Məhkəmə qərarları › İş №1(099)-106/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-106/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-106/2024 16.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1995-ci ildə Masallı rayonunun Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, Masallı rayonunun Mahmudavar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 15 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən, bir ədəd bükümdə 11,108 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 13 may 2023-cü ildə saat 13 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 11,108 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 may 2023-cü ildə, saat 13 radələrində evdə olarkən dörd polis əməkdaşı evinə gələrək ona heç bir səbəb demədən onu polis şöbəsinə aparmış, orada üzərinə baxış keçirilərkən üzərində müəyyən qədər pul və plastik bank kartından başqa, hər hansı bir növdə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunan heç bir şey aşkar olunmamış, şöbədə ona dini inanclarına görə saxlanıldığını, İran İslam Respublikası ilə əlaqəsi olduğu deyilmiş, lakin onun İranla heç bir əlaqəsi olmamış, təxminən 3-4 saat şöbədə saxlanıldıqdan sonra polis əməkdaşları cibinə narkotik vasitə qoyaraq çəkiliş aparmış, orada yazılan protokola, izahatına və ifadəsinə imza etməkdən imtina etmişdir. Heç bir cinayət törətmədiyini nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş psixotrop maddə metmafetaminin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Masallı RPŞ-in CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 13 may 2023-cü ildə Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik maddələri qəbul etməsi, üzərində gəzdirməklə və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, sonuncu həmin gün saat 13 radələrində Masallı şəhəri, Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə maddə aşkar olunmuş, həmin şəffaf sellofan açılaraq baxıldıqda içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuş, aşkar olunmuş kütlə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalansa da, təqsirləndirilən şəxs tərtib edilmiş protokola imza etməkdən imtina etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metmafetamini haradan əldə etməsi barədə suala susaraq heç bir cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da analoji olaraq digər Şahid1 ifadəsində göstərilən xüsusatları tam təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Masallı RPŞ-in TB-in baş təhqiqatçısı vəzifəsində işləyən Şahid4 şahid qismində dindirilərkən Şahid1lə eyni məzmunlu ifadə vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, onun üzərinə psixotrop maddə qoyulmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metmafetamini şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 11,37 qram olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı ölkə hüdudlarından kənarda olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilərkən müəyyən olunur ki, Şahid3 da digər şahidlər Şahid1, Şahid2 və Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 13 may 2023-cü ildə günorta saatlarında Masallı rayon polis şöbəsində adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı orada hal şahidi qismində iştirak etmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd göy rəngli şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellefona bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, bununla bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalansa da, Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmiş, eləcə də üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni kimdən, nə vaxt və harada əldə etməsi, üzərində hansı səbəbdən gəzdirməsi barədə suallara cavab verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs 13 may 2023-cü ildə, saat 13 radələrində Masallı RPŞ-in əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsində saxlanılaraq polis Şöbəsinin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 11,37 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli, 19/550 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan zərfdəki, 1 ədəd ədəd bükümdə təmiz çəkisi: – 11,108 qram olmaqla ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 may 2023-cü il tarixli 540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı RPŞ-in məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 11,108 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxladığı, tüfeyli həyat tərzi keçirən narkotik istifadəçiləri ilə tez-tez görüşdüyü, onlara narkotik vasitələr və psixotrop maddələr təmin etdiyi və özünün də onlarla birlikdə narkotik vasitələr qəbul etməsi barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən alması barədə əməliyyat məlumatları daxil olsa da, onun metamfetamini aldığı şəxsi və həmin şəxsin olduğu yer haqqında hal-hazıradək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr satdığı şəxslərin dairəsini müəyyən etmək və əməliyyat tapşırığında aydınlaşdırılması zəruri hesab edilən digər xüsusatlarla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyətli hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədə “həbs qətimkan tədbirinin seçilməsi” məsələsinə baxılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin şöbədə polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 11,058 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Masallı RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş 104 manat pul və 01 ədəd plastik bank kartı onun qardaşı X1 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (şahidlərin təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, həmin psixotrop maddəni üzərinə polis əməkdaşı tərəfindən qoyulduğunu göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərində aşkar olunan psixotrop maddə olan metamfeminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçinin və hal şahidlərinin iştirakı ilə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə dindirilmiş hal şahidinin ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs onların və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 11,108 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün məhkəmə baxışında şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqan tərəfindən düzgün tövsif olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin vasitəni, maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquq pozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə psixotrop maddə olan metamfetamin çəkisi külli miqdar – 11,108 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, CM-in 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-in 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsə də, psixi və fiziki aslılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmur. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Masallı RPŞ-in əməliyyat tapşırığının cavabından görünür ki, bununla əlaqədar müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, müsbət nəticə əldə edilməmiş, onun kiməsə narkotik vasitə satması müəyyən olunmamışdır. İş materiallarında olan Masallı RPŞ-in CAB-nin əməliyyat müəvkkili Şahid1 13 may 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni istifadə etməkdə və satışında şübhəli olduğu üçün həmin gün keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir rəsmi məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 11,108 qram psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 11,108 qram psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 11,108 qram psixotrop maddə olan metfmfetaminin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif edilməli və həmin maddə ilə ixtisaslaşdırılmaqla ona cəza təyin olunmalıdır. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 13 may 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Masallı rayon məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 13 may 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bəşirli X3 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla qardaşı və bacısı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk məhkumluğunu, hər iki valideynini itirməsini, gəncliyini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, iş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 11,058 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar olunaraq götürülmüş 104 manat pulun və 01 ədəd plastik bank kartının onun qardaşı X1 təhvil verilməsi nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 11,058 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən ondan götürülmüş 104 manat pulun və 01 ədəd plastik bank kartının onun qardaşı X1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar