Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-116/2022 11.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 01 avqust 1985-ci ildə Astara rayonu Pəlikəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Astara rayonunun Pəlikəş kəndində qeydiyyatda olmaqla orada yaşamış, Astara rayon Məhkəməsinin 02 sentyabr 2021ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda -1840,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək özü ilə daşıyıb Astara rayonu Pəlikəş kəndində yerləşən fərdi yaşayış evinə gətirərək satış məqsədi ilə həmin ünvanda saxlamış, 01 sentyabr 2021-ci il tarixdə, saat 00:35-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı Astara rayonu Pəlikəş kəndində yerləşən evinə baxış keçirilən zaman evin ona məxsus olan otağının giriş qapısı ilə üzbəüz sol tərəfdə divarın dibindəki kapron çantanın altında olan bir ədəd qara rəngli polietilen bağlamada həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o özünü narkotik maddənin istifadəçisi kimi təqsirli bilir. 01 sentyabr 2021-ci il tarixdə gecə saat təxminən 12-1 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək əvvəlcə evə baxış keçirmişlər. Evdə heç nə tapılmamışıdır. Sonra da həyətdə olan tövləyə baxış keçirərək, oradan onun öz istifadəsi üçün saxladığı bir bükümdə 30 qrama yaxın marixuana aşkar edib götürmüşlər. O saxlanılarkən onu döyməmişlər. Evinə baxış videoçəkilişlə aparılmışdır. Evindən aşkar olunan marixuana ona aid olmamışdır. Onu polislər evinə qoymuşlar. Çəkilişdən əvvəl onu aldatdıqlarından o çəkiliş vaxtı evdə olan narkotik vasitəni polislərin deməsinə görə götürüb stolun üzərinə qoymuşdur. Həmin narkotik vasitə ona aid deyil, onu baxış zamanı yazı-pozu edən (təhqiqatçı) onun evinə qoymuşdur. Tövlədən aşkar olunan bir bükümdə marixuana ona məxsusdur. Ona görə də əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o özünü CMnin 234.1-ci maddəsi ilə təqsirli bilir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ailəsi ilə birlikdə Astara rayonu Pəlikəş kəndində yaşamışdır. Narkotik vasitə qurudulmuş marixuana çəkmişdir. 01 sentyabr 2021-ci il tarixdə gecə saat təxmınən 00 radələrində mülkı geyimdə olan şəxslər həyət qapılarına gəlmiş, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra yaşadığı ünvanda baxış keçiriləcəyi barədə qərarla tanış olmuş, yaşadığı evdə baxış keçiriməsinə razılıq verməyi barədə ərizə yazmış və təqdim etmişdir. İştirakı ilə yaşadığı evin ona məxsus olan otağına video çəkilişlə baxış keçirilərkən ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, xeyli bir vaxtdır narkotik maddə nəşə, yəni marixuana çəkmiş, digər narkotik maddələrdən qəbul etməmişdir. Sonra ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra yaşadığı evin ona məxsus otağında torbanın altında gizlətdiyi qara rəngli sellofan bağlamada olan marixuananı çıxarıb təqdim etmiş və bildirmişdir ki, bağlamada nəşə var, təxminən iki ay əvvəl axşamçağı yaşadığı kənddə yolun kənarında yerləşən trasformatorun yanından tək keçərkən tapmış və özü istifadə etmək üçün yaşadığı ünvana gətirmişdir. Ailə üzvlərinin bundan xəbəri olmamışdır, bunu heç kim görməmişdir. Həmin maddənin kimə məxsus olmasını bilməmiş, ötən müddət ərzində 10-15 dəfə özü çəkmiş, heç kimə verməmiş, satmamış, bundan başqa yaşadığı ünvanda narkotik maddə olmamışdır. Sellofan bağlamanın içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra həmin qara rəngli bağlama elekton tərəzidə çəkildikdə qurudulmuş marixuana 1,870 kiloqram çəkidə olmuş və həmin selofan torbada qablaşdırılmış, torbanan üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar. Ona təklif olunmuşdur ki, üzərində nə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki cins şalvarın sağ yan cibində «Redmi» markalı mobil telefonu, şalvarın arxa sağ cibindən öz adına olan şəxsiyyət vəsiqəsini və şalvarın sol yan cibindən cib dəsmalını çıxarıb təqdim etmişdir. Mobil telefonla şəxsiyyət vəsiqəsi götürülərək protokola əlavə olunmuşdur. Lakin cib dəsmalı ona qaytarılmışdır. Ona məxsus yaşadığı ünvana baxış keçirilərkən başqa hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamış və götürülməmişdir. Sonra Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə gəlmiş, şöbədə otaqların birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl axtarış və götürmənin aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamış, narkotik maddə nəşə, yəni marixuana çəkməklə qəbul etmişdir. Yaşadığı ünvanda baxış keçirilərkən narkotik maddə qurudulmuş marixuana aşkar olunaraq götürülməsi barədə, bundan sonra regional şöbəyə gətirilməyi, şübhəli şəxs qısmində tutulmağı, müdafiəçi ilə təmin olunmağı barədə ona məlumat verilmişdir. Sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı ünvanda aşkar edilmiş marixuananı yaşadığı kəndin kənaranda trasformatorun yanından tək keçərkən tapıb özü çəkmək üçün yaşadığı ünvana gətirmişdir. İyindən marixuana olduğunu bilmişdir. Bu barədə ailə üzvlərinin və digər şəxslərin xəbəri olmamışdır. Sonra ona üzərimdə qanunsuz əşya varsa, təqdim etməyi təklif edildikdə bildirmişdir ki, üzərində hər hansı bir əşya yoxdur. Əynində olan cins şalvarımın sağ yan cibindən cib dəsmalımı çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə və digər əşya aşkar olunmamış və götürülməmişdir. Yaşadığı ünvanda baxış və üzərinə şəxsi axtarış keçirilməsi tərtib edilmiş protokollar ucadan oxunmuş, doğru bilib imzalarla təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu işin hallarına uyğun gələn ifadəsindən başqa dindirilmiş şahidlərin ifdələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona daxil olmuş əməliyyat məlumatına əsasən 01 sentyabr 2021-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, maddə varsa, təqdim etməsi təklif olunmuş, o da yaşadığı evin ona məxsus otağının giriş qapısı ilə üzbəüz sol tərəfdə divarın dibində kapron çantaın altından bır ədəd qara rəngli selofan bağlama çıxarıb təqdim etmiş və bağlamada nəşə olduğunu, həmim narkotik vasitəni təxminən iki ay əvvəl yaşadığı kənddə yolun kənarında yerləşən trasformatorun yanından tapdığını və özü istifadə etmək üçün saxladığını səmimi etiraf etmişdir. Sonra da Sellofan bağlamanın içərisinə baxılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin qara rəngli bağlama elekton tərəzidə çəkilmiş və sellofan torbada qablaşdırılaraq möhürlənmişdir. Sonra da onun üzrəinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Narkotik vasitə evindən aşkar edilmişdir. Tövləyə isə baxış keçirilməmişdir. Ona hədə qorxu olunmamışdır. O narkotik vasitəni özü təqdim edərək tərtib olunmuş protokolu imzalamış və həmin vaxt o heç bir etiraz etməmişdir. Dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə o Masallıda bacısıgildə olarkən ona qadaşı Xeybərin tutulduğunu demişlər. O səhəri günü Astaraya getmiş və anası ona axşam polis əməkdaşlarının onların evinə baxış keçirdiklərini, lakin evdən narkotik vasitə çıxmadığını demişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı şahid qismində ifadə verərkən göstərmişdir ki, əvvəllər məhkum olunmamış, narkotik maddələrin heç birindən qəbul etməmişdir. 01 sentyabr 2021-ci il tarixdə gecə saat təxminən 00-01 radələrində baş narkotiklərlə mübarizə idarəsinin cənub gölgəsində yerləşən regional şəbənin polis əməkdaşları tərəfindən yaşadığı Astara rayonu, Pəlikəş kəndində yerləşən evinə baxış keçirilərkən qardaşı Təqsirləndirilən şəxs qaldığı otaqda ona məxsus qurudulmuş marixuxana aşkar olunaraq götürülmüşdür. Bununla bağlı o, Lənkəran şəhərində yerləşən regional şöbəyə dəvət olunmuşdur. Qardaşı Xeybərin yaşadığı evə narkotik maddə gətirməsini görməmiş, bununla bağlı məlumatı olmamışdır. Bu barədə qardaşı Xeybər özü ona heç bir söz deməmişdir. Qardaşı Xeybərın narkotik maddə qəbul etdiyini görməmiş, heç kimdən bu barədə eşitməmişdir. İşdə olan Astara rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o məhkəmə iclasında aşkar edilərək götürülmüş 1840 qram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 01 sentyabr 2021-ci il tarixli baxış və götürmə protokolundan da göründüyü kimi BNMİ-nin X2 əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Pəlikəş kəndində yerləşən fərdi yaşayış evinin ona məxsus olan otağının giriş qapısı ilə üzbəüz sol tərəfdə divarın dibindəki torbanın altında bir ədəd qara rəngli polietilen bağlamada 1840,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış videoçəkilişlə aparılmaqla bir ədəd CD diskə köçürülmüşdür. Məhkəmədə qeyd edilən CD diskə baxış keçirilmişdir. Baxış zamanı protokolda qeyd edilənlər tam təstiqini tapmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 19/860 saylı rəyində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 1840 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan sübutların qiymətləndirilməsi haqqında 30 noybar 2021-ci il tarixli qərarından görünür ki, Xeybər Nobatovun yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 1839,98 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Astara Rayon Polis Şöbəsindən alınmış 30 sentyabr 2021-ci il tarixli tapşırığa cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı narkotik vasitə olan qurudulmuş marixuana satışı ilə məşğul olması barədə məlumat əldə olunsa da, onun əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi, onları konkret olaraq kimlərə satacağı barədə məlumat əldə olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1ci maddəsi ilə təqsirli bilərək, onun evindən narkotik vasitə aşkar edilmədiyini, 30 qarama yaxın qurudulmuş marixuananı ona məxsus olduğunu, həmin narkotik vasitəni polis əməkdaşlarının həyətindəki tövlənin banından tapdıqlarını və onu özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Xeybər Nobatovun razılıq ərizəsi əsasında videoçəkilişlə baxış keçirilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Xeybər Nobatovun yaşadığı Astara rayonunun Pəlikəş kəndində yerləşən evinə baxış keçirilərkən, polis əməkdaşlarının təklifi ilə yaşayış evinin ona məxsus olan otağının giriş qapısı ilə üzbəüz sol tərəfdə divarın dibindəki torbanın altında içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qara rəngli polietilen bağlamanı götürərək təqdim etmiş və həmin narkotik vasitə olan torbanı təxminənən iki ay əvvəl yaşadığı kənddə yerləşən transfarmatorun yanından tapdığını və özü istifadə etmək üçün evinə gətirdiyini bildirmişdir. Onun təqdim etdiyi içərisində qurudlmuş marixuana olan polietilen bağlama çəkilərkən 1870 qram olmuşdur. Sonra da bağlama qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Heç bir etiraz və şikayət daxil olmamışdır. Bundan başqa məhkəmədə tədqiq edilmiş Xeybər Nobatovun ibtidai istintaq zamanı verdiyi ilkin izahatından və vəkilinin iştirakı ilə həm cinayət törətməkdə şübhə edilən şəxs qismində həm də təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında istintaq hərəkəti protokollarından da görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus olan otaqa baxış keçirilərkən polis əməkdaşlarının təklifi ilə o özünə məxsus olan otaqda saxladığı içərisində qurudulmuş marixuana olan bir ədəd polietilen bağlamaını təqdim edərək, ona məxsus olduğunu bildirmişdir. İşdə olan Astara rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində prosesual məcburiyyət tədbiri həbs qətimkan tədbirinin seçilməsi haqqında keçirilən məhkəmə iclasında da o əməlini səmimi etiraf etmişdir. Bundan başqa ibtidai istintaqın qurtarması mərhələsində vəkilinin iştirakı ilə istintaq materialları ilə tanış olarkən o özünü CM-nin 234.1-ci maddəsi ilə təsirli bilmiş və evindən aşkar olunaraq götürülmüş bir ədəd polietilen torbada aşkar edilmiş narkotik vasitəni ona aid olmaması barədə heç bir fikir bildirməmişdir. Məhkəmə dindirlmiş şahidlər Xöşbəxt Nabatov, Panəli Nabatov, Adilə Zəbiyeva və Cəmilə Şükürova ifadələrində polis əməkdaşlarının onlara məxsus evə baxış keçirərkən narkotik vasitə aşkar etmədiklərini, lakin evin həyətində olan tövləyə baxış keçirərkən orada bir bükümdə narkotik vasitə tapdıqlarını bildirsələr də baxışın gecə keçirildiyini, tövlədə işıq yanmadığını, polis əməkdaşlarının narotik vasitəni haradan və hansı şəraitdə tapdıqları barədə ziddiyyətli ifadələr verdilər. Məhkəmə onların Təqsirləndirilən şəxs yaxın qohumları olmaqla onu müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən habelə işin hallarına uyğun gəlməyən ifadələr olmaqla məhkəmə tədqiq edilmiş sübutlarla təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini iş üzrə işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin ona məxsus olan otağından aşkar olunaraq götürülmüş 1840 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın həmin maddənin şəxsi istehlak miqdarı üçün müəyyən edilmiş çəkidən əhəmiyyətli dərəcədə çox olması halı onun həmin maddəni məhz satış məqsədi ilə evində saxlamasına dəlalət edir. İşdə olan ibtidai istintaq orqanının 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin digər iştirakçısı barədə CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 1985-ci ildə Astara rayonu, Pəlikəş kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Astara rayon məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olmasını müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 01 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinnin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1839,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1839,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-116/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-116/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver