Məhkəmə qərarları › İş №1(099)-115/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-115/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-115/2023 28.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 14 avqust 1987-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Beyləqan rayonunun Mil qəsəbəsində yaşamış və və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan şəxsiyyəti məlum olmayan şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni əldə edib realizə etməsinə qabaqcadan vəd vermiş, bundan sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş iki ədəd torbada külli miqdarda-10895 qram narkotik vasitə olan qurudulmuş marixuananın Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisində kolluq və qamışlıq sahədə gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 22 may 2022-ci il tarixdə, saat 23 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən iki ədəd torbada həmin narkotik vasitəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 23 may 2022-ci il tarixdə, saat 00:40 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılaraq ondan iki ədəd torbanın içərisində iki ədəd bağlamada olan 5050,0 qram və 5845,0 qram olmaqla cəmi, külli miqdarda-10895 qram (10 kq 895 qram) narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Füzuli rayonundan məcburi köçkün olmaqla hazırda Beyləqan rayonunun Mil qəsəbəsində yaşamaqla rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fəhləliklə, həm də özünə məxsus “Mercedes” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Tutulmamışdan xeyli müddət əvvəl Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşları ilə əməkdaşlıq etməyə başlamış, əsasən də narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin, o cümlədən İran vətəndaşlarının bu işlə bağlı əməllərinin ifşa olunmasında polis əməkdaşlarına köməklik etmiş, yəni şəxsi avtomobilini istifadəsi üçün polis əməkdaşlarına vermiş, eləcə də İran vətəndaşları ilə telefonla əlaqə saxladığı hallarda əldə etdiyi məlumatları polis əməkdaşlarına çatdırmış, onlar da əməliyyat tədbirini həyata keçirmişlər. Məsələn, 2021-ci ilin aprel-may aylarında əməliyyat tədbirinin keçirilməsi ilə bağlı avtomobilini BNMİ-nin əməkdaşlarına vermiş, bir gün sonra avtomobili geri qaytarılmış və bu köməkliyə görə avtomobilinə yanacaq doldurulmaqla ona pul da verilmişdir. Sonradan belə hallar bir neçə dəfə təkrar olunmaqla polis əməkdaşları onu əməliyyat tədbirlərinə cəlb etmişlər. O, BNMİnin Bəylər, Səttar və Mahir adlı əməkdaşları ilə, əsasən də Bəylər adlı polis əməkdaşı ilə əməkdaşlıq etmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında istifadəsində olan 050/965-89- 69 saylı mobil telefon nömrəsinin vatsapına hazırda xatırlamadığı İrana aid telefon nömrəsindən (İran telefon operatoruna aid +**********03 saylı nömrədən) zəng gəlmiş, zəng edən şəxs özünü İran vətəndaşı kimi təqdim edib onu tanıdığını bildirib təklif etmişdir ki, onda narkotik maddə vardır, qoyacağı yerdən narkotik maddəni götürüb deyəcəyi yerə çatdırsa ona pul verə biləcəyini demiş, o da fikirləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o, iranlının narkotiklə bağlı təklifinə dair məlumatı telefonla zəng edib BNMİnin Bəylər adlı əməkdaşına demiş, Bəylər də rəhbərliklə danışıb ona bir söz deyəcəyini bildirmişdir. Sonra o, iranlı ilə telefon danışığını davam etdirmiş, həm də qarşılıqlı olaraq iranlı ilə vatsapda yazışmalar aparmış, iranlı ilə əlaqəni davam etdirməsini Bəyləri də məlumatlandırmış, Bəylər də bu işlə bağlı ona bir söz deyəcəyini bildirmişdir. 22 may 2022-ci il tarixdə iranlı vatsapla ona zəng edib Cəbrayıl rayonun Mehdili kəndinin ərazisinə narkotik maddə qoyulacağını, onun da gedib oradan həmin narkotik maddəni götürməsini demiş, həm də onun (iranlı) üçün 5 butulka arağı həmin yerə qoymasını xahiş etmişdir. O, yenə də Bəylərə zəng edib bu barədə məlumat vermiş, Bəylər də ona əməliyyat tədbiri keçiriləcəyini və narkotik maddəni götürəndən sonra iranlının da gəlib araq şüşələrini oradan götürərkən tutacaqlarını demiş, həm də bu işlə bağlı dəqiq bir söz deyəcəyini bildirmişdir. Həmin gün gözləsə də, polis əməkdaşı Bəylər ona bir söz deməmiş, buna baxmayaraq o, qərara gəlmişdir ki, iranlının dediyi yerə, yəni Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisinə gedib aldığı 5 ədəd araq butulkasını iranlının həmin yerə qoyub oradan narkotik maddəni götürsün. Həm də hesab etmişdir ki, o, narkotik maddəni götürdükdən sonra iranlı gəlib araq butulkalarını götürən vaxt polis əməkdaşları əməliyyat tədbiri keçirib onu (iranlını) tutacaqlar. 22 may 2022-ci il tarixdə, gecə saatlarında avtomobili ilə Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisinə getmişdir. Hələ əvvəldən iranlının vatsapla ona narkotik maddənin gizlədildiyi yerin məkanı barədə məlumatı göndərildiyindən o, telefonunda olan naviqasiya proqramı ilə həmin ərazini tapmış, orada avtomobili saxlayıb avtomobildən düşüb narkotik maddənin gizlədildiyi əraziyə yaxınlaşmışdır ki, əvvəl içərisində narkotik maddə olan bağlamanı götürsün, sonra avtomobilində olan 5 bütülka araqları da həmin yerə qoysun. O, gizlədildiyi yerdən içərisində narkotik maddə olan bağlamanı götürə bilməmiş, elə həmin yerə yaxınlaşan vaxt sərhədçilər “Dayan” komandası verib onu tutmuşdur. Sonra sərhədçilər onu sərhəd zastavasına aparmış və orada sərhədçilər onun qarşısına iki ədəd sellofan torbanı qoyub torbaların içərisində narkotik maddələr olduğunu, həmçinin ərazidən də bir ədəd torbanın içərisində 5 bütülka araq da aşkar edib götürdüklərini bildirmişlər. Orada torbalara baxış keçirilərkən torbaların iərisindən narkotik maddələr aşkar olunmuşdur. Sorgu-sual zamanı o, sərhədçilərə hansı səbəbə görə həmin əraziyə gəldiyini və onun gəlməsi barədə polis əmkdaşlarının məlumatı olduğunu, narkotik maddə olan bağlamanı götürdükdən sonra 5 butulka arağı da həmin əraziyə iranlının tutulması üçün qoymalı olduğunu bildirmiş, lakin sərhədçilər ona inanmamış və ona qarşı təzyiqlər edib onu döymüş, o da məcbur qalıb aşkar olunmuş torbalarda olan narkotik maddənin özünə məxsus olmasını, tanışı iranlının göndərdiyini, buna görə ona pul verilməli olduğunu bildirmişdir. Əslində isə onun həmin yerə gedib iranlının qoyduğu yerdən narkotik maddələri götürməsi barədə əvvəlcədən BNMİ-nin Bəylər adlı polis əməkdaşının məlumatı olmuş və bundan sonra o, həmin əraziyə getmişdir ki, oradan narkotik maddəni götürsün, lakin o, içərisində narkotik maddə olan torbanı götürə bilməmiş, narkotik maddənin gizlədildiyi yerin yaxınlığında sərhədçilər onu tutmuşdur. Həmçinin o, narkotik maddəni götürıb dövlətə təhvil verməsi məqsədi ilə həmin yerə getmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 23 və 24 may 2022-ci il tarixli ifadələrində göstərmişdir ki, o, tutulmamışdan təxminən 2 ay öncə “İnstagram” sosial şəbəkəsində iranlı bir nəfər şəxslə tanış olub onunla mütəmadi danışıqlar aparmışdır. 13 may 2022-ci il tarixdə iranlı ona narkotik vasitə göndərə biləcəyini və dediyi yerdən götürüb deyəcəyi adama çatdırsa ona 2000 manat pul verəcəyini bildirmiş, pula ehtiyacı olduğu üçün o da iranlı ilə razılaşmışdır. 22 may 2022-ci il tarixdə iranlı İran operatoruna məxsus +**********03 saylı nömrədən vatsapla istifadəsində olan 050/965-89-69 saylı mobil telefon nömrəsinə zəng edib onun Cəbrayıl rayonunun Mehdili kəndinə getməsini və həmin ərazidə gizlədilmiş narkotik vasitəni götürüb sonradan deyəcəyi ünvana çatdırmasını və buna görə ona 2000 (iki min) manat pul verəcəyini demiş, o da razılaşmışdır. O, 22 may 2022-ci il tarixdə, saat 23 radələrində yaşadığı Beyləqan rayonunun Mil qəsəbəsindən şəxsi istifadəsində olan “Mersedes-190” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəbrayıl rayonunun Mehdili kəndinə getmiş, yolda olarkən iranlı vatsapla ona narkotik maddənin olduğu yerin məkanı göndərmiş, həm də iranlı ondan narkotik vasitəni götürüb yerinə spirtli içki qoymasını xahiş etdiyi üçün yolda o, avtomobili saxlayıb ərzaq dükanından 5 butulka araq götürüb avtomobilə qoyub yola davam etmişdir. Gecə saatlarında, yəni 23 may 2022-ci il tarixdə, saat 00:20 radələrində iranlının vatsapla ona göndərdiyi məkana (narkotik maddənin qoyulduğu yəraziyə) çatıb avtomobili saxlamış və bir ədəd sellofan torbanın içərisində 5 butulka arağı götürüb avtomobildən düşüb otlaq əraziyə tərəf gedib butulkalar olan torbanı otlaq əraziyə qoymuş, sonra həmin ərazidə gizlədilmiş yerdən iki ədəd torbanı götürmək istəyərkən “Dayan” səsi eşidib dizləri üstə yerə oturub gözləmiş, bundan sonra sərhədçilər tərəfindən saxlanılıb hərbi hissəyə aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 iyul 2022-ci il tarixdə məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat tədbirinin keçirilməsinə dair protokollar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini qismən, 20 iyul 2022-ci il tarixli ifadsini isə təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, o, özünü İran vətəndaşı kimi təqdim edən şəxsin adını bilməmiş, həmin şəxslə telefonun vatsapı vasitəsilə əlaqə saxlayıb danışmışdır. İranlının göndərdiyi torbaların içərisində hansı növ narkotik maddənin olmasından məlumatı olmamış, sərhədçilər tərəfindən tutulduqdan sonra torbalara baxış keçirilən vaxt ona məlum olmuşdur ki, torbaların içərisində narkotik miaddələr vardır. Həmin maddələrin hansı növ narkotikə aid olmasını bilməmişdir. Tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqləri olduğu üçün o, torbalarda aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını və həmin narkotik maddələri ona tanış olduğu bir nəfər iranlının göndərdiyini bildirmişdir. Əslində isə onun həmin yerə gedib iranlının qoyduğu yerdən narkotik maddəni götürməsi barədə əvvəlcədən BNMİ-nin Bəylər adlı polis əməkdaşının məlumatı olmuş, lakin həmin gün gedib narkotik maddəni götürməsini Bəylər ona deməmiş, o, özbaşına Bəylərdən xəbərsiz həmin yerə getmişdir ki, narkotik madəni götürüb dövlətə təhvil versin. Hazırda hesab edir ki, polis əməkdaşının göstərişi olmadan özbaşına narkotik maddəni götürmək üçün getdiyinə görə səhv hərəkət etmiş və buna görə əməlindən peşmandır. Həmçinin onun məcburi köçkün olması, 2-ci Qarabağ müharibəsində iştirakı və medallarla təltif olunmasının nəzərə alınmasını, habelə özünə məxsus “Xiaomi” markalı mobil telefon aparatının qardaşı Anar Məmmədova qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. 22 may 2022-ci il tarixdə Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisində (işğaldan azad olunmuş ərazidə) kol və qamış bitkilərinin arasında nakotik vasitələrin gizlədilməsi barədə daxil olmuş məlumat əsasında qeyd olunan ərazidə özü və gizir Şahid3 ibarət “Pusqu” sərhəd naryadı təşkil olunmuşdur. Xidmətdə olduqları zaman, yəni 23 may 2022-ci il tarixdə, saat 00:20-də Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində “Mercedes” markalı avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndə çatdıqda yolun kənarında dayandığını və oradan bir nəfərin düşüb kolluq əraziyə doğru hərəkət etdiyini görüb bu şəxsi müşahidəyə götürmüşlər. Bir az sonra həmin şəxs kolluq ərazidən 2 ədəd torbanı götürüb avtomobilə tərəf uzaqlaşmaq istəyərkən onlar (sərhəd naryadı) tərəfindən “Dayan” komandası verilmiş, bu zaman həmin şəxs əlindəki torbaları yerə atıb qaçmaq istiyərkən onu tutub saxlamışlar. Sonra dərhal aidiyyət üzrə məlumat verilmiş, bir qədər sonra əraziyə hərbi qulluqçular gəlib saxlanılan şəxsi və onun yerə atdığı iki ədəd torbaları götürülüb sərhəd zastavasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, tutulan şəxs, yəni Təqsirləndirilən şəxs götürdüyü torbaların içərisindən narkotik maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra sərhədçilər tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin Təqsirləndirilən şəxs da hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, 23 may 2022-ci il tarixdə, gecə saatlarında sərhədçilərin xahişi ilə sərhəd zastavasında bir nəfər şəxsin tutulması ilə bağlı həmin şəxsin tutulduğu əraziyə və tutulmuş şəxsdən götürülmüş torbalara baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt orada özündən başqa bir nəfər Vüqar adlı şəxs də (Şahid1) hal şahid olmuş, həmçinin sərhədçilər və tutulmuş şəxs Nahid adlı şəxsin (Təqsirləndirilən şəxs) iştirakı ilə Cəbrayıl rayonunun Mehdili kəndinin yaxınlığında olan ərazidə kolluq və qamışlıq bitmiş sahəyə, daha sonra tutulmuş şəxsin avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Nahid adlı şəxs saxlanıldığı yeri əli ilə göstərmiş, sonra həmin yerin ətrafına baxış keçirilmişdir. Baxış zamanı ərazidə bir ədəd sellofan torba aşkar edilib götürülmüşdür. Sonra sərhəd zastavasında həmin torbaya və Nahid adlı şəxsdən götürülmüş digər iki ədəd torbalara da baxış keçirilmişdir. Baxış zamanı bir ədəd torbanın içərisindən 5 ədəd araq şüşələri, digər iki ədəd torbaların içərisindən isə ot halında kütlələr aşkar olunmuşdur. Orada deyilənlərdən bilmişdir ki, həmin kütlələr narkotik maddədir. Baxış zamanı Nahid adlı şəxs heç bir narazılığını bildirməmiş, əksinə içərisində narkotik maddələr olan torbaları ona iranlı bir nəfərin göndərdiyini bildirmişdir. Sonra Nahid adlı şəxsin “Mercedes” markalı avtomobilə baxış keçirilmiş və avtomobildə narkotik maddələr və başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Bundan sonra keçirilmiş tədbirlə bağlı sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. O, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımış, onunla hər hansı formada şəxsi münasibəti olmamışdır. Lakin xidməti fəaliyyəti ilə bağlı bir neçə dəfə Təqsirləndirilən şəxs razılığı ilə “Mercedes” markalı avtomobilindən əməliyyat tədbirində istifadə edilsə də, Təqsirləndirilən şəxs əməliyyat tədbirinə heç vaxt cəlb olunmamış və özünün iştirak etdiyi heç bir əməliyyat tədbirində Təqsirləndirilən şəxs iştirak etməmişdir. 22 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib əməliyyat xarakterli heç bir məlumat verməmiş, eləcə də həmin gün və ya başqa bir gün İrandan kiminsə narkotik maddə göndərəcəyini və özünün də (Təqsirləndirilən şəxs) gedib həmin narkotik maddəni götürmək üçün hansısa yerə, əraziyə gedəcəyini ona bildirməmiş və o, Təqsirləndirilən şəxs narkotik maddəni götürmək üçün harasa getməsinə heç bir göstəriş verməmişdir. İşdə olan, N saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 22 may 2022-ci il tarixli “Raport”u, habelə “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 23 may 2022-ci il tarixli protokollarla müəyyən olunur ki, Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisində (işğaldan azad olunmuş ərazi) kol-qamış bitkilərinin arasında nakotik vasitələrin gizlədilməsi barədə məlumat daxil olmuş, bu məlumat əsasında qeyd olunan ərazidə “Pusqu” sərhəd naryadı təşkil olunmuşdur. 23 may 2022-ci il tarixdə, saat 00:40 radələrində göstərilən əraziyə “Mercedes E-190” markalı, **-DJ-*** dövlət nömrə nişanlı minik avtomobilin gəlməsi, həmin avtomobildən düşən bir nəfər şəxsin kolluq əraziyə daxil olması, sonra bu şəxsin 2 ədəd torbanı götürüb uzaqlaşması müşahidə edilmiş, elə bu zaman sərhəd naryadı tərəfindən “Dayan” komandası verilməklə həmin şəxs tutulub saxlanılmışdır. Saxlanılan şəxs özünü Füzuli rayon sakini, hazırda Beyləqan rayonunun Mil qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra təhqiqat orqanı (hərbi hissə) tərəfindən hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun saxlanıldığı yerə baxış keçirilmiş və həmin yerdən iki ədəd torbalar, habelə həmin əraziyə baxış keçirilərkən bu ərazidə (Təqsirləndirilən şəxs saxlandığı yerdən 4 metr aralıda) daha bir torba aşkar edilib götürülmüşdür. Bundan sonra şübhəli şəxsə aid torbalara baxış keçirilmiş və baxış zamanı iki ədəd torbaların içərisində narkotik vasitələrə oxşar kütlələrin, bir ədəd torbanın içərisində spirtli içkilər olan beş ədəd şüşə butulkalar aşkar edilmişdir. Saxlanılmış şəxs Təqsirləndirilən şəxs içərisində narkotik maddələrə oxşar kütlələr olan torbaları ona İran vətəndaşının göndərdiyini və həmin torbalarıa götürmək üçün əraziyə gəldiyini, həmçinin bir ədəd torbanın içərisində olan 5 ədəd araq butulkalarını həmin yerə özünün qoyduğunu bildirmişdir. Təhqiqat orqanı tərəfindən aşkar edilmiş kütlələr və spirtli içkilər, həmçinin Təqsirləndirilən şəxs bir ədəd “Redmi” markalı mobil telefon aparatı qablaşdırılıb götürülmüş, sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs, qablaşdırılıb götürülmüş narkotik maddələrə oxşar kütlələr, spirtli içkilər və bir ədəd “Redmi” markalı mobil telefon aparatı aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 23 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbada 21 (iyirmi bir) ədəd ağız hissələri bağlanan polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-255,0 qram, 2,45,0 qram, 215,0 qram, 185,0 qram, 185,0 qram, 275,0 qram, 230,0qram, 295,0 qram, 210,0 qram, 335,0 qram, 230,0 qram, 215,0 qram, 255,0 qram, 185,0 qram, 335,0 qram, 210,0 qram, 220,0 qram, 295,0 qram, 175,0 qram, 220,0 qram, 280,0 qram, ümumi çəkisi-550 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narıncı rəngli sintetik torbada 11(on bir) ədəd üzərləri yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 535,0 qram, 475,0 qram, 470,0 qram, 460,0 qram, 475,0 qram, 465,0 qram, 1025,0 qram, 480,0 qram, 470,0 qram, 465,0 qram, 475,0 qram, ümumi çəkisi-5845,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbada 21 (iyirmi bir) ədəd polietilen paketlərdəki və narınçı rəngli sintetik torbada 11 (on bir) ədəd polietilen bağlamalarda olan marixuanaların ümumi çəkisi-10895 qramdır. Ekspertiza tədqiqatından sonra qalıqlar qurudulmuş marixuana 5049,58 qram və 5844,78 qramdır. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 24 may və 21 noyabr 2022-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıqlar ayrı-ayrılıqda qablaşdırılmışq 5049,58 qram və 5844,78 qram narkotik vasitəsi olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır, Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 22 avqust 2022-ci il tarixli arayış-məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xidmətindən (avtomobilindən) bir neçə dəfə istifadə olunsa da, o hər hansı polis əməkdaşı ilə əlaqədə olmamış, əməliyyat-axtarış tədbirlərində iştirak etməmiş, həmçinin 23 may 2022-ci il tarixdə törətdiyi cinayət hadisəsi barədə aidiyyəti üzrə heç bir məlumat verməmişdir. İşdə olan, DSX-nin Əməliyyat-axtarış baş idarəsinin 29 iyun 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə edib saxlayıb daşıdığı narkotik vasitəni göndərən şəxsin İran İslam Respublikasının Xumarlı rayonunun Larican kənd sakini X2 olması və həmin şəxsin dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan şəxs kimi tanınması müəyyən edilmişdir. İşdə olan, “Mobil telefona baxış keçiriməsi haqqında” 24 may 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonda (üzərində 050/965-89-69 saylı mobil telefon nömrəsi) olan “WhatsApp” tətbiqinə aid hissədə yaddaşda saxlanılmış İran telefon operatoruna məxsus +**********03 saylı telefon nömrəsindən daxil olmuş səsli danışıqlara dair məlumatlar, o cümlədən çoxsaylı cavabsız zənglər və aşağıda göstərilən-səs danışıqları (22 və 23 may 2022-ci il tarixlər də daxil olmaqla) vardır. Belə ki, həmin məlumat danışıqları- “Salam Nahid necəsən, yaxçısan qardaş, nə var nə yox, Nahid Mən bura gəldim yaxçı? Sən dediyin yerə da, gəldim burdan konum atdım sənə, gör bura gələ bilirsən ya ya yox? Sən ki, deyirdin ha körpü, Xüdafərin körpüsündən biraz aşağı, gəldim orada sənə konum atdım. Əgər buralara rahat gələ bilirsənsə mənə xəbər ver”, “Salam, necəsən, nə var nə yox, vəziyyət zad, nağarırsan, neynirsən, yaxşılıqdı?.Səs soraq yoxdu balam səndən. Nə məsələdi? ”, “Salam, salam qardaş necəsən, yaxçısan neynirsən nə xəbər, nə vəziyyətdəsən, niyə, inşallah yerbəyer olur. Birazdan sonra sənə xəbər verəcəm mən. Gedirəm uşaqların yanına, o mal verdiklərimin da yerbəyer eləyirlər. Mənə zəng ediblər ki. gəl bu axşam milyon faiz götürüləcək. Gəlirəm yerbəyer eliyək amma sənə deyim da mənə içki gətir sənə qurban olum arxayın ol ha pulun da, bu gün olmiyacaq əlimdə pulum inşallah sabahları milyon faiz yükün pulun üstündə yükün pulun vuranda vuracam hamısın bir yerdə. Sənə qurban olum yəni az qoyma ha heç olmasa 5 dənə altı dənə qoyginən yaxşılarından ha elə bil öz qardaşına göndərirsən başqa adama göndərmirsən. Gözləyirəm səni. İnşallah axşamüstü gün battı, əlaqə saxliyacam yenə sənlə” “İnşallah, inşallah allah qoysa problem yoxdu yaxşı”, “Salam qardaşım axşamın xeyir. Yaxçısan ürəyim sənin Şükürbəyliyə nə qədər yolun var? Mənə bi onu de görüm”, İstintaqa məlum olmayan şəxs: “Ay qardaş sənə qurban olum sən bu telefonu söndürübsən axı açginan özün bilirsən ki, bu günləri işimiz var sən niyə belə elədin telefonu söndürdün”, “Nahid sənə qurban olum telefonu söndürmə ha ürəyim sənə qurban, Yəni mən burda ürəyimi yedim qardaş sən onu yerbəyer elə, qadanı alım səni tez yetirginan, yani 1 saat çəkməsine biraz tez yetir uşaq qalar orda çöldə mənə zəng etmişdi dedi 10-15 dəyqə yolum qalır, canım sənə qurban biraz tez ol”, “Yox qardaş narahat olma prosta papam gildə telefonun seti yaxşı tutmur ona görə zəng çatmır evdən çıxdım uje narahat olma gedirəm yoldayam”, “Bir də o içkiləri bir şeyə qoygunən. O əlində götürə bilsin. Ha açıq qoymaginən elə bağla səs eləməsin o götürəndə səs salmasın. O bir şey gətirmiyib özü ilə. Əliboş gəlib o vəsaili gətiribdi.Meşokda gətirib alahi bir şey yoxdu”, “Yaxşı qardaş yaxşı dükana girirəm alım onu da hazırlıyım bu dəyqə gedirəm ora”, “Nahid sənə qurban olum qardaşım onu götürdün, onu qoy ora hə qardaş durub kənardadır sən onu yerbəyer elə sənə qurban olum oda tez qayıtsın çox bevaxta qalmaginan”, “Yaxşı qardaş yaxşı”, “Sənin çox yolun yoxdu ha ora, qardaş qadanı alım yaxınsan, tez çatdında mənə xəbər ver, götür özüdə uzağa getmə ha, Horadizi keçdin mənə xəbər verginən, Horadizi keçdin Bəhmənliyə qalmış, zad eləginən, unvan eləginən, at mənə, sakit bir yerə qoy at mənə, ünvan elə at mənə, mən də burda heab kitabımızı alım, ondan sonra getmə ha genə qayıt Şükürbəyliyə, Şükürbəylidə özümün malım var onu götürəcəksən öz malımızı”, “Qardaş bu nəsə problem zad olmaz ki?, başa düşdün? Yəni mən 2-ci dəfə qayıda bilməyəcəm də şeyə Şükürbəyliyə bu gün mən 2-ci dəfə qayıda bilməyəcəm. Çünki deyəcəklər, nə var nəyə gəlirsən başa düşüdün?, özüdə gecə vaxtıdı”, “O biri malımız gec olaralaq sənə qurban olum, o biri malımız çox çəkəcək, ona görə deyirəm ki bunu apar at onu da gəl götürginən, hardasa 3 saat zad o çəkəcək, rahat 3 saat çəkəcək onacan sən bunu yerbəyer eləyək, yaxçı? O işi deyirəm yoxsa başqa şeyə görə demirəm.Onu yerbəyer elə o birisini də get götür olmaz ki, bunu götürüb onu gözələyəsən?.Bunun hesab zad eləməyidə adam var gəlib götürcək Horadizdən keçəndən sonra sənə qurban olum”, “Qardaş mən burdayam, burda plakat zad yoxdu axı düz gəlmişəm konumun üstündə.Bircə dəyqə səbrli ol yığıram.Sənin qadan alım.Maşın zad gəlir gedir səbrli ol yığıram səni” Götürdün qardaş, götürdünsə mənə bir xəbər verginən”, “Plakatın üzbə üzündə, asfaltın üstündə, yəni Cəbrayıldan gələndə sol əldə olur bu mal, yaxçı Horadizdən gedəndə sağ əldə divarın dibində”, “Qardaşım neyniyə bildin? mənə xəbər verdə sənə qurban olum. Ordasansa götür tez, bevaxta saxlamaginən, Çox orda qalarsan şübhələnərlər”, “Qardaş götürdüm. Mən yəni, o Şükürbəylidəki nədi, nə deyil, onu bidənə mənə başa sal görüm”, “Qardaş sənə qurban olum telefonu söndürməginən, söndürdün ta biz burda batdıqda. Səni gözləməkdən. Bizə bir cavab ver görək neynədin nağardın? ”, “Qardaş sənin telefonun söndü, o uşaq çıxdı gəldi. İçkiləri qoyma ha ora özünlə qaytarginən. Ta o uşaq gəldi.İçgiləri qaytarginən özünlə qoyma ora”, “Set yaxşı tutmur. Gör nə deyirəm sənə. Əgər şeydisə mənə bir xəbər eləginən. Burda set yaxşı tutmur. Danışa bilmirəm. Telefonumun zaryatkası da azdı. Sönür açıram sönür açıram”, “Şükürbəylidəki qardaş o hazırdı yaxçı? Ancaq bunu qoygunan,yaxçı? Ona gərək pul verəm bu saat əlimdə pul yoxdu. Gözləyirəm uşaqlar mənə pul gətirsin. Ondan sonra onu yerbəyəer eləyim. Sənin telefonun söndü.Dedik allah eləməmiş başında bir iş oldu. Sənə qurban olum. Orda içkini qoyma ora, götürginən.Sənə qurban olum sən gəlginən bu Horadizə. Onu yerbəyer eləyək sənə qurban olum. Bunu da pul yerbəyer eləyim qayıt götür. İndi qayıda bilirsən qayıt.Qayıda bilmirsənsə sabahları sübh qayıtginən. Qardaş malı götür Horadizi keç harda yaxşı yer bildin konum at deym gəlib götürsünlər”, “Yaxşı”, “Nahid sənə qurban olum. Mən buna mala görə sənəd verib götürmüşəm. Dedim sənədə 5 qram çıxsın. Sən telefonu niyə söndürüfsən. Niyə belə olubdu. Sənə qurban olum. Mən burda nagiranam. Sənin özündən nagiranam. Mənə bir cavab ver. Nahid qardaş hardasansa cavab ver bizə bu nə cür oldu başına nə iş gəldi, hara getdi, bizə bir cavab verginən qardaşım” səsli mətnlərdən ibarət olmaqla, həm də “Salam Nahid necəsən. Mən burda zaloq qalmışam onu sənə verdim ki sən çatdırasan horadizə mən də sənin puluvu alım verim xahiş eliyirəm mənim pis vəziyyətdə qoyma və məni pis yollara el atmağa məcbur eləmə, biz belə danışmamışdıg” məntdən ibarət mesaj vardır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd “Millionaire Premium vodka” spirtli içkilərə aid hissədə ekspert rəyinə əsasən həmin spirtli içkilərin orta bazar qiyməti cəmi 70 manat olması nəzərə alınıb Təqsirləndirilən şəxs əməlində CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından cinayət işində həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətkar qrupun digər şəxsiyyətləri məlum olmayan üzvləri barəsində CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid4, Şahid3, Şahid2 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (DİN-nin BNMİ-nin əməkdaşının göstərişi ilə İran vətəndaşının göndərdiyi narkotik maddəni götürmək üçün Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisinə getməsi, həmin yerə getsə də, içərisində narkotik maddə olan torbaları götürməməsi, narkotik maddəni götürıb dövlətə təhvil verməsi məqsədi ilə həmin yerə getməsi və sərhədçilərin ona qarşı təzyiqlər etməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı, habelə ibtidai istintaq zamanı verdiyi 20 iyul 2022-ciil tarixli ifadəsində göstərdiyi xüsusatlar, yəni DİN-nin BNMİnin əməkdaşının göstərişi ilə İran vətəndaşının göndərdiyi narkotik maddəni götürmək üçün Cəbrayıl rayonunun Mehdili kəndinin ərazisinə getməsi, həmin yerə getsə də, içərisində narkotik maddə olan torbaları götürməməsi, narkotik maddəni götürıb dövlətə təhvil verməsi məqsədi ilə həmin yerə getməsi və sərhədçilərin ona qarşı təzyiqlər etməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid3, Şahid2 və Şahid5 ifadələri, telefon danıqlarına dair məlumatlar, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi ilə bağlı protokollar, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 23 və 24 may 2022-ci il tarixli ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayəti, eləcə də qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 10,895 qram (10 kq 895 qram) narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32-ci maddəsinə istinad olunmaqla CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə o, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-cü maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra şəxsiyyəti məlum olmayan İran vətəndaşı qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən narkotik vasitəni götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən “Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”, “Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsindən ibarətdir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-nin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməsi cinayətini qabaqcadan əlbir olan bir qrup şəxslə törətməkdə təqsirləndirilməsi üçün onun bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə (digər şəxslərin iştirakçılığı ilə) törətməsi tələb olunur. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan iranlının) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs (iranlı) tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddənin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddəni qoyulduğu yerdən götürmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddəni satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddənin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 may 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Beyləqan rayon İHB-nın Mil qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli arayış-xasiyyətnamə ilə müəyyən edilir ki, məcburi köçkün Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla Beyləqan rayonunun Mil qəsəbəsində məskunlaşmış, rəsmi olaraq işləməmiş və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 1002 №-li, 29 noyabr 2022-ci il tarixli arayışı ilə müəyyə edilir ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixdən Azərbaycan Ordusunda hərbi xidmət keçmiş və 30 oktyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N saylı hərbi hissəsinin tərkibində Füzuli-Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında (2-ci Qarabağ müharibəsində) iştirak etmişdir. İşdə olan, Azərbaycan Respublikası medalların №1-46822, №1-22697 və №1-17012 saylı vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olanmasına görə” və “Xocavəndin azad olanmasına görə” medalları ilə təltif olunmuşdur. İşdə olan, AZE 12183602 və AZE 12183615 №-li şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X4 12 iyun 2009-cu ildə və X9 24 sentyabr 2010-cu ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs məcburi köçkün olması və onun 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq əldə edilmiş külli miqdarda narkotik vasitənin satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. hallar), təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan iki ədəd bağlamada olmaqla 5049,58 qram və 5844,78 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd “Xiaomi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qardaşı X7 təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-372 (üç yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan iki ədəd bağlamada olmaqla 5049,58 qram və 5844,78 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qardaşı X7 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-372 (üç yüz yetmiş iki) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar