Məhkəmə qərarları › İş №1(099)-104/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-104/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-104/2023 07.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 960,46 qram narkotik vasitə heroini (bundan sonra - heroin) qanunsuz olaraq əldə edib, həmin çəkidə heroinin 0,460 qramını üzərində və qalan 960,0 qramını isə yaşadığı ünvan 2 evində saxlamış, 31 iyul 2022-ci il tarixdə saat 20 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 evinə keçirilmiş baxış zamanı otaqda olan dolabın üzərindən 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi-960,0 qram kustar üsulla hazırlanmış heroin və polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı eyni tərkibli 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi-0,460 qram kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 iyul 2022-ci il tarixdə qardaşının yanından gələrkən məhlənin qarşısında onu polis əməkdaşları saxlamış, evinin yerini soruşmuşlar və o, da evinin yerini göstərib polislərdən nə olmasını soruşmuş, həmin vaxt binanın dəhlizində onu döymüş, evin qapısını açmasını tələb etmişlər, lakin evin açarı onda olmamış, həmçinin evində heç kim olmamışdır. Sonra qardaşını da evə çağırmışlar və evin açarını qardaşı gətirmiş, qapını qardaşı açmış və axtarışda iştirak etmək istədiyini desə də qardaşını evə buraxmamışlar. Telman adlı polis əməkdaşı evinə narkotik vasitə qoymuş, bundan sonra evində polis əməkdaşları axtarış apararkən özlərinin qoyduğu heroin və elektron tərəzini aşkar etmiş, o, isə həmin kütlənin də ona aid olmadığını bildirmişdir. Lakin aşkar olunmuş şprislər ona aid olmuş, heroini şpris vasitəsi ilə istifadə etmişdir. Sonuncu dəfə heroindən tutulmamışdan əvvəl, yaşadığı məhəllədə istifadə etmiş, daha sonra üzərində heç nə qalmamışdır. Nə onun üzərində, nə də evində hər hansı narkotik vasitə olmamışdır. Bundan sonra onu polis şöbəsinə aparıb üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarışdan əvvəl İlham adlı polis əməkdaşı ona demişdir ki, o, ya 1 kiloqram narkotiklə ya da üzərinə götürəcəyi az miqdarda narkotiklə mütləq tutulmalıdır. Buna görə də İlham adlı polis əməkdaşının verdiyi narkotik vasitəni üzərinə götürüb təqdim etmiş, həmin narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Lakin evində aşkar olunmuş heroin ona məxsus olmamışdır. O, narkotik vasitə istifadə etdiyinə görə özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşlarının onu döyməsi barədə barəsində həbs qətimkan tədbiri seçilərkən də bildirmiş, bunla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, lakin heç bir nəticə olmamışdır. Göstərdiklərini nəzərə alaraq onun barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 31 iyul 2022-ci il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 01 və 02 avqust 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, bununla bağlı müalicə də almış, lakin heroindən aradabir istifadə edir. 31 iyul 2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdən çıxaraq sıqaret almaq üçün mağazaya getmiş, həmin vaxt evin yaxınlığında gəzərkən yerdə bir ədəd sellofan bükümü görmüş və həmin büküm diqqətini çəkdiyindən açıb içərisinə baxmış, bükümün içərisindən heroinə bənzər maddə aşkar etmiş, istifadə etmək məqsədi ilə həmin bükümü götürüb üzərində saxlamışdır. Həmin gün saat 20 radələrində evində olarkən polis əməkdaşları evinə gəlmiş, evində baxış keçirəcəklərini bildirmiş, o, da baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş, bundan sonra yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evə daxil olduqda sağ tərəfdə birinci otaqdan 12 ədəd şpris və 2 ədəd ampula aşkar olunmuş, həmin vaxt polis əməkdaşlarına şpris və ampulaların ona məxsus olmasını bildirmiş, bundan sonra baxış zamanı otaqda olan dolabın üzərindən 1 ədəd qara rəngli sellofan bükümdə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilmiş, həmin predmetlərin ona məxsus olmamasını bildirmiş, etiraz olaraq protokola imza etməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, burada üzərində şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd büküm açılıb içərisinə baxıldıqda içərisindən heroinə bənzər kütlə aşkar olunmuş, şifahi sorğulara cavab olaraq üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlənin heroin olduğunu, yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmin heroini üzərində istifadə etmək üçün saxlamış, lakin yaşadığı evdən aşkar edilən heroin və elektron tərəzi onun olmamış, lakin üzərindən aşkar edilmiş heroinlə yaşadığı evdən aşkar edilmiş heroinin eyni tərkibli olması barədə bir söz deyə bilməmiş, o, Şirvan şəhər PŞ-nə gətirildikdən sonra ona müdafiəçi təyin olunmuş, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, evində və üzərində aşkar edilmiş heroinin, elektron tərəzinin ona aid olmadığını və polis əməkdaşları tərəfindən evinə və üzərinə qoyulduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə üzərində olan heroin barədə etirafedici ifadələr verdiyini göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şirvan şəhər PŞ-nin NMQ-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 məhkəməyə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Buna görə də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə) elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 iyul 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla dövriyyəsində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqla məşğul olması barədə məlumat daxil olmuş, bununla əlaqədar olaraq təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş, həmin gün saat 20 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana getmiş, evdə Təqsirləndirilən şəxs olmuş, sonuncuya yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmiş, bu barədə rəsmi qaydada ərizə vermiş, bundan sonra tərəflərindən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı mənzildə olan yataq otağından 12 ədəd tibbi şipris və 2 ədəd ampula aşkar edilmiş, bundan başqa otaqda olan dolabın üzərindən 1 ədəd qara rəngli sellofan büküm və 1 ədəd elektron tərəzi aşkar edilmiş, həmin rəngli bağlama açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs şifahi sorğulara cavab olaraq bildirmişdir ki, həmin bağlamada olan kütlə və 1 ədəd elektron tərəzi ona məxsus olmamışdır. Həmin 12 ədəd şpris və 2 ədəd ampula ona məxsus olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan şəhər PŞ-yə aparılmış, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin büküm açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdəki kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində narkotik vasitələrdən istifadə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, hədələnməmiş, hər hansı polis əməkdaşı tərəfindən onun evinə və ya üzərinə narkotik vasitə qoyulmamışdır (i.v.81-83). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5 da Şahid1la eyni məzmunda ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində 31 iyul 2022ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilmiş baxış istintaq hərəkətlərində iştirak etmədiyini, sonuncunun keçirilmiş əməliyyat tədbirində onun da iştirak etməsinə dair ifadəsində göstərdiklərinin yalan olmaqla həqiqəti əks etdirmədiyini göstərmiş, həmçinin Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ona müxtəlif mənbələrdən əməliyyat məlumatlarının daxil olduğunu qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadəsi, üzərində və yaşadığı mənzildə saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 31 iyul 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, baxış və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 3-7; 8-12; 32-34) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 8) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 31 iyul 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, 20 Yanvar küçəsi 12A/32-də yerləşən mənzilindəki yataq otağından 12 ədəd şpris, 2 ədəd ampula və həmin otaqda olan dolabın üzərindən 1 ədəd elektron tərəzi və 1 qara rəngli sellofan bağlamada olan kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş heroin və elektron tərəzinin ona aid olmadığını bildirmişdir. (i.v. 9-11) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.28- 29 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 31 iyul 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin vasitəni tapdığını, hər hansı etirazının olmadığını bildirmişdir. (i.v. 32-34) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 avqust 2022-ci il tarixli, 18/813 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən... ” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi-0,460 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış kağız paketi açdıqda üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi-960,0 qram olan maddə kustar üsulla hazırlanmış heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. 12 ədəd şprisin və 02 ədəd şüşə ampulanın içərisində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. (i.v.41-45) -“Cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. (i.v.53-54) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 56-57) - Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(032)-207/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 76-77) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbri seçilməsi barədə təqdimata baxılarkən “məhkəmə baxışının nəticələrinə dair” 02 avqust 2022-ci il tarixli xüsusi qərarı əsasında Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 86-87) - Şirvan RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair məlumatlar olsa da kimə və ya kimlərə satıbsatmaması barədə müsbət nəticə əldə edilməmişdir. (i.v. 112) -X6 tibbi yoxlamanın 06 oktyabr 2022-ci il tarixli, 5809 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (i.v. 115-116) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, evində və üzərində aşkar edilmiş heroinin, elektron tərəzinin ona aid olmadığını və polis əməkdaşları tərəfindən evinə və üzərinə qoyulduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi ilə üzərində olan heroin barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə məhkəmə-kimyəvi ekspertizasının 01 avqust 2022-ci il tarixli 18/813 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş heroin eyni tərkiblidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona aid olmasını bildirmiş, özü də bu ifadəsini evində narkotik vasitə heroin aşkar olunduqdan sonra vermişdir. Əgər Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə inansaq, yəni evində aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını bildirdiyi halda, istintaq zamanı bu halı demək üçün şəraitinin olduğu halda, fiziki təzyiq və hədə səbəbindən üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə etirafedici ifadə verməsi inandırıcı deyildir. Əgər ona fiziki təzyiq edilmiş və hədə qorxu gəlinmiş olsaydı o, daha ağır məsuliyyətə səbəb olacaq hal- evində 1 kiloqram çəkiyə yaxın heroin aşkar edilməsi ilə bağlı etirafedici ifadə verməli idi, lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bütün ifadələrində yaşadığı evdən aşkar edilmiş heroinin ona aid olmadığını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən heroin, elektron tərəzi və digər predmetlər aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 1 bükümdə heroini könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, şəxsi istifadə məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini (evində aşkar edilmiş narkotik vasitə və elektron tərəzinin ona aid olmaması hissəsi istisna olmaqla) inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədə qorxu gəlindiyi üçün üzərində aşkar edilmiş narkotik vasitə barədə etirafedici ifadələr verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaqın ilkin dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər, sonrakı mərhələdə bu hal barədə Təqsirləndirilən şəxs şikayəti olsa da o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən “məhkəmə baxışının nəticələrinə dair” 02 avqust 2022-ci il tarixli xüsusi qərarı əsasında Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs isə həmin qərarı aldığını, lakin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermədiyini bildirmişdir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 avqust 2022-ci il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini (evində aşkar edilmiş narkotik vasitə və elektron tərəzinin ona aid olmaması hissəsi istisna olmaqla) müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də elektron tərəzini də evində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən və iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş elektron tərəzi barədə təyin edilmiş materialların məhkəmə ekspertizasının 01 avqust 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Bu da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və bir hissəsini isə üzərində daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 31 iyul 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fizikikimyəvi ekspertizasının 01 avqust 2022-ci il tarixli, X6 yoxlamanın 06 oktyabr 2022-ci il tarixli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 10 noyabr 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Umudov X3 rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şirvan şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 08 ay 12 gün hissəsindən azad edilmişdir. (i.v 93-95; 109-111) - Şirvan Şəhər üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 31.101.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı xx.xx.2021-ci il tarixli qərarla amnistiya aktı tətbiq edilmiş və xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i.v. 109) - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, qeyd edilən şəhərin 20 yanvar küçəsi 12/32 ünvanında yaşayır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 112-113). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü olmaqla iki azyaşlı uşaqları vardır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 iyul 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 5809 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq 960,360 qram heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 960,360 qram heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar