Məhkəmə qərarları › İş №1(099)-114/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-114/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-114/2025 10.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada fəhləliklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonun Kərimbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Salyan rayonun Qaraçala qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hazırlamış, əldə etmiş və saxlamışdır. Belə ki, o, əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayında yaşadığı Salyan rayonun Qaraçala qəsəbəsində yerləşən, yeni inşa edilmiş yarımtikili evinin tavan və döşəmə örtüyü olmayan otaqların torpaq sahəsinə qanunsuz olaraq əkmiş və bu toxumlardan bitən külli miqdarda-69 (altmış doqquzı) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, həmçinin 2024-cü ilin iyun ayında həmin çətənə (kannabis) bitkilərinin 5 (beş) ədədini torpaqdan çıxarıb onları qurutmaq üçün yaşadığı evin yataq otağında divardan asmış, eyni zamanda yetişdirdiyi çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib yığaraq kustar üsulla hazırlayıb satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda-310,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və onları dörd ədəd sellofan torbalara yığıb yaşadığı evdə saxlamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 iyun 2024cü il tarixdə, saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evə baxış zamanı həyətdə yeni inşa edilmiş yarımtikili evin tavan və döşəmə örtüyü olmayan otaqların torpaq sahəsində 64 ədəd çətənə (kannabis) bitkiləri, habelə yaşadığı evin yataq otağında divardan asılmış 05 ədəd çətənə (kannabis) bitkiləri, cəmi 69 (altmış doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, eləcə də dörd ədəd sellofan torbalarda ayrıayrılıqda 180,0 qram, 55,0 qram, 50,0 qram və 25,0 qram olmaqla cəmi xeyli miqdarda- 310,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Salyan rayonun Kərimbəyli kəndində qeydiyyatda olmaqla Salyan rayonun Qaraçala qəsəbəsində yeni inşa edilmiş, lakin tikintisi başa çatdıra bilmədiyi yarımtikili evdə yaşamaqla günəmuzd fəhləliklə məşğul olmuşdur. O, xeyli müddətdir ki, “nəşə”dən (marixuanadan) istifadə etməyə başlamış, marixuanana tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 2024-cü mart-aprel aylarında Bakı şəhərində tikintidə fəhlə işlədiyi vaxt yerdən çətənə toxumları tapmış, sonra-may ayında həmin toxumları yaşadığı evə gətirib evin dam örtüyü, tavanı və döşəməsi olmayan iki otağın torpaq sahəsinə əkmişdir. Əkdiyi toxumlardan neçə ədəd çətənə bitkisi çıxmasını dəqiq xatırlamır. İyun ayında əkdiyi çətənə kolundan bir neçəsini kökündən çıxarıb yaşadığı evin digər otağına aparıb orada qurutmuş, qurumuş marixuana təxminən 50-60 qram olmuşdur. 29 iyun 2024-cü il tarixdə, günorta saatlarında yaşadığı evin yanında küçədə olarkən polis əməkdaşları onu tutub narkotik maddə əldə edib saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış olmuş, üzərindən heç bir narkotik maddə aşkar olunmamışdır. Polis şöbəsində sorğu-sual olunarkən o, həyətində istifadəsi üçün çətənə kolu əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmış, sonra özünün iştirakı ilə həyətinə və evə baxış keçirilmişdir. Baxış zamanı özü yaşadığı tikintisi başa çatmayan tavanı və döşəməsi olmayan otaqlarda (torpaq sahəsində) əkdiyi çətənə kollarını polislərə göstərmişdir. Polis əməkdaşları həmin yerdə olan çətənə kollarını torpaqdan çıxarıb götürmüş, aşkar olunmuş çətənə kollarının neçə ədəd olmasını bilməmişdir. Sonra polis əməkdaşları evin digər otağında qurutmaq üçün divardan asdığı bir neçə çətənə kolunu və bir ədəd sellofan torbada olan təxminən 50-60 qram marixuananı da aşkar edib götürmüşdür. İstifadəsi üçün əkib yetişdirdiyi çətənə bitkilərin sayı 64 ədəd yox, 41 ədəd olmuş, həmçinin yaşadığı evdən dörd ədəd yox, bir ədəd sellofan torbada təxminən 50-60 qram marixuana olmuşdur. Ona görə də o, verilmiş ittiham üzrə özünü istifadəsi üçün 41 ədəd çətənə bitkisi əkib yetişdirdiyinə və istifadəsi üçün 50-60 qram marixuana hazırlayıb saxladığına görə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2024-cü mart-aprel aylarında Bakı şəhərində tikintidə fəhlə işlədiyi vaxt yerdən bir qədər çətənə toxumlarını tapmış və may ayının əvvəllərində yaşadığı evin dam örtüyü, tavanı və döşəməsi olmayan iki otağın ərazisində sayını bilmədiyi qədər olan həmin çətənə toxumlarını əkmişdir. Həmin toxumlardan cücərən çətənə bitkiləri vaxtı-vaxtında suvarmaqla və alağı təmizləməklə onlara qulluq etmişdir. Sonra həmin çətənə bitkilərindən torpaqdan bir neçəsini çıxarıb yarpaqlarını qurudub sellofan torbalara yığıb saxlamış və bədənində ağrılar olduqda həmin marixuanadan özü istifadə etmişdir. 29 iyun 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdən küçəyə çıxıb dayandığı vaxt polis əməkdaşları onu saxlayıb narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olduğu bildirib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərində qadağan olunmuş heç bir əşya və narkotik maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı o, yaşadığı evin yarımçıq tikilmiş otaqların içərisində çətənə bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları müdafiəçinin və özünün iştirakı ilə yaşadığı evin həyətinə və evinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı yarımtikili evin otaqlarında torpaqda əkdiyi köküstə olan çətənə bitkiləri, evin divarında qurutmaq üçün asdığı 5 ədəd çətənə bitkiləri və həmin çətənə bitkilərindən toplayıb qurudaraq 4 ədəd sellofan torbalara yığdığı qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən çətənə bitkiləri torpaqdan çıxarılıb sayılmış və cəmi sayı 64 ədəd olmuşdur. Sonra aşkar olunmuş çətənə bitkiləri və 4 ədəd sellofan torbalarda olan qurudulmuş marixuana kisələrə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞnin əməkdaşıdır. 29 iyun 2024-cü il tarixdə ona Salyan rayonun Qaraçala qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 12 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs Salyan rayonun Qaraçala qəsəbəsinin ərazisində yaşadığı evin yaxınlığında küçədə saxlanılıb qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda şübhəli olduğu bildirib Salyan RPŞ-nə aparılmışdır. Polis şöbəsində müstəntiq Şəhriyar İbrahimov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 2-3 ay əvvəl tapdığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətində yeni inşa edilən yarımçıq tikilinin içərisində əkdiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Salyan rayonun Qaraçala qəsəbəsində yerləşən evinə getmişdir. Sonra Təqsirləndirilən şəxs və onun vəkilinin (müdafiəçinin), aqronomun iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətdə olan dam örtüyü olmayan yarımçıq evin-tikilinin otaqlarında torpaqda əkilmiş köküstə olan 64 ədəd çətənəyə oxşar bitkilər, evin otağında divardan asılmış 5 ədəd kökləri üstündə olan çətənəyə oxşar bitkilər və 4 ədəd sellofan torbalara yığılmış marixuanaya oxşar quru halda ot kütləsi aşkar edilmişdir. Baxışda iştirak edən aqronom aşkar olunmuş həmin bitkilərin çətənə kolu olduğunu və onların aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını istifadəsi üçün əkdiyini, həmçinin sellofan torbalarda aşkar olunmuş marixuana kütləsi də özünə məxsus olmaqla istifadəsi üçün saxladığını bildirmişdir. Sonra aşkar olunmuş çətənə bitkiləri və dörd ədəd torbalarda olan marixuana kütlələri qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 29 iyun 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Salyan rayonun Qaraçala kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Salyan rayonun Qaraçala kədinin ərazisində saxlanılıb Salyan RPŞ-nə gətirilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 iyun 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 29 iyun 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən müdafiəçi Elnur Musayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 2-3 ay əvvəl tapdığı çənətə bitkisinin toxumlarını yaşadığı evin həyətində yeni inşa edilən yarımçıq tikilinin içərisində əkdiyini bildirmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 29 iyun 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 15 radələrində Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən müdafiəçi Elnur Musayevin, şübhəli şəxs Təqsirləndirilən şəxs, aqronom-mütəxəssis Tofiq Əzizovun və polis əməkdaşlarının iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs Salyan rayonun Qaraçala qəsəbəsində yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirilmişdir. Baxış zamanı evin dam örtüyü və döşəməsi olmayan otaqların torpaq sahəsində 64 ədəd yaş vəziyyətdə köküstə olan, həmçinin qurudulmaq məqsədilə evin divarından asılmış 5 ədəd nəm vəziyyətdə çətənə bitkisinə oxşar bitkilər (cəmi 69 ədəd) və 4 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir İşdə olan, 29 iyun 2024-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən Salyan rayonun Qaraçala qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yarimtikilinin içərisində aşkar edilmiş əkilmiş vəziyyətdə köküstə olan 64 ədəd bitkilər çətənə bitkisidir və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. Bundan başqa qurudulmaq məqsədilə evin otağında divardan asılmış 5 ədəd nəm vəziyyətdə olan bitkilər becərilməsinə, gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsilinə aid olan bitki növünə aid narkotik tərkibli bitkilərdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 29 iyun 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından ...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada 4 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 180,0 qram, 55,0 qram, 50,0 qram, 25,0 qram olmaqla ümumi çəkisi 310,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin marixuanalar tərkibinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbada 5 ədəd nəm vəziyyətdə ümumi çəkisi 700,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “...Təqsirləndirilən şəxs məxsus evdən yarimtikilisinin içərisindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd parça bükülüdə cəmi 64 ədəd yaş vəziyyətdə ümumi çəkisi 35000,0 qram (35 kq) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 1 ədəd parça bükülüdə 64 ədəd və 1 ədəd sintetik torbada 5 ədəd, cəmi 69 ədəd çətənə bitkiləri orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 ədəd parça bükülüdə 64 ədəd, 1 ədəd sintetik torbada 5 ədəd çətənə bitkiləri və polietilen torba bağlamada 4 ədəd polietilen torbadakı marixuanalara tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra qalıq 69 ədəd çətənə bitkiləri və qalıq qurudulmuş marixuana 309,8 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 04 iyul 2024-cü il və “Sübutların qiymətləndirilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 309,8 qram qurudulmuş marixuana və 69 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 22 avqust 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (baxış zamanı evində aşkar olunmuş torbanın içərisində olan qurudulmuş marixuananın yalnız 50-60 qramının ona məxsus olması və qalan hissəsinin ona məxsus olmaması, həmçinin həyətində olan yarımtikili evinin içərisində 69 ədəd yox, 41 ədəd çətənə bitkisi əkib yetişdirməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni (baxış zamanı evində aşkar olunmuş torbanın içərisində olan qurudulmuş marixuananın yalnız 50-60 qramının ona məxsus olması və qalan hissəsinin ona məxsus olmaması, həmçinin həyətində olan yarımtikili evinin içərisində 69 ədəd yox, 41 ədəd çətənə bitkisi əkib yetişdirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxışla bağlı aparılmış videoçəkilişlə (vidogörüntülərdə baxış zamanı evin otağında dörd ədəd sellofan torbalar və həmin torbaların içərisində marixuanaya oxşar kütlələrin aşkar edilib götürülməsi, həmçinin baxış zamanı, yarımtikili evin içərisindən və yataq otağından götürülmüş çətənə bitkilərin sayılaraq cəmi sayının 69 ədəd olması müşahidə olunur), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, öz istifadəsi üçün çətənə bitkisini əkib yetişdirmək qərarına gələrək tapdığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətində yeni inşa edilən yarımtikilinin içərisində torpağa əkib yetişdirdiyini, həmçinin yetişmiş bitkilərin yarpaqları qırıb qurudaraq marixuana hazırladığını və hazırladığı marixuananı dörd ədəd sellofan torbalara yığıb yaşadığı evin yataq otağında saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmə (əkmə və ya yetişdirmə), habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə hazırlama, əldə etmə və saxlama cinayətləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Aşağı hədləri götürülməklə qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi (500 qramadək) xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdar və 50000 qram və ya ondan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Habelə həmin Qanunun “Tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən “Tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları” üzrə çətənə növlü bitkilərin sayı 3-15 ədəd (6-30 hissə) olduqda xeyli miqdar, 16-800 ədəd (31- 1550 hissə) olduqda külli miqdar, 801 ədəd (1551 hissə) və ya ondan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 69 ədəd çətənə (kannabis) bitkilərin sayı külli miqdarda, habelə 310,0 qram narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qtimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Naxçıvan MR Hərbi Məhkəməsinin 31 avqust 2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qüvvədə olmuş CM-nin 239-cü maddəsinin “v” bəndi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 26 dekabr 2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 31 avqust 2000-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Salyan rayonun Qaraçala qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 21 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonun Kərimbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Salyan rayonun Qaraçala qəsəbəsində yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü nümunəvi aparmış, ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 309,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 69 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 309,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 69 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar