Məhkəmə qərarları › İş №1(099)-104/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-104/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-104/2025 06.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu, Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 75/1, mənzil 40-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 17 may 2024-cü il tarixdə Lənkəran şəhəri, “Böyük Bazar” ərazisində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,15 qram olmaqla külli miqdar da narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 17 may 2024-cü il tarixdə saat 15:50-də Lənkəran şəhəri, K.Kazımov küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sellofan kəsiyi bükümlərində əynində olmuş cins şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 may 2024-cü il tarixində polis əməkdaşları onu Zərifə Əliyeva prospektində dostunun evinə basqın edərək orada saxlayıb polis şöbəsinə aparmışlar. Şöbədə olarkən o, üzərində olan 0.5 qram heroin və 0.25 qram metamfetamini polis əməkdaşlarına təqdim etmiş. Lakin onlar onu hədələyərək 2 qram heroin qoyub üzərinə götürməyini bildirmişlər. Polis əməkdaşlarının hədəsindən qorxduğundan narkotiki üzərinə götürmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitənin heroin və metamfetamin növünün istifadəçisi olmuşdur. Polis əməkdaşları onu “Fədək” marketin yaxınlığında saxlamışlar. O, hansısa dostunun sifarişi ilə kimdənsə narkotik vasitə almamış, alan zaman dostu ilə birlikdə alıb istifadə etmişdir. Cinayət işində olan smslərlə tanışdır və həmin smslərlə bağlı olan suallara cavab olaraq qeyd etmişdir ki, oradakı “pəncərə” sözü narkotik vasitə metamfetamin və “kola” sözü heroin mənasını ifadə edir. Həmçinin, dostlarının ondan dərman istədiyi mesajlardakı dərman ağrıkəsici dərmandır, o, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 17 may 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxıb Lənkəran şəhəri “Böyük Bazar” adlanan əraziyə getmişdir. Bu zaman əvvəllərdə bir-iki dəfə psixotrop maddə metamfetamin aldığı tanımadığı şəxsi görüb ona yaxınlaşaraq ondan istifadəsi üçün metamfetamin satmasını istəmiş. Həmin şəxs onu bir qədər kənara çəkib özündə “kakos” və“şüşə” adı ilə metamfetamin olduğunu və bir bükümdə təxminən 2 qramdan çox miqdarda kakos, yəni heroin, yarım qram metamfetamin yəni şüşə olduğunu və 120 manata satdığını bildirmişdir. O da həmin şəxslə razılaşıb, 120 manat verib ondan bir büküm heroin və bir bükümdə metamfetamini alıb həmin şəxsin yanından uzaqlaşmışdır. Həmin bükümü istifadəsi üçün cins şalvarının sağ cibinə qoymuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı təzyiqlər göstərməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmişdir ki, 2024-cü il 17 may tarixində ona əməliyyat məlumatı daxil olduqdan sonra şöbə rəhbərliyinə məruzə etmiş, əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Kazımov küçəsində müşahidəyə götürmüşlər. Şəxsə yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şəxsi polis şöbəsinə dəvət etdikdən sonra şöbədə üzərinə baxış zamanı şalvarının cibindən iki büküm kütlə aşkarlanmış. Kütlələrin biri heroinə, digəri metamfetaminə bənzər kütlələr olmuşdu. Kütlələr qablaşdırılmış və ekspertizaya təqdim olunması üçün sənədləşdirlmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Muradı saxlayarkən Kazımov küçəsində piyada olmuş, şöbədə vəkillə təmin olunmuş, əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz saxlanması, daşınması və qəbulu ilə bağlı olmuşdur, ilkin məlumatda satışla bağlı məlumat olmamışdır, şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onda əvvəllər əməliyyat məlumatı olmamışdır, lakin, narkotik vasitələri satdığı şəxslər barəsində əməliyyat məlumatı daxil olduqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz satdığı müəyyən olunmuşdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, Muradla çox yaxın münasibətləri olmamış, ondan öz istifadəsi üçün bir büküm metamfetamin almışdır. Muradla yazışmalarında adı keçən “limon duzu” metamfetaminə oxşayan, narkotik vasitə adı ilə verilən maddədir, Muradla iki ildir ki, tanışdır, onu cəzaçəkmə müəssisəsindən tanıyır, həmin mesajları 9-10 ay əvvəl yazmışdır, Muraddan iki dəfə pul verib narkotik vasitə almışdır, bir dəfə birlikdə narkotik vasitə qəbul etmişlər, bir dəfə isə 10 manat verib bir istifadəlik metamfetamin almışdır, o da narkotik vasitəyə görə tutulmuşdur, cəzaçəkmə müəssisəsində yaxın olmuşlar. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan: - Lənkəran ŞRPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili tərəfindən verilmiş 17 may 2024-cü il tarixli raportdan görünür ki, məlum, qərəzsiz məbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir.(i.v.4) - «Şübhəli şəxsin tutulması haqqında» 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:50-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 16) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 may 2024-cü il tarixli, 3-77 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olmuş cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroin, bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və narkotik vasitə heroinə bənzər kütlənin çəkisi 2,26 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 0,49 qram göstərilmişdir. Hər iki kütlənin ümumi çəkisi isə 2,75 qram göstərilmişdir. Həmin bükümlər qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümləri saxlanıldığı gün Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 120 manata aldığını bildirmişdir. (i.v. 29-30). - Məhkəmə-tibbi ekspertizasının 17 may 2024-cü il tarixli, 446 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. ( i.v. 77-78) - Məhkəmə kimyəvi ekspertizasının 18 may 2024-ci il tarixli, 19/427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd bükümdə metamfetaminə bənzər qablaşdırılmış halda....” 01 ədəd bükümdə təmiz çəkisi -2,15 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi 0,354 qarm olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (i.v. 45-46) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 19 may 2024-cü il tarixli, 4/84 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 51-52) - Lənkəran Rayon Məhkəməsinin 19 may 2024-cü il tarixli, 4(049)-90/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 69-73) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 08 avqust 2024-cü il tarixli, 4/102 saylı qərardan görünür ki. Təqsirləndirilən şəxs elan olunmuş ittihama dəyişiklik edilərək o, ARCM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 139-140) - Məhkəmə-narkoloji ekspertizasının 20 may 2024-cü il tarixli, 457 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yarananan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” ilə qeydiyyatdadır. (i.v.75) - «Mobil telefona baxış keçirilməsi haqqında» 25 may 2024-cü il tarixli, 4/89 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı üzərində ********** saylı mobil nömrə olan mobil telefona baxış keçirilən zaman cinayət xarakterli və cinayət işi üçün əhəmiyyət kəsb edən zənglər, mesajlar, səs yazı fayılları və digər məlumatlar aşkar edilməmişdir. (i.v. 80) - Lənkəran Şəhər Psixatriya Xəstəxanasından daxil olmuş 28 iyun 2024-cü il tarixli, 2442 nömrəli arayışdan görünür ki, Ağayev X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. ( i.v. 82) - “Diskə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024, tarixdə Şahid4 adına olan ********** saylı mobil nömrəsiindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömərəsinə “qaqa.men.yaxsi. ves.aldim.prosta.yaridi. seherim. ucundu. sen. zeyif. vese. qatib. bunu. pul. duzedey.alaq._1_.qrm..yari. menimf .yarimi.qaytararsan.!?. sen.zeyif.vese.qatib.bunu. pul. duzedey. alaq._1_. qrm.. yari.menim. yarimi.qaytararsan.!?. mətnli mesajlar, 03 may 2024-cü il tarixdə Şahid6 adına olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********96 saylı mobil nömrəyə “Qaqaş kristal göturmey olarsa gelim oyana”, xx.xx.2024-cü il tarixdə Ruslan Nemətovun adına olan +**********63 saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********96 saylı mobil nömrəsinə “Mur menem Elvin. 5 az pencere istiyirem. Kola var mende.” mətnli mesajlar, 10 may 2024cü il tarixdə **********28 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş **********96 saylı mobil nömrəyə “Brat Emişdi agridayam 20m var mənə cavab verde” mətnli mesaj, 12 may 2024-cü il tarixdə +**********2 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********96 saylı mobil nömrəyə “Ay murad gor ne direme senin elin neyese catir ölürəm buda yoxdu lap puluyla, Menim pulum gelmeyib hele mumkunse nese ederdiy borc olardi gelen kimi atardim kartiva uşaqlayam ölürəmdə day, Ay murad nolar yatib qalmisam indi gordum ollem bir sozde mawin olmaz birazdan” mətnli mesajlar, 13 may 2024-cü il tarixdə Şahid5 istifadəsində olan +**********39 saylı nömrədən Təqsirləndirilən şəxs +**********96 istifadəsində olmuş mobil nömrəsinə “X4, Qaqaşım nə xəbər, Qardaşım yağışdı gücnən bidənə maşın tapmışam sən canun gəlim mənim, işimi həll elədə buda çıxacey əldən gələdə bilmiyəcəm.20 dəyqəliy, işimi həll elədə buda çıxacey əldən gələdə bilmiyəcəm.20 dəyqəliy, yolum var seravnoy, Mən çıxdım kənddən qaqaş, Qaqaşım mən məhlədəyəm qalxıram yuxarı” mətnli mesajlar, 13 may 2024-cü il tarixdə isə “Qaqaş bidənə mənə zəng vurda imkan varsa, Qardaşım mənəme Raufdu yığan açda telefonu” 14 may 2024-cü il tarixdə “Ay brat açda telefonu bidənə cavab ver qalmışam yağışda ,Salam qardaşım necəsən. Bilirəm sən mənə belə şey vermə özüm ölüm 80 faizi limon duzuydu. Bilirəm sən mənə belə şey verməzsən ama onu kimnən götürmüşdünsə sözüvü diyərsən ona. Qaqaş mən fədəyin qabağındayam Ay brat mən necə eliyim gedim yoxsa qalım bir söz didə mənə, Belə hareket olmaz axı gelmişim qapl accmlsan mesajlar aşkar olundu.” 16 may 2024-cü il tarixdə **********18 saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********6 saylı mobil nömrəsinə “Murka, həci sene zeng vursa dermani soruşsa nolar, deyersen axsam goturecem 10,manati isden gelende verecem sene menim basimi xarab edibki deyqede deyir, muradi yiq dermani getirsin indi yiqacam sen adboy veqr nolar axsam yiqaram seni danisaram senle indi həci yiqacaq menim telifonumla seni adboy et nolar, muradi yiq dermani getirsin indi yiqacam sen adboy ver” məzmununda mesajlar aşkar edilmişdir. (i.v. 109-110) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 03 avqust 2024-cü il tarixli, 4/48 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 2,15 qram narkotik vasitə heroin və 0,304 qram psixotrop maddə metamfetami, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinin əks olunduğu videogörüntüyə dair 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş telefon və anten məlumatlarının əks olunduğu 1 ədəd CD diski maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 111-112) Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan narkotik vasitə və psixitrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Bununla bərabər, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, onun üzərindən aşkar olunan metamfetamin və heroin ona məxsusdur, şəxsi istifadəsi üçün almışdır, tutulan zaman, habelə, məhkəməyə gətirilənə qədər ona qarşı fiziki, psixi təsir və ya təzyiq olmamışdır. (i.v. 69-73) Həmçinin, məhkəmə-tibbi ekspertizasının 20 mayt 2024-cü il tarixli, 446 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.77-78) Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşı təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən verilmiş suallara cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən etiraz və şikayətinin olmadığını qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və qismən etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri işdə olan digər sübutlarla uzlaşmamaqla, həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələri şəxsi istiadəsi üçün aldığını bildirsədə, «Azercell Telekom» ММC-dən daxil olmuş CD-R modelli diskdə olan yazışmalardan, həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ifadəsindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz yayılmasını həyata keçirməsi aydın şəkildə görünür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verilmiş etirafedici ifadələrin qanunsuz təzyiq nəticəsində verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini AR CPM-in 125.2.2-ci maddəsinə uyğun hesab etməyərək, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd bükümdə ümumi çəkisi təmiz çəkisi 2,15 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan çəkidə psixtotrop maddəni əldə edib yaşadığı evdən kənarda hamısını birlikdə üzərində daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə fiziki-kimyəvi ekspertizası»nın, «ambulatorməcburi narkoloji tibbi yoxlama»nın rəyləri, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,15 qram olan narkotik vasitə heroin, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,354 qarm olan psixotrop maddə metamfetamin və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 31 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə ARCM-in 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 dekabr 2023-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. (i.v. 84-85) (i.v. 103-106) - Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş 07 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Ağayev X1 şəhər Ak.Z.Əliyeva küçəsi ev 78/5 mənzil 40 ünvanında tək yaşayıb. Yaşadığı ərazi üzrə mənfi xarakterizə olunmuşdur. (i.v. 130-131) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, cəzanın məqsədlərinə xidmət etsin, Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. ARCM-in 65.2-ci maddəsinə əsasən residivə görə təyin ediləcək cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. ARCM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivi yaranır. Cinayət Məcəlləsinin sadalanmış normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs 6 ildən aşağı həddə cəza təyin edilə bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 may 2024-cü il tarixdən hesablanmalı Lənkəran Rayon Məhkəməsinin 19 may 2024-cü il tarixli, 4(049)- 90/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,05 qram olan narkotik vasitə heroin, 0,304 qram psixotrop maddə metamfetamin məhv edilməli, onun üzərində “şəxsi axtarışın keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və Azercell Telekom” MMC-dən daxil olmuş telefon və anten məlumatlarının əks oldunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxınlarına qaytarılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekpertiza Mərkəzinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,05 qram olan narkotik vasitə heroin və 0,304 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarışın keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və Azercell MMC-dən daxil olmuş telefon və anten məlumatlarının əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxınlarına qaytarılsın. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar