Məhkəmə qərarları › İş №1(099)-116/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-116/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-116/2023 13.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla Sabirabad rayonu Əsədli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2020,59 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq Sabirabad rayonu Əsədli kəndindəki yaşadığı evə gətirmiş, həmin narkotik vasitəni hissələrə bölməklə 1989,14 qramını 45 qram, 350 qram, 380 qram, 420 qram, 385 qram, 255,88 qram, 75 qram, 8,26 qram, 70 qram olmaqla 09 ədəd sellofan bağlamalarda, 20,86 qramını 3,27 qram, 3,17 qram, 3,22 qram, 3,14 qram, 3,46 qram, 3,50 qram və 1,10 qram olmaqla 07 ədəd kibrit qutularında yaşadığı evin girişindən sağ tərəfdə yerləşən mətbəxdəki qara rəngli qaz sobasının alt hissəsində saxlamış, 10,59 qramını 4,45 qram, 2,96 qram, 3,18 qram çəkilərdə olmaqla 03 ədəd kibrit qutusuna yığaraq üzərində daşımış, 10 mart 2022ci il tarixdə 00:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri Muğan prospektində piyada hərəkət edən zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şübhəli şəxs kimi tutulmaqla üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən 03 ədəd kibrit qutusunda 10,59 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 04:00-da polis əməkdaşları tərəfindən rayonun Əsədli kəndindəki yaşadığı evə baxış keçirilən zaman evin girişindən sağ tərəfdə yerləşən mətbəxdəki, qara rəngli qaz sobasının alt hissəsində gizlətdiyi 09 ədəd sellofan bağlamalarda saxladığı ümumi təmiz çəkisi 1989,14 qram olan və 07 ədəd kibrit qutularında saxladığı ümumi təmiz çəkisi 20,86 qram bitki mənşəli kütlələr, eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi- 2624 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, yaşadığı Sabirabad rayonu Əsədli kəndində yerləşən evində saxlamış, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 19 may 2022-ci il tarixdə saat 20 radələrində Əsədli kəndində yerləşən evinin mətbəxindəki dolabdan sintetik kisənin içərisində 12 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 240 qram, 254 qram, 229 qram, 224 qram, 224 qram, 234 qram, 174 qram, 234 qram, 169 qram, 284 qram, 119 qram, 239 qram-ümumi çəkisi-2624 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə-qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə olunan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərdi ki, özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Çətənə bitkilərini əkib marixuana düzəltmişdir. Onda cəmi 1 kq 900 qram narkotik vasitə qurudulmuş marixuana olmuşdur. 10 mart 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində qurudulmuş marixuana olmamışdır. İkinci dəfə 19 may 2022-ci il tarixdə yaşadığı evində axtarış aparılarkən mətbəxdən 12 ədəd bükümlərdə cəmi 1 kq 300 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Tərəzi isə mətbəxdə olmuş və istifadə edilmişdir. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. Öz istifadəsi üçün hazırlayıb saxlamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əsədli kəndində ailəsi ilə yaşayır. 10 yaşından mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Qurudulmuş marixuana əldə etdiyi hallarda onun toxumlarını özündə saxlamış, həmin toxumları yaşadığı evin bağça hissəsində əkərək özü üçün qurudulmuş marixuana hazırlamışdır. Təxminən 2021-ci ilin sentyabr ayında yaşadığı evin həyətində əkib kultivasiya etdiyi 09 ədəd çətənə bitkilərinin yarpaqlarını yığaraq qurutmuş və özü istifadə etmək üçün bir hissəsini yaşadığı evdə, qalan hissəsini isə həyətində olan ev quşları üçün tikdiyi damda saxlamışdır. Evdə saxladığı marixuanaların bir hissəsini 10 ədəd kibrit qutusunda, qalan hissəsini isə 09 ədəd bağlamada saxlamışdır. O, həmin qurudulmuş marixuananı hissə-hissə siqaretə dolduraraq çəkirmiş. 10 mart 2022-ci il tarixdə saat 00:10 radələrində Sabirabad şəhərində piyada hərəkət edən zaman polis işçiləri onu saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibində saxladığı 03 ədəd kibrit qutusunda olan qurudulmuş marixuannı təqdim etmişdir. 2021-ci ilin sentyabr ayında yaşadığı evin həyətində əkib kultivasiya etdiyi 09 ədəd çətənə bitkilərinin yarpaqlarını yığaraq qurutduğunu və öz istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını demişdir. O, Sabirabad rayonu Əsədli kəndində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra müdafiəçinin və polis əmədaşlarının iştirakları ilə Sabirabad rayonu Əsədli kəndində yaşadığı ünvana getmişlər. Həmin evin girişindən sağ tərəfdə yerləşən mətbəxdəki, qara rəngli qaz sobasının alt hissəsində gizlətdiyi 09 ədəd sellofan bağlamaları və içərisində narkotik vasitə qurudulmuş marixuana olan 07 ədəd kibrit qutularını təqdim etmişdir. Onun barəsində cinayət işi başlanmış və həbs edilmişdir. Lakin bir həftə sonra ev dustaqlığına buraxılmışdır. O, bundan sonra yaşadığı evin həyətində olan ev quşları üçün tikmiş olduğu damda gizlətdiyi və kisədə saxladığı narkotik vasitələri oradan götürmüş və yaşadığı evə mətbəxə gətirib orada dolabda saxlamışdır. Həmin kisədə olan narkotik vasitəni o, 12 ədəd sellofanlara yığıb elə həmin kisədə də saxlamışdır. Mütəmadi olaraq həmin narkotik vasitədən siqaretə dolduraraq istifadə edirmiş. 19 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları yaşadığı evə gəlmiş, ona narkotik vasitələrin dövriyyəsində, saxlanmasında və istifadəsində şübhəli olduğunu, yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O da yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iki nəfər hal şahidi və polis əməkdaşları iştirak edirmişlər. Baxış zamanı yaşadığı evin mətbəxindəki dolabda 01 ədəd kisədə 12 ədəd sellafonda qurudulmuş marixuananı və orada olan 01 ədəd elektron tərəzini aşkar etmişlər. Aşkar edilən narkotik vasitələr qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid4 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2022-ci il tarixdə Sabirabad rayonu Əsədli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməkləl 10 mart 2022-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs Sabirabad şəhərində piyada hərəkət edən zaman saxlamış və rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sağ yan cibindən 3 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Onun üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığı bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən qəbul edilmiş qərar əsasında onun yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağının girişindən sağ tərəfdə yerləşən mətbəxdəki qara rəngli qaz sobasının alt hissəsində 9 ədəd sellafon torbada və 7 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs onda yalnız 1 kq 900 qram narkotik vasitə qurudulmuş marixuana olması barədə ifadəsi həqiqətə uyğun deyildir. Onda aşkar olunan narkotik vasitə hər hansı şəxs tərəfindən artırılmamışdır. Şahid5 da məhkəmədə Şahid4lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Sabirabad Rayon Polis Şöbəsində bölük komandirinin müavini vəzifəsində işləyən Şahid2 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, 19 may 2022-ci il tarixdə Sabirabad rayonu Əsədli kəndində yaşayan Təqsirləndirilən şəxsun yaşadığı evdə narkotik vasitə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Əsədli kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinin də iştirakı ilə evə baxış keçirilərkən mətbəxidəki dolabdan sintetik kisədə 12 ədəd sellafon paketdə narkotik vasitə olan marixuanaya oxşar kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən Sabirabad Rayon Polis Şöbəsinin polis nəfəri Şahid3 da Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. 10 mart 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-dən də görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 4,45 qram, 2,96 qram, 3,18 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüşdür. 10 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD-dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Əsədli kəndində yerləşən evinə baxış keçirilən zaman evin girişindən sağ tərəfdə yerləşən mətbəxdəki qara rəngli qaz sobasının alt hissəsində gizlətdiyi 09 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda çəkiləri: 45 qram, 350 qram, 380 qram, 420 qram, 385 qram, 255,88 qram, 75 qram, 8,26 qram, 70 qram və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,27 qram, 3,17 qram, 3,22 qram, 3,14 qram, 3,46 qram, 3,50 qram, 1,10 qram-ümumi təmiz çəkisi - 2020,59 qram olan, bitki mənşəli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 4,45 qram, 2,96 qram və 3,18 qram olan olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş polietilen bağlamalarda 09 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 45 qram, 350 qram, 380 qram, 420 qram, 385 qram, 255,88 qram, 75 qram, 8,26 qram, 70 qram və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,27 qram, 3,17 qram, 3,22 qram, 3,14 qram, 3,46 qram, 3,50 qram, 1,10 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 2020,59 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. 19 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonu Əsədli kəndində yerləşən evində mətbəxindəki dolabdan sintetik kisədəki 12 ədəd sellafon paketdə, ayrı-ayrılıqda çəkiləri - 240 qram, 254 qram, 229 qram, 224 qram, 224 qram, 234 qram, 174 qram, 2334 qram, 169 qram, 284 qram, 119 qram, 239 qram-ümumi çəkisi - 2624 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 12 ədəd sellafon paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 240 qram, 254 qram, 229 qram, 224 qram. 224 qram, 234 qram, 174 qram, 2334 qram, 169 qram, 284 qram, 119 qram, 239 qram-ümumi çəkisi - 2624 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/1290 nömrəli rəyindən görünür ki, 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanalarla 19 may 2022-ci il tarixdə yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanalar eyni tərkibli deyildirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1613 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs iş üzrə 10 mart 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində Sabirabad Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 17 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, 19 may 2022-ci il tarixdə yenidən şübhəli şəxs kimi tutulmuş və barəsində Sabirabad Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarı ilə yenidən həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını, narkotik vasitənin miqdarını və çoxsaylı xırda bükümlərə bölünməsini nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyionda cəmi 1 kiloqram 900 qram narkotik vaitə qurudulmuş marixuana olması, narkotik vasitəni satmaq məqsədinin olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kim qiymətləndirir və səbut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 2621,6 qram və 2019,64 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 252 manat 54 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 2621,6 qram və 2019,64 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 252 (iki yüz əlli iki) manat 54 (əlli dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar