Məhkəmə qərarları › İş №1(099)-108/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-108/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-108/2024 13.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən heyvan bazarında olarkən, həmkəndlisi Zərərçəkmiş şəxs görüb sonuncuya yaxınlaşaraq, narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasına görə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilmiş əmisi Şahid5 barəsində məlumatların polis əməkdaşlarına guya onun tərəfindən ötürülməsi və bununla sonuncunun ifşa olunması barədə Şahid5 məlumat verməsinə görə iradını bildirmiş, bir neçə gündür ki, onu axtardığını deyib bu məsələyə aydınlıq gətirilməsini tələb etmiş, Zərərçəkmiş şəxs Şahid5 bu barədə heç nə demədiyini bildirsə də, o, Elşadın yalan danışdığını, onu aldatdığını düşünərək, sonuncu ilə mübahisə etmiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı o, qisas niyyəti ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruğu ilə bir dəfə qəsdən vuraraq, sonuncuya baş beynin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsi yumşaq toxumalarının əziyi, sağ tərəfli travmatik hemotimpanium, sağ gicgah və sağ gözaltı nahiyələrində qançırlar, sağ gicgah və əsas sümüklərin basılmış sınığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə 2022-ci ilin oktyabr ayı Sabirabad rayonu, Şəhriyar kəndindəki mal bazarında baş vermişdir. Həmin gün özü bazara getmiş, ondan əvvəl də əmisi Şahid5 narkotik tərkibli bitkiləri əkib-becərdiyinə görə tutulması barədə polis orqanlarına əmisini satdığını Elşad Həbibə dediyinə üçün ona zəng etmişdir. Demişdir ki, “gəl görüşək, işim var, belə şey olub-olmayıb aydınlaşdıraq”. Hadisə günü də Elşadın özü onu görüb yaxınlaşmış, demişdir ki, nə olub, o isə Elşada əmisi Həbibin tutulması barədə məlumatın onun tərəfindən verilməsini dediyini bildirmişdir. Bundan sonra Elşad qayıdıb onu və əmisin söyüb, yumruqla vurmuşdur. Bundan sonra Elşadın iki qardaşı, anası və bacısı da orda olub. Həmin vaxt Elşad yumruq atanda onu qucaqlaşmış, Elşadın qardaşları, anası və bacısı isə üstünə gəlib onu döyməyə başlamışlar. Bazarda hay-küy düşsə də heç kim onları ayırmağa gəlməmiş, çünki Elşad və ailəsinin onlara da şər böhtan atacağından qorxmuşlar. Sonradan isə qardaşına kimsə məlumat verib, qardaşı harayçılığa gəlmişdir. Elşad və qardaşları isə özlərinə məxsus Forddan “mantirofqanı” götürüb onu və qardaşını döymüşlər. Hadisə belə olub, özü həmin vaxt həm döyülmüş, həm də tutulmuşdur. Hadisə vaxtı Elşada heç bir xəsarət yetirməmiş, o həmin xəsarəti üç-dörd il bundan qabaq başqa bir şəxslə dava edəndə almışdır. Hadisə vaxtı Elşadla birlikdə iki maşının arasına keçməmiş, onunla camaat içərisində danışmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən qabaq gecə saat bir–iki arası olarmış ki, Mirzəhəsən zəng edib demişdir ki, “tez gəl Şəhriyar kəndində körpü var ora”. Soruşmuş ki, “nə olub, niyə gəlim”, Mirzəhəsən heçnə deməmişdir. Lakin həmin vaxt Mirzəhəsənlə gedib görüşməmiş, sabahısı isə bacanağı xəstə olduğundan Bakıya onun yanına getmişdir. Bir gün bu hadisədən keçəndən sonra isə Mirzəhəsən ona yenə zəng vurmuşdur. Demişdir ki, hardasan, sonra isə birbaşa söyüş söyməyə başlamışdır. Ailə-uşağı yanında olduğundan onun söyüşlərini eşitməsinlər deyə telefonu söndürmüşdür. Bundan da üç-dörd gün sonra səhər saat 06 radələrində anası Şahid4 Zamanalı qızı, qardaşı Şahid1 və bacısı Məhbubə Nəzərov ilə birlikdə Şəhriyar kəndində yerləşən mal bazarında alver etməyə getmişlər. Orada göyərti, pamidor, xiyar kənd malları satmışdır. Həmin vaxt görmüş ki, Mirzəhəsən gəlir və ona demişdir ki, “keçək qatar yolu var o üzə tərəfə”. Demişdir ki, “əlimdə tərəzi var gözdə”. Mirzəhəsən isə ona demişdir ki, “əmim belə deyir”. Guya o, Həbibə demişdir ki, “Həbib, səni polisə qardaşın oğlu Mirzəhəsən verib”. Onu da qeyd edir ki, Həbib və Mirzəhəsən arasında ədavət olmuşdur. Belə ki, Həbib Mirzəhəsənə güllə atmış, güllə Mirzəhəsənə dəymişdir. Bu hadisələr əvvəllər olub. Bundan sonra Mirzəhəsən onu dayandıqları yerdən bir az aralıda olan “Ford” markalı avtomobillərin arasına çəkmiş, Mirzəhəsənə nə sözü varsa deməsini demişdir. Mirzəhəsən yenə də ona əmisi Həbibə narkotik satması barədə polisə məlumat verməsini demişdir. O da bu məsələdən xəbəri olmadığını, evə gələndə Həbiblə üzləşəcəyini bildirmişdir. Bunu deyib dönəndə Mirzəhəsən birdən onun başının sağ tərəfindən möhkəm vurmuş, Mirzəhəsənin əlinin içərisində çox güman ki, nəsə olmuşdur. Bu vaxt gözü qaralmış, heçnə görməmiş və yerə yıxılmışdır. Mirzəhəsən isə yerdə onun üstünə yıxılmışdır. Mirzəhəsənin vurduğu zərbənin təsirindən sag gicgah nahiyəsində sümüyü sınmışdır. Yerə yıxılanda da onun sol dizi yerə dəydiyindən xəsarət almışdır. Həmin vaxt o, özünü itirmiş və bir anlıq gözləri görməmişdir. Qışqırmış, bu vaxt qardaşı Rauf gəlib onları aralaşdırmışdır. Demişdir ki, “sən uşaqla savaşma”. Qardaşı onu qaldırıb, maşının arxasında otuzdurmuş, həmin vaxt canı isti olduğundan 102-yə zəng vurub, demişdir ki, “flankəs mənə xəsarət yetirib”. Mirzəli adlı polis əməkdaşı olduğu yerə gəlib, maşınına qoyub, onu xəstəxanaya aparmışdır. Yolda isə Mirzəliyə zəng gəlmiş ki, polislərdən göndərin dava qızışdı. Onda bilmiş ki, o gedəndən sonra Mirzəhəsəngil qardaşının da üstünə düşüb onu döymüşlər. Onu ilk əvvəl yoxlamışlar, həkimlər demişlər ki, tərpətmək olmaz, daha sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırmışlar, orada müayinə olmuş, əməliyyat olunmağı məsləhət görülmüş, lakin hal-hazıradək özü müalicə alır. Mirzəhəsəngildən isə heç kim qapısın açmamış, onunla maraqlanmamışdır. Bu günədək 15000 manat məbləğində müalicəsinə pul xərcləmişdir. Ona dəymiş 15000 manat müalicə xərclərinin ödənilməsini tələb edir. Aralarında isə heç bir barışıq yoxdur, Mirzəhəsəndən şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il oktyabr ayında səhər saatlarında anası Şahid4 Zamanalı qızı və qardaşı Zərərçəkmiş şəxsla birlikdə Şəhriyar kəndində yerləşən mal bazarında alver etməyə getmişlər. Həmin gün saat 12 radələrində həmkəndlisi Mirzəhəsən qardaşı Elşadı yanına çağırmış, demişdir ki, “bir dəqiqə bura gəl, sözüm var”, bundan sonra onun avtomobilinin yanında söhbət etməyə başlamışlar. Özü isə onlardan bir və ya bir metr yarım kənarda alver etmişdir, həmin vaxt başı alverə qarışdığından onların nə danışdığını bilməmişlər. Birdən kimsə demişdir ki, deyəsən bunlar savaşır. Bu zaman əlindəki sellofanı kənara qoyub ora keçəndə görmüş ki, Elşadın ayağı maşına dirənmiş formada yerdə yıxılıb, Mirzəhəsən də onun üstündədir. Tez onları aralaşdırıb, demişdir ki, ayıbdır. Həmin vaxt qardaşı Elşada da acıqlanmış ki, niyə savaşırlar. Mirzəhəsəni aralaşdırdıqdan sonra qardaşı Elşad demişdir ki, Mirzəhəsən onu nə iləsə vurub, gözü görmür. Bundan sonra qardaşı polisə məlumat verib, polislər də gəlib qardaşın aparmışlar. Sonra da Mirzəhəsəni görməmişdir. Biraz keçəndən sonra polis əməkdaşı Mirəhməd gəlib ondan soruşmuş ki, bunlar niyə savaşıb. O da bildirmiş ki, səbəbin bilmir, polis Mirzəli gəlib qardaşın aparmışdır. Elə Mirəhmədlə söhbət etdiyi vaxt görmüş ki, Mirzəhəsən və qardaşı əlində reyka üstünə gəlirlər. Bu vaxt Mirəhməd əlin qaldırıb, onlara mane olmağa çalışsa da, onlar polis sahə müvəkkili Mirəhmədin yanında onun barmağına və başına xəsarət yetirmişlər. Bundan sonra onları aralaşdırmışlar. Mirzəhəsən və qardaşı isə qaçıb getmişdir. Özü də gedib şöbəyə izahat vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü qardaşı Elşaddan aralıda Şəhriyar kəndində yerləşən mal bazarında alver edirmiş. Həmin gün uzaqdan Mirzəhəsənlə qardaşı Elşad arasında mübahisə olmasını görmüşdür. Lakin onlara yaxınlaşmamışdır. Elşad davada xəsarət aldığına görə polis əməkdaşları gəlib Elşadı aparmışlar. Onlar da anası, digər qardaşı Raufla birlikdə alver etməyə davam etmişlər. Bundan sonra, Mirzəhəsən və qardaşı Abdulhəsən əllərində taxta ilə qardaşı Raufun üstünə gəldiklərini görmüşdür. Qardaşı Raufun əlinə və başına vurmuşlar. Sonra orada olan bazar sakinləri və sahə rəisi Şahid7 onları aralaşdırmışlar. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 13 oktyabr 2022-ci il tarixdə Sabirabad rayon Şəhriyar kəndində yerləşən heyvan bazarının fəaliyyət göstərməsi ilə əlaqədar, o da ictimai təhlükəsizliyi qorumaq məqsədi ilə bazarda olmuşdur. Xidmətdə olarkən məlumat daxil olmuşdur ki, bazarın girişində dava olub. O həmin yerə gələndə bilmişdir ki, Elşad və Mirzəhəsən arasında dava olub. Elşad da şöbəyə şikayətə gedib. Özü də yaxınlaşıb ki, Elşadın bacısı və qardaşından hadisənin necə baş verdiyin soruşsun. Bu zaman Rauf ona demişdir ki, gəlirlər. Arxaya çönəndə görmüş ki, Mirzəhəsən və qardaşı Abdulhəsən əllərində taxta parçası gəlirlər. Onların qabağında durmuş, demişdir ki, dayanın lakin onlar buna məhəl qoymayıb hər ikisi yanında keçib Raufu vurmuşlar. Tez Mirzəhəsəni tutub ayırmış, onu kənara çəkmiş ki, sakitləşsin, həmin vaxt qardaşı Abdulhəsən onların yanına gəlmiş və hər iki qardaş qaçıb getmişlər. Özü isə şöbəyə gedib bu barədə raport yazmışdır. Mirzəhəsən Raufu vuranda onu tutmağa çalışsa da, zərbə Raufa dəymişdir. Abdulhəsənin isə kimi vurduğunu o an görə bilməmişdir. Rauf, anası və bacısı Mirzəhəsəni döyməyib. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. 13 oktyabr 2022-ci il tarixdə Sabirabad rayon Şəhriyar kəndində yerləşən heyvan bazarının fəaliyyət göstərməsi ilə əlaqədar, o da ictimai təhlükəsizliyi qorumaq məqsədi ilə bazarda olmuşdur. Həmin gün saat 12 radələrində bazarda olan zaman, eşitmişki bazarda olan şəxslərdən dava-dalaş ediblər. Özü isə Sabirabad RPŞ-nə getmək məqsədilə bazardan çıxmış, çıxışda bir nəfər şəxsin Zərərçəkmiş şəxs ona tərəf yaxınlaşdığını görmüşdür. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, dava edib, bu barədə İN-in 102 xidmətinə zəng edib məlumat verib, özü isə şikayət etmək üçün şöbəyə gedir. Yolda isə bilmiş ki, Elşad Fazilin oğlu ilə savaşıb, Elşad öz maşını ilə şöbəyə aparıb, növbətçi hissəyə təhvil vermişdir. Elşad ona yolda olarkən Fazilin oğlu ilə savaşdığını, başından vurulub, xəsarət aldığını, şöbəyə isə ərizə yazıb, daha sonra ekspertizadan keçmək məqsədilə getdiyini, gözünün isə görmədiyini demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə bazara hind quşları satmaq üçün qardaşı Mirzəhəsən ilə birlikdə getmişdir. Həmin vaxt qardaşı bazarda hind quşları satarkən özü qardaşından aralanmışdır. Daha sonra Hikmət gəlib onu çağıraraq, qardaşı Mirzəhəsəni döydüklərini, gəlib qoymamağını demişdir. O da tez qardaşının yanına getmiş və Elşadın qardaşları Rauf və Elşənlə əllərində dəmir alətlə Mirzəhəsəni vurduqlarını görmüşdür. O, onları aralaşdırmaq istəyəndə, Elşad əlindəki dəmir alətlə onun başına vurmuş, daha sonra onları aralaşdırmışlar. Bundan sonra qardaşının vəziyyətinin yaxşı olmadığını görmüş və 103-ə zəng etmişdir. Təcili yardım avtomobili gəlmiş və onları Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra oradan çıxmışlar. Daha sonra polisə müraciət edib, bu barədə danışmışlar. Hadisə hind quşları satılan yerdən yolun o biri üzündə baş vermişdir. Elşad və qardaşları birləşib orda, onları vurmuşlar. Elşad həmin vaxt heç bir xəsarət almamışdır. Qardaşının isə kimisə vurmasın görməmişdir. Qardaşı Mirzəhəsənlə birlikdə hadisə yerinə təkrar qayıtmamış, həmin vaxt hansısa polis əməkdaşı ilə rastlaşmamışlar. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə bazara hind quşu almağa getmişdir. Orada Mirzəhəsənin hind quşlarını satdığını görmüş, yaxınlaşmış ki, elə hind quşunu ondan alsın. İki-üç dəqiqə onunla söhbət etdikdən sonra ora Elşad gəlmiş, Mirzəhəsəni çağırmışdır. Elşad həmin vaxt Mirzəhəsənə bir dəqiqə bəri gəl demişdir. Onlar birlikdə yolun o biri üzünə keçmişlər. Bundan sonra Elşadın iki qardaşı, anası və bacısı da ora getmiş, Elşad Mirzəhəsənlə söhbət edərkən söyüş söymüş, daha sonra başlamışlar Mirzəhəsəni vurmağa. Bu zaman Mirzəhəsən yerə yıxılmış, onlar isə yerdə Mirzəhəsəni təpikləməyə başlamışlar. Hadisə görüb qaçıb onun qardaşı Abdulhəsəni çağırmışdır. Abdulhəsən gəlib onları ayırmaq istəyərkən, Elşadın qardaşı Abdulhəsəni də vurmuşdur. Həmin vaxt Elşadın anasının əlində reyka olmuş, oradakılara da aralaşdırana söyüş qoymuşlar. Dava 5-10 dəqiqə çəkdikdən sonra camaat onları aralaşdırmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib, Mirzəhəsəni və qardaşın aparmışdır. Elşadgil isə orada qalmışdır. Həmin vaxt Mirzəhəsən yaralanmışdır. Hadisə vaxtı Mirzəhəsən Elşadı vurmamış, onun əlində heçnə olmamışdır. Hadisədən sonra Elşad və ailəsi bazarda qalıb işlərinə davam etmişlər, özü isə çıxıb getmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə bazarda olmuşdur. Həmin vaxt bazarda Mirzəhəsənin hind quşları satdığını görmüşdür. Biraz irəli keçdikdən sonra isə Elşadgilin də orada alver etdiyin görmüşdür. Bazarda olan adamlarla söhbət edərkən görmüş ki, Elşad kənardan Mirzəhəsənə əl edib çağırır. Mirzəhəsən isə Elşadın çağırdığın görüb, ona tərəf getmiş, nəsə danışmışlar. Elşad Mirzəhəsəni uzaqdan əllə çağırmış, yanına getməmişdir. X11 vurmuş, Mirzəhəsən yerə yıxılmışdır. Bundan sonra bazarda hamı bir-birinə qarışmış, ora Mirzəhəsənin qardaşı gəlmişdir. Onu da vurmuşlar. Hər ikisini Elşad və qardaşları döymüşdür. Elşad da maşından nəsə götürüb onları vurmuşdur. Onlara baxmışlar, biraz vuruşduqdan sonra isə polis gəlmişdir. Ona kimi isə onları camaat aralaşdırmışdır. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib Mirzəhəsən və qardaşın aparmış, Elşadgil isə orada qalmış, sonra Elşad öz maşınına minib getmişdir. Hadisə vaxtı Mirzəhəsəni Elşad, iki qardaşı və iki qadın birlikdə döymüşlər. Həmin vaxt Mirzəhəsənin əlində heçnə olmamışdır. Elşadı isə yerdə görməmiş, əksinə Elşad onları döyüb vurmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, hadisə günü bazara getmişdir. Birdən görmüş ki, millət yığıldı, Elşad qardaşları və iki qadın Mirzəhəsəni döyməyə başladılar. Həmin vaxt orda olmuş, qadınlara ayıb olduğunu demişdir. Mirzəhəsəni bərk döyüşmüşlər, daha sonra təcili tibbi yardım maşını gəlib onu aparmışdır. Elşadgil isə hadisədən 10-15 dəqiqə sonraya kimi orda olmuşlar, daha sonra maşına minib getmişlər. Elşadda həmin vaxt xəsarət olmamış, onu döyən olmamışdır. Mirzəhəsən isə qanın içində olmuşdur. Həmin vaxt Mirzəhəsən onların altında olmuş, oradan çıxa bilməmiş ki, kimisə də vursun. Hadisə vaxtı isə Mirzəhəsənin qardaşını döyən olmamışdır. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci ildə bazarda heyva alırmış. Birdən görmüş ki, ondan üç metr aralıda mübahisə düşüb. Üç nəfər qarşı tərəfdən bir nəfər Mirzəhəsəni vurublar, sonradan isə davaya iki nəfər qadın da qoşulub. Onlar birlikdə Mirzəhəsəni yerə yıxıb döyüblər. Çoxlu-çoxlu onu vurmuşlar. Millət də oraya yığışmışdır. Bir xeyli Mirzəhəsəni vurandan sonra onları aralamışlar. Ondan sonra bir oğlan da oraya gəlmiş, həmin şəxslər onu da yıxıb yerə döyməyə başlamışlar. Daha sonra təcili tibbi yardım maşını gəlib döyülən şəxsləri aparmışlar. Döyən şəxslər isə orada qalmışdır. Həmin vaxt döyülən şəxslərin kim olmasın xəbər almış, onda bilmiş ki, birinci döyülən Mirzəhəsəndir, daha sonra ora gəlib döyülən isə onun qardaşıdır. Sonra isə bazardan çıxmış, həmin vaxt polislərin gəldiyini görmüşdür. Davanı başdan sona kimi görmüşdür. Mirzəhəsən həmin vaxt heç kimi görməmişdir. Mirzəhəsənə ilk zərbəni onu döyən şəxslər vurmuşdur. Polislər isə davadan xeyli sonra ora gəlmişlər. Həmin vaxt nə Mirzəhəsəni nə də ki, zərərçəkmiş şəxsi tanımırmış. Döyən şəxslər canlı olduğundan Mirzəhəsən isə arıq olduğundan yadında qalmışdır. Oranın camaatı hadisəni görən şahid axtardıqlarından məhkəməyə gəlib ifadə vermişdir. Hadisə bazarda camaatın alver etdiyi yerdə baş vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin məsul növbətçisi Hüsü Mehbalıyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:38-də DİN-in 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda göstərilmişdir ki, Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs ***-***-**-** nömrədən zəng edərək, Mal bazarında Elnur adlı şəxs tərəfindən döyülməsini bildirdi. (c İ, i.v 4) İşdə olan, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən Mal bazarında xidmət aparan zaman Şəhriyar kənd sakinləri Fazil Həsənovun iki oğlu əllərində olan ağacla bazara gələrək, orada olan həmin kənd sakinləri Zərərçəkmiş şəxs və Şahid1 hücum çəkdilər. Mən onların arasında mübahisənin baş verməsinin qarşısını almaq üçün çalışsamda Fazil Həsənovun iki oğlu, Zərərçəkmiş şəxs və Şahid1 döyərək bazardan uzaqlaşdılar. (c İ, i.v 11) İşdə olan, xx.xx.2022-ci il tarixli Baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal bazarında baş vermişdir. (c İ, i.v 19-22) İşdə olan, Sabirabad RPŞ-nin məsul növbətçisi Ə.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:25-də Bakı şəhər Neyrocərrahiyə Xəstəxanasından tibb bacısı Muradova telefonla Sabirabad RPŞ-nin NH-nə məlumat verərək bildirmişdir ki, 1980-cı il təvəllüdlü Sabirabad rayon Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs, qapalı kəllə-beyin travması, baş beyin əzilməsi və gicgah sümüyünün sınığı ilə Bakı şəhər Neyrocərrahiyyə Xəstəxanasına daxil olmuşdur. Deməsinə görə yaşadığı kənd ərazisində döyülmüşdür. (c İ, i.v 25) İşdə olan, Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 732 saylı rəyindən görünür ki, Şahid1 müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağgicgah nahiyəsində, sağ gözaltı nahiyədə, sağ dirsək oynağının bayır səthindəsıyrıqlar, sağ əlin 4-cü barmağının uc hissəsində səthi yara küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdi. (c İ, i.v 27-29) İşdə olan, xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. (c İ, i.v 39) İşdə olan, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmişdir. (c İ, i.v 57-58) İşdə olan, Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 733 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onda baş beynin yüngül dərəcəli əzilməsi, sağ gicgah və əsas sümüklərinin basılmış sınığı, sağ gicgah nahiyəsi yumşaq toxumalarının əziyi, sağ tərəfli travmatik hemotimpanium, sağ gicgah nahiyəsində, sağ gözaltı nahiyədə qançırlar küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. (c İ, i.v 62-65) İşdə olan, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(056)-131/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 98-101) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Həsənov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c İ, i.v 130) İşdə olan, Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T 276/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onda baş beynin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsi yumşaq toxumalarının əziyi, sağtərəfli travmatik hemotimpanium, sağ gicgah və sağ gözaltı nahiyələrin qançırları ilə müşayiət edilən sağ gicgah və əsas sümüklərin basılmış sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən kənar şəxs tərəfindən həmin nahiyəyə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. (c İ, i.v 166-169) İşdə olan, Sabirabad rayon prokurorluğunun müstəntiqi Kamal Babayev tərəfindən qəbul edilmiş 08 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 129-C-23 nömrəli material üzrə Sabirabad RPŞ əməkdaşları X4, X5 və qeyrilərinin əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanılması rədd edilmişdir. (c İ, i.v 175-179) İşdə olan, 11 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221 və 126.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin xüsusatlar üzrə cinayət təqibi başlanması rədd edilmiş, Şahid1 Şahid2 vurub ona yüngül dərəcəli bədən xəsarəti yetirdiyindən, həmin fakt üzrə hazırki cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, Şahid1 və Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması xüsusatına isə həmin işin istintaqı zamanı hüquqi qiymət verilməsi, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətini ona Zərərçəkmiş şəxs tərəfindən yetirildiyini bildirsə də, onun göstərdiyi həmin halların istintaq zamanı təsdiq olunmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid2 Şahid1 və onun qardaşı Zərərçəkmiş şəxs tərəfindən dəmir parçası ilə döyülmələri təsdiq olunmadığından, həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmişdir. (c İ, i.v 180-193) İşdə olan, Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 63312/2022 nömrəli sorğuya cavab məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-58/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının 02 ay 02 gün hissəsini çəkmiş və ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 09 ay 28 gün təşkil edir. (c İİ, i.v 91) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü Elşadın özü onu görüb yaxınlaşmış, aralarında mübahisə olmuş, Elşad onu və əmisin söyüb, yumruqla vurmuş, bundan sonra Elşadın iki qardaşı, anası və bacısı da üstünə gəlib onu döyməyə başlamışlar, sonradan isə qardaşı harayçılığa gəlmiş, Elşad və qardaşları isə özlərinə məxsus Forddan “mantirofqanı” götürüb onu və qardaşını döymüşlər, hadisə vaxtı Elşada heç bir xəsarət yetirməmiş, o həmin xəsarəti üç-dörd il bundan qabaq başqa bir şəxslə dava edəndə almışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin (Şahid1, Şahid3, Şahid6, Şahid7) ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, zərərçəkmiş şəxsin, şahidlərin (Şahid1, Şahid3, Şahid6, Şahid7) ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruğu ilə bir dəfə qəsdən vuraraq, sonuncuya baş beynin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsi yumşaq toxumalarının əziyi, sağ tərəfli travmatik hemotimpanium, sağ gicgah və sağ gözaltı nahiyələrində qançırlar, sağ gicgah və əsas sümüklərin basılmış sınığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs hadisə nəticəsində xəsarət aldıqdan sonra dərhal hadisə yerini tərk edərək, bu barədə müvafiq qaydada şikayət etmək məqsədilə polis şöbəsinə getməsi, sonuncunun qardaşı Şahid1 isə hadisə yerində qalması və ora yenidən Təqsirləndirilən şəxs və qardaşı Şahid2 qayıdaraq Şahid1la mübahisə etmələri faktı bilavasitə hadisə yerində olmuş şahidlər Şahid1, Şahid6 və Şahid7 və bu barədə Şahid7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportla tam təsdiq edilir. Odur ki, məhkəmə məhz həmin şahid ifadələrini sübut kimi əsaslı və işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisə zamanı heç bir xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs həmin xəsarətləri üç-dörd il bundan qabaq başqa bir şəxslə dava edən zaman alması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar da iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 733 saylı və xx.xx.2023-cü il tarixli, T 276/2023 saylı rəyləri ilə (hər iki rəydə Zərərçəkmiş şəxs aldığı xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən kənar şəxs tərəfindən həmin nahiyəyə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilməsi, törənmə müddətinin isə xx.xx.2022-ci il tarixə uyğun gəlməsi nəticəsinə gəlinmişdir) tam təkzib edilir. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs həmin dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadələr verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, yuxarıda qeyd edilən şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs ifadələr verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Eyni zamanda məhkəmə müdafiə tərəfindən təqdim edilmiş şahidlər Şahid2, X9, X14, X10 və X3 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatları; məhkəmədə tədqiq olunmuş sübutlarla, həmin şahidlərin öz ifadələri arasında olan ziddiyyətlərlə, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid3, Şahid6, Şahid7 verdikləri ifadələri ilə tam təkzib olunduğundan məhkəmə Şahid2, Hikmət Hüseynov, Muxtar Əmənov, Gülnar Nəcəfova və Tarverdi Zeynalovun məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Hazırkı hökmdə sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı tam təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları araşdıraraq onun istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısına əsasən şəxsin sağlamlığına vurulmuş xəsarətin iki forması müəyyən edilmişdir. Biri həyat üçün təhlükəli olan xəsarətlər, ikincisi isə həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlərdir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin” Siyahısının 1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər, yəni sonuncuya baş beynin yüngül dərəcəli əzilməsi, sağ gicgah nahiyəsi yumşaq toxumalarının əziyi, sağ tərəfli travmatik hemotimpanium, sağ gicgah və sağ gözaltı nahiyələrində qançırlar, sağ gicgah və əsas sümüklərin basılmış sınığı yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət dərəcəsinə aid edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən yuxarıda sadalalanın sübutlarla mübahisəsiz qaydada sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Habelə Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 16 aprel 2022-ci il tarixli, 1(056)-58/2022 nömrəli hökmü ilə təyin edilmiş təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 04 (dörd) ay, 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 04 (dörd) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və ekspertiza xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Sabirabad Rayon Məhkəməsinin 16 aprel 2022-ci il tarixli, 1(056)-58/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CMnin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 04 (dörd) ay, 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 04 (dörd) ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar