Məhkəmə qərarları › İş №1(099)-113/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-113/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-113/2025 18.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri-Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.4.1 və 234.4.3-cü maddəsi ilə, 03 avqust 1997-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişlər. Beləki, Təqsirləndirilən şəxs1 06 iyun 2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mübadilə sistemində onunla əlaqə saxlamış istintaqa və məhkəməyə “Hafiz” adı ilə məlum olan tanışının külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi barədə təklifi ilə razılaşıb, taksi fəaliyyəti ilə məşğul olan əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin gün, saat 19 radələrində sonuncunun idarə etdiyi “Opel Astra” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə gedib, orada bir müddət Hafiz adlı tanışı ilə əlaqə saxlayaraq, əldə ediləcək narkotik vasitənin gizlədildiyi Lənkəran rayonu, Nərimanabad yolunun xəritə üzərində əks olunmuş şəklini sonuncudan qəbul edib, saat 20 radələrində Təqsirləndirilən şəxs2 mobil telefonuna göndərərək, sonuncu ilə birlikdə geri qayıdarkən, Təqsirləndirilən şəxs2 Hafiz adlı tanışının Lənkəran rayonu, Nərimanabad yolunda külli miqdarda narkotik vasitə qurudulmuş marixuana gizlətməsi barədə məlumat verərək, həmin maddələri birlikdə əldə etməyi təklif edib, onun da razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs2 istintaqa və məhkəməyə Hafiz adı ilə məlum olan şəxs və istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq Hafiz adlı qrup üzvünün tapşırığı ilə qrup üzvü olan digər şəxslərin Lənkəran rayonu, Nərimanabad yolunun kənarındakı kolluqda gizlətdikləri 1 (bir) ədəd sintetik torbanın içərisində 4 (dörd) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 4975,0 qr; 5515,0 qr; 4700,0 qr; və 4885,0 qr; olmaqla, ümumi təmiz çəkisi 20075,0 (20 kq 75 qram) qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə etmək məqsədi ilə qrup üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı avtomobildə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsinə gedən yol ilə hərəkət edərək, saat 20:30 radələrində onlara məlum olan yerə çatıb dayanaraq, orada Hafiz adlı qrup üzvü ilə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayıb, narkotik vasitənin gizlədildiyi yeri dəqiqləşdirdikdən sonra əvvəlcədən razılaşdıqları kimi avtomobildən düşərək sintetik torbadakı həmin çəkidə və bağlamalarda olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb daşıyaraq avtomobilin arxa oturacağının ayaqaltı hissəsinə qoyub, avtomobilə əyləşməklə, hər ikisi satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əldə edib avtomobilin salonunda saxlayaraq, yaşadıqları Lənkəran rayonu, Balıqçılar qəsəbəsi istiqamətində hərəkətdə olmaqla daşıyarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində göstərilən tarixdə saat 20:50də Lənkəran rayonu, Nərimanabad qəsəbəsində saxlanılaraq, Liman polis bölməsinin inzibati binasına aparılıb, polis bölməsinin həyətində qrup üzvü Təqsirləndirilən şəxs2 məxsus “Opel Astra” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, külli miqdarda olan cəmi 20075,0 (20 kq 75 qram) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sintetik torbanın içərisində dörd ədəd bağlamada avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, o, 10 ildir ki, narkotik vasitə istifadəçisidir. 2024-cü il iyun ayının 6-da son bir ayda tanıdığı İİR vətəndaşı Hafiz adlı şəxslə danışıb ona 1500 manat pul göndərmiş, aralarındakı razılaşmaya əsasən, Hafiz ona şəxsi istifadəsi üçün 250 qram marixuana göndərəcəkmiş. Narkotik vasitəni götürmək üçün şəxsin mobil telefon vasitəsilə göndərmiş olduğu konumda qeyd edilən əraziyə getmiş, lakin orada narkotik olmamışdır. Evə qayıtdıqdan sonra axşam saat 8-də polislər onu saxlamış və şöbəyə aparmışlar. Gecə saatlarında avtomobilə baxış keçirilmiş və oradan narkotik vasitə marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 onunla taksi kimi getmiş, narkotik vasitədən xəbəri olmamışdır. Aşkar olunmuş marixuana isə onlara məxsus olmamışdır. Saxlanılarkən ona qarşı fiziki zorakılıq göstərilməmiş, lakin hədələmə halları olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq dövründə videoçəkilişlə dindirmə zamanı ifadəsində göstərmiş və həmçinin ifadənin yerində yoxlanılması zamanı bildirmişdir ki, “..Hafizlə danışanda Hafizə demişdir ki, yay aylarında balıqçılıqla məşğul olmaq olmur, ona görə də maddi vəziyyəti pisdir. Hafizlə danışanda Hafiz ona təklif etmişdir ki, istəsə onun üçün narkotik vasitə təşkil edəcək, o, həmin narkotik vasitəni Hafizin dediyi yerdən götürüb digər bir yerə qoyub, daha sonra özünə kart aldıqdan sonra Hafiz onun kart nömrəsinə pul göndərəcəkdir. O, Hafizin təklifi ilə razılaşmışdır. O, hər dəfə Hafizlə vatsap və instaqramla danışdıqdan sonra yazışmaları silirmiş. Hafizlə danışdıqdan sonra Hafiz ona demişdir ki, narkotik vasitə təşkil edən kimi xəbər edəcəkdir. Hafizlə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Belə ki, 06 iyun 2024-cü il tarixdə, saat 14 radələrində Hafiz onun votçap nömrəsinə zəng etmiş və danışmışlar. Hafiz demişdir ki, həmin gün saat 19 radələrində narkotik vasitəni Lənkəran şəhərində bir yerdə qoyduracaq, narkotiki götürüb ona atdığı konumla digər yerdə qoyduqdan sonra 2000 və yaxud 3000 manat pulu kartla ona göndərəcəkdir... Hafizlə razılığa gəldikdən sonra qəsəbədə taksi sürücüsü işləyən əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə getmək qərarına gəlmişdir. Çünki, Lənkəran şəhərinə gedib-gəlməyə ona avtomobil lazım olmuşdur. Həm də fikirləşmişdir ki, Anar özü də yaxşı oğlandır, Anarla bu işi görsə səsi çıxmaz, yəni Anar narkotik barədə bir yerdə danışmaz. Hafiz demişdir ki, marixuana 1 ədəd kisədə olacaqdır. O, Hafizlə razılaşıb Anarın avtomobilin yanına qayıtmışdır. Çayxanadan çıxarkən telefonunda internet olmadığı üçün Hafizin ona göndərdiyi konumu Anarın mobil nömrəsinə atmışdır. Anar çayxananın yaxınlığında avtomobildə onu gözləyirmiş. Avtomobilə oturub Anara demişdir ki, Nərimanabad qəsəbəsinə qayıtsınlar. Anar avtomobili Liman şəhər istiqamətinə sürməyə başlamışdır. Həmin vaxtı o, Anara demişdir ki, “telefonumda internet olmadığı üçün vatsapına bir konum atmışam, mobil telefonunu mənə ver”. Anar da etiraz etməyib telefonunu ona vermişdir. O, Anarın telefonunda olan konuma baxa-baxa Anara avtomobili tez sürməsini istəmişdir. Həmin vaxtı Anar ondan kiminlə danışdığını soruşduqda o, Anara İran vətəndaşı Hafiz adlı şəxsin ona narkotik vasitə göndərdiyini, narkotiki Nərimanabad qəsəbəsində yol kənarından götürüb gedəcəklərini demişdir. Həm də onun interneti olmadığı üçün Hafizin ona göndərdiyi konumu, yəni, narkotik vasitənin qoyduğu yeri Anarın telefonunda Anara göstərmişdir. Olanları, yəni Hafizlə olan söhbətini də Anara danışmışdır. Anar heçnə deməmiş və razılaşmışdır. Anara demişdir ki, narkotik vasitəni götürdükdən sonra Hafizlə danışar, Hafiz hara desə özü aparıb ora qoyub pulunu alar. Anar da razılaşmış və avtomobili əvvəlcə Liman şəhərinə daha sonra isə Nərimanabad qəsəbəsi istiqamətinə sürmüşdür. Anar avtomobili idarə etdiyi üçün Anarın telefonunu alıb konuma özü baxmışdır. Təxminən 20:30 radələrində Nərimanabad qəsəbəsində konumun göstərdiyi yerə çatan zaman Anarın telefonunun internetinə qoşulub Hafizə səs atmışdır ki, “mən həmin yerdəyəm, lakin narkotiki tapa bilmirəm, mənə narkotikin olduğu yerin şəklini at”. Hafiz də onun mobil nömrəsinin vatsapına iki şəkil atmışdır. Şəkillərə baxdıqda narkotik vasitənin yolun sağ tərəfində işıq dirəyi ilə bərabər yolun solundakı kolluq ərazidə olduğu məlum olmuşdur. Həmin yolun Balıqçılar qəsəbəsi istiqamətində olan yolun, Nərimanabad qəsəbəsi ərazisində, yolun sol tərəfində kolluq ərazidə narkotik vasitənin qoyulduğu yer olduğunu görmüşdür. Anara avtomobili yolun sol tərəfinə verib kolluqların yanında saxlamasını istəmişdir. Anar da yolun solunda kolluqların yaxınlığında avtomobili saxlamışdır. Saat təxminən artıq 20:40 radələri olarmış. O. qabaq sərnişin tərəfdən düşüb avtomobilin arxasından keçib yolun sol tərəfində yerləşən kolluqların içərisindən 1 ədəd kisədə narkotik vasitəni götürüb avtomobilin arxa oturacağında sağ tərəfdə ayaqaltının üstündə qoymuş və sonra gəlib qabaq oturacaqda əyləşmiş və Anara avtomobili sürməsini istəmişdir. Anar özü də həmin kisəyə baxmışdır. Kisənin üstü, yəni ağzı iplə bağlı olmuşdur. İçərisində nə qədər və neçə bağlama marixuana olduğunu bilməmişdir. Anar avtomobili Lənkəran rayonu Balıqçılar qəsəbəsinə doğru sürməyə başlamışdır. Fikri o olmuşdur ki, Balıqçılar qəsəbəsinə gedib, Hafizlə əlaqə saxlasın. Hafiz hara desə aparıb narkotikləri oraya qoyacaqmış...” Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı təzyiqlər göstərməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılana qədər taksi fəaliyyəti ilə məşğul olmuş, hadisə günü axşam saat 6-ya işləmiş Aqil ona zəng edərək şəhərə getmək istədiyini bildirmişdir. O, maşınını atasından almış və ona şəhərə gedəcəyini söyləmişdir. Şəhərə gəldikdən sonra Aqil ona maşında gözləməyini, ayaqyoluna gedib qayıdacağını demişdir. Sonra maşına əyləşmiş və kəndə sürməyini bildirmişdir. Kəndə çatanda Aqil ona maşını saxlamağını və ayaqyoluna gedəcəyini bildirmişdir. O, qayıdarkən əlində torba olmamışdır. Aqil maşına əyləşdikdən sonra Balıqçılar qəsəbəsinə təxmini bir kilometr qalmış saat 7-8 radələrində onları saxlayaraq şöbəyə aparmışlar. Rəşad və Babək adlı polis əməkdaşları ona fiziki zorakılıq göstərmiş və təcavüz etmək istəmişlər. Onun narkotik vasitə barədə məlumatı olmamışdır, müstəntiqə ifadəsində də bu barədə məlumat vermişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq dövründə videoçəkilişlə dindirmə zamanı ifadəsində göstərmiş və həmçinin ifadənin yerində yoxlanılması zamanı bildirmişdir ki, “O, Lənkəran rayonu Nərimanabad qəsəbəsinə gedərkən yolda Aqil ona demişdir ki, İran vətəndaşı Hafiz adlı şəxs ona narkotik vasitə marixuana göndərmişdir, həmin marixuananı götürmək lazımdır. Aqil demişdir ki, həmin narkotik vasitəni Hafiz adlı şəxs göndərmişdir. Aqil ona həmin narkotik vasitəni nə edəcəyini deməmişdir. Aqil demişdir ki, narkotik vasitəni götürəndən sonra nə edəcəyini ona sonra deyəcəkdir. O, daha Aqilə heçnə deməmişdir. Aqil ona bunu Lənkəran şəhərindən Balıqçılar qəsəbəsinə qayıdanda yolda demişdir. Onlar Liman şəhər ərazisini keçib Lənkəran rayonu Nərimanabad qəsəbəsində yolda hərəkətdə olduqları zaman Nərimanabad qəsəbəsi ərazisində Aqil ona demişdir ki, biraz qarşıda yolun sol tərəfində kolluq ərazidə narkotik vasitəni qoymuşlar. O, avtomobili sürüb Aqilin göstərişi ilə yolun sol tərəfinə verib kolluqların yanında saxlamışdır. Həmin vaxt Aqil özü də telefonla nəyəsə baxırmış. O, da Aqildən heçnə soruşmurmuş. Saat təxminən artıq 20:40 radələri olarmış. O, avtomobili saxlamış, Aqil qabaq sərnişin tərəfdən düşüb avtomobilin arxasından keçib yolun sol tərəfində yerləşən kolluqların içərisindən 1 ədəd kisədə narkotik vasitəni götürüb avtomobilin arxa oturacağında sağ tərəfdə ayaqaltının üstündə qoymuş və özü də qabaq oturacaqda əyləşmişdir... Aqillə birlikdə narkotik vasitə əldə etmələri ilk dəfə olmuşdur. O, İran vətəndaşı Hafiz adlı şəxsi tanımır. Aqil özü Hafiz adlı şəxslə danışmışdır. O, bunu əvvəlcədən bilməmişdir. Onlar Lənkəran şəhərindən çıxıb qəsəbəyə gələndə yolda Aqil bunu ona demişdir. O, daha Aqilə heçnə deməmişdir.” Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı təzyiqlər göstərməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş Şahid2 ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 06 iyun 2024-cü il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Şahid1 bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxsi müşahidəyə götürüb saxlamalıdırlar. Saat 20:50 radələrində Nərimanabad yolundan Balıqçılar qəsəbəsinə gedən istiqamətdə maşın saxlanılmış və maşında olan iki nəfərin üzərinə və avtomobilə baxış keçirilməsi üçün X2 aparmışlar. Müdafiəçinin iştirakı ilə üzərilərinə baxış zamanı qanunsuz əşya aşkarlanmamış, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs1 arxa oturacaqdan torba çıxarmış və içərisində 4 büküm marixuanaya bənzər kütlə olduğunu bildirib kisəni təqdim etmişdir. Həmin kütlələri İİR vətəndaşının göndərdiyini, onun dediyi yerə qoyacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 isə narkotik vasitələrdən xəbəri olmadığını, ora sürücü kimi getdiyini söyləmişdir. Şəxsi axtarış zamanı isə təqsirləndirilən şəxslərin hər ikisi narkotik vasitə üçün gəldiklərini etiraf etmişlər. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Şəxslərə qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 06 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadə etməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş və bununla bağlı 8 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməkdaşlar “opel” markalı maşın ərazidən keçərkən maşına saxla işarəsi versələr də onlar maşını saxlamamışlar. Balıqçılar qəsəbəsinə gedən istiqamətdə maşın saxlanılaraq maşında olan iki nəfərin üzərinə və avtomobilə baxış keçirilməsi üçün X2 aparılmışdır. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs1 arxa oturacaqdan torba çıxarmış və içərisindən 4 ədəd bağlama aşkar olunmuş, bağlamaların ümumi çəkisi 20,68 kq olmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlələri İİR vətəndaşının göndərdiyini, onun dediyi yerə qoymalı olduğunu qeyd etmişdir, 250 qram narkotik vasitə üçün gəlməsi ilə bağlı bir şey deməmişdir. O, istifadəsində olan mobil telefonu əməkdaşlar onu saxlamağa 100 metr qalmış atdığını bildirmişdir. Həmin telefon əməkdaş tərəfindən tapıldıqdan sonra İİR vətəndaşı ilə olan danışıqları aşkar edilmişdir. Saxlanılan zaman şəxslərə qarşı fiziki psixi zor tətbiq edilməmişdir. İş üzrə dindirilmiş Şahid7 Cəmaləddin oğlu ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 06 iyun 2024-cü il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Saat 8 radələrində Nərimanabad yolundan Balıqçılar qəsəbəsinə gedən istiqamətdə maşın saxlanılmış və maşında olan iki nəfərin üzərinə və avtomobilə baxış keçirilməsi üçün X2 aparılmışdır. Müdafiəçinin iştirakı ilə üzərilərinə baxış zamanı qanunsuz əşya aşkar edilməmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs1 arxa oturacaqdan torba çıxarmış və torbadan 20 kiloqram çəkisi olan 4 büküm marixuanaya bənzər kütlə aşkarlanmışdır. Saxlanılarkən şəxslərə qarşı zor tətbiq edilməsi, ailə üzvləri ilə hədələnməsi kimi hallar olmamışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, İşdə olan : - «Şübhəli şəxsin tutulması haqqında» 06 iyun 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq həmin tarixdə, saat 21:30-da və 22:05-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 15, 37) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 iyun 2024-cü il tarixli protokollar və ona əlavə edilmiş videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onların üzərindən hər hansı qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən bir ədəd mobil telefon aşkar olunmuşdur (i.v. 31-33, 53-55). - «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 sərnişin kimi əyləşdiyi avtomobilin arxa sağ qapısını açaraq bir ədəd göy rəngli torbanı təqdim etmişdir. Bağlamanın içərisindən dörd ədəd qara rəngli sellofan bağlamada 20.68 kq çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. (i.v. 56-58) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 08 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 112-113, 124-125) - Lənkəran Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli, müvafiq olaraq 4(049)- 104/2024 və 4(049)-105/2024 saylı qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 145-149, 150-154) - Məhkəmə-bioloji ekspertizasının 07 iyun 2024-cü il tarixli, 19/476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 məxsus bükümdə olan narkotik vasitə opel markalı Təqsirləndirilən şəxs2 məxsus **-LY-*** d.q.n-lı avtomaşından aşkar edilmişdir...” sözlər və imzalar olan bir ədəd kisədəki, 4 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi: -4975,0 qr; -5515,0 qr; -4700,0 qr; -4885,0 qram olmaqla, ümumi təmiz çəkisi: -20075,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 89) - Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 502 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 155). - Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 503 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 156). - «Mobil telefona baxış keçirilməsi haqqında » 27 iyun 2024-cü il tarixli, 120/125 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung galaxy J2 prime” markalı mobil telefona baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir, mobil telefonun “videolar” və “mesajlar” baxış keçirildikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bir sübut əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. Menyunun telefon bölməsinə daxil olduqda “kontaktlar” hissəsində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrəsi “Anar” kimi, İran nömrəsi olan +98***-***-**-** nömrəsi “Hafiz brat” kimi qeydiyyata alınmışdır. Zəng tarixçələrinə baxdıqda Təqsirləndirilən şəxs1 08 mart 2024-cü il tarixdə “Hafiz brat” adı ilə qeydə alınmış mobil nömrə ilə bir dəfə zəngi olmuşdur. Mobil telefonun “Whatsapp” ani mesajlaşma sisteminə baxış zamanı, Təqsirləndirilən şəxs1 “Anar” kimi mobil telefonun yaddaşına qeydə aldığı Təqsirləndirilən şəxs2 ilə aşağıdakı kimi danışıqları mövcuddur. 06 iyun 2024- [17:57] Təqsirləndirilən şəxs1 (səs): Anar nətərdi, neynirsən, nə var nə yox, hayanda, buyanda?, [17:57] Təqsirləndirilən şəxs1 (səsli zəng) : 39 san, [20:09] Təqsirləndirilən şəxs1 (konum) : (Konumu açdıqda həmin ünvanın Nərimanabad yolu olduğu görülür). Mobil telefonun “Whatsapp” ani mesajlaşma sisteminə baxış zamanı, Təqsirləndirilən şəxs1 “hafiz brat” kimi mobil telefonun yaddaşına qeydə aldığı Hafiz adlı İran vətəndaşı ilə aşağıdakı kimi danışıqları mövcuddur. 06 iyun 2023- [20:25] Hafiz brat (buraxılmış səsli zəng):, [20:36] Təqsirləndirilən şəxs1 (səsli zəng): 12 san, [20:37] Təqsirləndirilən şəxs1 (səs): Şəkili at mənə, şəkili, dayanmışam orda tapa bilmirəm, [20:37] Hafiz brat (şəkil): Yolun və kolluq yerin şəklini göndərib, şəkildə narkotik vasitənin qoyulduğu yerin işarəsi göstərilib, [20:37] Hafiz brat (şəkil): Yolun və işıq dirəyinin şəklini göndərib, şəkildə işıq dirəyindən dairəvi formada asılmış kabelin olduğu görünür, [20:37] Hafiz brat (səs): Orda ağac var, ba o ağacın dibindədi, bağlamadı, [20:44] Hafiz brat (səs): Neylədin, oranı tapdın, şəkili?, [20:45] Hafiz brat (səsli zəng): 33 san, [22:13] Hafiz brat: Bu mesaj silindi, [22:13] Hafiz brat: Bu mesaj silindi, [22:13] Hafiz brat: Bu mesaj silindi, [22:13] Hafiz brat: Bu mesaj silindi, [22:14] Hafiz brat: (yazı): Qardaş niye mənim telefonumun qabağını bahlamısan?, [22:14] Hafiz brat: (yazı): Orda menim 150 min manatlıq yüküm var, [22:14] Hafiz brat: (yazı): Onu götürmşəm niye telefonunu bağlayırsan qardaş? Axı biz danışdıq sənlə o yükü çatdır Bakıya sene 13000 manat pul verəcəm, [22:14] Hafiz brat: (səs): Əəə cırığ vesalı götürüb niyə setdən çıxırsan, amanatın içində dəmir də vara gir setə məni yığ deyirəm sənə 07 iyun 2023- [00:19] Hafiz brat: Bu mesaj silindi, [00:20] Hafiz brat: (səs): Qardaşım bə mənim telefonumu niyə açmırsan götürübsən vesalı zadı gedib çatdıracan. Sənin yazışman, onnan sora şəklin polisə verəcəma belə eləsən, polisə verəcəm götüvü dağıtsınlar, [00:20] Hafiz brat: (səs): Sənin məndə vidyon zadın var, səsin var. Polisə verəcəm götüvü dağıtsın qardaş, get vəsalı çatdır yerinə ( i.v. 190-199). - « “CD” diskdə olan məlumatlara baxış keçirilməsi haqqında» 09 avqust 2024-cü il tarixli, 120/ 31-1 nömrəli protokoldan görünür ki, “Azərcell Telekom MMC”-dən götürülmüş bir ədəd CD diskə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus ***-***-**- ** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrənin isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində məlumatların olduğu məlum olur. “antena.xlsx” fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 12:30-da aktiv olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə isə xx.xx.2024-cü il tarixdə, saat 19:14-dək olan müddət ərzində Balıqçılar, saat 19:46-dək olan müddət ərzində Nərimanabad qəsəbəsi, saat 19:46-da isə Lənkəran rayonu anten dairələrində aktiv olması müəyyən edildi. Həmçinin faylda xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında telefon danışığının olması müəyyən edilmişdir. (i.v. 236-237) - Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 2311 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs1 xəstəxanada qeydiyyatda deyildir. (i.v. 226) - Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 2312 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyatda deyildir. (i.v. 227) - Məhkəmə-tibbi ekspertizanın 10 iyun 2024-cü il tarixli müvafiq rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (i.v 157-160) - «Maddi sübut kimi tanıma haqqında» 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən sonuncunun idarə etdiyi Opel Astra markalı, **-LY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd kisədə ümumi təmiz çəkisi 20075,0 qram narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış və baxış zamanı ümumilikdə 03 ədəd içərisində istintaq hərəkətinin görüntüləri olan CD disklər, təqsirləndirilən şəxslər dindirilərkən qeydə alınmış 02 ədəd CD diskdəki görüntülər, Təqsirləndirilən şəxs1 məxsus “Samsung galaxy J2 prime” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A34” markalı mobil telefonlar, həmin mobil telefonlardan çıxarılmış vhatsapp” çıxarışları və səs yazıları olan bir ədəd DVD disk, DİN-nin BİKİ-dən və “Azərcell telekom MMC”-dən götürülmüş təqsirləndirilən şəxslərə aid mobil nömrələrin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü iki ədəd CD disk maddi sübut qismində tanınmışdır. (i.v. 250-251) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: - Məhkəmə Təqsirləndirilən şəxs1 250 qram qurudulmuş marixuana əldə etmək üçün Hafiz adlı şəxsin göndərdiyi ünvana getdiyi, tutulmazdan bir neçə vaxt əvvəl bu məqsədlə Hafizə 1500 manat pul göndərməsi, lakin, narkotik vasitənin göstərilən ünvanda olmadığından onu götürməməsi, Təqsirləndirilən şəxs2 onun narkotik üçün getdiyindən xəbəri olmaması, polislər tərəfindən hədələnməsi, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Təqsirləndirilən şəxs1 narkotik üçün getdiyindən xəbərinin olmaması, taksi sürücüsü kimi onunla getməsi və ona zor tətbiq edilməsi barədə dəlilllərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iş materialları ilə uzlaşmır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman hər iki təqsirləndirilən şəxs özlərini elan edilmiş ittihamla təqsirli bilərək ibtidai istintaq zamanı verdikləri ifadələrinə uyğun ifadə verərək, əməllərindən səmimi peşman olduqlarını, polislər tərəfindən onlara heç bir təzyiq göstərilmədiyini bildirmişlər. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 həbs qətimkan tədbiri barədə təqdimata baxılan zaman ona heç kimin təzyiq göstərmədiyini bildirmişdir. Bundan əlavə, məhkəmə-tibbi ekspertizasının yuxarıda qeyd olunmuş müvafiq rəylərindən görnür ki, təqsirləndirilən şəxslərin bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 250 qram qurudulmuş marixuana əldə etməsi üçün saxlanılmazdan 10 gün əvvəl Hafiz adlı iranlının kartına 1500 manat pul vəsaiti göndərməsi ilə bağlı dəlilini təsdiq edəcək heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin yeganə qazanc yerinin özünün bildirməsinə əsasən balıqçılıq olduğunu, saxlanılan zaman balıq fəslinin olmamasını, ibtidai istintaq zamanı həmçinin, özünün bildirməsinə əsasən balıq fəsli olmadığı üçün qazancının olmadığını, bu məqsədlə Hafizin pul qarşılığında narkotik vasitəni çatdırmaq təklifi ilə razılaşması barədə bildirdikləri ilə birlikdə nəzərə aldıqda təqsirləndirilən şəxsin qeyd edilən dəlilini işin faktiki halları ilə uzlaşmayan, qeyri-inandırıcı, özünü müdafiə xarakterli dəlil hesab edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun telefonuna ondan xəbərsiz konum atdığı halda bunun səbəbini soruşmaması, Təqsirləndirilən şəxs1 göstərilən ünvanda ayaqyolu məqsədilə düşməsi, onun narkotik vasitə axtardığını görməməsi, Hafizlə danışığını eşitməməsi ilə bağlı bildirdikləri telefonunda narkotik vasitənin olduğu yerin konumunun olması ilə birlikdə nəzərə alındıqda adi məntiqlə inandırıcı olmamaqla, iş materialları ilə uyğunlaşmır. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində Aqili Lənkəran şəhərinə gətirdikdən sonra ona maşında gözləməyini, ayaq yoluna gedibqayıdacağını bildirdiyini, sonra maşına əyləşib kəndə sürməyi dediyini, kəndə çatanda Aqlin ona maşını saxlamağını və ayaqyoluna gedəcəyini bildirdiyini qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 bildirməsinə əsasən Təqsirləndirilən şəxs1 qısa zamanda iki dəfə ayaqyoluna getməsi, üstəlik ikinci dəfə “ayaqyolu məqsədilə” düşdüyü yerin Anarın telefonunda Aqil tərəfindən göndərilmiş ünvan olması, onun telefonunun interneti ilə Aqilin Hafizlə danışması və Anarın yanında olarkən Aqilin Hafizə “şəkili at mənə, şəkili, dayanmışam orda tapa bilmirəm” səsli mesajını göndərməsi bir daha Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinin həqiqətə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş bütün sübutlarla uzlaşdığından, təqsirləndirilən şəxslərin məhz ibtidai istintaq zamanı verdikləri ifadələrini mötəbər sübut kimi qəbul edir, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər, özünü müdafiə xarakterli mülahizələr kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 500 qram, külli miqdarının (qramla) isə aşağı həddi 50000 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın olduqları avtomobildən aşkar edilmiş 1 ədəd kisədə ümumi qalıq çəkisi 20075,0 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, xırda bağlamalara bükülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın yuxarıda qeyd olunan çəkidə qurudulmuş marixuana növündə narkotik vasitəni əldə edib yaşadıqları evdən kənarda hamısını birlikdə avtomobildə daşımaları istintaqa və məhkəməyə Hafiz adı ilə məlum olan şəxsin göndərdiyi narkotik vasitələrin olduğu yerin konumunun hər iki təqsirləndirilən şəxsdə, şəkillərininin isə Təqsirləndirilən şəxs1 olması və sonuncu ilə müvafiq yazışmaların olması ilə birlikdə nəzərə alındıqda onların həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və (Baxış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxslər dindirilərkən qeydə alınmış 02 ədəd CD diskdəki görüntülər, «məhkəmə-tibbi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»-nın rəyləri, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd kisədə ümumi qalıq çəkisi 20075,0 qram narkotik vasitə qurudulmuş marixuana və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-nin BƏSİİ-dən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5 bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. (i.v. 248-249) - Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 12-27/75 nömrəli arayış və 26 iyun 2024-cü il tarixli xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhər Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla anası, həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə yaşamış, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. (i.v. 219-220) - DİN-nin BƏSİİ-dən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Lənkəran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il 06 ay müddətində şərti sınaq müddəti tətbiq edilmişdir. xx.xx.2015-ci il tarixdə sınaq müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. (i.v. 188-189) - Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli, 12-27/188 nömrəli arayış və xasiyyətnamədən görünür ki, 03 avqust 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, bitərəfdir. Lənkəran şəhər Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla anası, atası və qardaşı ilə birlikdə yaşamış Yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. (i.v. 221-222) - Müvafiq vəsiqələrin və xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, döyüşlərdə “barotravma” xəsarəti almışdır. Təqsirləndirilən şəxs1 ARCM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi”ndə iştirak edərək vətən yolunda göstərdiyi xidmətlərini ARCM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdırlar ki, ailələri onların varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun, bununla belə, cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 06 iyun 2024-cü il tarixdən hesablanmalı, Lənkəran Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli, 4(049)-104/2024 saylı və 08 iyun 2024-cü il tarixli, 4(049)-105/2024 saylı qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 1 ədəd kisədə ümumi qalıq çəkisi 20075,0 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, onun üzərində “şəxsi axtarışın keçirilməsi haqqında” və “baxış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş ümumilikdə 03 ədəd içərisində istintaq hərəkətinin görüntüləri olan CD disklər, təqsirləndirilən şəxslər dindirilərkən qeydə alınmış 02 ədəd CD diskdəki görüntülər və Azercell MMC-dən daxil olmuş təqsirləndirilən şəxsə məxsus telefon və anten məlumatlarının əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Samsung Galaxy J2 prime” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A34” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji kabinetində, Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan130 (yüz otuz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərəbər şəkildə ( hər birindən 65 (altımış beş) manat olmaqla) tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekpertiza Mərkəzinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 1 ədəd kisədə ümumi qalıq çəkisi 20075,0 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarışın keçirilməsi haqqında” və “baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş ümumilikdə 03 ədəd içərisində istintaq hərəkətinin görüntüləri olan CD disklər, təqsirləndirilən şəxslər dindirilərkən qeydə alınmış 02 ədəd CD diskdəki görüntülər və Azercell MMC-dən daxil olmuş təqsirləndirilən şəxsə məxsus telefon və anten məlumatlarının əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Samsung Galaxy J2 prime” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A34” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılsın. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərəbər şəkildə (hər birindən 65 (altımış beş) manat olmaqla) tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar