Məhkəmə qərarları › İş №1(099)-111/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-111/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-111/2023 04.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən külli miqdarda, 2160,902 qram təmiz çəkidə kustar üsulla hazırlanmış heroini qəsdən və qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən vahid niyyətlə əldə edib daşıyaraq, etibarnamə əsasında istifadəsində olan “Toyota Corolla” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilində və üzərində saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən həyətyanı evə baxış keçirilərkən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, narkotik vasitə olan heroini əldə edib həmin evin qarajında saxladığı istifadəsində olan “Toyota Corolla” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön sərnişin oturacağının ayaqaltı hissəsinə yerləşdirməklə saxladığı bir ədəd ağ rəngli sellofan torbanın içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1145,0 qram və 1015,0 qram olmaqla cəmi 2160,0 qram narkotik vasitə olan heroin və bir ədəd “pocket scale” markalı elektron tərəzi, habelə əməliyyat-axtarış tədbirləri davam etdirilməklə o, həmin gün saat 02:25 radələrində Ağcabədi rayon polis şöbəsinə aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki şalvarın sağ yan cibində daşıyaraq saxladığı iki ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,497 qram və 0,405 qram olmaqla cəmi 0,902 qram, ümumilikdə isə külli miqdarda, 2160, 902 qram təmiz çəkiyə malik olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd “pocket scale” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Hindarx qəsəbəsində işlənmiş avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. 21 avqust 2022-ci il tarixdə əmisi oğlu Əliqara ona zəng edərək polis əməkdaşı Şahid1 onu axtardığını bildirmiş və yanına çağırmışdır. Əliqaranın yanına getmiş, sonra polis əməkdaşı Səyavuş onların yanına gəlmiş, ona ayağında olan “qolbaq”la bağlı şöbəyə getməli olduğunu bildirmişdir. Ağcabədi rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona 1 qram heroin təqdim olunmuş və çəkiliş zamanı narkotikin guya ona aid olmasını deməsini bildirmişlər. Polislərin hədəsindən qorxduğu üçün məcbur olub narkotikin guya özünə aid olduğunu demişdir. Bundan sonra öz iştirakı ilə polis əməkdaşları tərəfindən evinə də baxış keçirilmiş, evindən qanunsuz əşya aşkar olunmamışdır. Qarajda olan ağ rəngli avtomobilinə baxış keçirilmiş və avtomobilin ön sağ ayaqaltından 2 kiloqrama yaxın sellofan torbada olan heroini təqdim etmişdir. Avtomobilində olan narkotikdən məlumatı yoxdur, narkotik polis əməkdaşları tərəfindən maşına qoyulmuşdur. Polis əməkdaşları tərəfindən döyülmüş, ona qarşı zor tətbiq olunmuşdur. Saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. İran vətəndaşı ilə telefonda hər hansı bir yazışması olmamışdır. Telefonunda olan iran nömrəsi xalasının yoldaşına məxsusdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilir. 21 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən özünün iştirakı ilə avtomobilinə videoçəkilişlə baxış keçirilmiş, qarajda saxladığı ona məxsus olan “Toyota Corolla” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ ayaqaltı hissəsində gizlətdiyi bir ədəd ağ rəngli üzəri bəzəkli heroin olan sellofanı polis əməkdaşlarına təqdim etmiş, həmin sellofanın içərisində iki ədəd mobil telefon, iki ədədə skoçla bağlanmış heroin, bir ədəd elektron tərəzini və bir neçə sellofan kəsikləri aşkar edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin bükümlər kakos, yəni heroindir. Həmin narkotik vasitələri mobil telefon vasitəsilə əlaqə saxladığı, tanımadığı İran vətəndaşından əldə etdiyini etiraf etmişdir. Təxminən 12 gün əvvəl mobil telefon vasitəsilə əlaqə saxladığı İran vətəndaşından narkotik vasitə istəmiş, həmin şəxs də ona kart hesabın nömrəsini göndərmiş, o da həmin hesaba pul göndərdikdən sonra narkotik vasitəni Hindarx qəsəbəsində qəbiristanlıqda gizlətdirdiyi yerdən götürmüşdür. Daha sonra polis əməkdaşları onu Ağcabədi RPŞ-yə aparmış, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə öz istifadəsi üçün az çəkidə heroin aşkar edilmiş, sonra elektron tərəzidə çəkilmişdir. Hər dəfə heroindən istifadə etmək istəyəndə paketləri açmamaq üçün narkotiki sellofan kəsiklərə doldurmuşdur ki, istəyəndə rahatlıqla götürüb istifadə etsin. Avtomobilində və üzərində narkotik vasitəni saxlamaqda məqsədi həm istifadə etmək həm də ki, satmaq olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs evində narkotik saxlaması, istifadə etməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasən 21 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində əməliyyat qrupu ilə birgə Ceyhunun yaşadığı evə yollanmışlar. Ceyhunun razılığı ilə videoçəkilişlə onun yaşadığı evə baxış keçirilmiş, Ceyhun qarajda saxladığı “Toyota Corolla” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağın ayaqaltı hissəsindən bir ədəd ağ rəngli bəzəkli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbada 2 ədəd yapışqan lent vasitəsilə qara rəngli sellofan büküm, 2 ədəd mobil telefon, ağ rəngli torbada bir ədəd sarı rəngli sellofana bükülmüş qara rəngli elektron tərəzi və onun yanında isə bir neçə ədəd kəsilmiş şəffaf sellofan hissələri aşkar edilmişdir.Ceyhun bildirmişdir ki, sellofan bağlamalarda heroindir, onu tanımadığı iran vətəndaşından əldə etmiş, bir neçə gün əvvəl həmin vətəndaşın kart hesabına pul göndərdikdən sonra narkotik vasitəni Hindarx qəbiristanlığından götürmüşdür. Heroinlər elektron tərəzidə çəkilmiş, bir ədəd büküm 1105 qram, daha sonra hər iki büküm birlikdə çəkilmiş və ümumi çəkiləri, 2250 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, evdə qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Ceyhun polis şöbəsinə aparılmış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə heroin və bir ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, çəkisi ayrı-ayrılıqda 0,46 qram və 0,57 qram, birlikdə çəkildikdə isə çəkisi 1,0 qram olmuşdur. Ceyhun Hüsyinovun üzərinə və avtomobilinə heç kim tərəfindən narkotik vasitə qoyulmamışdır. Hindarx camaatı onun əlindən bezmişdir.Ceyhun narkotiklərin satışı ilə məşğul olurdu. Ceyhuna qarşı zorakı hərəkətlər etməmişdir. O, cinayət məsuliyyətdən yayınmaq üçün yalan danışır və ona böhtan atır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları - Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 21 avqust 2022-ci il tarixli, 18/902 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,497 qram və 0,405 qram, ümumi çəkisi 0,902 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvanda...” sözləri yazılmış polietilen torbada olan 02 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 1145 qram və 1015 qram, ümumi çəkisi 2160 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Heroinin ümumi çəkisi 2160,902 qram, cəmi tədqiqata sərf edildi – 0,40 qram (hər ob- 0,1 qram), qalıq – 2160,502 qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 12 sentyabr 2022-ci il tarixli, 1358 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 23 avqust 2022-ci il tarixli, 518 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 21 avqust 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan 02 ədəd bükümdə ümumilikdə 2250 qram narkotik vasitə heroini təqdim edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 21 avqust 2022-ci il tarixli «şəxsi axtarış aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, onun üzərindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 0,46 və 0,57 qram narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanımadığı İran vətəndaşının ona göndərdiyi külli miqdarda heroini Hindarx qəbirstanlığında gizlədilmiş yerdən götürdüyünü əyani olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2022-ci il tarixli, 618 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. 15 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 10-cu bəndinə əsasən Təqsirləndirilən şəxs məxsus “Toyota Corolla” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 2160 qram çəkidə, eləcə də üzərindən aşkar edilmiş 0,902 qram çəkidə, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 2160,502 qram heroin, bir ədəd “Pocket Scale” markalı elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim olunmuş Ağcabədi Rayon İcra və Probasiya şöbəsinin 29 mart 2023-cü il tarixli 242/22-38-03 №li məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası halhazıradək çəkilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək avtomobilində və üzərində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotikin avtomobilinə və üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, rayon polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona 1 qram heroin təqdim olunaraq çəkiliş zamanı polislərin hədəsindən qorxduğu üçün məcbur olub narkotikin guya ona aid olduğunu yalandan göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Ağcabədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması, habelə narkotikin avtomobilinə və üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə hər hansı bir fikir ifadə etməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007; ) Təqsirləndirilən şəxs avtomobilində və üzərində aşkar olunan ümumilikdə külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat videoçəkilişlə onun avtomobilinə baxış keçirilməsi, üzərinə şəxsi axtarış və götürmə aparılması, ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 Təqsirləndirilən şəxs avtomobilində və üzərində külli miqdarda heroin aşkar olunduğunu bir daha israrla təsdiq etmişlər. Bundan başqa, “baxış keçirilməsi haqqında”, “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin aparılmasında təqsirləndirilən şəxsin avtomobilindən və üzərindən çıxan heroinin özünə məxsus olmasını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşakar vəkilin yanında qeyd-şərtsiz və açıq aşkar formada bəyan etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən üzərlərinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində iki büküm, avtomobilində isə iki bağlamada hər birində ümumi çəkisi 1145 və 1015 qram olmaqla cəmi 2160 qram külli miqdarda heroinin, tərəzinin və onun yanında çoxsaylı kiçik həcmli sellofanların aşkar edilməsi, habelə onun üzərində aşkar olunan heroinlə avtomobilində aşkar olunun heroinin xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olması təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. 21 avqust 2022-ci il tarixli qərar və protokoldan görünür ki, cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində İcra nümayəndəliyinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2001-ci il təvəllüdlü oğlu Elburus və 2006-cı il təvəllüdlü oğlu Seyhun vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşıdran hallar müəyyən edilmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad olunması, barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi PŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2160,502 qram narkotik vasitə heroin və bir ədəd “Pocket Scale” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi PŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2160,502 qram narkotik vasitə heroin və bir ədəd “Pocket Scale” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar