Məhkəmə qərarları › İş №1(099)-106/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-106/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-106/2023 17.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 9 mart 2017-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmış, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Yardımlı rayonu Ləzran kəndi ərazisində gizlədilmiş külli miqdarda 15750 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 4920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 4038,5 qram çəkidə psixotrop maddə metamfetamin, tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 110,25 qram təşkil edən 735 ədəd dərman kapsullarını “Məhəmməd” adlı iranlının verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri qeyd olunan yerdən əldə edib psixotrop maddə metamfetaminin külli miqdarda 31,5 qram hissəsini 01 ədəd bükümdə ayırmaqla üzərində, digər maddələri isə idarə etdiyi “Nissan Sentra” markalı **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsinə qoymaqla orada saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə saat 07:00-da Yardımlı rayonu ərazisndə idarə etdiyi “Nissan Sentra” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 31,5 qram çəkidə psixotrop maddə metamfetamin, idarə etdiyi “Nissan Sentra” markalı **-PH- *** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən narıncı rəngli kisənin içərisində 03 ədəd bağlamada, birinci bağlamanın içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1004,6 qram, 1008,3 qram, 827,8 qram, 956,6 qram olmaqla 3797,3 qram, ikinci bağlamanın içərisində 08 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1008,4 qram, 984,1 qram, 1000 qram, 1001,3 qram, 994,9 qram, 994,3 qram, 996,2 qram, 987 qram olmaqla 7966,2 qram çəkidə, üçüncü bağlamanın içərisində 1001,7 qram, 998 qram, 1006,8 qram, 980 qram olmaqla 3986,5 qram ümumilikdə külli miqdarda 15750 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bağlamada ayrı-ayrılıqda 1390,1 qram, 1969,4 qram, 1560,5 qram olmaqla ümumilikdə külli miqdarda 4920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamanın içərisində olan 04 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 1002,1 qram, 1003,8 qram, 1000,8 qram, 1000,3 qram olmaqla ümumilikdə külli miqdarda 4007 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd bağlamanın içərisində tərkibində güclü təsiredici maddə preqabalinin miqdarı külli miqdarda ümumilikdə 110,25 qram təşkil edən 735 ədəd dərman kapsulları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə heç bir əsas gətirmədən işin mahiyyəti üzrə sərbəst ifadə verməkdən imtina etmişdir. Məhkəmə CPM-nin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisnin iştirakı ilə verdiyi 24 iyun 2022-ci il tarixli etirafedici ifadəsini elan etmiş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, iranlı Məhəmmədlə narkotik aludəçisi və hazırda həbsdə olan “Tima” adında tanışının vasitəsilə tanış olmuş, Məhəmmədlə tez-tez telefon əlaqələri olmuş, söhbət əsnasında sonuncu ona İrandan göndərəcəyi narkotiki Azərbaycan Respublikasında yerbəyer etməyə təklif etsə də, razılaşmamışdır. Daha sonra maddi vəziyyəti pis olduğu üçün saxlanılmamışdan bir neçə gün əvvəl iranlı Məhəmmədə ona 500 manat pul lazım oldğunu və onunla işləmək istədiyini bildirmişdir. Məhəmməd ona hazırda ölkə ərazisində narkotikin olmadığını, olduğu təqdirdə əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Məhəmməddən məlumat gözləmişdir. 22 iyun 2022-ci il tarixdə Məhəmməd ona zəng edərək göndərdiyi narkotikin artıq ölkə ərazisində olduğunu və Yardımlı rayonuna getməyə maşın tapmağı tapşırmış.Həmin gün Masazır qəsəbəsində yerləşən avtomobillərin icarəyə verilən yerdən “Nissan Sentra” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı maşını icarə götürüb həmin gün saat 22-23 radələrində qeyri rəsmi yaşadığı Vüsalı Allahverdiyeva ilə Yardımlı rayonu istiqamətinə yollanmışlar. Vüsaləyə onu gəzməyə apardığını demişdir. Yolda DYP-nın əməkdaşları tərəfindən əsassız saxlanıldığı üçün özünə boğaz nahiyyəsindən lezva ilə xəsarət yetirmiş, 2-3 saat sonra maşında Vüsalənin azyaşlı uşağının olmasını görüb polislər onu buraxmışlar. 23 iyun 2022-ci il tarixdə səhərə yaxın Yardımlı rayonu Ləzran kəndinə çatıb Məhəmmədə həmin ərazidə olduğunu demiş, Məhəmməd isə ona orada olan qəbirstanlığa gedib pilləkənlarla yuxarı qalxmağı, orada içərisində narkotik olan torbanı götürməsini bildirmişdir. Məhəmmədin dediyi yerdən həmin torbanı götürüb maşının baqajına qoymuş, torbadan öz istifadəsi üçün az miqdarda bir büküm metamfetamin götürüb şalvarının cibinə qoymuşdur. Saat 7 radələrində maşının yanında saxlanılmış və Vüsalə ilə birlikdə Yardımlı RPŞ-yə aparılmışlar. Şöbədə üzərinə keçirilən şəxs axtarış zamanı şalvarının cibində olan bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı metamfetamini iranlı Məhəmmədin göndərdiyini, maşının baqajında da narkotikin olduğunu, lakin Vüsalənin narkotik üçün rayona gəlməyindən məlumatının olmadığını bildirmişdir. Avtomobilə də özünün iştirakı ilə baxış keçirilmiş, baqajda irnalı Məhəmmədin ona göndərdiyi narkotiklər olan torba aşkar edilmişdir. Şifahis orğu zamanı bildirmişdir ki, torbanı Məhəmmədin dediyi yerə qoyacağı təqdirdə sonuncu ona 500 manat pul verəcək idi. Boğazındakı xəsarəti DYP-nın əməkdaşları tərəfindən saxlanılarkən əsəbi olduğu üçün özü özünə yetirmiş, ağayındakı xəsarəti isə qəbirstanlığın yaxında polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılaraq aldığını göstərmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində əlavə verdiyi ifadəsi elan olunmuş, o, 24 iyun 2022-ci il tarixli ifadəsinə zidd olaraq həmin ifadəsində Məhəmməd adlı iranlının ona narkotik deyil, avtomobil üçün ehtiyyat hissələri göndərdiyini, Yardımlı rayonuna həmin ehtiyyat hissələrini götürməyə getdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək ayağından xəsarət aldığını, metamfetaminin şalvarının cibinə və narkotik olan torbanın maşının baqajına polis əməkdaşları tərəfindən qəsdən qoyulduğunu göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş özünün məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici (24 iyun 2022-ci il tarixli) ifadəsi ilə yanaşı dindirilmiş şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 22 iyun 2022-ci il tarixdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs iranlı ilə əlaqələrinin olması və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, gecə saatlarında Bakı şəhərindən Amidin narkotiki götürəcəyi - Yardımlı rayonu istiqamətində hərəkət etmişlər. Yardımlı rayonu, Ləzran kəndində yerləşən qəbirstanlığın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Sentra” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin durmasını görmüşlər. xx.xx.2022-ci il tarixdə saat 07:00-da qeyd olunan avtomobilə yaxınlaşıb Amidin bir nəfər qadınla dayanmasını görmüşlər. Amid onları gördükdə dərhal qaçaraq qəbirstanlığa gedən pilləkanlara qalxmağa başlamış, onu tutmaq üçün arxasınca qaçan zaman Amid pilləkanlardan yıxılmış və ayağından xəsarət almışdır. Amidi və adını sonradan bildikləri Vüsaləni Amidin idarə etdiyi **-PH-*** qeydiyyat nişanlı avtomobil ilə Yardımlı RPŞ-ə gətirmişlər. Amid şöbədə şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan metamfetamini çıxarıb təqdim edərək öz istifadəsi üçün saxladığını demişdir. Daha sonra Amid sol yan cibindən 01 ədəd avtomobil açarını və 01 ədəd Samsung markalı mobil telefonu, 03 ədəd plastik bank kartlarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Amidin mobil telefonu və 03 ədəd plastik bank kartı götürülmüş, maşının açarı isə ona qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs metamfetaminin özünə məxsus olduğunu, həmin bükümü “Məhəmməd” adlı iranlının vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Yardımlı rayonu, Ləzran kəndində yerləşən qəbirstanlığın yaxınlığından əldə etdiyini, Məhəmməd adlı şəxsi təxminən 1 ildir tanıdığını, torbanı deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında Məhəmmədin ona 500 manat pul göndərəcəyini, təxminən 1 ildir ki, narkotik maddə aludəçisi olduğunu və metamfetamindən istifadə etdiyini, həmçinin avtomobilində də narkotik maddə olduğunu, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə “Nissan Sentra” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, o, baqajda olan 03 ədəd bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bağlamada kristall şəkilli psixotrop maddə metamfetamin, 03 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 49 konvolutda ümumilikdə 735 ədəd “Preqabalin 150” həbinə bənzər həblər olan torbanı təqdim etmişdir. Baxışda iştirak edən Vüsalə avtomobildə narkotik maddələr olması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və X1 Ruslan Bəhram oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2022-ci il tarixli 6/3509 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Din Zərflər üçün 7№-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan paketdəki 1(bir) bükümdə təmiz çəkisi 31,5 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün 7№-li” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi ...” yazısı və imzalar olan kisədəki 4(dörd) ədəd bağlamada, onlardan – 3(üç) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 3797,3 qram, 7966,2 qram, 3986,5 qram ümumi təmiz çəkisi 15750 qram (15 kq 750 qram) (iki ədəd bağlamada hər birində 4 ədəd, digər bir bağlamada isə 8 ədəd, ümumi 16 ədəd büküm olmaqla) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1(bir) ədəd bağalmada 4 ədəd bükümdə ümumi təmiz çəkisi 4007 qram (4 kq 7 qram) ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Preqabalin 150” markalanma göstəricisi olan 49 ədəd konvalyutda ümumilikdə 735 ədəd narıncı-göy rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 735 kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 110,25 qram təşkil edir. (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla) Kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4038,5 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/680 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan narıncı rəngli sintetik torbadakı 03(üç) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1390,1 qram, 1969,4 qram 1560,5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 4920 qramdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 4348 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatotların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Yardımlı RPŞdə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, əynindəki şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon və bank kartları aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 23 iyun 2022-ci il tarixdə “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Sentra” markalı, **-PH-*** qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 03 ədəd bağlamada narkotik vasitə heroinə, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə, 03 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya, 49 ədəd konvaludda ümumilikdə 735 ədəd “Preqabalin 150” həbinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda qalıq çəkiləri 4919,4 qram narkotik vasitə qurudulmuş marixuana, 15749,68 qram heroin, 4038,2 qram çəkidə psixotrop maddə metamfetamin, 720 ədəd preqabalin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs “Samsunq” markalı mobil telefonuna baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, həmin telefon qara rənglidir, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. “Galereia” bölməsində müxtəlif formatda şəkillər mövcuddur. Həmçinin şəkillərin içərisində narkotik vasitə və psixotrop maddələrin yerləşdirildiyi məkan oxlarla göstərilmişdir. Qeyd olunan fotoşəkillərdə narıncı rəngli kisənin yerləşmə istiqaməti vardır. Bundan başqa mobil telefonun watsapp proqramında “Meki Teze İ” adı ilə qeydə alınmış +7 928483-81-90 saylı nömrə arasında yazışma müəyyən edilmişdir. Həmin mesaj mətinlərində “Yardımlıda 43 km var Yardımlı yazılan yerdən sonra”, “ 43 km keçən kimi saqa yol dönür”, “Pir var onunla üzbəüz iki binanın arası” məzmunda danışıqlar aparılır. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş 30 iyul 2022-ci il tarixli mobil telefona “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- **saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. “Sms” tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil nömrələrdən “10 kola noldu istemedi”, “ala 1 2 manat duzeltmiwem birteher acdene teli”, “patı bir çekimliy getirde. gel bize tekem”, “patı var satdıq”, “vacapda kartı at 50 vurum”, “amid qanciq kola pati istiyen yoxdu”, “2 dene patı, 05 kola 90 manat verim. kola özüme götürürem, ölürem tez gel”, “bayaq on kola on pati isdiyirdilera menden, olar gelir 500 manata”, “sendeki patı durur istiyen var”, “gelende biraz kola, ya patı getirersen mene çekmeye”, “heçolmasa, düzgün 05 qoyardun. eybi yox amid”, “ala 5 dene lazimdi”, “mubarizin adamlarıdı, 40 manatdan verir pulun”, “mamazad yanimdaydi acammadim cola 1litir zad olsaydi kecerdim size hem icerdim 1,2 stekan ozme gelerdim hemde bir yerde oz kayfımızı tutardıq pastelde”, “amiqo pati var”, “qaqa, kola yoxdu sende ? he qaqa alınar, sen canun yetim batinka yaridan cox olsun) he qaqa 20-neynen olsun narahat olma . he qaqa nagasan hardasan indi ?”, “patı var mende 05”, “deyişeyde kolanan”, “balam vaar kolan?”, “qaqa dedin oz nomrennen yazdim birdene 1 vere bilersen 35 nen gelim bele deyim da ordan mene 10 manat qalacag alinar gelim yoxsa yox”, “qaqa dedin öz nomrennen yazdim birdene 1 vere bilersen 35 nen gelim bele deyim da ordan mene 10 manat qalacag alinar gelim yoxsa yox”, “sen basa dusmursen meni, ne edirem ikimiz ucun edirem, evde hecne yoxdur yemeye tema yoxdur nese etmek lazimdirda, men seni bele qoya bilmerem, qayıdıram pastı tez gellem” məzmunda mesajlar göndərilir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli qərarla "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqnıda” təsdiq etdiyi 22 iyun 2022-ci il tarixli qərarı Yardımlı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli qərarı ilə qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli qərarla həmin cinayət işindən aşkar edilmiş narkotik vaitələrin və psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin mənbəyini müəyyən etmək üçün ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində əlavə verdiyi ifadəsində Məhəmməd aldı iranlının ona narkotik deyil, avtomobil üçün ehtiyyat hissələrinin göndərməsi, Yardımlı rayonuna həmin ehtiyyat hissələrini götürməyə getməsi, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək ayağından xəsarət aldığını, metamfeatminin şalvarının cibinə və narkotik olan torbanın maşının baqajına polis əməkdaşları tərəfindən qəsdən qoyulduğunu göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadəni işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsi, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsiredici maddələri əldə etməsi, daşıması və saxlaması özünün 24 iyun 2022-ci il tarixli etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, baxış keçirməsi haqqında və iş materiallarında olan digər istintaq hərəkətlərinin protokolları ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixli ifadəsində bağlamada narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə deyil, Məhəmməd adında olan iranlının ona maşın üçün ehtiyyat hissələri göndərməsi, polis əməkdaşları tərəfindən döyülərək üzərinə metamfetamin, avtomobilə isə külli miqdarda heroin, metamfetamin marixuana və preqabalin qoyulması barədə göstərdiyi xüsusatlar məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan ifadəsi yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixli ifadəsini sübut növü kimi qəbul etmir, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün onun 24 iyun 2022-ci il tarixli etirafedici ifadəsini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən və daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs Bakı şəhərindən Yardımlı rayonuna gedib oradan qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni əldə etməsi, göndərilən külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin şəxsiyyəti müəyyən edilməyən iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də külli miqdarda narkotik vasitənin, psixotrop maddənin və güclü təsir edən maddənin qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, marixuana narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir. Heroinin və mettamfetminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı isə külli miqdar hesab olunur. Preqabalinin güclü təsir edən maddələrin siyahısına aiddir, 5 qramı və ya ondan artıq hissəsi külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin və preqabalinin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanıtərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda və şəraitdə keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni təqsirləndirilən şəxs satış məqsədi ilə Yardıımlı rayonu, Ləzran kəndi ərazisində qanunsuz olaraq əldə etmişdir. Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs əməllərinin CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edildiyini, lakin onun qaçaqmalçılıq cinayətinin törədilməsində rolunun qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini, buna görə də Təqsirləndirilən şəxs əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmasını və qeyd olunan maddələr üzrə cəzalandırılmasını məhkəmədən xahiş edir. Buna görə də, məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növünü dəqiq müəyyən etməli və bundan sonra həmin növə uyğun olaraq əməlləri tövsif olunmalıdır. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda məlum olmayan İİR vətəndaşı ilə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakı–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir.Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı şəxsiyyəti məlum olmayan İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs sərhəd nəzarəti məntəqələrindən qanunsuz keçməsi məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri İİR vətəndaşı ilə birgə icra etməmiş, onlar, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra Yardımlı rayonunun ərazisində qanunsuz əldə edib, saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz şəxsiyyəti məlum olmayan İİR vətəndaşı tərəfindən dəqiq məlum olmayan vaxtda və şəraitdə icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı kimi adı çəkilən “Məhəmməd” təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz İİR vətəndaşına kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (İİR vətəndaşından başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – İİR vətəndaşına yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CMnin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 23 iyun 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 24 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 9 mart 2017-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə, 240.3.2-ci maddənin sanksiyasında isə dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 23 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-nin 132.0.1-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş qalıq çəkiləri 4919,4 qram narkotik vasitə qurudulmuş marixuana, 15749,68 qram heroin, 4038,2 qram çəkidə psixotrop maddə metamfetamin, 720 ədəd preqabalin həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Azerfon” MMC-dən daxil olmuş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış, baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayət iştində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 192 (yüz doxsan iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama otağında saxlanılan qalıq çəkiləri 4919,4 qram narkotik vasitə qurudulmuş marixuana, 15749,68 qram heroin, 4038,2 qram çəkidə psixotrop maddə metamfetamin, 720 ədəd preqabalin həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Azerfon” MMC-dən daxil olmuş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış, baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayət iştində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 192 (yüz doxsan iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar