Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-110/2022 24.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, məhkumluğu olmayan, Ağcabədi rayonu Hüsülü kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında yaşadığı Ağcabədi rayonu Hüsülü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq külli miqdar hesab edilən 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, 29 iyun 2021-ci il tarixdə saat 12 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həmin yerdən ayrı-ayrılıqda əkilmiş külli miqdar hesab edilən 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əri Ağayev X2 və Birinci Qarabağ müharibələrində iştirak etmiş, nəticədə İİ qrup əlil olmuş, bədənində, xüsusilə də sümük ağrıları olur. Ağrıları kəsmək üçün əri nəşə (marixuana) çəkir. Qədim gələcəkdə marixuana çəkməsi üçün 2021-ci ilin aprel ayında ərinin çəkdiyi marixuananın içərisindən toxumları yığmış və evin həyətinin bir neçə yerində əkmişdir. Məqsədi marixuana bitəndən sonra onu istifadə üçün əri Qədimə verməsi olmuşdur. Həmin çətənə kollarına qulluq edib, suvarmış, diblərini belləyib becərmişdir. Çətənə kollarına qulluq edəndə bunu heç kəs görməmiş, ailə üzvlərinin xəbəri olmamışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları onların həyətinə gəlmiş və onun evinin həyətində çətənə kolları əkməkdə şübhəli olduğunu deyib həyətə baxış keçirmişlər. Baxış zamanı əkdiyi 17 ədəd çətənə kolları aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, özü də İİ qrup əlildir, beyin atrofiyası xəstəliyindən əziyyət çəkir, əməlindən peşimandır, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyun 2021-ci il tarixdə Ağcabədi royanu Hüsülü kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupun üzvlərilə Xalidənin yaşadığı evə getmişlər. Orada həyətyanı sahəyə baxış keçirən zaman qamışlıq olan sahədən 07 ədəd, sonra isə bostan sahəsindən 10 ədəd çətənə bitkilərinin əkilib becərilməsi məlum olmuşdur. Aqronom-mütəxəssis həmin bitkilərə baxıb dibinin suvarılmasına, boşaldılmasına və digər əsaslara görə həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Həmin 17 ədəd çətənə tərkibli bitkilər qablaşdırılaraq götürülmüşdür. Şifahı sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini özü əkib becərdiyini, gələcəkdə xəstə ərinə istifadə üçün verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, arvadı Təqsirləndirilən şəxs və övladları ilə Ağcabədi rayonu Hüsülü kəndində yaşayırlar. Özü Əfqanıstan müharibəsində iştirak etmiş, müharibədə yaralanmış, 2-ci qrup müharibə əlilidir, həmçinin Birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Müharibədə yaralandığı üçün onun bədənində möhkəm ağrılar olur və həmin ağrıları kəsmək üçün marixuanadan istifadə edirmiş, son vaxtlar istifadə etmir. 29 iyun 2021-ci il tarixdə polis əməkdaşları evinə gəlib həyətyanı torpaq sahəsinə baxış keçirmiş, 17 ədəd çətənə bitkisi aşkar edib götürmüşlər. Arvadı ilə söhbət edəndən sonra ona məlum olmuşdur ki, Xalidə ona vermək üçün həyətyanı torpaq sahəsində çətənə bitkisi əkmiş və becərmişdir. Çətənə bitkilərinin əkilməsindən məlumatı olmamışdır. Arvadı Xalidə İİ qrup əlildir, arvadı əməlindən peşimandır və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək atası Şahid4 ifadəsində göstərdiyi xüsusuatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının 30 iyun 2021-ci il tarixli 18/690 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyatyanı...” sözləri və imzalar olan bir ədəd torbanın içərisində 17 ədəd yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Bitkilərə aqrotexniki qaydada xüsusi qulluq olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyərinin 31 manat 95 qəpik təşkil etməsi göstərilmişdir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qarğı bitkisinin arasında 07 ədəd, bostanda 06 ədəd, dibçəkdə 02 ədəd, qamış çəpərin dibində 02 ədəd olmaqla, cəmi 17 ədəd narkotik tərkibli çətənə (kannabis) kolu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli 1319 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-psixiatriya ekspertizasının 02 noyabr 2021-ci il tarixli 664 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında, anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsiniun təsiri altına düşmür və hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunmuş 17 ədəd narkotik tərkibli çətənə kolları aqrotexniki qaydada becərilməklə qulluq olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması halları müəyyən edilməmiş, ailə üzvləri və qonşuları ətrafında əməliyyat tədbirləri keçirilmiş, baş vermiş hadisə ilə bağlılığı və ya narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hansısa məlumata malik olmaları müəyyən edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2021-ci il tarixli 986 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda durmur. İş materiallarınmda olan DİN-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 16 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağcabədi rayon polis şöbəsinə təhvil verrilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun arayışı, əlillik barədə vəsiqə surətləri və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, mülayim beyin atrofiyası, beynin işemik xəstəliyi, beyin qan dövranı pozğunluğu, epilepsiya qıcolmaları, mədə xorası xəstəliklərindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əri Ağayev X4 Qarabağ müharibəsi və Əfqanıstan müharibəsi iştirakçısı olmuş və yaralanaraq İİ qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan yaşayış yeri üzrə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla əri və iki oğlu ilə birlikdə yaşayır, müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, əri Şahid4 Əfqanıstan və Birinci Qarabağ müharibəsində iştirak edərək İİ dərəcəli əlillik almasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirə bilərlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını, əri Şahid4 Əfqanıstan və Birinci Qarabağ müharibəsində iştirak edərək İİ dərəcəli əlillik almasını Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edir. Odur ki, Məhkəmə yuxarıda qeyd edilən qanunun tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyyələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 237.2.3-cü maddəsinə münasibətdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, CM-in 62-ci maddəsi tətbiq edilməklə barəsində təqsirləndirilən maddədə müəyyən ediləndən aşağı həddən də az cəza, azadlığın məhdudlaşdırılması təyin edilməsi məqsədə uyğundur. Bu cəza Təqsirləndirilən şəxs islah olunmasına və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2021ci protokolda Təqsirləndirilən şəxs qeyd olunan tarixdə şübhəli şəxs qismində tutulması göstərilmişdir. Lakin, iş materiallarında olan digər istintaq sənədlərindən Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırılması müəyyən olunmur. Belə ki, elə dərhal, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş, ekspertiza təyin edilməsi haqqında qərarlarla tanış olma, baxış və götürmə istintaq hərəkətləri yerinə yetirilmişdir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunması haqqında qərar qəbul edilərək sərbəst buraxılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığı məhdudlaşdırılmamış, sadəcə onunla yuxarıda qeyd olunan istintaq hərəkətləri aparılmış və cəmi beş saat təşkil etmişdir. Məhkəmə bu halı həbsdə saxlama kimi qiymətləndirmir. Bu səbəbdən də, təqsirləndirilən şəxsə təyin olunan azadlğın məhdudlaşdırılması cəzası hesablanarkən CM-in 69.3-cü maddəsi nəzərə alınmamalıdır. Eyni zamanda məhkəmə iş üzrə maddi sübut olub- Ağcabədi rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, iş üzrə 31 manat 95 qəpik məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Təyin edilən cəzanın icrası Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə 31 manat 95 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar olub Ağcabədi rayon polis şöbəsində saxlanılan 17 (on yeddi) ədəd əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-110/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-110/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver