sol diz oynağında sıyrıqlar, burun nahiyəsində qançırlarla nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə, X4 ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, başın sağ gicgah nahiyəsində, sağ almacıq və çənəaltı nahiyədə əzilmiş yara, hər iki bud nahiyəsində sıyrıqla nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə yetirməklə, ehtiyatsızlıqdan iki şəxsin, zərərçəkmiş X3 ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma nəticəsində hadisə yerində, zərərçəkmiş şəxs X4 ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi nəticəsində İmişli RMX-da ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü mərhum əmisi oğlu Ramil Vəliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş doğma torpaqları Cəbrayıl rayonuna getmək üçün yola çıxmışlar. O, səhər tezdən yola çıxmaq istəsə də əmisi oğlu Ramil Vəliyev gecə ikən çıxmalı olduqlarında israr etmiş, bu məqsədlə dəfələrlə ona zəng etmişdir. O, bacısını, sonra əmisi oğlu Ramillə bərabər onun öz oğlu və qardaşı oğlunu, daha sonra digər əmisi oğlunu da götürmüş və yola düşmüşlər. Yolda maşında qəfldən nasazlıq olmuş, taqqıltı səsi gəlmiş və maşın onu sola çəkmişdir. Çalışdığı qədər vəziyyətdən çıxmağa çalışsa da, maşın dərəyə aşmış və deyilənə görə 3-4 dəfə fırlanmışdır. O, sükanı tutub saxlamışdır. Hadisə vaxtı başının dəydiyi yadında qalmışdır. Orada nə qədər qaldığını isə xatırlamır. Başından qanın gəlib ağzına dolduğunu hiss edib maşından çıxmışdır. Ətrafda olan adamların köməyi ilə maşını qaldırmış və bacısının iki oturacağın arasına düşdüyünü görmüşdür. Uşaqlardan Muhəmməd yerdə olmuş, Abdullaya isə heçnə olmamışdır. Əmisi oğlu Adil Sadıqov yan tərəfi üstə uzanmış halda olmuş, O, Ramilə ürək masajı etmiş, gözündən damcı yaş düşdüyünü gördükdə vəfat etdiyini anlamışdır. Təcili tibbi yardım gəldikdə onun vəfat etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Bərahmtəpədə aslaft yol ilə 90 km/saat sürətdən aşağı sürətlə hərəkətdə olmuş, yolda ikən və ondan əvvəl maşınında heç bir nasazlıq hiss etməmişdir. Axırıncı dəfə maşınının asqı və amortizator sistemini yanvar ayında yoxlatmışdır. Gecə saat 01-də yola çıxmalarına səbəb əmisi oğlu Ramili böyük kimi saydığından, onun sözündən çıxa bilməməsi olmuşdur. Hadisə zamanı yuxulu olmamışdır. Maşınından səs gələn vaxt asta-asta əyləcə basmış və bu səsdən sonra maşın onu sola tərəf çəkmiş, maşını sağa çəkməyə çalışanda maşının arxası qalxaraq onu yaxınlıqda olan əkin sahəsinin qırağında yerləşən 60-70 santimetr dərinliyində olan torpaq arxa atmış və sağ tərəf arxa dəydikdən sonra maşın aşmağa başlamışdır. Rəhmətə gedən şəxslər hadisə vaxtı maşının arxa oturacağında sağda və ortada əyləşmişlər. Onun təkidi ilə bacısı Zərərçəkmiş şəxs1 və o, hadisə vaxtı qoruyucu kəməri taxılı vəziyyətdə olmuş, vəfat edən əmisi oğlanları isə taxmamışlar. O, hadisə vaxtı zərərçəkmiş şəxslərə kömək etmiş və ürək masajı edərək ilkin tibbi yardım göstərməyə çalışmışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, 27 aprel 2024-cü il tarixində mərhum əmisi oğlu Ramil Vəliyev qardaşı Təqsirləndirilən şəxs onları Qarabağa aparmasını bildirmişdir. O, hadisə vaxtı avtomobildə ön oturacaqda oturmuş, kəməri taxılı vəziyyətdə olmuşdur. Qəza vaxtı yatmış olduğu üçün hadisənin necə baş verdiyini görməmişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur, barəsində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, 27 aprel 2024-cü il tarixində gecə 3 radələrində evdən çıxmışlar. Hadisə səhər saatlarında baş vermiş,hadisə vaxtı yatılı halda olduğu üçün qəzanı bilməmişdir. Ayıldıqdan sonra qəza etdiklərini görmüşdür. Hadisə vaxtı xəsarət almışdır, hazırda vəziyyəti yaxşıdır, təsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. İş üzrə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasının əmisi oğludur. Onların Qarabağa gedəcəkləri barədə məlumatı olmuşdur. Hadisə barədə isə ona səhər zəng gəldikdən sonra məlumatı olmuşdur. Təsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. İş üzrə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum Adil Sadıqov onun atasıdır, hadisəni görməmişdir, hazırda təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. İş üzrə dindirilmiş şahid X13 ifadəsində göstərmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, 27 aprel 2024-cü il tarixində Cəbrayıl rayonuna gedirmişlər. O, avtomobilin arxa yük hissəsində əyləşmiş, qəza vaxtı yatılı halda olduğu üçün hadisəni görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin, digər yazılı sənədləri mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan : - «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokol və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, baxış “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmişdir. Baxış Bəhrəmtəpə qəsəbəsindən Biləsuvar rayonu istiqamətində keçirilmişdir. Hadisə baş vermiş yerdə yerin yol asfalt örtüyü, qurudur və düzdür. Yоlun ümumi eni 9,3 metr, hərəkət hissəsinin eni 7,5 metrdir. Yolda hərəkət iki tərəfdəndir, hər hərəkət istiqamətində bir hərəkət zolağı var, hər hərəkət zolağının eni 3,75 metrdir. Yolun hərəkət hissəsinin sağ və sol kənarları ilə sarı nişanlama xətti çəkilmişdir. Sarı nişanlama xəttindən sağ və sol tərəflərdə 0,9 m enində yol örtüyü vardır. Yolun sağ və sol tərəfində 3,0 metr enində çınqıl örtüklü ehtiyat hissə vardır. Daha sonra yolun sağ və sol tərəflərində əkin sahələri yerləşir. Yolun hərəkət hissəsində nəqliyyatın axınını ayırmaq üçün qırıq-qırıq nişanlanma xətti çəkilmişdir. Yolda hərəkət sürəti 90 km\saat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi aydın, günəşli hava şəraitində, 18C dərəcə temperaturda baş vermişdir. Hadisə baş verən yerdə sürücünün hərəkət etdiyi zolaqda kabinadan sahəni gözlə qavramaq qabiliyyəti gün işığında düzünə 300 ( üç yüz) metr, sağ və sola tərəf nəzərən isə 50 (əlli) metrdir. Hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Biləsuvar rayonundan Bəhrəmtəpə qəsəbəsi istiqamətində 90 km\saat sürətlə hərəkətdə olmuşdur. Hadisə yerində tormoz izləri yoxdur. Sürücü Təqsirləndirilən şəxs hadisə baş verən anda, yəni 27 aprel 2024-cü il tarixdə, saat 06:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunda Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman avtomobilin sol qabaq tərəfindən səs gəldiyinə görə avtomobilin həmin hissəsində hansısa nasazlığın yaranmasını zənn etdiyini və buna görə də avtomobili əvvəlcə yolun əks istiqaməti doğru sola, sonra sağa, daha sonra isə yenidən sola doğru hərəkət etdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs öz hərəkət zolağında avtomobilin sol qabaq tərəfindən səs gəldiyini eşitməsini təqdim etdiyi yerdən yolun özündən sol tərəfində yerləşən çınqıl örtüklü ehtiyat hissəyə doğru hərəkət etdiyi yerə qədər olan məsafə tərəfimdən ölçüldükdə 22 (iyirmi iki) metr, yolun solundan sağ kənarına qədər hərəkət etdiyi məsafə ölçüldükdə 20 (iyirmi) metr, yolun onun sağ kənarından “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobilin aşdığı yerə qədər olan məsafə ölçüldükdə 36 (otuz altı) metr hərəkət etməsi və həmin avtomobilə aid ümumilikdə 78 (yetmiş səkkiz) metr uzunluğunda cütlənmiş təkər izlərinin olması müəyyən edilmişdir. Lakin, hadisə yerində həmin avtomobilə aid tormoz izləri aşkar edilməmişdir. Hadisə yerində “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobil Bəhrəmtəpə qəsəbəsindən Biləsuvar rayonu istiqamətində baxdıqda yolun sol tərəfində (sürücünün hərəkəti istiqamətində baxdıqda sağ tərəfində) yolun kənarından 36 (otuz altı) metr uzaqlıqda sol yan tərəfi üzərində aşmış vəziyyətdə əkin sahələri istiqamətində dayanmışdır. Həmin avtomobilə aid ehtiyat hissələri avtomobilin yaxınlığına tökülmüşdür. Habelə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobildə hər hansı yük olmamışdır. “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə avtomobilin qabaq sol tərəfində hansısa nasazlığın yaranmasını zənn edərək idarəetməni itirdiyi an yaranmış, həmin andan Təqsirləndirilən şəxs avtomobillə yolun əks istiqamətli hərəkət zolağına və yolun özündən sol tərəfində yerləşən çınqıl örtüklü ehtiyat hissəsinə doğru 22 (iyirmi iki) metr, yolun sol kənarından sağ kənarına qədər hərəkət etdiyi 20 (iyirmi) metr, yolun sağ kənarından avtomobilin aşdığı yerə qədər 36 (otuz altı) metr olmaqla ümumilikdə 78 (yetmiş səkkiz) metr ziqzaqvari hərəkət etməsi müəyyən edilmişdir. (i.v. 5-25) - “Azərbaycan Respublikası DİN-in BDYPİ-nin QİŞ-dən verilmiş xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X21 Prado” markalı, **-RL- *** dövlət nişanlı avtomobilin Təqsirləndirilən şəxs məxsusdur, Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün DİN-in BDYPİ-nin Qİİ-nin 3 saylı Asan Xidmətdən xx.xx.2019cu il tarixdə verilmiş AC571711 nömrəli, BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. (i.v. 27-28) - Məhkəmə-tibbi еkspertizasının 27 aprel 2024-cü il tarixli, 06 №-li rəyindən görünür ki, mərhum X3 meyitinin xarici və daxili müayinəsi zamanı ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının əzilməsi, başın təpə nahiyəsində əzilmiş yara, sağ baldır sümüklərinin qapalı sınığı, sağ baldır, sol diz oynağında sıyrıqlar, burun nahiyəsində qançırlar müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma əlamətlərinə malikdir. X16 ölümünə səbəb ağır kəllə beyin travması zamanı əmələ gələn baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. ( i.v. 99- 102) - Məhkəmə-tibbi еkspertizasının 27 aprel 2024-cü il tarixli 07 №-li rəyindən görünür ki, mərhum X4 meyitinin xarici və daxili müayinəsi zamanı ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, başın sağ gicgah nahiyəsində, sağ almacıq və çənəaltı nahiyədə əzilmiş yara, hər iki bud nahiyəsində sıyrıq müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma əlamətlərinə malikdir. X17 ölümünə səbəb ağır kəllə beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. (i.v. 103-106) - Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin Bakı şəhəri, Nəsimi Rayon Şöbəsindən daxil olmuş 30 may 2024-cü il tarixli, 655 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 sol kürək sümüyünün və sol incik sümüyünün yerinidəyişməyən sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Sumqayıt Hospital kilinikasına müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsinə əmələ gələ bilər. (i.v. 111-112) - Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin Bakı şəhəri, Nəsimi Rayon Şöbəsindən daxil olmuş 30 may 2024-cü il tarixli, 656 nömrəli ekspert rəyindən görünür ki, Şahid ənsə nahiyyəsinin qapalı kəllə-beyin travması, başbeyin sirkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Sumqayıt Hospital kilinikasına müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Şahid bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsinə əmələ gələ bilər. (i.v.114-115) - Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyindən daxil olmuş 21 iyun 2024-cü il tarixli, 341\MEŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində ikitərfəli hemetoraks, ağciyərlərin əzilməsi və sağdan Xİ, Xİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması, V boyun fəqərəsinin arxa çıxıntısının qəlpəli sınığı, baş beyin silkələnməsi, alın nahiyəsinin hematoması bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir; hər iki təpə, alın, sol gicgah, hər iki qaş nahiyələrinin və sağ üst göz qapağını əhatə edən iri ölçülü kəsilmə xarakterli yaralar iti kənara malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsinə əmələ gələ bilər. (i.v. 133-137). - Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyindən daxil olmuş 03 iyun 2024-cü il tarixli, 1846\K saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ondan götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (i.v. 128-130) - Ədliyyə Nazirliyinin MEM-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 8\1746 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mövcud şəraitdə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında və elə yetirməli idi ki, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun. Lakin, sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan “X21 Prado” markalı, **-RL-*** dövlət nişanlı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməməsi, idarə etməni itirməsi və avtomobilin hərəkət hissəsindən çıxaraq aşması faktları onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə əlaqədar olmuşdur. (i.v.152-155) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma» haqqında 20 may 2024-cü il tarixli, 936 nömrəli qərardan görünür ki, cinayət işi üzrə X8 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünə görə zərərçəkmiş şəxs qismində tanınmış və X2 ölmüş zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmışdır.(i.v. 61) - «Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma» haqqında 21 may 2024-cü il tarixli, 943 nömrəli qərardan görünür ki, cinayət işi üzrə X14 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünə görə zərərçəkmiş şəxs qismində tanınmış və X7 ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır.(i.v. 72) - «Zərərçəkmiş şəxs qismində tanınma» haqqında 26 iyun 2024-cü il tarixli, 1209 nömrəli qərardan görünür ki, cinayət işi üzrə X9 zərərçəkmiş qismində tanınmışdır.(i.v. 119) - «Zərərçəkmiş şəxs qismində tanınma» haqqında 26 iyul 2024-cü il tarixli, 1370 nömrəli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş qismində tanınmışdır.(i.v. 143) - «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 13 avqust 2024-cü il tarixli, 1501 nömrəli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ARCM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 175-176) - «Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» 13 avqust 2024-cü il tarixli, 1527 nömrəli qərardan görünür ki, cinayət işi üzrə təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 210) - Biləsuvar RMX-nın TTYŞ-dən verilmiş 27 aprel 2024-cü il tarixli, 563 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə baş verən anda Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. (i.v.26) - Bakı Baş Səhiyyə X18 Şəxs 9 nömrəli Şəhər Poliklinikasından daxil olmuş xx.xx.2024-cü il tarixli 68 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhiəsəb xəstəlikləri üzrə psixiatrik qeydiyyata alınmamışdır. (i.v. 156) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıda qeyd edilən halları nəzərə alır: - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu və barəsində təqsirləndirici materiallar olmamışdır. (i.v. 127) - Binəqədi RİHB Xocasən qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamə və “ECS” şirkətindən verilmiş istehsalat xasiyyətnaməsindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Sulutəpə qəsəbəsi Qəmərli küçəsi 1-ci döngədə inşa edilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayır, ailəlidir, himayəsində 4 azyaşlı övladı var. İstehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ECS İnternational MMC şirkətinin işçisi olaraq BP-nin X15 baş aşpaz (şef) vəzifəsində işləyir. İşlədiyi “ECS” şirkəti tərəfindən müsbət xarakterizə olunmuşdur. (i.v. 158-159) - Cinayət işi üzrə zərərçəkmiş şəxs X6 hüquqi varisi X7 və zərərçəkmiş şəxs X3 hüquqi varisi X1 xx.xx.2024-cü il tarixdə Biləsuvar RPŞ-yə və məhkəmə istintaqı zamanı məhkəməyə ünvanlanmış ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. (i.v. 140, 142) - İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 4 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini və ilk dəfə cinayət törətməsini müvafiq olaraq ARCM-in 59.1.4, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə ARCM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə 5 ilədək müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 10 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 7 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər yol-nəqliyyat hadisəsinə səbəb olan əməl törətməmiş, hadisəni törədərkən sərxoş vəziyyətdə olmamış, hadisə yerindən qaçmamış, xəsarət alan şəxsləri təhlükədə qoymamış və onlara ilkin tibbi yardım göstərmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə məhkum olunmamış, himayəsində 4 azyaşlı uşağı vardır və zərərçəkmiş şəxslərin hüquqi varisləri, həmçinin, zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Bundan əlavə, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Hadisə zamanı təqsirləndirilən şəxsin idarə etdiyi “X21 Prado” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. ARCM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi vardır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, AR CPM-in 198.3-cü maddəsinə əsasən həmin 85 (səksən beş) məbləğdə pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi hesab edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hadisə zamanı təqsirləndirilən şəxsin idarə etdiyi “X21 Prado” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-102/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-102/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver