Məhkəmə qərarları › İş №1(099)-109/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-109/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-109/2023 06.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər – Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə 1 il 2 ay 28 gün müddtinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı cəzası 8 ay 28 günə endirilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəmsinin xx.xx.2021-ci il tarixl qərarı ilə 1 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Şirvan şəhəri, F.X.Xoyski küçəsi, bina 3, mənzil 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 2,349 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 13 avqust 2022-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində - “Şirvan Oil”-in yaxınlığında şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək 14 avqust 2022-ci il tarixdə saat 00:05-dən 00:25-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 2,349 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək (narkotik istifadə etməkdə) ifadəsində göstərmişdir ki, Şirvan şəhərində usta yanında köməkçi işləmişdir. 13 avqust 2022-ci il tarixdə işdən çıxmış və avtodayanacaqda avtobus gözləmişdir. Şirvan şəhərində evlərinə getmək üçün dayanacaqda gözləyərkən axşam saat 23 radələrində iki polis əməkdaşı avtomobildən düşərək onu zorla Şirvan şəhər polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş və polislər tərəfindən döyülmüşdür. Döyüldükdən sonra polis əməkdaşları Fərid və Taleh ona “şəkər tozu” vermiş və ona hədə-qorxu gələrək videoçəkiliş zamanı həmin “şəkər tozu”nun psixotrop maddə olduğunu bildirməyini demiş, əgər onların dediklərini edərsə onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini, bunu etməsə isə bir kiloqram narkotiki boynuna qoyacaqlarını bildirmişlər. Məcbur qalaraq polis şöbəsində təhqiqatçının otağında polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə şəxsi-axtarış keçirilən zaman şalvarının cibində olan şəkər tozunu təqdim edərək həmin şəkər tozunun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Saxlanılarkən üzərində mobil telefon, evinin açarı və bir manat pul olmuşdur. Uzun müddətdir ki, narkotikdən istifadə etməmişdir. Heç kimə narkotik verməmiş və satmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahatı elan olunmuş, həmin izahatda 13 avqust 2022-ci il tarixdə Şirvan şəhərində “Şirvan Oil”in yaxınlığında hərəkət edərkən yerdə bir ədəd siqaret falqasında büküm tapdığını, büküm içərisində metamfetamin olduğunu, bundan sonra iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparıldığını, orada üzərinə videoçəkilişlə baxış keçirildiyini, şalvarının cibində olan bir büküm metamfetamini çıxarıb təqdim etdiyini, metamfetamini şəxsi istifadəsi üçün cibində saxladığını, heç kimə metamfetamin satmadığını, polis şöbəsinə aparılarkən ona qarşı qanunsuz hərəkətlərin olmadığını etiraf etmişdir. Məhkəmədə tədqiq edilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, şalvarının cibindən bir büküm metamfetaminə bənzər maddəni çıxarıb təqdim edib, ona məxsus olduğunu etiraf etmiş, saxlanılarkən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, saat 23 radələrində Xəyal Şirvan şəhəri ərazisində saxlanılıb şöbəyə aparılmış, üzərinə videçəkilişlə aparılan şəxsi axtarış zamanı Xəyal əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaret falqasında olan metamfetamini təqdim etmiş, şifahi sorğu zamanı metamfetamini Şirvan şəhəri, Köhnə şəhər ərazisində yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu etiraf etmişdir. Xəyalın kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasının şahidi olmamış, bu məlumat öz təsdiqini tapmamışdır. O, saxlanılarkən metamfetamini üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Xəyal saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfeatminin şəxsi istifadəsi üçün saxladığını etiraf etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunmadığını, Xəyalın kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasından məlumatının olmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2022-ci il tarixli 18/873 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi – 2,349 qram olan maddə kustar üsulla hazırlanmış prixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022ci il tarixli 5805 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 14 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış zamanı bir ədəd falqaya bükülmüş metamfetaminə bənzər maddə aşkar olunmuşdur. İş materiallarında olan X1 X3 25 avqust 2022-ci il tarixli 689 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs konkret olaraq kimə, nə vaxt və hansı şəraitdə psixotrop maddə metamfetamini əldə etməsini, həmçinin kiməsə satmasını müəyyən etmək mümkün olmamışdır. 5 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 8-ci bəndinə əsasən bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 2,990 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nın saxlanc anbarına təhvil verilmişdir. 16 avqust 2022-ci il tarixli qərarla təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 2,299 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və polis şöbəsinin maddi sübutlarin saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkiliş əks olunan bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində aşkar olunan psixotrop maddə metemafetaminin ona məxsus olmaması, üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis şöbəsində Farid və Taleh adında polis əməkdaşları tərəfindən döyüldüyündən ilkin izahatında üzərində aşkar olunan metamfetaminin guya ona məxsus olmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 avqust 2022-ci il tarixli 472 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarətlər aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları Farid Vəliyev və Taleh Həsənov tərəfindən döyülməsi faktı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, prokurorluğun 10 sentyabr 2022-ci il tarixli qərarı ilə qeyd olunan şəxslərin əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülərək metamfetaminin şöbədə cibinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar özünün ilkin etirafedici izahatı ilə yanaşı, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, aparılan videoçəkilişlə, məhkəmə-tibbi ekspertizasının 17 avqust 2022-ci il tarixli 472 N-li rəyi, Şirvan şəhər prokurorluğunun 10 sentyabr 2022-ci il tarixli ”cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarla, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, şöbədə döyülərək metamfetaminin cibinə qoyulmasına dair verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ilkin izahatı ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə (metamfetaminin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülməsi xüsusatları ilə bağlı) onun ibtidai araşdırma dövründə verdiyi etirafedici ilkin izahatını, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi)”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə metamfetaminin çəkisi külli miqdar - 2,349 qram təşkil etsə də, iş materiallarında onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkmiş, yaşadığı evin yaxınlığında tapdığı bir bükümdə metamfetamini öz istifadəsi üçün əldə etdiyini bildirmiş və özünü narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə təqsirli bilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniyadan əziyyət çəkməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Bu halda narkomaniyadan uzun müddətdir əziyyət çəkən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Şirvan ŞPŞ-nın əməliyyat tapşırığının cavabından görünür ki, bunula bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasına dair hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Həmçinin, Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 13 avqust 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri yalnız gəzdirməkdə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 2,349 qram metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin Təqsirləndirilən şəxs metamfetamini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 2,349 qram metamfetamini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş metamfetaminin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiəüçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 2,349 qram metamfetaminin külli miqdarda olmasına görə şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin metamfetamini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər subutlar müəyyən edilmədiyindən ibtidai istintaq oraqının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə və saxlama kimi tövsif edilməli, onun əməli sonuncu maddə ilə ixtisaslaşdırılmaqla həmin maddə ilə cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 8 ay 28 gün azadlıqdan məhrumetmə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarxidə cəza müddəti başa çatmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iki il keçmədən qəsdən ağır cinayət əməlini törətdiyinə görə onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələblərinə görə cinayətlərin resdivini yaradır. 13 avqust 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Şirvan Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət töərtdiyinə görə məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən ağır cinayət əməllərini törətmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – 8 ilin yarısından, yəni 4 ildən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub Şirvan ŞPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2,299 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 2,299 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar