Məhkəmə qərarları › İş №1(099)-113/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-113/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-113/2024 18.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxx 1995-ci ildə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Astara Rayon Məhkəməsinin hökmünə əsasən 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Şirvan Apellyasiya məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin 05.11.21-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış məhkumluğu ödənilməmiş, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla Astara şəhəri S.Vurğun küçəsi ev 3, mənzil 15-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında istintaqa Cavanşir adı ilə məlum olan şəxs və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin Lənkəran şəhərindən əldə edilməsi, saxlanması, daşınması və satışından 2500 manat qazanc əldə etməsi ilə bağlı əvvəlcədən razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq Cavanşir adlı qrup üzvünün tapşırığı ilə qrup üzvü olan digər şəxslərin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 46,677 qr və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1150,0 qr olmaqla, ümumi təmiz çəkisi 1196,677 qram olub külli miqdar təşkil edən xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini, 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2430,0 qr, 3045,0 qr və 1960,0 qr olmaqla, ümumi təmiz çəkisi 7435,0 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı, 20 (iyirmi) ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla, ümumi sayı 200 (iki yüz) ədəd, təsiredici maddəsinin ümumi miqdarı 8,0 qram (bir həbdə 0,04 qr) olub külli miqdar təşkil edən, xarici görünüşlərinə və təsiredici maddənin göstəricilərinə görə bir-biriləri ilə eyni olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həblərini və 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 460,0 qram olub külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini 14 aprel 2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində gizlətdikdən sonra, Cavanşir adlı qrup üzvündən həmin narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat alıb, əvvəlcədən razılaşdıqları kimi qeyd olunan tarixdə istifadəsində olan “Vaz 2121 minik” markalı, 07BB892 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Astara şəhərindən Lənkəran şəhərinə, narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi, ona məlum olan yerə gedib, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd qara rəngli çantanın içərisində olan qeyd olunan bağlamalarda və çəkilərdə narkotik vasitə heroini, qurudulmuş marixuananı, metadon həblərini və psixotrop maddə metamfetamini götürməklə əldə edib, onları əlində saxlayıb avtomobilinə daşıyaraq, bir ədəd bükülüdə təmiz çəkisi 46,677 qram olan narkotik vasitə heroini əynində olmuş şalvarın sağ yan cibinə qoyub üzərində, digər çəkilərdə narkotik vasitə və psixotrop maddəni isə avtomobilin sağ arxa sərnişin oturacağının ayaqaltı hissəsində çantada saxlayıb daşımaqla, qrup üzvləri ilə olan razılaşmasına uyğun olaraq Bakı şəhərinə aparmaq üçün Lənkəran şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Dəmir yolu vağzalı”nın yaxınlığında küçədə idarə etdiyi “Vaz 2121 minik” markalı avtomobildə hərəkətdə olarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 şöbəsinin əməkdaşlarının 14 aprel 2023-cü il tarixdə saat 22 radələrində qeyd olunan ərazidə keçirdikləri əməliyyat tədbirləri zamanı idarə etdiyi avtomobildə saxlanılmış, həmin gün saat 23:15 dəqiqədən etibarən üzərində şəxsi axtarış aparılarkən 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 46,677 qram olan hissəsi əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 15 aprel 2023-cü il tarixdə saat 00:30 radələrindən etibarən “Vaz 2121 minik” markalı, 07BB892 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən isə avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən bir ədəd qara rəngli çantanın içərisindən qalan 1 ədəd bağlamada təmiz çəkisi 1150,0 qram olan külli miqdarda narkotik vasitə heroin, 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2430,0 qr, 3045,0 qr və 1960,0 qr olmaqla, ümumi təmiz çəkisi 7435,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 20 (iyirmi) ədəd konvalyutda (listdə) hər birində 10 ədəd olmaqla, ümumi sayı 200 (iki yüz) ədəd, təsiredici maddəsinin ümumi miqdarı 8,0 qram (bir həbdə 0,04 qr) olan külli miqdarda narkotik vasitə metadon həbləri və 1 ədəd bükülüdə təmiz çəkisi 460,0 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cavanşir adlı şəxslə “Whatsapp”da tanış olmuş, Cavanşir ona yazıb tanışlıq verərək gəncəli olduğunu, nömrəsini tanış uşaqlardan aldığını, sumkasının Lənkəranda qaldığını, onu dəmir yolunun yanından götürmək lazım olduğunu, sumkada şəxsi əşyalarının olduğunu bildirmişdir. Daha sonra Cavanşir ona demişdir ki, “sumka səndə qalsın, sonra götürəcəkdir”. 14 aprel 2023-cü ildə saat 22 radələrində idarə etdiyi VAZ 2121 markalı maşını Lənkəran şəhəri, Sütəmurdov kənd körpüsünün yanında saxlamış, dostu Elvinlə Lənkəran şəhərində İcra Hakimiyyətinin yanında parkda gəzərkən Cavanşir “konum”la paketin şəklini ona göndərmişdir. Cavanşirin dediyi kimi etmişdir. Bağlamanın yanına çatmamış polis əməkdaşları tərəfindən saxlanılmış, Elvin isə qaçmışdır. Oradan Lənkəran şəhərində yerləşən Narkotiklərlə Mübarizə Baş idarəsinin Cənub Regional şöbəsinə aparılmışdır. Şöbədə qabağına bir bağlama qoyaraq demişlər ki, bunu üzərinə götürməlisən, yoxsa ananı şöbəyə gətirəcəyik. Polislər onu məcbur etmişlər ki, “Whatsapp”la Cavanşirə səs atsın. Heç vaxt narkotikdən istifadə etməmişdir, amma narkoloji rəydə qanında narkotikin aşkar olunduğu yazılmışdır. Cavanşiri əvvəllər tanımamışdır. Cavanşir özü ona telefonda yazıb kömək etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, Cavanşir ona zəng edəndə Astara rayonunda olmuşdur. Cavanşirin dediyi kimi etmiş və sumkanın onun dediyi yerdən götürməyə yollanmışdır. Polis əməkdaşı Mehdi ilə aralarında düşmənçilikləri olmuşdur. Mehdi ona demişdir ki, narkotik satanlar barəsində məlumat versin, lakin bu işlə razılaşmamışdır. Üzərində 2 telefon və 60 qəpik olub, narkotiki cibinə Mehti qoymuşdur. Narkotiklə heç bir əlaqəsi yoxdur.Polis əməkdaşları tərəfindən döyülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, həmin ifadələrində o, özünü təqsirli bilərək göstərmişdir ki, İranlı Cavanşirlə “Whatsapp”da tanış olmuş, pula ehtiyacı olduğu üçün Cavanşirin göndərdiyi narkotiki deyəcəyi yerdən götürüb Bakı şəhərinə aparıb qoyacağı təqdirdə ona 2500 manat pul verəcək idi. Cavanşirin bu təklifi ilə razılaşmışdır. 14 aprel 2023-cü il tarixdə Cavanşir ona zəng vuraraq Lənkəran şəhərində küçələrin birində ağ rəngli transformatorun yanından narkotik maddələr olan bağlamanı götürməyini bildirmişdir. Həmin yerə “konum”la getmiş, içərisində bağlama olan çantanı götürmüş, çantanın içindən bir bükümdə heroini görüb cibinə qoymuş və qalan maddələri isə maşının arxa sərnişin oturacağında yerdə olan çantanın içərisində gizlədib hərəkət etməyə başlamışdır. 14 aprel 2023-cü ildə saat 22 radələrində Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən dəmir yolu vağzalının yaxınlığında idarə etdiyi avtomaşınla olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, X4 Şöbəsinin həyətində idarə etdiyi avtomaşının qapılarını açarla bağlayıb açarı özündə saxlamışdır. Videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki şalvarımın sağ yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdə 51,33 qram heroini, şalvarımın sol yan cibindən “Redmi” markalı mobil telefonunu, şalvarımın arxa sol cibindən cəmi 14 manat pulunu, gödəkçənin sağ yan cibindən “Nokia” markalı mobil telefonunu, bir ədəd mobil nömrəsinə pul köçürmə barədə qəbzi, gödəkçənin sol yan cibindən cəmi 60 qəpik pulu və avtomaşına aid açarları çıxarıb təqdim etmişdir. Orada bildirmişdir ki, heroin ona məxsusdur, bir neçə gün əvvəl “WhatsApp” vasitəsi ilə tanış olduğu Cavanşir adlı İran vətəndaşı tərəfindən göndərilmiş, bağlamanı Bakı şəhərinə aparıb əvvəlcədən deyiləcəyi yerdə qoyduqdan sonra bunun müqabilində onun kart hesabına 2.500 manat pul köçürüləcək idi. Avtomaşına aid açarlar avtomaşına baxış keçirilərkən istifadə olunacağına görə ona qaytarılmışdır. Bundan sonra, idarə etdiyi “Vaz 2121” minik markalı, **-BB-*** nömrə nişanlı avtomaşına video çəkilişlə baxış keçirilmiş, sürücü tərəfdə arxa sərnişin oturacağının ayaqaltı hissəsində gizlətdiyi qara rəngli çantanı təqdim etmişdir. Çantanın içərisinə baxıldıqda içərisində 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana kütlələri, 01 ədəd bükümdə heroin kütləsi, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin kütləsi və 20 ədəd listdə metadon tabletləri aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə qurudulmuş marixuana kütlələri təxminən cəmi 8 kq, 640 qram, heroin kütləsi 1 kq, 215 qram, metamfetamin kütləsi 470 qram və metadon tabletləri cəmi 130 qram olmuşdur. Saxlanıldıqdan sonra ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Cavanşir adlı İran vətəndaşı tərəfindən ilk dəfə göndərilmiş narkotik maddələri Bakı şəhərinə aparıb deyiləcəyi yerdə qoyduqdan sonra bunun müqabilində onun kart hesabına 2.500 manat pul köçürüləcək idi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş özünün ibidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlər, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 14 aprel 2023-cü il tarixdə, saat 22 radələrində onu Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən “Dəmir yolu vağzalının” yaxınlığında küçədə idarə etdiyi Vaz-2121 (Niva) minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət etdiyini görüb nəzarətə götürmüşlər. Vüqarın avtomobili saxlanılmış və X3 Şöbəyə aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən 51,33 qram bir büküm heroin, şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon və şalvarın arxa sol cibindən 14 manat pul, əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, qəbz, gödəkçənin sol yan cibindən cəmi 60 qəpik metal pul avtomobilə aid açarları təqdim edərək bükümdə özünə məxsus olduğunu, narkotiki “Whatsapp”da tanış olduğu Cavanşir adlı şəxsin göndərdiyini, bağlamanı Bakı şəhərinə aparıb deyiləcəyi yerə qoyduqdan sonra onun kart hesabına 2500 manat pul köçürüləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs maşınına baxış keçirilmiş, özü açarla avtomobilin qapısını açaraq, sürücü tərəfdən arxa sərnişin oturacağının ayaqaltı hissəsindən bir ədəd qara rəngli çantanı götürüb təqdim etmişdir. Çantanın içərisində 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd bükümdə heroinə bənzər kütlə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 20 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunmuş və götürülmüşdür. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç kim tərəfindən zor tətbiq olunmamış, heç kim onun üzərinə narkotik qoymamış, heç kim onu hədələməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 Şöbənin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 Ziyafət oğlu ifadəsində göstərmişdir ki, uzun müddətdir Vüqarla dostluq münasibətində olmuşdur. Özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 aprel 2023-cü il tarixdə Vüqar onun yaşadığı kəndə gələrək onu Lənkəran şəhərinə aparmasını bildirmişdir. Vüqar ona Lənkəran şəhərində Sütəmurdov körpüsü adlanan yerdə dayanmağı bildirmiş, dayandıqdan sonra Vüqarla birlikdə avtomobildən düşərək piyada Lənkəran rayon İcra hakimiyyəti istiqamətinə hərəkət etmişlər. Bir qədər getdikdən sonra onlar polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışlar. Özü bir gün şöbədə saxlanıldıqdan sonra evə buraxılmış, üzərində heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyülməmiş, üzərinə narkotik qoyulmamışdır. Vüqarın polis əməkdaşları tərəfindən döyülməsini və onun üzərinə narkotikin qoyulmasını görməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 15 aprel 2023-cü il tarixli, 19/458 N-li məhkəmə fiziki kimyəvi-bioloji ekpertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 46,677 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim edilmiş “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2121 minik markalı, **-BB-*** qeydiyyat nişanlı avtomaşından aşkar edilmiş 03 ədəd bükümdə qurudulmuş marixuanaya, 01 ədəd bükümdə heroinə, 01 ədəd metamfetaminə bənzər kütlələr və 20 ədəd listdə metadon tabletlərinə bənzər tabletlər qablaşdırıldı və möhürləndi....” bir ədəd çantadakı, 1 ədəd bükülüdə təmiz çəkisi -1150,0 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd büklüdə təmiz çəkisi - 460,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir; 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi - 2430,0 qr; - 3045,0 qr və 1960,0 qram: - ümumi təmiz çəkisi -7435,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nartkotik vasitə qurudulmuş marixuanadır, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 20 ədəd konvalyutda ümumi sayı 200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və təsir edici maddəsinin göstəricilərinə görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı 8,0 qramdır (üzərində olan göstəriciyə əsasən bir həbdə -0,04 qr). Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomaşından ümumilikdə 2 ədəd olmaqla, ümumi təmiz çəkisi - 1196,677 qram heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və işdə məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023ci il tarixli, 439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 10 iyul 2023-ci il tarixli, 1878 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan 14 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin bükümü aşkar olunaraq götürülmüşdür. İşdə olan 14 aprel 2023-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2121 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sol arxa sərnişin tərəfinin ayaqaltı hissəsində bir ədəd qara rəngli çanta aşkar edilmişdir.Həmin çantaya keçirilmiş baxış zamanı 3 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 1 ədəd bağlamada heroinə bənzər kütlələr, bir ədəd bağlamada metamfetaminə bənzər kütlələr və 20 ədəd listdə metadona bənzər tabletlər aşkar olunaraq götürülmüşdür. İşdə olan 16 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi - 46,677 qram və 1 ədəd bükülüdə təmiz çəkisi - 1150,0 qram olmaqla, ümumi qalıq çəkisi 1196,477 olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükülüdə qalıq çəkisi 459,9 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin; 3 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkisi -2430,0 qr; -3045,0 qr və 1960,0 qram: qalıq çəkisi 7434,7 qram olan nartkotik vasitə qurudulmuş marixuana, 20 ədəd konvalyutda qalıq sayı 185 ədəd olan qəhvəyi rəngli dairəvi formalı metadon həbləri, maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmiş, üzərinə şəxsi axtarış və baxış zamanı videoçəkilişlərə dair 02 ədəd DVD disklər isə cinayət işinə əlavə edilmişdir. İşdə olan 16 iyul 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünün müdafiəsi üçün dəlillər gətirərək Cavanşirin dediyi yerə yollansa da orada olan bağlamanı götürmədiyini, heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, üzərində və avtomobildə aşkar olunan narkotikin ona məxsus olmadığını, polislər tərəfindən Lənkəran şəhəri “Dəmir yol”u vağzalının yanında deyil, Lənkəran Rayon icra hakimiyyətinin yanında olan parkda saxlanıldığını, polis şöbəsində hədə - qorxuya məruz qaldığından məcbur olub avtomobildə aşkar olunan narkotiklərin də özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində və avtomobilində aşkar olunan narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə “şəxsi axtarış və götürmə aparılması”, “avtomobilə baxış keçirilməsi” haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən heroini, habelə avtomobilin arxa sərnişin oturacağının ayaqaltı hissəsində olan bağlamanı çıxarıb təqdim edərək narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu səmimi etiraf edir, həmin bükümün üzərinə və bağlamanın avtomobilə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlillər irəli sürməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 367 №li rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı gündən başa çatanadək polis əməkdaşları tərəfindən döyülüb incidilməsi, işgəncələrə məruz qalması barədə hər hansı bir rəsmi orqanlara müraciət etməmiş, bununla bağlı hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, “avtomobilə baxış keçirilməsi” haqqında” protokolu, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə, hazırkı iş üzrə Təqsirləndirilən şəxs saxlanıldığı yerə dair hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, irəli sürülmüş ittihamdan görünür ki, o, Lənkəran şəhəri, “Dəmir yol”u vağzalının yaxınlığındakı küçədə saxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində “Dəmir Yol” vağzalının yaxınlığında deyil, başqa bir ərazidə- Lənkəran şəhəri Sütəmurdov körpüsündən rayon icra hakimiyyəti istiqamətinə hərəkətdə olarkən dostu Şahid4la birlikdə saxlanıldığını göstərmişdir. Həmin xüsusatı məhkəmədə əlavə şahid qismində dindirilmiş onun yaxın dostu olan Şahid4 da ifadəsində göstərmişlər. Məhkəmə hesab edir ki, Şahid4 Təqsirləndirilən şəxs yaxın dostu olduğu üçün sonuncunun saxlanılması yerinə dair göstərdiyi xüsusat istintaqın səhv istiqamətə yönəldilməsinə hesablanmışdır. Odur ki, məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində yaxın dostu Təqsirləndirilən şəxslə birlikdə Sütəmurdov körpüsündən rayon icra hakimiyyətinin inzibati binası istiqamətinə hərəkət edərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmasına dair göstərdiyi xüsusatı ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddə, heroin, marixuana və metadon narkotik vasitələrdir. Metamfetaminin və heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan 14 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Əliyev X1 rayon məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1, 264, 66.2, 66.4-cü maddələri ilə təqsirli bilinib, 2 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nın 76-cı maddəsinə əsasən 11 ay 08 gün müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 16 iyul 2022-ci ildə cəza müddətinin sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. 11 avqust 2021-ci ildə Astara rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasl CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan Apelyasiya məhkəməsinin qərarı ilə 11 avqust 2021-ci il tarixli Astara rayon məhkəməsinin hökmü dəyişdirilərək CM-nın 234.1 və 67-ci maddələrinə əsasən üzərində 09 ay 07 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Hazırda onun məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs iki il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ağır cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, o, dəfələrlə məhkum olunmasına baxmayaraq islah olunmamış, cinayət törətməyə meyilli olan bir şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Bundan başqa, CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin - 12 ilin yarısından, yəni 6 ildən az ola bilməz. CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi olan 1196,477 qram narkotik vasitə heroin; 1 ədəd bükülüdə 459,9 qram psixotrop maddə metamfetamin; 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi -2430,0 qr; -3045,0 və 1960,0 qram: - ümumi təmiz çəkisi -7434,7 qram olan nartkotik vasitə qurudulmuş marixuana və 20 ədəd konvalyutda ümumi sayı 185 ədəd olan qəhvəyi rəngli dairəvi formalı metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi olan 1196,477 qram narkotik vasitə heroin; 1 ədəd bükülüdə 459,9 qram psixotrop maddə metamfetamin; 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi - 2430,0 qr; - 3045,0 və 1960,0 qram: - ümumi təmiz çəkisi - 7434,7 qram olan nartkotik vasitə qurudulmuş marixuana və 20 ədəd konvalyutda ümumi sayı 185 ədəd olan qəhvəyi rəngli dairəvi formalı metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar