Məhkəmə qərarları › İş №1(099)-112/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-112/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-112/2022 17.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən),Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli,subay,məhkumluğu olan, işləməyən,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan, şəxsiyyəti məlum olmayan “Səid” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan bu maddələri əldə edib Azərbaycan Respublikasının ərazisində satılmasına-realizə olunmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd bağlamanın içərisində külli miqdarda-3100,0 qram narkotik vasitə olan heroin və külli miqdarda-300,277 qram psixotrop maddə olan metamfetaminin Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində,“Luk Oil” X2 yaxınlığındakı yol nişanının yanında gizlədilməsi barədə ona məlumat verildikdən sonra, 25 avqust 2021-ci il tarixdə, saat 13 radələrində həmin yerə gedib gizlədilmiş yerdən bir ədəd bağlamada qeyd olunan narkotik vasitəni və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, əlindəki çantanın içərisinə qoyub üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında həmin tarixdə Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o,Biləsuvar rayonunun Xırmandalı kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış zamanı əlindəki çantada olan bir ədəd bağlamanın içərisində külli miqdarda-3100,0 qram (3 kq 100 qram) narkotik vasitə olan heroin və külli miqdarda-300,277 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, iş olanda fərdi qaydada fəhləliklə məşğul olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası, ev 107 A üvnanında qeydiyyatda olmaqla yaşamışdır.Əvvəllər oğurluq cinayəti törətdiyinə görə iki dəfə məhkum olunmuşdur.Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də metamfetaminqdən istifadə etmişdir.2021-ci ilin avqust ayında internet vasitəsilə özünü İran vətəndaşı “Səid” kimi təqdim edən şəxslə tanış olmuş, sonra bir neçə gün internet vasitəsilə mesajlaşmış, daha sonra vatsappla danışmağa başlamışlar.Səid onun metamfetamin istifadəsiçisi olduğunu biləndən sonra ucuz qiymətə ona metamfetamin göndərə biləcəyini demiş, o da razılaşaraq təxminən 500 qram metamfetamin göndərməsini bildirmişdir. 25 avqust 2021-ci il tarixdə, səhər saatlarında o, vatsappla Səidlə danışarkən Səid sifariş verdiyi metamfetamini Biləsuvar rayonu ərazisində olan “Luk Oil” X2 (bundan sonra YDM-nin) yanında olan yol nişanının yanında gizlətdiyini, gedib oradan götürə biləcəyini bildirmiş, həmçinin Səid metamfetamini gizlətdiyi yol nişanının şəklini də çəkib ona göndərmişdir. Bundan sonra o, həmin səhər saat 08 radələrində evdən çıxıb Bakı şəhərində, “20 Yanvar” metrosunun yanına gəlib Biləsuvar rayonuna gedən taksilərdən birinə oturub Biləsuvar rayonuna getmiş, Biləsuvar rayonuna çatanda günorta vaxtı olmuşdur.Taksi ilə gələrkən yolun kənarına baxa-baxa gəlmiş, “Luk Oil” YDM-nin yaxınlığına çatanda yol kənarında Səidin şəklini göndərdiyi yol nişanını görüb həmin yerdə taksini saxladıb sürücüyə 10 manat verib maşından düşmüş, taksi sürücüsü çıxıb getmişdir.Sonra yol nişanının yanına gedib həmin yerə baxmış və orada bir ədəd bağlamanı görüb götürmüş və həmin bağlamanı əlindəki idman çantasının içərisinə qoyub yolun kənarı ilə piyada hərəkət edib oradan uzaqlaşmağa başlamışdır.Bir az hərəkət etdikdən sonra yol kənarında dayanmışdır ki, Bakı şəhəri istiqamətində gedən taksilərdən birinə oturub getsin.Həmin vaxt polis əməkdaşları onu orada tutub əlindəki çanta ilə birlikdə onu polis şöbəsinə aparmışlar.Polis Şöbəsində polis işçiləri vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, üstündən qadağan olunmuş heç nə aşkar edilməmişdir.Sonra ona əlindəki çantanın içərisində nə olması soruşulmuş, o da çantada olan bağlamanın içərisində özünün istifadəsi üçün metamfetamin olduğunu və həmin metamfetamini iranlı tanışı Səid adlı şəxsin göndərdiyini bildirmişdir.Bundan sonra polis əməkdaşları çantanı açıb içərisini yoxlayarkən çantada olan bağlamanın içərisindən matemfetamin və heroin aşkar edilmişdir.Həmin vaxt o,polis əməkdaşlarına aşkar olunmuş heroinin ona məxsus olmamasını, amma metamfetaminin isə özünə məxsus olmasını bildirmiş, buna baxmayaraq aşkar olunmuş heroinin də ona aid olması bildirilib sənədləşmə aparılmışdır.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün metamfetamin əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik və psixotrop maddələrdən, əsasən də metamfetamindən istifadə edir.Tutulmamışdan təxminən 5 gün əvvəl İnstaqram soslial şəbəkəsində “Səid” adlı İran vətəndaşı ilə tanış olmuş və iranlı instaqram vasitəsilə ona mesaj yazırmış, o da həmin iranlı ilə bir neçə gün mesajlaşmışdır.Sonra Səid ondan vatsapp nömrəsini istəmiş, öz nömrəsini ona vermiş və bundan sonra onlar vatsappla danışmağa başlamışlar.Danışıq zamanı Səid ucuz qiymətə heroini və metamfetamini olduğunu bildirmiş, narkotik istifadəçisi olduğu üçün o da Səidlə həmin maddələri almağa razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən o, 25 avqust 2021-ci il tarixdə Ələt-Astara yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində, “Luk Oil” YDM-nin yaxınlığında, yolun sağ tərəfində yerləşən yol nişanının yanından narkotik və psixotrop maddələri götürməli və əvəzində Səidə 4000 manat pul verməliymiş.Bu məqsədlə o, 25 avqust 2021-ci il tarixdə iranlı Səid ilə danışmış, həmin vaxt Səid ona narkotik maddələri “Luk Oil” YDM-nin yaxınlığındakı yol nişanının yanında gizlətdiyini və gedib oradan narkotik maddələri götürə biləcəyini bildirmiş, həmçinin Səid həmin maddələrin gizlədildiyi yerin-yol nişanının şəklini də çəkib ona göndərmişdir.Bundan sonra o, həmin gün səhər saat 08 radələrində yaşadığı evdən çıxıb “20 Yanvar” metrosunun yanına gəlib Biləsuvar rayonuna gedən tanımadığı taksi sürücüsünün idarə etdiyi maşınla Biləsuvar rayonuna gəlmişdir. Biləsuvar rayonu ərazisinə daxil olduqdan sonra yolun kənarına baxa-baxa gəlmiş və “Luk Oil” YDM-nə çatmağa az qalmış yolun sağ tərəfində iranlı Səidin ona göndərdiyi yol nişanını görüb taksi sürücüsünə avtomobili saxlamasını bildirmiş və taksi sürücüsü avtomobili saxlamış, o da sürücüyə 10 manat pul verib avtomobildən düşmüş, taksi sürücüsü çıxıb getmişdir. Sonra yol nişanın yanına gedib həmin yerə baxmış, orada bir bağlamanın olduğunu görüb götürüb əlindəki qırmızı rəngli idman çantasının içərisinə qoymuşdur.Bundan sonra həmin yerdən bir qədər uzaqlaşıb piyada hərəkət etməyə başlamış, sonra yol kənarında dayanmışdır ki, oradan Bakı şəhərinə gedən taksilərlə Bakı şəhərinə getsin.Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib əlindəki çanta ilə birlikdə onu polis şöbəsində aparmışlar.Polis Şöbəsində polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkiliş üzərində axtarış aparılmışdır.Axtaprış zamanı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. Bundan sonra o, əlindəki çantanı təqdim edib içərisində heroin və metamfetamin olduğunu və Səid adlı İran vətəndaşının ona göndərdiyini bildirmişdir.Onun təqdim etdiyi bir ədəd çanta açılmış və çantanın içərisində bir ədəd bağlama, həmin bağlamanın içərisində bir ədəd büküm və 3 ədəd plastmas qablar, bükümün içərisində metamfetamin, qabların içərisində isə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, narkotik maddələri ona iranlı Səid adlı şəxsin göndərdiyini, həmin maddələri əldə etməkdə məqsədinin həm özü istifadə etmək, həm də adam taparsa satıb pul qazanmaq olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar olunmuş heroin və metamfetamini elektron tərəzidə çəkib qablaşdırıb götürmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışın aparılması zamanı çəkilmiş videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, o, internet vasitəsilə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim edən “Səid” adlı şəxsdən bir dəfə özünün şəxsi istifadəsi üçün 500 qram metamfetamin istəmiş, Səid də ona metamfetamin göndərmiş, o da gedib deyildiyi yerdən bağlamanı götürmüş, lakin sonra həmin bağlamanın içərisindən heroin və metamfetamin aşkar olunmuşdur.Götürdüyü bağlamanın içərisində heroin olmasını bilməmiş, aşkar olunmuş heroin ona məxsus deyil, heroini çantasına kimin qoyduğunu bilmir.Bağlamada heroin aşkar olunduqdan sonra polis əməkdaşları həmin heroinin də ona məxsus olmasını bildirib təzyiq etdikləri üçün o, aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir. Əslində isə həmin heroin ona məxsus deyil. Bağlamanı götürdükdən sonra açmamış, bağlama polis şöbəsində açılmışdır.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, buna görə verilən ittiham üzrə, həm də qaçaqmalçılıq cinayəti törətmədiyinə görə CM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün metamfetamin əldə etdiyinə görə özünü CMnin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır.Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində X3 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin gün bu məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, 25 avqust 2021-ci il tarixdə, saat 13 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Xırmandalı kəndinin ərazisində olan “Luk Oil” YDM-nin yaxınlığında olması müəyyən edilib saxlanılmış və onun əlində qırmızı rəngli çanta olmuşdur.Sonra Təqsirləndirilən şəxs narkotik madələr əldə edib saxlamasında şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir.Polis şöbəsində təhqiqatçı Nahid Hüseynov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı üzərində narkotik maddə və ya qanunla qadağan edilmiş digər əşyalar varsa təqdim etməsi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs əlindəki çantanı təqdim edib çantanın içərisində narkotik maddələr olduğunu, həmin maddələri ona iranlı Səid adlı şəxsin göndərdiyini bildirmişdir. Həmin çantanın içərisində bir ədəd bağlama, həmin bağlamanın içərisində 3 ədəd plastmas qab və bir büküm olmuşur. Plastmas qabların içərisində heroinə, bükümdə isə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin heroin və metamfetamin olduğunu, həmin maddələri ona iranlı tanışı Səid adlı şəxsin göndərdiyinə bildirmişdir.Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı bir narazılığı və ya şikayəti daxil olmamış, həmçinin o, Biləsuvara həmin narkotik maddələri götürmək üçün gəldiyini bildirmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 25 avqust 2021-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, həmin tarixdə “Ziyad” adlı şəxsin Biləsuvar rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əmliyyat yolu ilə “Ziyad” adlı şəxsin ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və bundan sonra 25 avqust 2021-ci il tarixdə, saat 13 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar raüonunun Xırmandalı kəndinin ərazisində yol ilə piyada hərəkət edərkən saxlanılıb Biləsuvar RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 25 avqust 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Nahid Hüseynov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus qırmızı rəngli çantanın içərisindən bir ədəd torba və həmin torbanın içərisindən 3 ədəd plasmas qab və bir ədəd sellofan büküm, 3 ədəd plasmas qabların içərisində heroinə oxşar, bir ədəd bükümün içərisində metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin metamfetamin olduğunu, həmin maddələri tanımadığı İran vətəndaşının ona verməsini, həmin maddələri həm özünün istifadə etməsi, həm də satmaq niyyəti ilə əldə etməsini bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür.Şəxsi axtarış zamanı aparılmış videoçəkliş 1 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “. Təqsirləndirilən şəxs məxsus çantadan aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr ” sözlər və imzalar olan bir ədəd paketdəki 03 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1060,0 qram, 1055,0 qram 985,0 qram olmaqla ümumi təmiz çəkisi 3100,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroindirlər.01 ədəd bükümdə təmiz çəkisi 300,277 qram olan ağ rəngli kristal fotmada olan maddə-metamfetamindir.Ekspertiza tədqiqatından sonra qalıq heroin 3099,85 qram və qalıq metamfetamin 300,227 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 28 avqust 2021ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3099,85 qram (3 kq 99,85 qram) heroin və qalıq 300,227 metamfetamin, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut olan heroin və metamfetamin Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində porofilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından cinayətin şəxsiyyəti məlum olmayan digər iştirkçılarının barəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və və 234.4.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, telefon danışıqlarana dair məlumatları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tanış olduğu “Səid” adlı iranlıya 500 qram metamfetamin göndərməsinə sifariş verməsi, çantada aşkar olunmuş heroinin ona məxsus olmaması, özünün şəxsi istifadəsi üçün yalnız metamfetamin əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanış olduğu “Səid” adlı iranlıya 500 qram metamfetamin göndərməsinə sifariş verməsi, çantada aşkar olunmuş heroinin ona məxsus olmaması, polislər ona təzyiq etdiyi üçün aşkar olunmuş heroinin özünə məxsus olmasını deməsi, özünün şəxsi istifadəsi üçün yalnız metamfetamin əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş, o cümlədən Şahid2 ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın zamanı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayəti, eləcə də qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3100,0 qram (3 kq 100 qram) narkotik vasitə olan heroin və 300,277 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 25 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2014-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Habelə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 15 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 16 iyul 2014-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 06 aprel 2018-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Bakı şəhəri, Nərimanov rayon 55 saylı MKİS-dən verilmiş 22 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 32.5,206..2, 234.4.1 və 234.4.3-cü maddədələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə, habelə CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan (toksikomaniyadan) məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində porofilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 3099,85 qram (3 kq 99,85 qram) narkotik vasitə olan heroin və 300,227 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32,5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan (toksikomaniyadan) məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində porofilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3099,85 qram (3 kq 99,85 qram) narkotik vasitə olan heroin və 300,227 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar