Məhkəmə qərarları › İş №1(099)-115/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-115/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-115/2025 14.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - 17 avqust 1988-ci ildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (fəhlə), əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 121-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini istintaqa və məhkəməyə məlum olmayan mənbədən, tarixdə və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri ərazisinə daşımış, 18 iyul 2024-cü il tarixdə, saat 14 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, A.Abdullayev küçəsində saxlanılaraq, polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,740 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar edilməklə götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə, saat 11 radələrində evində olduğu vaxt polis əməkdaşı Samid Misirxanov da daxil olmaqla beş-altı nəfər polis evə daxil olaraq, onu Hacıqabul Rayon Polis şöbəsinə aparmışlar. Həmin vaxt evdə qardaşının arvadı, uşaqları və analığı olmuşlar. Polis şöbəsində Samid Misirxanov qarşısına seyfdən çıxarılmış içərisində psixotrop maddə olan bükülü qoyub, götürməsini bildirmişdir. Həmin bükülü ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan psixotrop maddənin olduğu bükülü olmamış, formaca böyük olmuşdur. Samid Misirxanov onun dediyi ilə razılaşmadığı təqdirdə həmin kütləni aparıb evindən çıxaracaqlarını bildirmiş, o da məcburiyyət qarşısında qalıb, onun dediklərini etmiş, yəni daha az çəkidə olan kütləni götürüb, sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, tutulana qədər mütəmadi olaraq psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Metamfetamini rayon ərazisindən əldə edərək “çet”-lə qəbul etmiş, istifadə etməyinə də səbəb iş yorğunluğunu azaltmaq olmuşdur. İşlədiyi üçün pul qazanmış və bununla da metamfetamin ala bilmişdir. Axırıncı dəfə metamfetamini tutulmamışdan bir gün qabaq istifadə etmişdir. Psixotrop maddə qəbul etsə də, ailəsi ilə münasibəti qaydasında olmuşdur. Samid Misirxanov, habelə digər polis əməkdaşları ilə arasında əvvəllər hər-hansı ədavətləri olmamışdır. Tutulan vaxt arvaduşağı Şirvan şəhərində yaşayan qayınıgildə olmuşlar. Polislər evinə gəldikdə evin qapısını qardaşının arvadı açmış, onu çağırdıqlarını bildirmiş, çölə çıxanda görmüşdür ki, Samid Misirxanov qapının ağzında onu gözləyir. Polislər onu tutandan sonra evə daxil olaraq axtarış aparmış, lakin qanunsuz predmet aşkar edə bilməmişlər. Tutulan vaxt vəziyyəti normal olmuşdur. Cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 də onun tutulmağında iştirak etmişlər. Samid Misirxanovu əvvəllər Hacıqabul rayon sakini kimi tanımışdır. Evdən onu aparanda mobil telefonu polislərdə olmuşdur. Polis şöbəsinə aparılanda üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Gözündə xəsarət izi Samid Misirxanovun barmağının dəyməsi nəticəsində yaranmış, lakin polislərin dediyi məzmunda xəsarətin yaranma səbəbini bildirmişdir. Gözünün üstünə xəsarət polislərlə razılaşmadığı üçün ona videoçəkilişdən bir-iki saat qabaq yetirilmişdir. Tutulan vaxt təcili tibbi yardım gəlmiş və gözünə dərman tökmüşlər. Samid Misirxanovdan savayı kimsə ona xəsarət yetirməmiş, Samid onun ən çox baş və qarın nahiyələrinə zərbələr vurmuşdur. Xəsarətin yetirilmə forması kimi ən çox sillə olmuşdur. Əvvəllər aralarında hər-hansı ədavət və düşmənçiliyi olmadığı Şahid4 və Şahid3lə birlikdə psixotrop maddə qəbul etmiş, həmin kütləni birlikdə pul “atışaraq” götürüb çəkmişlər. İstifadə etdikləri narkotiki hər üçü ayrı-ayrılıqda, müxtəlif vaxtlarda əldə edib istifadə etmişlər. Əsədlə Nizami əvvəllər həbs də olunmuşlar və onlara qarşı təzyiqlər olduğundan, onun əleyhinə ifadə verərək üzünə durmuşlar. Nizamiyə psixotrop maddəni qəbul etmək üçün vermiş, Əsədə psixotrop maddə satmamışdır. İbtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə ona psixotrop maddənin özünə məxsus olub-olmaması məzmunda suallar verilməmiş, həmin vaxt psixotrop maddənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirmişdir. Qanunsuz tutulmağı ilə əlaqədar özü də daxil olmaqla qohumları hər-hansı orqana şikayət etməmişlər və bunun səbəbi barədə hər-hansı fikri yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən, ziddiyyət yaranmış hissədə elan edilmiş və məlum olmuşdur ki, o, həmin ifadəsində göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxaraq piyada Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi istiqamətinə doğru hərəkət edərkən, həmin küçədə yerləşən 6 saylı tam orta məktəbin yaxınlığında olan zaman yerdə sellofan bükülünün olduğunu görmüşdür. Həmin bükülü diqqətini çəkdiyi üçün yaxınlaşıb yerdən götürmüş, içərisinə baxanda istifadəçisi olduğu üçün əvvəldən tanıdığı metamfetamin olmasını görmüş, ətrafda onu müşahidə edən başqa şəxslərin olmadığına tam əmin olduqdan sonra tapdığı metamfetamini istifadə etmək məqsədi ilə əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuş və yaşadığı evə tərəf getmişdir. Həmin gün təxminən saat 14 radələrində yaşadığı evdən çıxıb mərkəzi bazara tərəf getmək qərarına gəlmişdir. Yaşadığı evin qarşısına çıxıb bir qədər piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona tərəf yaxınlaşmışlar. Bu vaxt yerdən tapdığı metamfetamin əynindəki göy rəngli şalvarın sağ yan cibində olmuşdur. Həmin şəxslər ona Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib, özlərini təqdim etmiş, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla, daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb, onu Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə şöbəyə gəlməyə razı olmuş və şöbəyə gəldikdən sonra onu oradakı xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X3 təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində külli miqdarda narkotik vasitə saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib, bu barədə yazılı bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş, Şirvan regional Vəkil Bürosunun vəkili Salman Fərəcov hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olubolmaması barədə ona şifahi sual verərək, olduğu təqdirdə, təqdim etməsini istəməsi barədə təklif etmiş, o da əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı “patı” kimi tanıdığı metamfetamini təqdim etmişdir. Təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin çəkisinin 3,82 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş, üzərinə onlar tərəfindən imzalar edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Beləliklə, üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşarkən, habelə üzərində şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq istifadə etmişdir, sağ gözündə olan xəsarət isə usta kimi 17 iyul 2024-cü il tarixdə ev təmir edərkən kafeli kəsən zaman kafelin balaca bir parçası gözünə daxil olmuş və buna görə gözü qızarmışdır (iş vərəqi 66-68). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, polis əməkdaşı Samid Misirxanov tərəfindən döyüldüyü və ailəsi ilə hədələndiyindən etirafedici ifadələr verdiyini bildirmişdir. Son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsi Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. Hacıqabul Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1 18 iyul 2024-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edərək, üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması məqsədilə eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində şəxsi axtarış aparılması ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir. Həmin gün o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbiri qurmuşlar və Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında piyada hərəkətdə olmasını görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və ona üzərində külli miqdarda narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş, həmin yerdə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb Təqsirləndirilən şəxs Hacıqabul Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçının xidməti otağına daxil olmuşlar və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmiş, bu zaman Seymur üzərində qanunla qadağan olunmuş predmet olduğunu bildirmiş və əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması və çəkisinin 3,82 qram olduğu müəyyən edilmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasının dəqiq vaxtını xatırlamır, habelə ərazini yaxşı tanımadığından onun saxlanıldığı ünvanı da dəqiq bilmir, səhv etmirsə, Abdullayev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid1 olmaqla iki nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onlardan yayınmağa çalışmamışdır. Təqsirləndirilən şəxsin saxlanıldığı yer ilə yaşadığı ev arasında təqribən 100-200 metr, polis şöbəsi arasında isə on dəqiqəlik məsafə vardır və şöbəyə çatmaları o qədər çəkmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində təhqiqatçı Tural Namazovun xidməti otağına aparılmış və şöbəyə çatdıqdan sonra çox keçmədən üzərində şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. İçərisində psixotrop maddəyə oxşar kütlə olan bükülünü təhqiqatçı X15 Alışovun üzərinə baxış keçirərkən çıxarmışdır. Əgər Təqsirləndirilən şəxs evindən aparmışlarsa, şöbədə olarkən müdafiəçisinə və təhqiqatçıya bu barədə bildirə bilərmiş. Samid Misirxanov əvvəllər Hacıqabul Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Samid Misirxanova keçirilən bütün əməliyyat tədbirləri barədə məlumat verilməli deyilmiş və belə bir tələb olmamışdır. Sadəcə olaraq Samid Misirxanov baş əməliyyat müvəkkili kimi bu məzmunda əməliyyat tədbirlərində daha çox iştirak etdiyi üçün rayon ərazisində daha çox tanındığından narkotiklə bağlı saxlanılan şəxslər adətən onun adını bilmiş və hallandırmışlar. Təqsirləndirilən şəxsla Samid Misirxanov arasında dialoqun olması barədə bilmir və bu halı istisna etmir, lakin Samid Seymuru vurmamış, belə bir hadisənin şahidi olmamışdır. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini və qonşusu olduğundan əvvəldən tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Hacıqabul şəhərində usta kimi işlədiyindən ev təmiri işlərində bir yerdə işləmişlər. Təqsirləndirilən şəxs tutulmamışdan təxminən bir həftə əvvəl birlikdə işə gedəcəkləri üçün günorta radələrində onun yaşadığı evə tərəf getmiş, Seymur ona evin həyətinə giriş hissədə evdə heç kimin olmadığını deyib, evə gəlməyi təklif etmiş, o da evin həyətinə daxil olub, Seymurla birlikdə balkonda əyləşmişdir. Bir neçə dəqiqədən sonra Seymurun stolun üzərinə balaca elektrik lampası qoyduğunu və həmin lampanın içərisində əvvəldən istifadəçisi olduğu üçün “patı” kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. Seymurdan nə etdiyini soruşduqda, “patı” çəkəcəyini ona bildirmiş, sonra lampanın alt hissəsini alışqanla yandırıb tüstüsünü çəkmişdir. Seymur ona da “patı” çəkməyi təklif etmiş və istifadəçisi olduğundan onun təklifini qəbul edərək həmin metamfetamindən istifadə etmişdir. Bundan sonra hər ikisi işləmək üçün Seymurun yaşadığı evdən çıxıb getmişlər. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mütəmadi metamfetamin qəbul edən şəxs deyildir. Təqsirləndirilən şəxs onun ustası olmuş, o da sonuncunun fəhləsi olmuşdur və təxminən iki həftə birlikdə işləmişlər. Seymurla birlikdə qəbul etdikləri psixotrop maddəni kimin təşkil etdiyini bilmir. Seymurla bir dəfə “patı” çəkmişdir. Əvvəlcədən Seymurla “patı” çəkmək barədə danışığı olmamışdır. Polis əməkdaşları Seymurla onun arasında olan telefon danışığından psixotrop maddə qəbul etdiklərini bilmişlər və o da etiraf etmişdir. Psixotrop maddə qəbul etdiyi üçün saxlanılmış və üzərində qanunsuz predmet aşkar olunmamışdır. Psixotrop maddə qəbul etməsi müqabilində Seymur ondan pul tələb etməmiş, “qardaş payıdır” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini və ev təmiri ustası olduğundan əvvəldən tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla 2024-cü ilin iyun ayında Hacıqabul şəhərində qarşılaşmış, Seymur ondan nə işlə məşğul olduğunu soruşduqda fəhlə işlədiyini bildirmişdir. Bundan sonra Seymur təmir işləri gördüyü evlərdə fəhlə lazım olduğunu bildirib, birlikdə işləməyi təklif etmiş, onunla razılaşmış və işlərini bir neçə gündən sonra yekunlaşdırdıqdan sonra, xəbər edəcəyini demişdir. Belə də olmuş, bir neçə gün ərzində işlərini yekunlaşdırıb, Seymurla əlaqə saxlamış və birlikdə Hacıqabul şəhərində yerləşən evlərin birində təmir işləri görməyə başlamışlar. İşlədikləri günlərin birində nahar fasiləsi zamanı Seymurun əlində kiçik elektrik lampası, içərisində isə kiçik halda duza bənzər maddə olduğunu görmüş, ondan bunların nə olduğunu soruşduqda, Seymur lampanın içərisindəkinin “patı”, yəni metamfetamin olduğunu, çəkdikdən sonra insana işləmək üçün güc verdiyini, yuxusuz saxladığını bildirmiş, daha sonra lampanın alt hissəsindən alışqanı yandırıb tutmağa başlamışdır. Həmin vaxt lampanın içərisində ağ duman yarandığını və Seymurun həmin dumanı ağız nahiyəsi ilə qəbul etdiyini görmüşdür. Seymur metamfetamindən istifadə etdikdən sonra ona da çəkməsi üçün təklif etmiş, təklifi qəbul edib, Seymurun istifadə etdiyi kimi metamfetamindən qəbul etmişdir. Həmin vaxtdan sonra Seymurdan müxtəlif vaxtlarda, ümumilikdə üç dəfə olmaqla, hər birində 10 (on) manat pul müqabilində “patı” kimi tanıdığı metamfetamin alaraq qəbul etmişdir. Həmin vaxtadək o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı psixotrop maddəni ondan ayrılıqda da qəbul etmişdir. Psixotrop maddənin ödənişini Seymurun kartına pul ataraq ödəmişdir. Halhazırda psixotrop maddə istifadə etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis X8 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Hacıqabul Rayon Polis X4 Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasında, üzərində gəzdirməsində və satışını həyata keçirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Hacıqabul Rayon Polis X4 Qrupunun xx.xx.2024-cü il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Hacıqabul Rayon Polis X4 Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:20-də yaşadığı evin qarşısında saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 10). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 12; 22-23). Hacıqabul Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilmiş, Seymur bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin tarixdə metamfetamini Hacıqabul şəhərində yerləşən 6 saylı tam orta məktəbin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan büküm elektron tərəzi vasitəsi ilə çəkilərək 3,82 qram olduğu müəyyən edilmiş, bu barədə videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəq 31-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 3- 16-16/2-18/678 nömrəli, xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 3,740 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 3,640 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 39-42). Hacıqabul Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 58-59). Hacıqabul Rayon Məhkəməsinin 4(071)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 18 iyul 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 77-81). Hacıqabul Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş materialların məhkəmə ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 3,640 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün həmin polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (iş vərəqi 113-114). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 117-118). Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xasiyyətnaməsi və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır, himayəsində xx.xx.2011 və xx.xx.2013-cü il təvəllüdlü iki qızı, xx.xx.2016cı il təvəllüdlü oğlu olmaqla, üç azyaşlı uşağı vardır və barəsində nümayəndəliyə mənfi rəy daxil olmuşdur (iş vərəqi 131-132; 134-136). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyi” X18 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetlərində qeydiyyatda deyildir (iş vərəqi 137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X11 X9 xx.xx.2024-cü il tarixli, 5137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 138-139). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 2253 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət hadisəsi törədilərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış, hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqi 140-143). Hacıqabul Rayon Polis X8 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə şahidlər Şahid3 və Şahid4la Təqsirləndirilən şəxs arasında videoçəkilişlə üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, ifadələrində bildirdikləri xüsusatları bir-birinin üzünə qarşı söyləmişlər və bu barədə iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 150-158). Hacıqabul Rayon Polis X8 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmış; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra faktiki olaraq təmiz çəkisi 3,640 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanması üçün həmin polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilməsi, şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin dindirilməsi və üzləşdirmədə dindirmə aparılması protokollarına əlavə edilən ümumilikdə dörd ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 161-170; 172-173). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş Tibb Baş İdarəsinin 5938/2024 nömrəli “X12”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tibbi müayinə zamanı zədə almadığını bildirmiş, alın nahiyəsində köhnə çapıq toxuması aşkar olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs xəstəxanaya hər-hansı xəstəliklə əlaqədar müraciət etməmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:50-də şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparıldıqdan və təhqiqatçı tərəfindən sənədləşmə işləri tam yekunlaşdıqdan sonra həmin gün saat 15:05də şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildikdən sonra xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına təhvil verilmişdir. Bundan əlavə o, istintaq hərəkətlərinin aparılması zərurəti ilə bağlı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə şöbənin müvəqqəti saxlama yerinə gətirilmiş və orada olduğu müddət ərzində təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmiş, xx.xx.2024-cü il tarixdə “ümumi ağrılar” ilə bağlı müraciəti əsasında təcili tibbi yardım xidməti dəvət olunmuş, müayinələrdən keçirilməklə, ona ixtisaslaşmış tibbi yardım göstərilmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 6 (altı) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsi, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmaması, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, psixotrop maddə olan metamfetamin istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, 18 iyul 2024-cü il tarixdə, saat 11 radələrində evində olarkən polis əməkdaşı Samid Misirxanov da daxil olmaqla beş-altı nəfər polisin evə daxil olaraq axtarış keçirmələri, lakin qanunsuz predmet aşkar edə bilməmələri, bundan sonra onu Hacıqabul Rayon Polis şöbəsinə aparmaları, şöbədə Samid Misirxanov qarşısına içərisində psixotrop maddə olan bükülü qoyub, götürməsini bildirməsi, onun dediyi ilə razılaşmadığı halda, onu həmin kütləni aparıb evindən çıxaracaqları ilə təhdid etməsi, məcburiyyət qarşısında qalıb onun dediklərini etməsi, həqiqətdə isə şöbəyə aparılanda üzərində qanunsuz kütlə olmaması, gözündəki xəsarət izinin Samid Misirxanovun barmağının dəyməsi nəticəsində yaranması, lakin polislərin dediyi məzmunda xəsarətin yaranma səbəbini bildirməsi, hətta təcili tibbi yardım çağrılması və gözünə dərman tökülməsi, Samid Misirxanovun onun ən çox baş və qarın nahiyyələrinə zərbələr vurması, onu ailəsi ilə təhdid etməsi, şahidlər Şahid4 və Şahid3lə birlikdə qəbul etdikləri psixotrop maddəni pul “atışaraq” birlikdə əldə edib çəkmələri, Əsədlə Nizami əvvəllər həbs olunduqlarından polisin təzyiqi nəticəsində onun əleyhinə ifadə verərək üzünə durmaları, Əsədə psixotrop maddə satmaması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) üzərindən aşkarlanmış psixotrop maddəni xx.xx.2024-cü il tarixdə 6 saylı məktəbin yaxınlığından tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmiş, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi verdiyi ifadələrində də polis əməkdaşları tərəfindən həmin tarixdə, saat 14 radələrində yaşadığı evin qarşısına çıxıb mərkəzi bazara tərəf piyada hərəkətdə olarkən yolda mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmasını bildirməklə eyni məzmunlu ifadələr vermişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə metamfetaminlə bağlı materialların məhkəmə ekspertizasının rəyi ilə tanış olarkən vəsatətinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşı Samid Misirxanov tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə ilkin izahatında, şübhəli şəxs, təqsirləndirilən kimi verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılarkən və şöbəyə gətirilərkən ona qarşı heç bir zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı müdafiəçisinin sualına cavab olaraq, gözündəki qızartını tutulmamışdan bir gün öncə işləyərkən kafeli kəsəndə qırığının gözünə düşməsi ilə əlaqələndirmiş, bədənində xəsarət olmadığını bildirmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 xx.xx.2024-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki ağrı, xəsarət, eləcə də zorakılıq edilmədiyindən tibbi müayinədən keçməkdən imtina etmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs qismində əlavə dindirildiyi vaxt bildirmişdir ki, məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etməmiş, həkimin şifahi suallarına cavab olaraq xəsarəti olmadığını, sağ gözünün iş görərkən zədə aldığını bildirdikdən sonra müayinə olunmayacağını görüb, polis şöbəsinə qaytarılmışdır (iş vərəqi 129; 159-160). Göründüyü kimi Təqsirləndirilən şəxs hətta ibtidai istintaq zamanı tibbi müayinədən keçirilərkən belə gözündəki zədəni işlədiyi zaman aldığını bildirməklə tibbi müayinədən keçirilməsinə şərait yaratmamış, öz təxəyyülünə əsasən ekspertizanın keçirilməyəcəyi qənaətinə gəlmiş, bununla da özünə mənsub olan ibtidai istintaq orqanının qanunsuz hesab etdiyi əməllərindən şikayət etmək hüququndan istifadə etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs anket məlumatlarının dəqiqləşdirilməsi zamanı özünün qeyd etdiyi kimi və şahidlər Şahid3lə Şahid4 hər birinin ayrı-ayrılıqda ifadələrində Seymurun ev təmiri ustası kimi işlədiyini bildirdiklərindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı gözündəki zədəni tutulmamışdan bir gün əvvəl işlədiyi zaman aldığını etiraf etməsini doğru ifadə kimi qəbul edir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşı Samid Misirxanov tərəfindən fiziki təzyiqə məruz qalması, üz nahiyəsinə sillə ilə vurulması barədə deməsinə əsasən onun saxlanılandan sonra polis şöbəsinə və istintaq təcridxanasına aparıldığı, habelə polis şöbəsinin müvəqqəti saxlama yerində olduğu müddətlərdə üzərində xəsarət olub-olmamasını müəyyənləşdirmək üçün verilmiş sorğulara alınmış cavablarda tibbi müayinələr zamanı onda xəsarət izlərinin aşkar edilməməsi, “ümumi ağrılar”la bağlı müraciəti əsasında təcili tibbi yardım xidməti tərəfindən ixtisaslaşmış tibbi yardım göstərilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxsin polis tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə şahidlər Şahid3 və Şahid4 hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişdirlər ki, Təqsirləndirilən şəxs onlara “patı” çəkməyi təklif etmiş, birlikdə istifadə etmişlər. Nizami psixotrop maddə qəbul etməsi müqabilində Seymurun ondan pul tələb etmədiyi, “qardaş payıdır” deməsini bildirsə də, Əsəd Seymurdan müxtəlif vaxtlarda hər dəfə 10 (on) manat pul müqabilində psixotrop maddə almışdır. Beləliklə, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və psixotrop maddə istifadəçisi olduğu üçün peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09.0.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 3,640 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli; şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin dindirilməsi və üzləşdirmədə dindirmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən ümumilikdə dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 18 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 3,640 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin; şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin dindirilməsi və üzləşdirmədə dindirmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən ümumilikdə dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar