Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-110/2023 06.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi Calal oğlunun iştirakı ilə, xx xxx 1997-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində 05 sentyabr 2022ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə 22,768 qram çəkidə, külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib 1,861 qram və 20,907 qram olmaqla iki ədəd bükümlərə qablaşdıraraq, 1 ədəd bükümünü üzərində, 1 ədəd bükümün isə idarə etdiyi “Opel Vectra” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində qanunsuz olaraq daşımaqla saxlamış, 04 sentyabr 2022-ci ildə, saat 00:10-da Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, Naxçıvan küçəsində qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli şəxs kimi saxlanılıb, polis şöbəsinə gətirilərək üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı 1,861 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, 1 ədəd bükümdə, 20,907 qram çəkidə eyni tərkibli psixotrop maddə olan metamfetamin isə idarə etdiyi “Opel Vectra” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2022-ci ildə gecə saat 00:10-da Şirvan şəhəri, Naxçıvan küçəsində “Opel Vectra” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilmiş, şəxsi axtarış, eləcə də avtomobilə baxış zamanı üzərində, həmçinin avtomobilində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, sorğu-sual zamanı psixotrop maddəni tapdığını, şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. Lakin məhkəmə baxışının sonunda əlavə ifadə verərək üzərində aşkar edilən psixotrop maddə ona məxsus olsa da, avtomobilindəki psixotrop maddənin sonradan polis əməkdaşları tərəfindən avtomobilə qoyulduğunu bildirmişdir.Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək üzərində və avtomobilində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Şirvan şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci ildə Şirvan şəhəri, l-nt İbrahimov küçəsi, ev 22, mənzil 17-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə ona əməliyyatı daxil olmuş, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin gün gecə saat 24 radələrində yaşadığı Şirvan şəhəri, Naxçıvan küçəsində idarə etdiyi «Opel Vectra» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı videoçəkilişlə üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilərkən üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən və idarə etdiyi avtomobilin arxa yük yerindən bir ədəd büküm çıxarıb onlara təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, təqdim etdiyi psixotrop maddəni Ülkər adlı qadınla birlikdə Bakı şəhərinə gedərək orada yaşayan tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Şəxsi axtarış və avtomobilə baxış keçirildikdən sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Vectra» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 19 sentyabr 2022-ci il tarixli, 945 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhər polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Həmçinin «Ülkər» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri müsbət nəticə verməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli 18/959 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,861 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 20,907 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə olan maddələr eyni tərkibli psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 5621 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış, təmiz çəkisi 22,568 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şirvan şəhər polis şöbəsində maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən və üzərində aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 04 sentyabr 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Şirvan şəhər məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 sentyabr 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 08 sentyabr 2021ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 (iki) ay 18 (on səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, 26 noyabr 2021-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti 26 noyabr 2021-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 27 noyabr 2023-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 04 sentyabr 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və yaşayış yerindən kafi xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 22,568 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 04 sentyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 22,568 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov